İclas başlayanda Məti müəllim hiss elədi ki, münasibsiz yerdə oturub (Münasibsiz sözü xeyli qeyri-müəyyən məzmunlu olduğundan, deyim ki, bu halda münasibsiz kondisionerin düz altında oturmaq mənasını verir).
Məti gördü, yarıkeçəl kəlləsinin ortası təzə meyidin başı kimi tədricən soyuyur. Əlini qeyri-ixtiyari başına çəkdi və instiktiv olaraq soyuq gələn tərəfə - üzü tavana boylandı.
Yuxarıda, tavanın bir neçə yerində kondisioner borusuna xüsusi yer ayırmışdılar və ordan bu geniş iclas salonuna durmadan soyuq hava üfürür, yayın qızmar günündə geniş zalın xəfəli havasını sərinləşdirirdi.
Həmin kondisioner borularından biri, dediyim kimi, düz Məti oturduğu stulun üstünə tuşlanmışdı. Odur ki, yarıkeçəl Mətinin tərli başına üfürüb onu get-gedə kəlləbuza çevirirdi. Məti gözucu ətrafa boylandı: ondan sağda başqa müəssisənin müdiri, solda isə Mətinin öz muavini əyləşmişdi. Bəxtəvərlərin başları kondisionerdən xeyli aralı idi.
Məti müəllim bir bəhanə ilə yerini sağdakı həmkarı ilə dəyişsə, iclasdakıları şübhələndirə bilərdi: Görəsən, Mətiylə müavinin arasında nə baş verib ki, yanaşı oturmaq istəmirlər, yerlərini dəyişib aralarında bir adamlıq məsafə yaradırlar?! Əslində Məti yerini bəhanəsiz-filansız öz müavini ilə də dəyişə bilərdi. Sezilməz dərəcədə ona tərəf əyilib pıçıltı ilə desə ki, gəl yerlərimizi dəyişək, sən bu stulda otur, mən o stulda əyləşim, ağzı nədi dəyişməsin, durub dinməz-söyləməz dəyişəcək. Sonradan soyuq hava dalğasının altına düşdüyünü hiss etsə də, qələt elər, Məti müəllimə söz deyər!
Kondisioner (tez-tez yarıkeçəl demək istəmirəm) seyrəksaçlı kəlləsinin tərli dərisini soyudaraq üstü qaysaqlamış gölməçə halına salanda, Məti bir fikirləşmək fikirləşdi, hələ ki, gec deyil, yerdəyişmə məsələsini öz muavininə təklif etsin. Sonra bu fikirdən də qəti şəkildə daşındı. Daşındı ona görə ki, birincisi, belə şeylərin (xüsusilə də müavinlə) düşər-düşməzi ola bilər. İkincisi, Başçı oturub başda. Oradan hamıya göz qoyur. Qəflətən masa arxasındakılara dəyərləndirici nəzər salıb görsə ki, müavin müdirin, müdir muavinin yerini tutub, Allah eləməsin, kişinin ağlına xatalı fikir gələr, deyər, gəlsənə bunların yerini dəyişim, doğrudan da müavinə müdirlik, müdirə müavinlik yaraşır. Başqa sözlə, Məti müəllim bircə səhv addımla, necə deyərlər, oğru yadına daş sala bilər.
Odur ki, ürəyində “iraq olsun, iraq olsun!”- deyə-deyə canını dişinə sıxıb kondisionerin aramsız və amansız zərbələrinə dözdü.
Məti müəllimin, indi soyuq havanın altında üstü buz bağlamış təpəyə bənzər başı bura, bu vəzifəyə gəlib çatana qədər nələr çəkmişdi, neçə-neçə sınaqlardan keçmişdi, onu, özü demişkən, bir gözəgörünməz kişi bilir.
“Gözəgörünməz kişi” deyəndə Məti uzunmüddət vəzifədə işləyən dayısını yox, Allahı nəzərdə tuturdu. Vəzifəli dayısı isə, Məti döymədiyi qapı qalmadıqdan sonra, hər yerdən əli üzüləndən sonra, uzun müddət işsiz qaldıqdan sonra məcbur olub onu rəhbərlik etdiyi “Səslər çələngi” adlı xor orkestrə qəbul etdi: Açığını deyək, xor orkestrdə həmin ərəfədə boş yer yox idi. Dayısı yuxarılarda tanış-bilişə yalvardı, əlavə zərb alətlərində çalan dumbulçu ştatı açdırdı. Mətiyə dedi, çox dubbuldadıb orkestrə mane olma, eləcə əlini üstündə qaldır - sal, guya çalırsan, işdi-şaət, çalınan hava birdən sümüyünə düşsə, qoşulmaq istəsən, çalış ritmi pozma!
Mətini oturtdular zərb alətlərində çalanların sırasında. Hamı Mətinin artıq olduğunu bilirdi, ancaq müdirin xətrinə hamı görməzliyə vururdu. İnsafən, deməliyəm ki, Məti də qabağındakı dumbulu yerli-yersiz danqıldadıb səslərin ahəngini pozmurdu..
Amma bir dəfə yuxarıdan yoxlama-dinləmə gəldi. Musiqi xiridarları həmin dəqiqə bildilər ki, Məti artıqdı.
Soruşdular: - Bu kimdi?
Dedilər: - Köməkçi dumbulçudur.
Soruşdular: - Ona ehtiyac olurmu?
Dedilər: - Olanda olur, olmayanda olmur.
Yoxlama dinləmə üzvləri başlarını mənalı-mənalı bulayıb zərbçilərdən aralandılar.
Xor orkestrin müdiri, Mətinin dayısı gördü cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, Mətini də dəfçilərin, dumbulçuların arasında gizlətmək mümkün deyil. Odur ki, cidanın, üzr istəyirəm, Mətinin yerini dəyişdi, onu çoxadamlı xorun dərinliyinə atdı, dedi, bura unanmaz yerdi, səsin çıxmasa, burda səni tapan olmaz. Hamı oxuyanda sən ağzını aç-yum, amma dediyim kimi, cınqırın çıxmasın, yoxsa həmin dəqiqə səni qaralayıb hədəfə alacaqlar.
Məti dayısı dediyi kimi elədi. Bir neçə il ağzını uğurla açdı-yumdu, xorun nailiyyətlərilə bölüşdü, qazanclarından faydalandı.
Bura çox rahat, xudmani yer idi. Əsas odur, səsin çıxmasın, səsin çıxmasa, çörəyin çıxar. Mətinin də, şükür Allaha, çınqırı çıxmırdı, çörəyi çıxırdı...
Fəqət bu dəyişkən dünyada əbədi nə var ki?! Bir gün orkestr matəm havası çaldı, xor ağı oxudu, Mətinin dayısı musiqili-nəğməli dünyaya əbədi göz yumdu.
Yeni müdirin qarşısında Məti ağzını birdəfəlik yuma bilməzdi: Dayısı vəsiyyət eləmişdi, “xor oxuyanda sən ağzını eləcə aç-yum. Səsin çıxmasa, heç kəs sənin səhv oxuduğunu bilməz”.
Amma yeni müdir bildi. Bildi və Mətini barmağıyla göstərdi:
- Sən səhv oxuyursan!
- Mən oxumuram!
- Bəs neynirsən?
- Eləcə ağzımı açıb-yumuram.
- Ağzını birdəfəlik yum!
- Daha açmayım?
- Yox, açma!
- Niyə?
- Çünki səhv açırsan!
Məti də ağzını yumdu və yenə işsiz qaldı.
Bir dəfə şəhərin küçələrinə yenə payi-piyada düşüb özünə iş axtarırdı.
Qəflətən Mətinin düz yanında xarici maşın saxladı və sürücü pəncərəni tənbəl-tənbəl aşağı salıb ondan filan təşkilatın yerini-yurdunu soruşdu. Mətinin diliylə desək, burdan sonra hayana gedəcəyi barədə məsləhət istədi.
Məti sual sahibinə baxan kimi onu tanıdı, televizorda dəfələrlə görmüşdü.
Allahdan olan kimi, soruşulan təşkilatın yerini də bildi. Sükan arxasındakı adama təfsilatı ilə izah etdi. O da “sağ ol” deyib, şüşəni saldığı tərzdə ətalətlə qaldırıb maşının qazını basdı.
Sonradan, daha dəqiq, aradan bir il keçmiş Məti elə televizordan eşitdi ki, həmin adamı başçı təyin ediblər.
Məti bu xəbərdən son ümid kimi yapışdı və üzünü səliqə ilə təraş edib, əyin-başını urvatlı geyinib təzə təyin edilmiş başçının qəbuluna gəldi.
Gələni qapıdan qaytarmağa hələ alışmamış başçı onu qəbul etdi.
Məti içəri keçən kimi, salamsız-kalamsız ona o zaman o dolaşıq küçələrdə yol öyrədən adam olduğunu, indi ondan iş istədiyini dedi.
Başçı yüksək əxlaqi-mənəvi tərbiyəyə malik adam kimi ona haçansa hardasa düzgün yol göstərən hər adama dərin hörmət və sonsuz rəğbət hissi bəsləyənlərdən idi.
- İndiyə qədər harda işləmisən? - maraqlandı
- Orda! - deyib əlini mədəniyyət evi olan tərəfə uzatdı.
- İndi harda işləmək istəyirsən? - soruşdu.
- Burda! - dedi.
Başçı əvvəlcə Mətini müdir muavini, köhnə müdir təzə vəzifəyə keçəndən sonra isə müdir vəzifəsinə təyin etdi.
Budur, indi həmin başçı başda, Məti isə kondisionerin altında oturub. Məti oturduğu yerin və tutduğu vəzifənin uğrunda başına endirilən soyuq zərbələrə mətincəsinə tab gətirir, dözür. Yox, Məti ölsə də, canı iclasın sonunadək burada, bu soyuq hava dalğalarının altında çıxsa da, öz yerini heç kəslə, xüsusən də müavinlə dəyişə bilməz.
Nəhayət, Mətinin ömründə ən uzun sürən, ən soyuq iclas başa çatdı. Məti müəllim axıradək kişi kimi dözdü. Amma yerindən duranda büdrədi, elə bildi buz bağlamış başı ilə tavanı da qaldırır.
İşin sonunadək Mətinin yalbuz dağının zirvəsi kimi buzlamış yarıdaz başının donu yavaş-yavaş açıldı, lakin həmin gün Mətinin kefi açılmadı.
Axşam işdən sonra evə güc-bəla ilə gəldi, iki stakan mürəbbəli çay içib yatağa girdi. Arvada dedi, “üstümü-başımı bərk-bərk basır, bəlkə başımdakı ağrı ilə canımdakı üşütmə birtəhər keçə”. Evdə yorğan-döşək, palaz qalmadı, hamısını Məti müəllimin üstünə yığdılar. Fəqət, xeyri olmadı. Dəhşətli baş ağrılarına və yüksək qızdırmaya tab gətirə bilməyib üç gündən sonra keçindi.
Keşməkeşli ömrünü fədakarcasına başa vuran Məti müəllimin məzarı ağzındakı ayaqüstü matəm mərasimində artıq müdirin vəzifəsini icra edən müavinə vida sözü veriləndə dedi: “Məti müəllim öz yerini və mövqeyini ən çətin məqamlarda belə tərk etməyən, həmişə yerində olan, tutduğu mövqenin uğrunda canından belə keçməyə hazır olan bir insan idi.”
Onun bu sözləri ilə ürəyinin dərinliyində razılaşanlar da oldu, razılaşmayanlar da. Mən heç nə demirəm, qoy düzünü haqpərəst oxucu desin.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!