Rusiya Yazıçılar İttifaqı ilin ən yaxşı bədii tərcümə əsərlərinə görə mükafatlandırdığı yazarlar arasında həmyerlilərimiz - Məmməd Oruc və Knyaz Qoçaq da var. Rus xalqlarının müasir poeziya və nəsrindən bədii tərcümə nümunələrinə görə hər iki yazıçı 2019-cu ilin xüsusi diplomunu almışdır. Onları təbrik edir və bu istiqamətdə yeni-yeni uğurlar diləyirik. "Ədəbiyyat qəzeti"
Atəş oldum, külüm yox
Bülbül oldum, dilim yox...
Xalq mahnısından
Bir günəşli payız günündə Ovçu Firuz yanında da tulası o quzğunu qanadlarından tutub sürüyə-sürüyə məktəbin həyətinə gətirəndə böyük tənəffüs yenicə başlanmışdı və bu səbəbdən də sinif otaqlarında demək olar ki, kimsə qalmamışdı, uşaqlar qara gözləri, əyri, qara dimdiyi kimi də əyri caynaqları, tüklü ayaqları ilə dərhal diqqət çəkən quşa bir qədər yaxından baxmaq, yüngülcə də olsa ona toxunmaq istəyirdilər.
Sağına-soluna göz gəzdirən və çönüb tulasının başına sığal çəkən Firuz tulaya rus dilində nə isə söyləyəndən sonra uşaqlara ucadan xəbərdarlıq elədi:
- Yavuq düşməyin ona, yırtıcıdı, sizi çalar, qana düşərəm!
Bu arada Firuzun bu qartalın yarısı boyda olan tulası da bir ağız hürdü; sanki uşaqlara sahibinin xəbərdarlığını it dilində də çatdırmaq istəyirdi.
Firuz bir də səsini qaldırdı.
- Bax, sizi çalsa, mən cavabdeh deyiləm ha!
Amma quzğun elə bil çalağan olduğunu unutmuşdu, hətta qanı qurumuş sallaq qanadına sığal çəkənlərə də dimdik, caynaq atmırdı, məlul-məlul harasa uzaqlara baxır və arabir də anlaşılmaz bir səs çıxarırdı; sanki günahsız uşaqdı, ağlayıb-sıtqayıb yorulmuşdu və indi də içini çəkirdi...
Yuxarı sinif uşaqlarından yalnız taxdıqları qalstukla seçilən cavan müəllimlər də artıq hadisə yerində idilər və onlar da biz uşaqlar kimi qartala bir qədər də yaxından tamaşa etmək istəyirdilər.
Firuz, çox güman ki, biz uşaqların diqqətini bu quşa bir qədər də yönəltmək üçün onu sinəsi bərabərində qaldırıb tüklü ayağında aydınca seçilən halqanı - üzüyü nişan verdi:
- Üstü yazılıdı, - dedi, - aranızda savadlı adam varsa, gəlib oxusun...
Əlbəttə, bu, aşkarca cavan müəllimlərə sataşmaq, meydan oxumaqdı. Ovçu Firuz təhsil görməsə də, körpəliyindən stansiyada böyüdüyündən, hər şeydən xəbərdardı, özü də çox vaxt rus dilində danışırdı; stansiya klubunda, əsasən, rus dilində səslənən kinoların da pulsuz-parasız sinxron tərcümanı Firuzdu. O, rus dilinin jarqonlarından çox yararlanırdı, amma mən də bilirdim ki, bu, sadəcə, adamları güldürmək, əyləndirmək üçündü. Nə isə... Meydan sulamağa bənzəyən bu dəvətdən sonra quşa kimsə yaxınlaşmayanda, Firuz üzüyə baxa-baxa bir də səsini qaldırdı.
- Mən oxuya bilmirəm, - dedi, - deyəsən, Çin dilində, heroqliflə yazılıb.
Mənim sinifdaşım Fəqan da söhbətə qarışdı:
- Yaponca da ola bilər, - dedi, - onlar da heroqlifnən yazır.
Quzğunun ayağındakı üzüklə bağlı mübahisəni isə, bütün yuxarı sinif uşaqları kimi, mənə də zoologiyadan dərs demiş Hüseyn müəllim quzğunun ayağına keçirilmiş üzüyə baxmadan sonra qoymaq istədi, yəqin ki:
- Çin, yapon dilində ola bilməz, - dedi, - quzğun köçəri quş deyil ki, dünyanın o başından buralara gələ.
Hələ qanı qurumamış sallaq qanadından mən də bilirdim ki, quş yaralıdı, şığıya bilməz, amma quş birdən-birə, çox güman ki, biz uşaqların mehribançılığından təngə gəlib çırpınaraq pərvazlanmaq istəyəndə, quşa lap yaxınlaşmış oğlanlar hərəsi bir tərəfə qaçdılar, qızlar isə qışqırışdılar.
- Derji, Palma!
Firuzun bu göstərişindən sonra tula bir sıçrayışla quzğunun başının üstünü alsa da, quş bir də şığıdı, amma cəmi bircə dəfə qanad çalandan sonra yerə düşdü.
- Son damla qanına qədər beləcə şığıyacaq, - zoologiya müəllimimiz dedi, - bu coşqu onun qanındadır!
Meydanın ortasında şəstlə dayanmış Firuza cürbəcür suallar verirdilər və hiss olunurdu ki, bu sorğuların çoxusu əylənmək, gülmək üçündü.
- Sən bu tulana öz dilimizi niyə öyrətmirsən, ay Firuz?
Firuza belə bir müraciətin dəfələrlə şahidi olmuşdum və o, həmişə olduğu kimi indi də bu sorğuya sadəcə gülümsəməklə cavab verdi.
Ovçu Firuz bu yırtıcı quşu niyə yaralamışdı, nədən ötrü böyük tənəffüsdə məktəbin həyətinə gətirmişdi? Bütün bunlar çox keçmədi ki, bəlli oldu; sən demə, o istəyirmiş ki, rayon qəzetinə kənddə, stansiyada baş vermiş hadisələr haqqında xəbərlər yazmaqla bir-birilə az qala yarışa girmiş yuxarı sinif uşaqları Rəfiq Rəhimzadə, Hüseyn Əmiraslanoğlu, ya Məmməd Rəvanlı onun bu şücaətini, necə deyərlər, işıqlandırsınlar; qartalın, onun özünün, tulasının şəklini çəkib rayon qəzetinə yollasınlar.
Yadımdadır, o ilin yanvar-fevral aylarında rayon qəzetində canavar ovçuları haqqında bir neçə məqalə çap olunmuşdu, amma bu məqalələrdən sonra Hüseyn müəllim demişdi ki, əslində, canavarları ovlamaq olmaz, onlar təbiətin sanitarlarıdı və qəzet bu yazıları çap eləyirsə, demək o qəzetçilər dünyadan xəbərsizdilər.
Məsələdən hali olan Hüseyn müəllim bu qələbəlikdə də söhbətə qarışdı və:
- Quzğun ilbəil azalan quşlardandı, "Qırmızı kitab"a düşüb, - dedi, - redaksiyada bunu bilən olsa, yazını verməyəcəklər.
Ovçu Firuz isə dərhal etirazını bildirdi:
- Əgər bilsələr ki, bu qartal bir gündə "Araz" kolxozunun sürülərindən üç quzu çalıb, verəcəklər, rayona quzu lazımdı, "Qırmızı kitab" yox.
Quzğunların quzu apardığını mən eşitsəm də, görməmişdim, amma buna bənzər qartalların dovşanı, tülkünü, çaqqalı necə çaldığını televizorda dəfələrlə izləmişdim, ona görə də bu qartalın "Araz" kolxozunun sürülərindən quzu çalmasına inandım.
Hər halda, məktəbimizdə artıq rayon qəzetinin ştatdankənar xüsusi müxbiri kimi məşhurlaşmış yuxarı sinif şagirdləri Rəfiq Rəhimzadə, Hüseyn Əmiraslanoğlu və Məmməd Rəvanlı fəaliyyətə başlamışdılar; qeyd dəftərçələrini çıxarmışdılar, ovçu Firuzun və eləcə də "bəzi tamaşaçıların", zoologiya müəllimimizin ağzından çıxanları havadaca qapıb qeyd edirdilər.
Rəfiq Rəhimzadə çaparaq, hardansa əldə etdiyi qaytan metrə ilə quzğunun qanadlarını qoşalayıb ölçdü və iftixar dolu səslə:
- İki metr qırx santım! - dedi.
Qartalın diri çəkisi isə mübahisəyə səbəb oldu. Zoologiya müəllimimiz:
- Bir də çəkin, - dedi, - altı kiloqramdan artıq ola bilməz!
Amma quzğunu ikinci dəfə kisəyə sala bilmədilər ki, asma tərəzilə çəksinlər. Çünki kisəyə salmaq istəyəndə quş çırpındı və elə şığıdı ki, uşaqlar hərəsi bir səmtə qaçdılar. Amma bu quzğundan qorxmayanlar daha çoxdu və onlar get-gedə bu yırtıcının çevrəsini daraldanda Firuz:
- Mən onsuz da bu quşu burdan aparmayacam, sizə bağışlayacam, - dedi, - təcrübə apararsız üstündə.
Zoologiya müəllimimiz, yəqin ki, bu xəbərdən məmnun qaldığı üçün quzğunun zoologiyasına da aydınlıq gətirdi.
- Bu, dağ qartalıdı, - dedi, - Arana şikara gəlib, çox güman ki, Savalandan gəlib...
Uşaqların əksəriyyəti kimi, mən də çönüb Savalan dağının başı qar içində olan zirvəsinə səmt boylandım. Bu o zaman idi ki, mən artıq Rusiya imperiyası ilə İran dövləti arasında imzalanmış müqavilələrdən və bu muqavilələrin nəticəsi olaraq dəniz səviyyəsindən beş min metrə qədər hündürdə yerləşən Savalanın Arazın o tayında qalmasından və ümumiyyətlə, Azərbaycanın parçalanmasından xəbərdar idim və ən böyük arzum da bu idi ki, bu mövzuda qoşduğum mənzumələri səhnədən oxuyam.
Böyük tənəffüsün bitdiyini bildirən zəngdən sonra şagirdlərin əksəriyyəti dərhal sinif otaqlarına qaçsalar da, quzğunun çevrəsində xeyli uşaq qaldı.
Məktəbimizin dərs hissə müdiri Mustafa müəllim yaralı qartala baxa-baxa qalmış uşaqlara yaxınlaşan kimi dilləndi:
- Bu nədi? Karsız? Zəngi eşitmədiz? - Və dərhal da səsini qaldırdı, - hamı siniflərə!
Mustafa müəllimin barmaq silkələməsindən sonra da qartalın çevrəsində uşaqların yaratdığı qələbəlik seyrəlməyəndə, məktəbimizin direktoru meydana çıxdı, amma nə üçünsə sözünü biz uşaqlara yox, ovçu Firuza dedi:
- Qartalını da götür tərk elə məktəbin həyətini, bura sirk meydançası deyil!
Firuz dinməz-söyləməz quzğunun qanadlarından tutub məktəbin həyətindən aralanmaq istəyəndə sahibindən, demək olar ki, aralanmayan tula direktora sarı çönüb bir ağız hürdü. Elə bil direktora anlatmaq istəyirdi ki, onun sahibi tək deyil.
...Və bu arada möcüzə baş verdi; hardansa peyda olan bir başqa quzğun vahiməli bir qıyya çəkəndən sonra ox kimi qələbəliyə şığıdı, amma kimsəni çalmadı, elə bil yerdəki yaralı qartala bir qədər də yaxından baxmaq istəyirmiş...
Yerdəki qartal yaddan çıxmışdı, hamı göy üzündəki qartalı izləyirdi və kimi deyirdi yerdəki yaralı qartalın erkəyidi, kimi də deyirdi dişisi...
Çox dərinləşməyən bu mübahisəyə də zoologiya müəllimimiz aydınlıq gətirdi:
- Erkəyidi, - dedi, - qartallarda erkək dişidən balaca olur.
Məlum oldu ki, göydəki qartalın peyda olması bütün məktəbdə dərsi pozub, siniflərdə olanlar da quzğunu pəncərələrdən izləyirlər.
Dərs hissə müdiri aşkarca sezilən təəssüflə:
- Bütün məktəbdə dərs pozulub, - dedi, - belə şey olar?
Zoologiya müəllimimiz mənalı tərzdə:
- Bu da bir dərsdi, - dedi, - həyat dərsi və yerdəki qartalı nişan verdi. Göy üzündəki qartal isə, elə bil yerdəki hadisələri izləyirdi.
Kimi deyirdi o, yenə qələbəliyə şığıyacaq, kimi də deyirdi, yox, onun niyyəti tulanı, ya Firuzu çalmaqdı.
Hələ 6-cı sinifdə oxusa da, artıq çəkdiyi fotoşəkillərlə respublika qəzetlərinə də yol tapan Əkbər Yusifoğlu bayaqdan bəri "Zenit" fotoaparatını işə salmışdı və bu yaralı quzğunla şəkil çəkdirmək istəyənlərin heç birinin könlünü sındırmırdı.
Yerdəki yaralı quzğun yaddan çıxmışdı elə bil. Baxışlar göy üzünə quzğunun ağır-ağır süzdüyü açıq-aydın səmaya zillənmişdi.
Yaralı quzğun isə, mənə elə gəlirdi ki, yalnız göydəki qartal qıyya çəkəndən-çəkənə özünə qayıdır; sanki diksinir və quzğun olduğunu anlayır.
Belə görünürdü ki, qartalın sorağı Daşburun stansiyasına da çatıb. Çünki, adətən, dərsin sonunda yuxarı siniflərin qızlarına tamaşa etmək üçün gələn stansiya cavanları indidən gəlmişdilər və yaralı qartalla şəkil çəkdirmək üçün növbə gözləyirdilər. Qartalın ayağına keçirilmiş üzüyün üstündəki yazıya da onlardan biri aydınlıq gətirdi:
- Bu Çin yazısı-zad deyil, xüsusi işarədi, hansısa ovçular birliyinin şifrəsidi.
Fikir verirdim, Firuzun bu quzğunla bağlı şücaəti haqqında elə buradaca yazmağa başlayan Rəfiq Rəhimzadə bu faktı da vacib bir məqam kimi qeyd elədi.
Sonra kəndimizin, artıq bir dəfə telekanala da yol tapmış şairi Şirindil Şahsevənli gəldi və quzğunla şəkil çəkdirəndən sonra Firuzun şücaəti haqqında sinədən uzun bir mənzumə söylədi... Və kimsə də dedi ki, şairin nəmərini verin.
Bir gözünü göy üzündəki quzğundan çəkməyən və arabir tulasının başını sığallaya-sığallaya adamların üzünə gülümsəyən Firuza verilən suallar müxtəlifdi. İnsanları daha çox maraqlandıran quzğuna hansı şəraitdə vurması idi ki, Firuz bu sualın cavabını artıq bir neçə dəfə vermişdi; amma hamısında da fərqli..
Firuzun sözündən belə çıxırdı ki, beşlik qırmaynan bildirçin vurmağa çıxıbmış, birdən qulağına quzu mələrtisi gəlib, özü də yerdən yox, göydən. Başını yuxarı qavzıyanda görüb ki, gumanı onu aldatmır, göydə mələyən quzudu, amma qartalın caynağında mələyir, quzuya yazığı gəlib və silahına arxayın olduğundan, məsafənin uzaqlığına baxmayaraq, quzğunu nişan alıb.
Mənə elə gəlirdi ki, Firuza inanmayanlar olsa da, inananlar daha çoxdu. Mən az yaşımda artıq bu qənaətə gəlmişdim ki, insanlar həqiqətən çox yalana maraq göstərir, yalana inanırlar. Nə danım, hələ də bu fikirdəyəm.
Zəng vurulandan sonra quzğunun çevrəsindəki qələbəlik daha da böyüdü. Hiss eləyirdim, uşaqların çoxunu maraqlandıran göy üzündəki quzğundu; elə güman eləyirdilər o quzğun yerdəki yaralı qartalın qisasını almaq üçün mütləq şığıyacaq, ya Firuzu, ya onun tulasını çalacaq....
Məlul-məlul harasa uzaqlara baxsa da, arabir qanad çalıb pərvazlanmağa can atan yaralı quzğun da diqqətdən qalmamışdı; uşaqlar onun qarşısına şor-çörək, kotlet tikəsi, çiy ət parçası və bir kasa su qoymuşdular.
Sınıqçı Abdullanın hadisə yerinə gəlib çıxması yeni bir mübahisəyə səbəb oldu; kimi dedi ki, Abo bu qartalın qanadını düzəldə bilər, kimi də dedi ki, bu mümkünsüzdü. Sınıqçı özü isə bildirdi ki, qartalın qanadına yaxı salıb düzəldər, amma bir şərtlə: qabağına qoyulanı yesə...
Bu arada Qaraca oğlu İlyas haradansa çalıb gətirdiyi ördək balasını diri-diri qartalın qabağına qoyanda və yırtıcı bu canlı varlığa yaxın durmayanda sınıqçı Abdulla:
- Bunun qanadına yaxı salmağa dəyməz, - dedi, - çünki yemir.
- "Bəs zooparkda bunları necə bəsləyirlər görəsən?".
Ortalığa atılmış bu suala cavab verən olmadı. Zoologiya müəllimimiz isə:
- Heyif, qanadı düzəlsəydi, saxlayardıq, - dedi, - bir var uşaq bu qartalın özünə baxa, bir də var müqəvvasına.
Göy üzündəki qartal birdən-birə qeyb olandan sonra Firuz yaralı qartalın qanadlarından tutub, - biz də gedək, daha buralıq işimiz qalmadı, - dedi və sözünün ardını üzünü tulaya tutandan sonra gətirdi, - paşli, Palma...
Bir neçə gündən sonra rayon qəzetinin dördüncü səhifəsində quzğunun da, Firuzun da, onun tulasının da şəklini gördüm. Ovçu Firuzun şücaətindən bəhs edən yazının altında iki sinifdaşımın imzası vardı. Məqaləyə diqqət çəkən bir ad qoyulmuşdu: "Qanadlı yalquzaq".
Məqalədən belə hasil olurdu ki, ovçu Firuz bu qanadlı yalquzağın həyatına son qoymaqla yüzlərlə (bəlkə də minlərlə!) Sovet quzusunu quzğun caynağından xilas eləyib.
Mən yaralı qartalın şəklini qəzetdən kəsib götürdüm ki, haçansa uçmaq istəyib, uça bilməyəndə bu şəklə də baxım...
30 aprel, 2017
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!