O gün hamı gəlmişdi. Məni palataya atam yerləşdirdi. Alnımdan, üzümdən öpdü, bir-iki vida sözü dedi və onu gözləyən çoxluğa qoşulub getdi!!!
***
Sanki hər anım caduya bələnib!
***
Görməsəm də eşidir, səslərin kimə, nəyə aid olduğunu yaxşı bilirəm!
Başlanğıcda hər şey düşündüyümdən fərqli və asan idi. Burda saysız-hesabsız, dardütdək palatalar var və əminəm ki, həmin darısqallıqda yatan qonşularım da bu yerin qısa təsviri ilə bağlı eyni fikirdədirlər. Çünki onlar da nə vaxtsa mənim kimi bu palatalardan xəbərdar olublar!!!
Bizə nə olub? Əzizlərim, bura çox böyük xəstəxanadır və onun pəncərəsiz, işığa həsrət palataları iflic adamlarla dolub. Bu cavab sizi hələlik qane edir?! Biz zərrə qədər də cismani ağrı hiss etmirik. Bədənimizə nəyinsə toxunduğunu bilir, amma nə ağrı-acı, nə də xoşhallandırıcı bir şey hiss edirik. Söhbət, əlbəttə ki, ancaq və ancaq bədəndən gedir. Bizə yalnız bədənimizə nəyin toxunduğunu ilk saniyədəcə hissetmə vergisi verilib. Qəribə hissdir, deyilmi? Heç siz bu cür insan bədəni, yaxud iflic birisini görmüsünüzmü?! Çətin!!!
Düz yüz qırx gündür ki, bu palatadayam. Kaş sağ ayağımın baş barmağını didişdirən sərsəm ağcaqanadı görə biləydiz! Düzünə qalsa, bayaqdan onun ağcaqanad, yoxsa milçək olduğunu dəqiqləşdirə bilməmişəm. Əşşi, hər nə zibil olur-olsun, deyək tarakandı, bitdi-birədi, lap elə, əqrəbdi, ha, ha, ha, axı, nə fərqi hansı həşəratdır?! Axmağın yerində olsaydım, nəinki baş barmaq, bütün ayaq barmaqlarını bircə günə sümük qarışıq yeyib qurtarardım. Əgər, acsanız və qabağınıza bəsdi deyincə yemək qoyublarsa, yeyin, lap gözünüzə təpin... Dedim, axı, mənim bədənim nə ağrı, nə də ləzzət bilmir, bircə toxunuşun ilk saniyəsini hiss edir.
Yadımdadır ki, hələ iflic olmamışdım, amma həkimlər lap yaxın vaxtlarda iflic olacağımı ailəmə, bəzi yaxınlarıma deyəndə onlar hərəsi ayrı-ayrılıqda zırzır ağlayıb zəhləmi tökmüşdülər. Bura yeni gəldiyim vaxtlarda "Mənim gicbəsər doğmalarım, kaş, bu xəstəlik, xəstəxana, onun palataları barəsində deyilənlərin nə qədər uydurma olduğunu sizlərə başa sala biləydim!" - deyə düşünürdüm. Kaş, düşünməzdim!
Onların istənilən vaxt xəstəxanaya girmələrinə icazə var, amma palatalara daxil olmaları qadağandır. Çünki bu, səhiyyə qanunlarına ziddir. Məncə, icazə olsaydı da, onlar belə eləməzdilər. Əllərindən gələn odur ki, palatanın qabağında dayanıb hönkürtü ilə ağlasın, öskürüb suspus dayansın, ya da mənə heç bir köməyi dəyməyəcək söhbətlər eləsinlər. Qabaqlar, - "Axmaqlar, əl çəkin məndən, səssizlik əla işdir!", - deyib var gücümlə bağırmaq istəsəm də, iflic olduğumdan bunu edə bilmirdim. Heç indi də bu məndə alınmır!!! Lap alınsa da, mümkünsüzdür, çünki çoxdandır gəlib-gedənim yoxdur.
Məncə, "iflic" sözü hərəkətsizliyin ən gözəl simvoludur. Yadımdan çıxmamış onu da deyim ki, bu cür böyük birmərtəbəli xəstəxanalarda qədimdənqalma bir adət var. Bu adəti indi də yaşadan ifliclərin ailə üzvləri və tanışlarıdır. Adət belədir ki, onlar öz adamları hansı palataya köçürsə, bir neçə müddət sonra oranın damını təmir etdirirlər. Qabaqlar bu jestin nə demək olduğunu heç cür anlamırdım. Amma indi artıq başa düşürəm. Bir də ki, nə jestbazlıqdır e?! Onlar bu əziyyətə öz adlarına ləkə gəlməsin deyə qatlaşırlar, yoxsa darısqal palatanın damından ifliclərə nə?!
Sağlam vaxtlarımda bu cür xəstəxanalarda yatan bəzi tanışlarıma öz doğmaları tərəfindən belə jestlər edildiyinin şahidi olmuşdum. Amma nə gizlədim, doğmalarım öz adları üçün mənə göstərdikləri jestin ustalar tərəfindən necə iyrənc bir şeyə çevirildiyini görsəydi, yəqin ki, dəli olardılar və bu, ustalar üçün heç də yaxşı qurtarmazdı. Ustaların öz yerində sakitcə uzanan ifliclərə məhəl qoymadan elədiyi ucuz zarafat və boş-boş didişmələr hər palatanın damı təmir olunub bitənə qədər, adətən, eynilə təkrar olunur.
Yaxşı yadımdadır, palatamın damını suvayıb düzəltməyə gəlmişdilər. Danışıqlarından iki nəfər olduqları hiss olunan axmaqların səsi və küləyin vıyıltısı palatanı başına götürmüşdü. Mənim üçün elə vacib olmasa da, bekarçılıqdan düşünürdüm ki, görəsən, bu axmaqlar damı yaxşı suvayacaqlarmı? Palatam bayırdan necə görünəcək?
Elə bu vaxt üzünü görə bilmədiyim ustalardan biri digərinə, - "Gic köpəkoğlu gic, niyə heç vaxt dediyin sözün üstündə durmursan?, - deyə lağlağı bir sual verdi.
- Hansı sözün?
- Hansı sözün, hansı sözün! Canına azzar, gözünə də belə lap vərəm sözün! Necə yəni hansı sözün? Bilmirsən, bəyəm hansı sözün?
- Boş-boş mırtdıyıb ürəyimi üzmə, sözünün canını de.
- Ay əclaf, on gündür ki, pivə qonaqlığımı fırladırsan. İndi bildin, hansı söz?! Sement tök bura!
- Tüpürüm sənə də, sənin yoldaşlığına da! On gündür sənə demirəm ki, bəs, böyrəklərim xəstə düşüb?! Axşamlar sidiyə gedəndə gözümdən yaş gəlir.
- Mənə nə? Gedək, mən içərəm, sən də ac it kimi ağzının suyunu axıdarsan. Təkcə pivə içəndə yox e, ha, ha, ha, ha, mən tualetə gedib, iyirmi saniyə sonra geri qayıdanda da.
- Nə murdar adamsan əəə sən!!!
- Murdar sənsən ki, için çürüyür ha, ha, ha!
- Gəl, sənə bir tapşırıq verim, istəsən, lap mərc eləyək. Əgər dediyimi eləyə bilsən, yalan deyirəmsə, nəslimə-kökümə nəhlət, işi qurtaran kimi gedirik pivəxanaya.
- Bəs, eliyə bilməsəm, nolacaq?
- Heç nə. Kefim nə vaxt istəsə, qonaqlığını onda verəcəm. Yox, əgər mərci sən udsan, ağrıdan ölsəm də, atasına nəhlət yalan deyənin, axşam sənnən bərabər içəcəm.
- Əvvəla, bacarsam da, bacarmasam da, sənin atana nəhlət! İkincisi, de görüm, mərcin nədir?
- Ay iyirmi saniyəyə geri qayıdan oğlan, nə qədər ki, üstünü bərkitməmişik, elə bil tualetdi, işə bura.
- Nə?! Bura?!!
- Hə... ha, ha, ha!
- Başın xarabdır?! Axı, süzülüb aşağıdakının başına töküləcək.
- Əşşi, dili yox, ağzı yox, sən başla!
Bu adam həmin gün pivə içməyi necə başına doldurmuşdusa, söhbəti uzatmadı. Qabaqca nəsə şırhaşır səs gəldi, az sonra damdan üstümə damcı-damcı sidik süzülməyə başladı. Damcıların bədənimə necə toxunduğunu hiss edib, bərk qəzəbləndim! Amma nə illah eləyirdimsə, səsimi qaldıra bilmirdim! İfliciydim, axı!..
Çox keçməmiş mərci uduzanın, - "Söz! Sənə araq alacam, halal olsun, ha, ha, ha!", - deyib, qəhqəhəsini eşitdim. Onların səslərini eşitmək get-gedə çətinləşirdi. Sidiyin son damcısı üstümə çox nazla düşdü. Yır-yığış edib getdilər. - Bu nə biabırçılıqdır?! Heç başıma belə iş gəlməmişdi!, - deyə düşünürdüm.
Ertəsi gün yenə gəlib, çox uzun-uzadı çalışdılar. Ta ki, onlar işlərini qurtarıb gedənəcən, heç nəyə məhəl vermirdim. Bir şeyi qaçırmışdım - "Axı, dünən işin axırında, bu gün də vaxtaşırı onların səsi nəyə görə get-gedə uzaqdan eşidilməyə başlayırdı?".
Qəfil, səssizliyin baş qaldırdığını hiss etdim. Onlar çıxıb getmişdi, bəs, küləyin vıyıltısı, xəstəxananın yanından ötüb-keçən maşınların siqnal və təkər səsləri hara yoxa çıxıb?, - deyə bura gəldiyim gündən bəri ilk dəfə xoflu halda düşündüm. Yanımda iki şey hiss edirdim - qaranlıq və səssizlik ... O gecə üçümüz də əzəmətli şəkildə bir-birimizə təslim olduq. Lənət olsun! Ən çox qorxduğum şey başıma gəlmişdi - yavaş-yavaş həyata xiffət hissi duymağa başlayırdım. Çünki onun səsini kəsmişdilər!!! Keçmiş həyatıma aid bütün anıları yada salmağa başladım. İlk yadıma düşən sağlam vaxtlarımdakı bir gecə idi...
Qışıydı... Həmişə olduğu kimi çoxlu siqaret çəkib, otağımı tüstüylə doldurmuşdum. Pəncərəni açıb, dişlərimi fırçalamaq üçün hamama getdim. Geri qayıdanda qoxu da, tüstü də hələ otaqdaydı. Pəncərəyə dəstək üçün eyvanın da qapısını açdım və çəkələyimin bir tayını qapıyla döşəmə arasına dürtüb yerimə uzandım. Ətrafdan maşın, adam, it, pişik nədir, heç külək səsi gəlmirdi. Amma o vaxtacan mənə tanış olmayan bir səs varıydı ki, ona biganə qalmaq olmurdu. Guya, ya dünya nəfəs alır, ya da təngnəfəs olurdu. Dayan, dayan, guyası-filanı yoxuydu, elə fikirləşdiyim kimiydi ki, durmuşdu! Vahimə içində cəld ayağa qalxıb qapını, pəncərəni bağladım və yerimə uzandım. Sonrakı günlərdə nə qədər çalışsam da, o səsi bir də eşitmədim, ta ki, palatanın damının təmiri qurtaranacan...
Bu xatırlama sonrakı peşmançılıqlarıma toxum səpmişdi və onlar hər saniyə, hər dəqiqə, hər saat, hər gün cücərir, amma pöhrə vermirdi. Onda bu səsdən, axı, niyə qorxmuş, həyatın gözəl, təravətli, həzin, cilvəli nəfəsinə dərindən qulaq verib, onu var gücümlə ciyərlərimə çəkməmişdim?! Nəyə görə bütün bu lütfkarlığına baxmayaraq, bircə dəfə pıçıltı ilə olsa da, ona ürəkdən minnətdar olmamışdım?!
Bunun ardınca sağlam vaxtlarımdakı bütün yaşadıqlarım saniyə-saniyə üstümə aşmağa başladı. Məktəbli vaxtlarımda bir dəfə məndən çörəyin pulunu almağı unudan satıcı qadını, kağız pulu ovcumda gizlədərək ehtiyatla univermaqdan çıxmağımı, univermağın çıxışındakı balıq və heyvan yemi satılan bölməni, bu bölməyə gələn alıcılara anlaşılmaz nifrətlə baxan satıcı kişini, göy rəngli akvariumdakı növbənöv balıqları, mənim üçün yaradıldığını düşündüyüm və barmağımı şüşədən düz dodaqlarına söykədiyim balığı, tərləmiş ovcumda əzilən pulu satıcıya uzadıb qətiyyətlə - "Alıram! Verin!", - deməyimi, satıcının balığı suyla doldurduğu plastik paketə qoyub, incə bir gülüşlə mənə uzatmasını, evə qaçıb balığı su dolu şüşə balona buraxmağımı, sonra saatlarla onun hərəkətlərini izləməyimi, qəfildən balondakı suyun mağazadakı akvarium kimi göy olmamasının fərqinə varmağımı, bu kəşfimdən doğan təəccübümü, az sonra məsələdən çıxış yolu tapıb qürurlanmağımı, qələmi qayçıyla ortadan kəsib göy rəngli məhlulu suya damcılatmağımı, istədiyim nəticəni ala bilməyimin nəşəsini, o gecə böyük bir rahatlıq içində dərindən dərin bir yuxuya getməyimi və ertəsi gün balığın cansız bədənini görməyimi... xatırladım. İlahi, bu anlar ömrümün hansı küncündə tozlanıb görünməz olmuşdu?! Onlar nağıllardakı mərdimazar divlərə bənzər qayğılarımın dabanı altındamı əzilmiş, yoxsa üfüqün gözü kor edən parlaq işığındamı seçilmirdilər?! Necə də məftunluqla, kədərlə dolu anlar idi? - deyə o gündən bu günə düşünürəm.
Günlərdir unutduğum qorxu deyilən bir duyğu geri qayıtmışdı. İflic olduğum üçün qabaqlar mənə üzülən doğmalarımı daha qınamırdım. Sən demə, mənim mərhəmətə ehtiyacım var imiş!!! Elə hey nələrisə xatırlayırdım. İnanın, bu nağılımı sağlam vaxtlarımı xatırlamamaq, qorxmamaq üçün uzadıram. Həm də, əslində, "siz" deyə bir şey və mənim sizləri uydurmaqdan savayı çıxış yolum yoxdur.
Kaş, bu neçə gündə yaddaşımda nələrin xortladığını biləydiniz! Məsələn, avtobusla və piyada gedəndə adamlara duyduğum sərhədsiz nifrət hissini... Ən kobudu və mədəniyyətsizinin yaşamağa haqqının olmadığını, ən "düzgün"ün isə hansısa fayda üçün özünü belə göstərdiyini düşünürdüm. Yox, yox, düşünmürdüm, buna tam şəkildə əminiydim. Adamlar iki cür idilər: kobud və mədəniyyətsizlərlə yola getməyin asan, özünü aktyorluğa vuranlarla isə mümkünsüz olduğuna inanırdım. Çünki bu ikincilər gülür, qaynayıb-qarışır, daim xeyirlərə vəsilə olur, amma mən onların gözündə hansısa mübhəm bir arzuya çatmaq həvəsi görürdüm. Axı, niyə, nəyə görə bu cür düşünürdüm?! Bəs, mən özüm necəydim? Kim idim?! İlahi!!! Onların şəhərin küçələrini, metrostansiyalarını, məhəllələrini, xəstəxanalarını, bir sözlə, bütün künc-bucaqlarını dolduran səs-küyləri, pis və yaxşı sözləri, gah sualedici, gah da sonsuz məna ifadə edən baxışları necə də dəyərli imiş! İlahi, indi şəhərlərə, küçələrə sonsuz addımlar iz salır, dodaqlardan sözlər yayılır və onların sahibləri mənim yoxluğumu hiss etmirlər. Amma mən bu bəşəri itkimi hiss edir, tənhalığın kabusanə rəngini qəbullana bilmirəm. Eynən kiçik dünyasını göy rənglə zəhərlədiyim o balıq kimi!!!
Palatamın damını suvayanlara min lənət olsun! Darısqal komamı bütün bəşəri səs-küydən məhrum elədilər. Hələ qapalı gözlərimin arxasındakı qaranlıqdan danışmıram! Onu aydınlığa qovuşdurmaq heç cür mümkün deyil. Sağlamlıqda sayca neçə dəfə evimin işığını yandırmışdım! Ən acısı bilirsinizmi nədir? Adi saydığım bu şeylərdən məhrum qalacağımı bircə dəfə də olsun düşünməməyim!
Nələri xatırlayıb, nələrin həsrətilə qovrulduğumu bilən olsaydı! Diş ağrısını, baş ağrısını xatırlayıb, insan kimi ağrımaq üçün nələri qurban verməzdim!!! Kaş, öz evimdə olaydım! O hündürmərtəbəli binadakı bütün mənzillərin qapısını döyüb, - "Mənim danışan, addımlayan, gülən, ağlayan, mədəni, kobud qonşularım necəsiniz? Bəlkə, bu axşam bizə toplaşaq? Uzun-uzun dərdləşməyə nə deyirsiz, hə? Bəlkə, birlikdə futbola baxaq?", - deyə təklif edərdim. Axı, burdakı qonşularımın qapısını döyə bilmirəm. Onlar gördüyüm ən qapalı, ən sakit, ən maraqsız adamlardır. Lənət olsun iflic olmağa! Bu ada min lənət!!!
Dayan, deyəsən, kimsə gəldi!!! Zibilə qalsın, heç cür eşitmək olmur! Yox, yox, bunu əldən qaçırmaq olmaz! Bəlkə də, son yüz gündür ziyarətimə heç kim gəlmir. Bayaqdan, - "Ailəm, sevdiklərim ağlayırlar, suspus dayanıb öskürürlər", - deməyimə baxmayın. Bu yalnız beş, ya da altı dəfə baş verib. Nəsə, azca səbrli olun, bu dəqiqə onun kim olduğunu biləcəm. Deyəsən, hava da sakitdir. Bəh-bəh, bəlkə də, günəş çıxıb. Bu kimdisə, hələ danışmır. Yaşasın! Necə sevinirəm!!!
- Salam, oğlum.
Bu, atamdır. Bu onun səsidir. Oh!!! Nə yaxşı ki, gəlib çıxdı:
- Salam, ata, necəsən?
- Oğlum, bilirəm ki, məni eşitmirsən!
- Sən nə danışırsan, ata?! Mən səni eşidirəm. Lap dərinə getsək, hələ səndən küsmüşəm də!
- Bilirəm, oğlum, gəlib-gedənin yoxdur. Belə baxanda camaatı heç qınamıram! Axı, nəyə görə gəlsinlər?!
- Cəhənnəmə gəlsinlər, mənə sən bəs edərsən!
- İndi tərpənib, danışa bilsəydin, məni bu sözümə görə borclu çıxardacaqdın!!!
- A kişi, xəbərin var ki, səni eşidirəm?! Nədir məni borclu çıxarmağa gəlmisən?!
- Etdiyini etdin, dağıtdığını dağıtdın!!! Yaxşıları yaxşılıqdan çıxardın. Hamını özünə düşmən bildin! Ailəni dağıtdın, uşaqlarına bircə gün də olsun yiyə durmadın! Bütün ömrüm boyu yığdığım var-dövləti bir ayda havaya sovurdun. Yolda yeriyən itə mız, pişiyə paz qoyurdun! Amma kaş biləydin ki, əzab verdiyin doğmaların nə qədər ağladılar sənin üçün.
- Hə, bilirəm. İndi onlar hardadılar, bəs? Yaxşı görək, bəsdir, ata! Hamısı artistlik eləyirdi. İndi bunları danışmağın, axı, nə mənası var?!
- Bir dəfə səndən xoş üz görmədim! İndi üzün də susub, dilin də! Gəldim ki, sağollaşam.
- Bu nə danışır?! Nə sağollaşmaq, a kişi?! Atamsan, sən gərək mənə kin saxlamayasan.
- Gedirəm Finlandiyaya, bəyənmədiyin qardaşım uşaqlarının yanına. Daha məni bura bağlayacaq heç nə qalmadı. Qayıtmayacam. Allah qismət eləsə, elə orda da öləcəm! Qardaşım uşaqları yaxşı adamlardır, mənə yiyə çıxarlar! Dilim gəlməsə də, deyəcəm. Sən indiyəcən eləmədiyini elə... Öz başının çarəsini qıl! Sənə su gətirmişəm. İç, bir az yüngülləş.
- Ey tökmə o suyu, tökmə!!! İlahi, o neynir?!!!
- Sağ ol, oğlum! Biləsən, həmişə ürəyimdə olassan!
- Ey ata, ata, ata, getmə ata, yalvarıram sənə!!! Bilmədiyin şeylər var! Mən bütün səhvlərimi anlamışam, üstəgəl çox qorxuram, ata! Bütün danışıqlarını eşitdim, kaş, sən də mənim dediklərimi eşidəydin!!! Ata, nə olar getmə!!! Ata!!! Ata!!! Hələ bir de görüm, hava günəşlidirmi?! Ax, ax, ax, o maşının qapısını necə bərk çırpdı! Mən o maşının qapısını nə qədər açıb-örtmüşdüm! Ata! Getdi, getdi, getdi!!! Hamınızı zibilə qalasınız axmaqlar!!! Heç kimin mənim buranı qəbiristanlıq yox, xəstəxana, qəbir yox, palata olduğunu düşünüb, günlərdir özümə toxtaqlıq verdiyimdən xəbəri yoxdur. O murdar ustaların başdaşımı, sinədaşımı düzəltdiyini bilirdim, amma bunu qəbul edə bilmədiyim üçün uydurmalara baş vururdum. Mən hamınızı, hər şeyi, eşidirəm!!! Axmaqlar, biz cismən ölmüşük, amma bütün günahlarımıza, savablarımıza baxmayaraq, yolunuzu gözləyirik! Siz də öləcəksiz! Sən də öləssən, ata!!! Aldanma ki, ruhun bədənindən çıxıb göyə qalxacaq! Yox, o, bax elə burda, o suyu əndərdiyin yerdə islanıb quruyacaq!!! Səni də isladacaqlar!
Ey, qəbir qonşularım! Biz iflic olmamışıq, ölmüşük! Bura qəbiristanlıqdır! Qaranlıqdır! Eşidirsiz?! Yoxsa siz bunları bilirdiniz?! Siz bunu necə qəbul etmisiniz? Ax, ölmək necə də dəhşətlidir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!