Qənirə Paşayevanın "Hesab vaxtı" kitabına söz ardı
Allahın gözəl günlərinin birində Rəşad Məcidlə Tovuzda oturmuşduq. Rəşad Nigar Köçərlinin sonradan ədəbiyyat aləmində çox məşhur olacaq "Milli kitab mükafatı" layihəsinə dəstək vermək üçün gəlmişdi Tovuza və onlar millət vəkili Qənirə Paşayevanın qonağıydılar. Qənirə xanım da bu layihənin əsas dəstəkçilərindən biriydi. Azərbaycanın hər yerində olduğu kimi, Tovuzda da qonağa öncə çay verirlər və bizə də çay gəldi. Həmin anın qəribəliyi o idi ki, bizə çayı millət vəkili olan xanım özü gətirmişdi. Rəşadın sifətində ironik qəribə bir təbəssüm forması yarandı və o yarızarafat, yarıdoğru dedi: - Elxan, Azərbaycanda neçə adama millət vəkilləri çay gətirir. Mən də gülümsündüm və eyni tonda dedim: -Yalnız krallara və böyük şairlərə...
İndi Qənirə Paşayevanın "Hesab vaxtı" kitabını oxuyarkən mən həmin anı xatırladım. Kitabda öz daxili dünyasına səyahət edən bir insanın düşüncələri toplanıb. Bu dünyaya səyahətdən sonra fikrimdə Qənirənin çoxdan formullaşdırmaq istədiyim obrazı canlandı. Bilirəm ki, onun cəhətləri çoxdur, istedadı da özünü müxtəlif janrlarda büruzə verir. Siyasətdə də, ədəbiyyatda da, insan münasibətlərində də... Onun cəhətlər siyahısını, fəaliyyət arealını sadalasam çox uzun bir cümlə alınacaq. Amma indi mənim məqsədim o deyil. İndi, onun kitabını oxuya-oxuya sadəcə anlamaq istəyirəm ki, qısa bir zaman kəsiyində özünü dünyanın çox yerində sevdirməyi bacarmış bu qadın kimdi, dünyada hansı missiyanın daşıyıcısıdır? Vərəqdən-vərəqə keçdikcə fəhmimin gücüylə mən də onun daxili dünyasına səyahət edə bildim, onun kim olduğunu, göy altındakı missiyasını anladım. Mən Qənirə Paşayeva formulasını tapdım. Bunu belə ifadə etmək olar - o duymağı bacarır, o görməyi bacarır, o sevməyi bacarır. Bunlar Allahın hər adama lütf eləmədiyi keyfiyyətlərdir və bu üç hissi özündə birləşdirən adamlara mən çox az rast gəlmişəm. Qənirəni yaxşı tanıdığım üçün onun yazdıqlarının nə qədər səmimi olduğunu bilirəm. Onun yazdıqları ilə elədikləri demək olar ki, eyniyyət təşkil edir. Heç bilmirəm indi yer üzündə neçə belə adam var. Mən kitabı vərəqlədikcə süfrəmizə böyük məmnunluq və ilahi bir təbəssümlə çay gətirən, içində sevgi okeanı çağlayan və şöhrət piyaləsini gənc yaşlarında dadmış, tükənməz enerjisi və çoxsaylı ideyaları ilə cəmiyyəti heyran qoymuş bu cazibədar xanımı xatırlayıram. Onun böyük iç dünyasının fonunda nümayiş etdirdiyi sadəlik çizgilərini xatırlayıram. Bir köy qızının kral ədasını xatırlayıram. Yadıma Çingiz Abdullayevin danışdığı bir əhvalat düşür. İspaniya kralı Xuan Karlosun qəbuluna gedən bir qrup yazıçı əlahəzrət içəri girəndə ayağa durur. Oturun deyir kral, "yazıçı mərtəbəsi kraldan daha yüksəkdir, çünki heç bir yazıçı kral olmaq istəmir, amma bütün krallar yazıçı olmaq istəyir". Əlbəttə, böyük jest eləmək, yaradıcı insanı görə bilmək üçün gərək özün də böyük olasan. Görməyi bacaran könlün ola, duymağı bacaran ürəyin. Və içində Tanrıdan nəsə ola, kiçicik nur zərrəsi. Yaşadığımız cəmiyyət yarasa xislətlidir şübhəsiz, amma Yaradan bəzilərinə içində nur daşımaq görəvi verir. Əlbəttə, bununla yaşamaq çətindi, Qənirənin keçirdiyi iztirablar da mənə tanışdı. Tanrı seçkini olmaq çətindir, çox çətin. Amma o çətini seçənlərdəndi, əfşar boyundan olan Paşayeva Qənirə, Ələsgər müəllimin qızı...
Mən onu uzun illərdir tanıyıram, bu illər ərzində o çox önəmli işlər görüb və mən heç vaxt onun haqqında yazı yazmamışam. Bəlkə də özümə çox yaxın, çox doğma saymışam, biz, adətən, doğmalarımızı sonda xatırlayırıq. Ya da tam tanımamışam, kitabını oxuyana qədər. Əlbəttə, kitab insan qəlbinin inikası deyil. Mən hər gün "böyük yazıçılıq", "böyük insanlıq" rolu oynayan insanların əhatəsindəyəm. Onların yazdıqları kitablar həyatlarının antipodudur. Onlar ayrı cür yaşayan, ayrı cür görünənlərdir. Dahilərimiz. Amma Qənirə ayrıdır, göründüyü kimi olanlardandır. Çünki içində bir eşq var, Tanrı eşqi var. Yəqin, onun missiyası da bu eşqi cəmiyyətdə ölməyə qoymamaqdır. Tanışlığımızın tarixçəsi də qəribədir. Həm də qəmli. Qənirə Tovuzda seçkilərə qatılmışdı, yenicə kampaniyaya başlamışdı ki, ona müsibət üz verdi. Atası Ələsgər müəllim rəhmətə getdi. Gənc bir qız üçün bundan böyük zərbə ola bilməzdi. Qəfildən belə bir zərbə almaq istənilən insanı sındıra bilər. Mən Ələsgər müəllimi tanıyırdım, o, ədəbiyyatı sevən, dərindən bilən xeyirxah bir insandı. Biz onunla ədəbiyyat söhbətləri edərdik, nələrsə öyrənərdik ondan. Mənim yaradıcılığımdan yazan bir sıra müəlliflər qəribə bir ironik heyrət nümayiş etdirərək, aşıq rayonu Tovuzdan çıxan Elxan Zalın nədən böylə fərqli bir poeziya ortaya qoyduğunu anlaya bilmirlər. Mənim uşaqlıq illərimdə Tovuzda Ələsgər müəllim, İsa İsayev, Telman Tovuzlu kimi insanlar var idi, onlar bizim dünya ədəbiyyatına açılan yol kitablarımız idi, milli köklərdən dünya üfüqlərinə baxmağı mən onlardan öyrəndim. Ələsgər müəllim dünya ədəbiyyatını yaxşı bilən müdrik insan idi. Duymağı, görməyi, sevməyi bacaranlardanıydı. O, müəllim idi, öyrətməyi də bacarırdı. Müəllimlər belədir, hər kəs onlardan ağlının imkan verdiyi həddə öyrənir. Ələsgər müəllim yol göstərməyi bacaranlardanıydı. Onun çox cəhətləri Qənirənin də xarakterinə hopub. Və məsul bir anda belə arxanı, ən əziz adamını itirmək müsibət idi. Amma o sınmadı, dözdü, çünki atası onu cismən tərk etsə də verdiyi dərslər onunla idi. Qənirə də dərs almağı bacaranlardandı...
Mənim Qənirə ilə ilk görüşüm belə bir hüznlü anda, Ələsgər müəllimin dəfn mərasimində oldu. Bilmirəm, Allah bu gənc qızı niyə belə ağır sınağa çəkdi? Biz Tanrının cızdığı yolları bilmərik. Bəlkə də bu bir sınağıydı ona verilən böyük missiya qarşısında. O buna tab gətirdi. Romantik duyğularla yaşayan bir qız taleyin və siyasətin sərt üzünə sinə gərib qalib oldu. Bilmirəm Allahın bəsirətiydi, ya Ələsgər müəllimin qanıydı ona güc verən, amma onun zəfər yürüşü ağır, hüznlü bir andan başladı...
O, ölkə siyasətinə axan ulduz kimi girdi. Qəfil və parlaq. İnsanlar onu sevməyə başladı, çünki o da sevirdi, o, insanları çox sevirdi. Sevgi Allahın Adəm övladına verdiyi ən böyük hissdir. Yalnız sevməyi bilənlər sevilir. Sevmək və ürəyini insanlar yolunda Danko sayaq məşələ döndərmək - bu, seçilmiş insanların taleyidir, onlar sevgilərinə əvəz istəmirlər heç zaman. İlahi eşq onların mahiyyətidir. Qənirənin mahiyyətini bilmək üçün onun "Günellə söhbət" yazısından bir parçanı misal göstərmək istəyirəm: Bu yazı məşhur "Qırmızıpapaq" nağılının Qənirə sayaq yozumudur. Onun dünyagörümünə məxsus bir yozumu.
"Bir gün Tovuzda balaca Günellə söhbət zamanı maraqlı bir dialoq yaşadıq.
- Qənirə xala, bax, mənim iki əlim var...
- Böyüyəndə çarəsiz əlləri daha yaxşı tutasan deyə...
- Bax, iki ayağım var...
- Böyüyəndə sənə ehtiyacı olanlara daha tez yetişəsən deyə...
- İki qulağım var...
- Ədalətsiz olmamaq üçün, günaha batmamaq üçün iki tərəfi də dinləyə biləsən deyə..
- Bəs ürəyim niyə bir dənədir?..
- Hələ balacasan, böyüyəndə görəcəksən ki, tək deyil"...
Bu onun həyat fəlsəfəsidir. Duymağı, görməyi, sevməyi bacarmaq istəyidir. Bu onun getdiyi yoldur. "Şəriət, təriqət yoldur gedənə, həqiqət mərifət ondan içəri". O, artıq həqiqət və mərifət yolundadır. Getdiyi yolda Allah kömək olsun ona. Əlbəttə, onun haqqında çox şeylər yazmaq olar, onun fəaliyyəti və işləri rəngarəng və çoxsahəlidir. O hansı sahədən yapışsa özündən söz etdirməyi bacarır, çünki istedadın janrı yoxdur. İstedadlı adam hansı sahədən yapışsa uğur qazanacaq. Xüsusən əgər Allahın nəzəri üstündədirsə...
O həm də qələm dostumdur, mən hələlik yalnız qələm dostlarımın portretlərini yazıram. Onun digər işləri kimi, yaradıcılığını da diqqətlə izləyirəm. Bu yazım isə Qənirənin portretinə kiçicik ştrixlərdir. Onun "Hesab vaxtı" kitabının məndə doğurduğu duyğulardır. Duyğular barədə duyğu yazısıdır.
P.S. Türkiyə Cümhuriyyətunun prezidenti sayın Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında şairlərin şeirlərindən sitatlar gətirməyi çox sevir. O, Dünya Axıska Türklərinin qurultayındakı çıxışında Qənirə Paşayevanın "Axıska" şeirindən sitatlar gətirdi. Qənirə xanımın şeirləri R.T.Ərdoğan kimi şeir xiridarının diqqətini cəlb edibsə, özünü şair hesab etmədiyini söyləsə də, Qənirə xanımın poetik istedadından xəbər verir. Amma bu bir ayrı mövzunun söhbətidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!