Bütün yaxşılıqlara salam olsun - Sərvaz Hüseynoğlu

Sərvaz Hüseynoğlu - 60

 

Uzun illərin dostu, əzizi olan Səməd müəllim tez-tez deyirdi: "Sərvaz, vaxt elə bir gün gedək Şəmkirə, Çinarlı kəndinə! Ömrə vəfa yoxdu. İstəyirəm uşaqlıq illərimin mürgü döydüyü o yerləri ziyarət edim".

İş elə gətirdi ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində oftalmoloq alim, gözəl insan Paşa Qəlbinurun təbliğilə bağlı Şəmkirə, Çinarlı qəsəbəsinə gedəsi olduq. Onun həm Səməd müəllimin, həm də mənim üzərimdə böyük haqq-sayı vardı. Səməd müəllim deyirdi ki, bəs Paşanın yaxşılığından indi də çıxmayıb, haçan çıxacam? Çinarlıda, ətraf kəndlərdə o qədər qohum-əqrəbam var ki... Paşaya da səs verməyib kimə səs verəcəklər?

Özünəməxsus ərklə, əminliklə deyirdi Səməd müəllim bu sözləri. Elə həmin ovqatla da üz tutduq Şəmkirin Çinarlı qəsəbəsinə.

Əslən Vedinin Böyük Gilanlar kəndindən olan Səməd müəllimin ailəsi 1947-1953-cü illər deportasiyasının sazağından keçib, Şəmkirə sığınmışdı. Uşaqlıq illəri bu kənddə keçmişdi. Sonra köçmüşdülər İmişliyə. İndi mən həmin tarixin üstündən o illərin xatirəsi önündə sükuta dalmış kimi keçirəm. Və o yerdə dayanıram ki, Səməd müəllimlə gəlib Çinarlı qəsəbəsinə çatdıq və buradan beləsi az-çox həyatımda gördüyüm ən kədərli kino səhnələrindən, oxuduğum ən faciəli ədəbi əsərlərin tanış epizodlarından ən kədərlisi, faciəlisi idi. Və gərək bir qurd ulaması, ana-bacı bozlaması, qopuz sızlaması olaydı ki, o səhnəyə dəm tutaydı, izləyə-izləyə qalaydı. 45 ilin ayrılığından sonra ilk dəfə qədəm basırdı Səməd müəllim o qəsəbəyə. Əlbəttə, qəsəbə görkəmcə, görünüşcə əvvəlki deyildi, böyümüşdü, abadlaşmışdı, küçələr əriş-arğac idi. 45 ilin ayrılığından sonra Səməd müəllim yaddaşını, fəhmini nə qədər işə salırdısa da, döydüyü qapılarda onun soruşduğu adamları tanıyıb-eləyən yox idi... Ən yaşlı adamlar belə duruxur, handan-hana başqa bir dalanı, başqa bir evi nişan verirdilər ki, onlardan soruşun, tanısa onlar tanıyar. Bu minvalla bir neçə küçədə 5-6 evin qapısını döyəsi oldu. O heyində, o dar macalda ki, Səməd müəllimi elə, o təntimiş, səbri daralmış halında mən görürdüm, indi o məqamı yenidən qələmə alıb, o ağrını bir də yenidən yaşamağı, yaşatmağı kafirimə də qıymıram. Açdığı qapılarda soruşduğu adamları tanıyıb-eləyən yox idi. Bəzisində adamlar xeyli fikrə gedir, cavan qız-gəlinlər bir anlıq içəri keçib kiminləsə xoşunlaşır, qarşılarındakı ağsaçlı insana təəccüblü, bir az da ehtiyatla baxa-baxa başqa evin səmtini göstərirdilər. Aradan keçən 45 ilin sahilində gəmisi dəryaya qərq olmuş gəmiçi kimi sahil boyu qaçıb, haray-həşir təpən gəmiçiyə bənzəyirdi Səməd müəllim. Bir az öncə südəmər körpəsini bir ağac kölgəsinə qoyub su içmək üçün yaxın bulağa gedən, qayıdanda qundağı yerində görməyən anaya bənzəyirdi Səməd müəllim... Deyəsən, məsələ qəlizləşdikcə bir az da mənim yanımda xəcalətlənirdi. O boyda dərdin, kədərin içində, o təntimiş, karıxmış heyində bu gözəl kişi hələ mənə görə xəcalətlənməyə də imkan tapırdı.

- Sən darıxma, - deyirdi - indi özün görəcəksən necə adamlar var...

Zarafata salırdım. Yaranmış gərginliyi yumşaltmaq istəyirdim. O isə özünəməxsus sadəliklə, tələskənliklə  qarşısına çıxan ilk adamdan 45 il bundan əvvəl bu kənddə qoyub getdiyi, getməyə məcbur olduğu doğma ünvanları soruşurdu.  Axır ki, babası Səfərin qardaşı oğlu İsmayılın evini nişan verdilər ona. Həyətə daxil olduq. Bizi cavan bir oğlan qarşıladı. Səməd müəllim artıq bir az qorxa-qorxa, ehtiyatla soruşdu İsmayıl kişini. Oğlan dönüb evə sarı "atamı soruşurlar" - dedi. Sonra ömrünün 80-85-ci sinnini yaşayan, bəyaz saçlı bir kişi əsasına söykənə-söykənə qarşıladı bizi. Elə həyətdəcə qoyulmuş stolun ətrafında əyləşdik. İsmayıl kişi yaddaşını cəmləyə-cəmləyə yenidən üzünü Səməd müəllimə tutdu: - Dedin kimin oğlusan sən?

- Cabbar kişinin oğluyam ey, İsmayıl dayı. Vedili, Böyük gilanlarlı Cabbarın oğlu, Səfər kişinin nəvəsiyəm. Səmədəm.

Çəliyinə söykənib yenidən ayağa durdu İsmayıl kişi, Səməd müəllim də qalxdı... Hər ikisinin gözləri dolmuşdu. Qucaqlaşdılar. İki ağsaçlı dağ bir-birinə söykəndi elə bil. Və mən daxili bir şükranlıqla stolda yerimi rahatladım. İsmayıl kişi Səməd müəllimin boynunu qucaqlayıb tez-tez "Yalan, yalan, yalan dünya" - deyirdi. Elə bil ki, ta bineyi-qədimdən, uşaqlıq çağlarından yönü bu yana bildiyi, eşitdiyi sözlərin hamısını unutmuşdu, yaddaşında təkcə bu sözlər qalmışdı: - Yalan, yalan, yalan dünya.

Sonra onlar oturub lap yeniyetmə cavanlar kimi söhbət edirdilər.

İsmayıl kişi tez-tez mənə sarı dönüb Səməd müəllimi göstərirdi:

- Cabbarın yadigarıdı bu...

Səməd müəllim özüməxsus şuxluqla: - Görürsən, sənə deyirdim nələr görəcəksən - deyirdi.

Körpə uşaq kimi sevinirdi və məni bayaqkı məyusluqdan uzaqlaşdırmağa şirin bir cəhd edirdi. İsmayıl kişisə tez-tez dönüb Səməd müəllimin böyük qardaşı Vəlini soruşurdu. Vaxtilə Gilanlar kəndinin günbatanından axan Vəng çayından balıq tutmağa, həmərsin yığmağa apardığı, çevik, qırğı kimi cəld Vəlini. Fikrə getmişdi Səməd müəllim. Sual təkrar olundu:

- Vəlini soruşuram səndən...

Vedinin Gilanlar kəndində doğulmuş Vəli artıq İmişlinin Göbəktala kənd qəbiristanlığında torpağa tapşırılmışdı. Bu itkini, bu kədəri necə deyəydi özünün də sinəsinə oğul dağı çəkilmiş İsmayıl dayıya?

Dərd üstünə dərd gətirən bu xəbəri necə deyəydi ona? Vaxtilə bir bacısı cavankən Şəmkirin Qaracəmilli kəndində dəfn olunmuşdu Səməd müəllimin.  Anası Nəzakətlə beş yaşlı bacısı Zeynəbin uyuduğu Qapanlı kənd qəbiristanlığı da vardı yaddaşında. Atası Cabbar kişi Dəllər-Cırdaxanda dəfn olunmuşdu. Yurd-yuvaları kimi doğmalarının qəbirləri də didərgin idi.

İsmayıl kişi öz adaşını, İsmayılı soruşur - Səməd müəllimin əmisini...

- Haqq dünyasına qovuşub...

Söhbət hərlənib dünyanın, qohum - öylədin vəfasızlığının üstündə dayanır. İsmayıl kişi yenidən əlini yelləyir:

- Eh, yalan, yalan, yalan dünya.

Sonra o, bizi öz əlləriylə əkib-becərdiyi bağçayla tanış edir. Qoz qırır, alma, armud dərirdi. Buradan Səməd müəllimin vaxtilə yaşadığı ev görünür. Qarşı dağın başındakı Didəban (gözətçi yeri) deyilən qalacıq görünürdü. Kiçik Qafqaz sıra dağları boyunca tikilən bu cür qalalara el arasında Koroğlu qalası da deyirlər. Səməd müəllim deyir, bu qaladan Çinarlı, Təkləli kəndləri ovuc içi kimi görünür.

...Geri dönürük. Ötən əsrin 60-cı illərində Şəmkirin Çinarlı kəndində qoyub gəldiyi daxma, yurd yeri boylanırdı Səməd müəllimin arxasınca...

Tanış şeirin misraları əhvalınca idi onun:

Yönü bəri baxan dağlar

Mənim sizdə nəyim qaldı?..

Çevrilib doğma yerlərə gözdolusu baxır, bir övlad sayğısı ilə sağollaşırdı, sanki:

"Duman salamat qal, dağ salamat qal..."

Qəlbindəsə bir də bu yerlərə dönmək, ata-anasının, bacısının qəbrini ziyarət etmək imkanı diləyirdi ömürdən...

***

Deyirlər, su axar, gedər qalmaz... Axar suya bir də baxmaq olmaz dedikləri də var. Yəni həmin arxa baxsan da su əvvəlki deyil... İnsanınsa hər dəfə, hər dəfə məhz ilk dəfə baxdığı suya bir də baxmaq həvəsi heç vaxt tükənmir. Su axır, irəli düşəni dönüb arxadan gələni bir də heç vaxt görə bilmir. Heç vaxt...

***

Səməd müəllim bu çəlpəşik dünyada mənə ən əziz olanlardan idi. Onunla bağlı çox unudulmaz xatirələrim var. Yazsam bir kitab bağlanar. Ancaq ayrı-ayrı məqamlar üzərində dayanıram:

Yaxın vaxtlarda əməliyyat olunmuşdu. Qələm dostum Əbdülkərim Paşayevlə yanına - xəstəxanaya getdik. Çarpayıda arxası üstə uzanmışdı. Üstünə ağ mələfə örtmüşdülər. Bu görkəmində çox köməksiz, tənha görünürdü... Gözlərini açdı. Əyilib avazımış üzündən öpdüm. Əbdülkərim Paşayevə sarı göz hərləyib, nəfəsini güclə ala-ala:

- Sərvaz çörək yeyibmi? Birdən aç olar ha - dedi...

O heyində, bıçaq altından çıxdığı o dar macalda mənim qayğıma qalırdı. Tələsik: - Narahat olma, yemişik də, içmişik də - dedim.

Gülümsündü: - Neçə Sərvazımız var ki?

Üzünə baxdım... Bu, o idi!.. Mərd, xeyirxah və həssas, təmənnasız Səməd müəllim...

***

Bir dəfə çox böyük yaxşılıq etdiyi bir adam Səməd müəllimə zorla yüz manat hörmət etmişdi. Verdi mənə ki, "bu pulu saxla. Salıb itirərəm". Sonra rayondan zəng etdi: - Usta tap, işıq məsələsini həll et!.. Bir də gəlib elə görsəm, incimə məndən...

***

Qızım Mehriban ali məktəbə qəbul olmuşdu. Güc-bəla ilə tələb olunan təhsil haqqını ödəmişdim. Uşağın yolpulu və geyimi isə dururdu. Gecə-gündüz fikrimdə dağı-Arana, Aranı dağa daşıyırdım ki, pul üçün kimə ağız açım. Bax belə bir vaxtda Səməd müəllim zəng elədi:

- O tələbə balamızı da götür gəl, iş yerimdə gözləyirəm.

Bilmirdim nə məsələdi. Getdik. Ayağa durub: - Dalımca gəlin - dedi.

Bazara gedib özü qızım üçün ayaqqabı, kostyum, əl çantası seçdi. Heç bir etiraza-filana məhəl qoymadı. Axırda ovcunda bükmələdiyi  pulu zorla ovcuma qoyub "tələbə üçün ayırmışdım, verərsən, yolpulu edər" - dedi. Bütün duyğularıma qədər kövrəlmişdim.

Ertəsi gün iş yerinə gələndə onu bir stəkan çay və peçenye ilə narah edən gördüm... Özünə qıymadığını mənə qıymışdı.

***

Mən Bakıya təzəcə köçdüyüm vaxt bir dəfə evimə gəlmişdi. Ev deyəndə ki... Oturmağa adi stul, stol da yox idi. Döşəkcə atıb dədə-baba qaydasıyla əyləşdik. Təzəcə aldığım televizoru belə döşəmənin üstünə qoymuşduq. Heç bir avadanlıq yox idi. Az keçməmiş rayondan zəng etdi mənə. Görüşdük. Özü yük maşını tutdu, müxtəlif mebel dəsti, stol-stul yığıb, satıcının borclular kitabına öz adını yazdırdı.

- Fikir vermə, az-az düzəldib verərik - dedi.

Ertəsi günü iş yerində balıq konservi ilə nahar edən gördüm onu...

...İki ildi ki, haqq dünyasına qovuşub...

***

Bu yazını ədəbi uğurlarımda xüsusi yeri olan Xalq yazıçıları Anara, Sabir Əhmədliyə, Elçinə, ustadım Qərib Mehdiyə, Xalq şairləri Nəriman Həsənzadəyə, Sabir Rüstəmxanlıya, professorlar Qəzənfər Paşayevə, Nizami Cəfərova, Nizaməddin Şəmsizadəyə, eləcə də Abbas Abdullaya, Ələkbər Salahzadəyə, Paşa Qəlbinura, Sona xanım Vəliyevaya, Qəşəm İsabəyliyə, Vilayət Muradlıya dərin ehtiram hissilə qələmə aldım...

Yığıcı qız maraqla "niyə altmış illik yubileyinlə bağlı məhz bu yazını dərc etdirmək istəyirsən", - deyə soruşdu.

Dedim: "Heç bir yaxşılıq unudulmamalıdı...".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!