Mənim yüzüncü yuxum... - Ləman Azər - hekayə

 

Mən ağlamıram ki, sizə elə gəlir mən ağlayıram, əslində isə gözlərimdi ağlayan. Mən incimirəm ki, bu sizə elə gəlir ki, guya mən inciyirəm, ürəyimdi inciyən. Məgər heç məndən soruşmusunuz ki, mən hələ bir inciməyi bilirəm, yoxsa yox?! Mən deyiləm ki inciyən, mən deyiləm ki, ağlayan, mən deyiləm ki, mən deyiləm. Yaxşı, lap tutaq ki aldadıram sizi. Ağlayan da mənəm, inciyən də. Guya siz doğrudan da inanacaqsınız ki mən ağlayıram?! Yəqin buna da İsanın çarmıxa çəkildiyinə inandığınız kimi... Motsartı və daha kimləri dünyaya gətirənin sadəcə bir qadın olduğuna inandığınız kimi, nəhayət, bu gün varlığınızdan peşmanlıq duyaraq sanki əbədi ömür sürəcəkmiş kimi, rahatlanıb hara gedəcəyinizə heç cürə inana bilmədiyiniz kimi inanacaqsınız!!!

Özüm

Biri var idi, biri yox idi. Uzaq, amma çox da uzaq olmayan bir yerdə, uzaqlığı gözlərdən iraq qədər, köhnə məkanla yeni zamanın qovuşduğu bir yerdə ətrafdakı bütün yolların ona apardığı köhnə bir qəsr var idi. İndi şişman, böyük qarnı olan və duruşundakı mənasızlığı ilə, qorxuncluğu ilə böyük divləri xatırladan bu qəsr daha heç kimin yadına düşmürdü, özü də görkəmində elə bir hal var idi ki, sanki indi yer aralanıb yerin dibinə girəcək və sanki illərlə nəfəs almamış, böyük ağzını qapayaraq ovurdlarını şişirdərək havanın çıxmasına icazə verməmiş və havasızlıqdan, bağrını çatladan içindəki rütubətdən, üfunətdən, nəfəsində yığılıb qalmış pis qoxudan qapqara qaralmış idi. Ancaq bu halından görünür o qədər də narazı deyildi. Çünki o, hətta bütün təbiət ümid edirdi ki, bir vaxtlar aşiq bülbüllərin, sevən güllərin, sevgidən qanadlanan rəngbərəng böcəklərin, simfonik orkestr kimi bir-birini inanılmaz dəqiqliklə müşayiət edən quşların, balacaboylu dünya dolusu şirin olan insancıqların, bir-birinin gözlərində hər gələn yeni gün üçün ümid tapan xoşbəxt sevgililərin, xoşbəxtlik adlı dillərdə dolaşan, amma gözə görünməyən iksiri çəkmək, tablolaşdırmaq üçün buralaracan gələn rəssamların, ilhama, sonsuz bir nəşəyə daim möhtac olan şairlərin, inzivaya çəkilən yazarların, eşidilən bütün səslərdən musiqi ola biləcəyinə inanan bəstəçilərin, bir sözlə hamının, ana təbiətin bütün övladlarının sevinə, sevilə bildiyi, şadyanalıq edib, bir kəpənəyin qanadları üzərindəki rənglər tək qarışdığı, qovuşduğu bir məkan olan bura nə zamansa bu müddətli fasilədən ayrılacaq. Hələlik isə buralarda ins-cins gözə dəymirdi. Görünənlər daha çox nədənsə zərərsizləşdirilmiş bir gənənin zərərsiz halını yada salırdı. Qəribə olsa da, adətən belə şeylər olur, yəni bəzən əbədi susmuş minlərlə soyuq nəşin arasında biri ölümlə mübarizə aparır. Təsviri görüntüsündən daha qaba və xoşagəlməz olsa da,  ancaq bu böyük, yiyəsiz, yetim malikanədə də belə bir üsyankar qəfil peyda olaraq hər kəsi təəccübləndirmişdi. Haçansa dillənəcəyi ağlagəlməyən bu qəhrəman sadə, tozlanmış, yüzillərcə yaşı olan yaşlı bir mexaniki divar saatı idi. Belə ki, artıq vədə o vədə idi, bütün ömrü boyu dayanmadan saniyələri, dəqiqələri, saatları ölçən, hesabatsız hamı üçün işləyən saat danışmalıydı. Gərək ki, zaman onun əlindəydi, buna görə də gecə olacaqdı ki, o daha çılpaq və cəsarətli danışa bilsin, axı bu vaxtacan ən çox o susmuşdu. Beləliklə başlandı, səma qırmızılaşdı, buludlar codlaşdı, bədirlənmiş ayın ləkələri ab-havanın fonuna uyğun daha da  qabardı, havadakı müşk qoxusunu qara qarğaların nəfəsindən gələn pis qoxu əvəzlədi və o paslanmış kəfkirini var gücüylə o tərəf-bu tərəf dartaraq səs salmağa başladı, elə bil lap indicə qış yuxusundan ayılmışdı.

- Tuk-tak-tuk-tak-tuk-tak-tuk... Ahhh, ahh, ah... Mərhəba dünya... Bütün zamanlardan bəri mənə yoldaş, adı hər an mənlə birgə çəkilən sirdaş, qanıq dünya. Mərhaba qoca, sakit, hüzur və təmkin dolu dostum. Nə zamansa burdan yolu düşən hər kəsin bağçasındakı çiçəklərə, hər tərəfə gözəgörünməz baloncuqlar şəklində səpələnən, lal birinin  çıxarda biləcəyi səslərdən, karlarınsa eşidə biləcəyi cüzi, lakin böyük yüklü musiqilərdən, korlarınsa görə biləcəyi ümid işığıtək ürəyə yaşamaq həvəsi verən ilğımvari, qarışıq bir görüntüdən daha təsirli olan bu mənzərəyə, ətli-lətli, ləzzətli, şirin meyvələrinə, tavanındakı çilçıraqlara, eyvanına tarım çəkilib bağlanmış kimi yaxın, sanki ilk sevginin həyəcanını yaşayan yarı təlxək, yarı aşiq, sevgilisini görmək üçün ayaqlarının ucunda dartılıb hiss etdiyi azacıq ağrının artmasına müqavimət göstərə-göstərə eyvanın ətəyindən yapışan yeniyetməyə bənzər bəmbəyaz ayna, gecə-gündüz quşlarla həmahəng olub susmayan musiqi alətlərinə, qapısından keçib ona qonaq olan sevgililərinə, kristal tək parlayan tavanına -açıq səmana hər kəsin- meşəmizin, bizə tərəf gələn bütün yolların, bəzən qısqanclığından lap dayana bilməyib aləmi tozanağa bürüyən, qopardığı həngamədən ayrılıb vıyıltısı, uğultusu qapımızacan gələn dəli küləyin, bütün dünyaya yağan selləmə yağışların, qürbətə gedən quşların, burda qalıb ən azı havamıza şərik bayquşların, hətta bircə dərdi dovşan, iribudlu cücə dərdi olan çaqqalların, bir qarğanın dimdiyindən sallanan, adda-budda ələ düşən  pendirlərə möhtac tülkülərin, öz varlığından xəbərsiz, ötən saniyələrini düşünəcək nə beyni, nə də sayacaq yaddaşı olmayan, hər şeydən bixəbər pulcuqlu arsızların- balıqların, ... qədəmləri mübarək, mənim eşitdiyim nağıllarda cilddən-cildən girən, aynalara baxıb “ən gözəl kimdir bu dünyada?” - soruşan qarılardan daha hikkəli, itaətkarlığı özündən başladan Günəşin, bir sözlə, hamının həsədlə, həsrətlə, bəzənsə qısqanclıqla baxdığı qocaman dostum, Qəsrimiz mərhəba.

-Tuk-tak-tuk-tak-tuk-tak... Ahhh, mən indi yüzillik yuxumdan oyanmışam, danışmaq və yatanları başlarına səs salaraq oyatmaq üçün. Danışacam, danışacam, hey danışacam elə bilməyin ki, hamınız kimi köhnəliyimdən utanıb susacam. Bu gün ilk dəfədir ki, danışıram. Hə, mən də yorulmuşam köhnəliyimdən, lazımsızlığımdan, tozlu şüşəmdən, durduğu nöqtəyə təhkim olunmuş kəfkirimdən. Adım zamandır. Çox köhnə, əsrlərdən bəri heç dayanmayan qoca bir saat olaraq çox şey deməyə cəsarətim çatmır bəlkə, amma nə yazıq ki, mən belə həyatın üzü döndərilə bilməyən qanunlarına qarşı çox acizəm, qocalığımı, qocalmamı necə dayandıra bilərəm ki? O isə siz hamınız, hərəniz bir rəvayət uydurmuşsunuz ki, zaman atını hey çapır. Yox, dostlar zamanın da belə öz zamanı var. Bilirəm, siz heç biriniz mənim getməyimi istəməzsiniz, çünki mən nə qədər ki, varam bu qəsr, bu aləm, hər kəsin öz gözlərilə gördüyü bu dünya ən azı keçmiş günləri də olsa belə yada salıb bu yarımçıq təsəlliyə sığınacaq, amma məgər heç kimin yada salıb tozunu almadığı bu köhnə saat daha kiməsə lazımdırmı? Sizə elə gəlmirmi ki, dostlarım sizlər də toz-pas içində, əskimiş halda daha heç kimsəyə lazım deyilsiniz? Daha bu dünyaya sevgi gərək deyil. Bu dünyanı manqurtlar, qulyabanilər  zəbt etmişdir. Onlar nağıllara inanmırlar, onlar nə su pərilərinə, nə sehrli xalatlara, nə möcüzələrə, nə təbəssümə, nə bir üzü ağlayıb bir üzü gülən klounların varlığına, nə aşiq olan kabuslara, nə qanadlı atlara, nə sehirli qızıl balıqlara, nə də nağıllardan, kitablardan, gördüklərimdən bildiyim ən böyük sehrə - sevgiyə inanmırlar.

Saat daha da qəzəblənir. Heç kim onun bu odlu  sözlərinə cavab vermək istəmirdi. Çünki hər kəs  ümid edirdi ki, nə zamansa yenə hər şey əvvəlki tək təbii və gözəl ola bilər. Hiddətindən kəfkirini daha da möhkəm itələyən saat  çığır-bağır salmağa başlayır:

-Eh siz, köhnə, tərs yaramazlar başa düşmək istəmirsiniz ki, daha bizi istəmirlər. İndi adamların ən yaxın dostu kompüter, telefon və buna bənzər bir çox son model robotlardır. İndi adamlar təbiəti heç sevmir, onlar əllərinə keçəni yollara, getdikləri hər yerə atır. Daha onlar çiçəklərlə əvvəlki tək incə rəftar etmirlər. Heç onlar bir-birlərini də əvvəlki tək sevmirlər, əvvəlki tək dostluq etmirlər. Gördünüzmü, o gün kefə gəlmiş bir dəstə adam az qala meşəmizi yandırmışdı, bizim evimizsə çoxları üçün iylənmiş, rəngi çönmüş donuzlarının, getdiyi hər yerə ağzının suyunu axıdan qoyunlarının sığınacağı olub. Məgər bu ədalətlidir? Daha həqiqətlərdən, vəd edilən xoşbəxtlikdən danışmaq olmaz. Heç inanmıram ki, indiki qar çiçəkləri sevə bilər, heç inanmıram ki, indiki torpaqda əvvəlki tək bihuşedici qoxusu olan bənövşələr, qırmızı, sarı, ağ qızılgüllər, çobanyastığı, nərgiz, inci çiçəyi bitə bilər.  Daha bu dünyada hər şey qəlp, qurma və yalandır. Bəs bilirsizmi ki, indi insanlar saysız-hesabsız müharibələr törədir. Müharibə isə asudə həyatımıza hücum çəkən burulğan kimidir. Onu insanlar törədir, bu gün sizin nə zamansa əllərilə xoş gələcək yaradacağına ümid etdiyiniz insanlar. Sakit bir axın və budur qəfil o peyda olur. Ağına-bozuna baxmadan hər şeyi alt-üst etməyə hazır olan bu burulğan əvvəl sakit yaşayışımızı korlayır, sonra isə ona ilk tuş gələni  gah ora, gah bura atıb-tutur. Sən  havada tennis zərbələrini sifətinə yeyən sadə bir top kimi əzilirsən, nəhayət o yorulur və mədəsinə ağırlıq gətirdiyin üçün nəhəng ağzını açaraq öyüyür. Budur sənə elə gəlir ki, indicə sən qurtulacaqsan amma yox,  sən axının bir kənara atdığı yetim cücə artıq böyüdüyün, doğmalaşdığın yerlərə yox, rahat nəfəs ala biləcəyin  hər yerə vətən deyirsən.  Məgər bu ədalətlidir? Gec-tez onlar sizə də müharibə elan edəcək və hər paranızı sizdən ayırıb dünyanın yeddi bucağına vıyıldadacaqlar. Ehhh, siz qoca sərsəmlər, siz ovuclarını açıb göz yaşlarıyla orada göl yaradan və başqalarından ora bir-iki sədəqə balıq atmasını gözləyən başıboş axmaqlar, sehrli nağılların bugün daha dəbdə olmayan, vaxtı keçmiş personajları kimisiniz.  Görünür, doğrudan da başınız boşdur, çünki orada bir düşünə bilən beyin olsaydı gərək ki, çoxdan hirsindən çölə atardı özünü. Tuk-tak-tuk-tuk-tak. Səssizlikdi, hamı yatırmış, eşitmirmiş kimidir, amma bu belə deyil, hamı eşidir, sadəcə olaraq bu deyingən qocaya təslim olmaq istəmir. Deyəsən bizim qoca da bunu başa düşür:

- Tuk-tak-tuk-tak-tuk... Qışqır-bağırım səs sala bilmədi başınıza. Sizin yeganə döyüş taktikanız susmaqdır, mənim üçünsə susmaq yox olmağa bərabərdir. Sizlər isə sizə ancaq bir şeyi, illüziyanı vəd edə bilən bu qondarma mühitin zəif yoldan çıxarılmışlarısınız. Mən gedirəm, gedirəm, amma elə bilməyin ki, həmişə adət etdiyiniz kimi özümlə gətirdiyim zamanı sizə peşkəş edəcəm, yox, qoca sarsaqlar, mən onu da özümlə aparacam, hər şey bitdi ha-ha-ha, tuk-tak-tuk-tak-tuk, deyib, saat özünü divardan yerə çırpır. Deyəsən hər şey o dediyi kimi elə buradaca bitir...                              

***

Bir də ayılanda başa düşdüm ki, sən demə mən müsəlmanların yüzüncü yuxu dediyi şirin qış yuxusundaymışam. İmtahana da gecikmişəm, gərək ki, günahkar  mən özüməm, amma səbəbkar axşamdan yeddi tamama qurub yatdığım və  bilmirəm necə, amma özünü divardan yerə ehmalca atmış  köhnə divar saatımızdır. Nə qədər ehtiyat etsə də, bu zərbəyə tab gətirə bilməmişdi. Nədənsə mənə elə gəldi ki, yuxum həqiqət olub və o adamların ona qarşı çevriləcək müharibəsini gözləmədən özü-özünə müharibə elan etmişdi. Çölə çıxdığımda harasa bir yerə tələsən adamların saatlarına baxdığını görəndə daha heç zaman onun evimizin qalın, köhnə divarından asılı olmayacağına görə təəssüf etdim, amma həm də çox sevindim nə yalan deyim, ona görə ki, saat öz vədinə xilaf çıxmışdı, özü getmiş, zamanı isə bizə buraxmışdı, ya da sadəcə unutmuşdu. Deməli, heç nə hələ bitməmişdi. Vaxtdır, tələsməliyəm, bəlkə özümü birtəhər imtahana çatdıra bildim...

22.02.2015

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!