Mənim üçün müharibə anamın ölüm yatağında balası Ələkbəri çağırması oldu. İkinci Dünya müharibəsi başlayanda anamın 25 yaşı vardı. Atam müharibəyə getmişdi. Azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının tərkibində vuruşurdu. Melitopol uğrunda gedən döyüşlərdə ağır yaralandı. Müharibədən əlil qayıtdı. Atam qayıdanda Ələkbər artıq yoxuydu.
Müharibənin əvvəlində 8-10 aylıq uşaq ıdi. Hələ ayaq üstə dayana bilmirdi. Əziz qonşumuz Bəyaz xala inəyini bizim həyətdə saxlayırdı. Ələkbər hər səhər inəyin yanına gedirdi. İnək körpəni görən kimi yerə uzanırdı, uşaq da iməkləyə-iməkləyə gedib onun döşünü əmirdi. Anamın südü kəsilmişdi. Qarlı bir qış səhəri Ələkbər bilmədən inəyin döşünü dişləyir, inək ona təpik atır. Onda böyük qardaşım Məzahirin yeddi yaşı vardı. Cörək almağa gedəndə çörək kartını itirmişdi. Anam uşaqlarla – Məzahir, Eyvaz, Mürşüd, Ələkbərlə Allah ümidinə qalmışdı.
Bəyaz xalanın hər gün anama 1 litr süd verməsi uşaqları dayanıqlı etmişdi. Anam o süddən içmirdi ki, uşaqlara qalsın. Hərəsinə gün ərzində 1 stəkan süd düşürdü - həm çörək, həm yemək əvəzi.
Bəyaz xala hər səhər inəyini sağanda anama baş çəkirdi, uşaqların süd payını verirdi. Anam aclıqdan, xəstəlikdən yatağa düşmüşdü. Öləcəyini düşünüb, yatağını yerdən qibləyə sarı salmışdı. Bilmirdi ki, həmişə onun qucağında isinib yuxuya gedən sonbeşiyi ondan qabaq öləcək. Anama həmişəki kimi baş çəkən Bəyaz xala anamı zorla qaldırıb, “dur, ay bədbəxt, balan getdi” - dedi. Hər şeyi alatoranlıq içində görən anam, böyük uşaqların ağlamalarını, sonra bəmbəyaz qarın üstünə tökülmüş qanı gördü. Ələkbərin ağzından qan gəlirdi. Anam balasının üstünə sarıldı. Onda o bilmirdi ki, az qala 40 ildən sonra balaca Ələkbəri görəcək, O isə artıq qocalmış anasına əl edib onu yanına çağıracaq. Anam da zorla - Ələkbər, ölüm qabağında, gəlirəm deyib, gedəcək. Anan xoşbəxt olacaq...
Mənim üçün müharibə - qoca qonşumuz Küşvər xalanın həmişə axşama yaxın küçədə dayanıb oğlundan bir xəbər qələcəyini gözləməsi idi. Mən onu balaca məktəbli olanda da, artıq təhsilimi başa vurub evimizə qayıdanda da küçənin başında görürdüm. O, kor olmuşdu. Ancaq məni addımlarımdan tanıyırdı, elə bil. Mənim yaxınlaşmağımı eşidib dərhal – salam, ay bala, poçtalyonu görmədin ki?
O, İkinci Dünya savaşı vaxtı rus dilində yazılmış rəsmi məktub almışdı - oğlun itkin düşüb. Ancaq Küşvər xala oğlunun gəlməyinə inanırdı. İtkin düşmək - ölmək deyil, düşünürdü o. Oğlu universiteti bitirib cəbhəyə getmişdi. Ailənin tək oğlu idi. Yəqin, Küşvər xala da oğlunu yuxuda görürdü. Hələ müharibədə həlak olan müəllim ərini də görürdü uyğularında. Oğlu, Allah bilir, hansı qərib obada, qərib məzarda son mənzilini tapmışdı.
Küşvər xala düz 50 ildən sonra elə küçəmizin başında oğlundan soraq gətirəcək poçtalyonu gözləyə-gözləyə yerə yıxıldı, dünyasını dəyişdi.
Mənim üçün müharibə ermənilərin Qukartda körpə Azərbaycan uşaqlarını böyük dəmir borunun içinə yığıb, ağızına dəmir qapı qoyub qaynaqla bağlayıb dağın başından dərəyə atmaqlarıdı.
Mənim üçün müharibə Xocalı barədə aldığım xəbər oldu. Xəbər qeyri-rəsmi mənbədən gəldi. Dərhal bir qrup Gəncə ziyalısı ilə birgə Ağdam xəstəxanasında yatan yaralılara yardım aparmağı qərar verdik - pambıq, sarğı materialları, dərmanlar, isti corab, əlcək, siqaret, konservlər və s.
Biz Ağdama çatanda sulu qar yağırdı. Onda fevralın 26-sı idi. Qarın altında ayaqyalın qadınlar qucaqlarında körpə uşaqlar rəqs edirdilər. Mən avtobusdan düşüb rəqs edən qadınlara yaxınlaşdım – onlar, sanki heç kəsi, heç kimi görmürdülər. Buzlaşmış gözləri ilə mənə baxıb oynamaqlarına davam edirdilər. Mən onların qucağındakı uşaqlara baxanda dəhşətə gəldim - analar uşaqlarının meyitləri ilə birgə rəqs edirdilər. Bütün cismimi soyuq tər bürüdü.
Xocalı soyqırımından artıq 28 il keçib. Ancaq mən o səhnəni hərdən yuxumda görürəm. Və yenə də cismimi soyuq tər bürüyür. Hərdən uyğularımda görürəm ki, özüm o qadınların birinə dönüb rəqs edirəm. Biixtiyar inildəyirəm. Alnımın tərini silirəm. Dərhal atamı xatırlayıram. Onun top qəlpəsindən yaralı ayağı həmişə soyuq havalar olanda ağrıyırdı. Ancaq o, ağrıdığını heç kimə bildirmirdi. Lakin yuxuya gedəndə gecələr hərdən inləyirdi. Mən dərhal onun yorğanını qaldırıb, yaralı ayağını öpürdüm.
O da yuxudan ayılıb:
- Get yat, quzu balam.
- Sən yenə Melitopolu gördün? Yenə yaralanmağını gördün?
- Get yat, gözəl balam, bu hamısı keçmişdə qaldı. Allah sizə müharibə göstərməsin.
Onda atam bilmirdi ki, onun müharibədən sonra doğulan uşaqları müharibə də görəcək, yurdlarının talan olmasını da və hər gün gəncliklərini və gələcəklərini itirən həmyaşıdlarını görəcəklər. Onlar hamısı Ana torpağa qarışacaqlar.
Mənim üçün müharibə üç il öncə 7 yaşlı nəvəm Tamerlanın mənə rəngli karandaşlarla çəkib bağışladığı şəkil oldu. Bu şəkildə o, mavi sularda üzən, üstünə Ata yazılan gəmi və mavi səmada qara günəş oldu. Mən ondan günəş niyə qaradır soruşanda – “Görmürsən, nənə, bütün dünyada – Qarabağda, İraqda, Suriyada və hər yerdə müharibə gedir, bombalar partlayır. Onların tüstüsü göyə qalxır və günəş qaralır” - deyirdi.
Müharibə mənim üçün həm də suriyalı uşağın ölüm ayağında:
- Mən hər şeyi Allaha deyəcəm – sözləridir.
Mən də Allaha hər şeyi deyəcəm – şəhidlərimiz basdırıldığı torpaq üstündə düşmənin kabab çəkib yeməsini, o torpağın üstündə onların rəqs etməsini deyəcəm. Və bir də anaların röyalarında inildədiklərini deyəcəm.
08.04.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!