Cəza... - Sevinc Elsevər - hekayə

Şəbnəm üç günün içində vacib olan bütün əşyaları topladı. Rayonlardan birinə müvəqqəti ezam olunan ərinin yanına köçəcəkdi, bütün yay tətilini də uşaqlarla birgə ərinin yanında qalacaqdı. Əri anestezioloq idi, hərbi xəstəxanalardan birinə göndərilirdi.

Şəbnəm tənbəllik eləmədən, hətta iyirmi-otuz litrdən çox su tutan, içində qırxdan çox rəngbərəng, xırda balıqlar yaşayan akvariumu belə boşaltdı. Balıqları bir-bir balaca qulplu torla tutdu, böyük suqabına tökdü. Boş akvariumu təmizlədi ki, içində qalan su iylənməsin.

Evlərində bu akvariumdan da balaca bir akvarium vardı. Həmin balaca akvariumu da özləriylə maşına yüklədilər.

Ancaq Şəbnəmin evdə tək qoya bilməyəcəyi bir canlı da vardı. Bu, mətbəx pəncərəsinin taxtasının üstündəki kaktus çiçəyi idi.

Onu götürdü-qoydu, götürdü-qoydu, bərkimiş dibinə baxdı, "necə də canı bərkdi, nə ölən kimi ölür, nə qalan kimi qalır!" - deyə düşündü.

Bir neçə həftə əvvəl Alimə xala onlara gəlmişdi, onda mətbəxdəki pəncərənin pərdəsini çəkərək, kaktusu gözdən keçirdi. Kaktusun bəzi yumruları demək olar ki, yanıb qovrulmuşdu. Deyinə-deyinə gülün dibinə su tökdü. Şəbnəmi də tənbəllikdə, yaxşı arvad ola bilməməkdə günahlandırmağa, əməlli-başlı danlamağa başladı: "Arvad olub mənimçün, bir gülə də su tökmür!".

Nə vaxt ki, qadın onlara gəlirdi, kaktus yadına düşürdü, onda Şəbnəm həm kaktusa, həm qayınanasına hirslənirdi. Qısqanclıq hissi hakim kəsilirdi düşüncələrinə, kəsdirə də bilmirdi ki, qayınanasını kaktusa qısqanır, ya kaktusu qayınanasına. Əlinin içi kimi bilirdi ki, Şəbnəmdən fərqli olaraq, kaktus da arvadın onlara gəlişinə sevinir. Onun əlindən şadyanalıqla su içir.

"Nə var, özünü gözə soxursan?" - deyə gülün üstünə qışqırmağı qalırdı bircə. Özünü güclə saxlayırdı. Alimə xala hər onlara gələndə kaktus canlanırdı. Ancaq qadın bəzən bir neçə ay onlara gəlmirdi. Şəbnəm bir də görürdü kaktus son nəfəsini verir, quruyub yaman günə qalıb. Ürəyi dözmürdü, mətbəx kranını açıb bir stəkan tuturdu altına, stəkanı doldurub gülün dibinə tökür, "iç, zəhərin olsun!" - deyə pıçıldayırdı.

Tez-tez bir-birlərini incidir, yaralayırdılar. Neçə dəfə olmuşdu Şəbnəm pəncərənin qabağını təmizləyəndə, ya şüşələri siləndə kaktusa toxunmuş, tikanlar barmaqlarına sancılmış, imanı-dini yanmışdı. Onda acığından bilərəkdən kaktusu vurmağa çalışmışdı: "Görüm gözün çıxsın sənin!".

Elə bil dilsiz-ağızsız yazıq kaktusun gözləri də vardı!

Kaktusu vurduqca ağrısı ikiqata çıxmışdı. Hərdən olurdu Şəbnəm kaktusa dirsəyi ilə, ya əlindəki mətbəx əşyası ilə toxunurdu, onda kaktusun ətəyində balaladığı balaca kaktus yumrularından biri qopub düşür, bədənindən üzülmüş baş kimi dığırlanırdı. Belə olanda Şəbnəm peşmanlayırdı da.

Şəbnəm indi evin lazımi bütün əşyalarını toplayandan sonra kaktusla neyləyəcəyini düşünə-düşünə qalmışdı.

Birdən ağlına özünü də sevindirən bir fikir gəldi. Kaktusun balaca, hətta tək əllə götürülə bilən dibçəyini götürüb aşağı qonşuya düşdü. Salam-kalamı vardı o evin gəlini ilə, oğlu da bir neçə il qızı ilə bir sinifdə oxumuşdu.

"Kaktus gülünə mən qayıdana qədər baxa bilərsən?" - deyə soruşub boynunu bükdü qapıda.

Alt qonşusu Könül kaktusun onlarda qalmasına tez razılaşdı. Dibçəyi Şəbnəmdən alıb yataq otağına, pəncərənin qabağına apardı.

Şəbnəm qapının ağzındanca səsləndi:

- Canı bərkdir, iki həftədən bir su versən də, bəsidir!

Könül də içəridən dedi:

- Narahat olma, ət verməyəcəm, balıq verməyəcəm, bir stəkan su verəcəm.

Ailə yay tətilini başa vurub, evə qayıdandan bir neçə gün keçəndən sonra qapının zəngi çalındı, Şəbnəm açıb gördü ki, qonşusudu. Əlində onların kaktusu. Dibçəyi görəndə gözlərinə inanmadı, kaktus bir pardaxlanıb, bir qol-qanad atıb, yumruları bir çoxalmışdı, gəl görəsən. Özü də yamyaşıldı.

Gülə yaxşı baxdığına görə qonşusuna təşəkkür elədi, dedi ki, istəsə dibçək onda qala bilər, yaxşı qulluq eləyib ona.

"Yox, ay bacı, elə sən dediyin kimi, iki həftədən bir, hətta bəzən yadıma düşəndən-düşənə su tökmüşəm. Öz-özünə bu cür olub. Sən demişkən, üzü bərk güldür" - qonşu təvazökarlıqla dedi.

Yenə eyni qısqanclığı hiss elədi, mısmırığımı sallaya-sallaya kaktusu gətirib köhnə yerinə qoydu.

Şəbnəm gülü sevmədiyi kimi, gül də Şəbnəmi sevmirdi, bu ona gün kimi aydın idi.

Əslində, bir vaxtlar gülləri çox sevərdi. Bir neçə il qabaq rayonda yaşadığı vaxtlar iyirmi-otuz dibçəyə eyni vaxtda qulluq edirdi.

Əri ilə araları pozulmuşdu. Ər tərəfin də, arvad tərəfin də ailələri, ataları-anaları arasında müharibə çıxmış, qan su yerinə axmışdı. Təbii ki, bundan gənc ailənin münasibətləri də sarsılmışdı. Boşanmaq fikrinə qədər irəliləmiş, ancaq yolun yarısından geri qayıtmışdılar. Həmin vaxtlar ər də, arvad da meylini güllərə salmışdı.

Hara gedirdilər, harda gül satıldığını görürdülər, alıb evə daşıyırdılar. Onlar böyüdükcə, yaşıllaşdıqca sevinir, evlərinə gələn qonaqlara gülləri göstərə-göstərə adlarını sadalamaqdan xoşları gəlirdi. "Küsdümgülü" deyilən bir gül vardı, uşaqları da o güllə oynamağı xoşlayırdılar. Yarpaqlarına toxunanda yarpaqları kiçilib yumulurdu, kirpi kimi yumrulanırdı çiçək. Onlara gələn bütün qonaqlara da ən çox bu gül maraqlı olurdu. Gül o qədər incə yaradılmışdı ki, yanında ucadan qışqıranda da, küsüb gizlənirdi, ta kaktus kimi sırtıq deyildi.

Münasibətlərinin korlandığı zamanlarda Şəbnəmi dərindən sarsıdan, hətta intihar fikrinə qədər yuvarlayan daha bir hadisə baş verdi.

Ərinin işlədiyi xəstəxanada tibb bacılarından biri ilə münasibəti olduğunu öyrəndi. Nərgiz adlı gənc qız idi, münasibət qurduğu kişinin evli, ikiuşaqlı biri olduğu heç vecinə də deyildi.

Şəbnəm təsadüf nəticəsində gerçəyi öyrənmişdi. Ərinin telefonundakı mesajları oxumuş, mesaj gələn nömrəyə zəng eləmiş, Nərgizə dişinin dibindən çıxanları söyləmişdi.

Nərgiz də əməlli-başlı Şəbnəmin heysiyyəti ilə oynamağa başlamışdı. "Sən necə qürursuz qadınsan, ərin başqa bir qadını sevir, amma boşanmaq istəmirsən!".

Onda Şəbnəm elə bu sözlərin acığına boşanmaq fikrindən vaz keçmişdi. Evlərindəki müharibə daha da qızışmış, ən yüksək nöqtəsinə çatmış, amma hər şey ailənin xeyrinə həll olunmuşdu. Əvvəlki incikliklər də unudulmuşdu. Anaları ki bir-biri ilə dilləşmişdi, o zamandan bəri əri Şəbnəmi anasigilə getməyə qoymamışdı.

Anasıgilin də ayağı onlardan kəsilmişdi. Əri işlədiyi günahı yumaqdan ötrü indi hər şeydə Şəbnəmə güzəştə getməli olmuşdu. Bir növ dili qısalmışdı.

Ərinin başqa bir qadınla münasibət qurması hər nə qədər Şəbnəmi incitmişdisə, xeyli üstünlük də qazandırmışdı. Kişi bütün günü günah hissi ilə əzilir, Şəbnəmin bir dediyini iki eləməməyə çalışırdı.

Bir müddət sonra da iş yerini dəyişdirtdirmişdi, şəhərə göndərilmişdi. Aradan zaman ötdükcə o əhvalat yavaş-yavaş unudulmuşdu. Ancaq Şəbnəmin güllərlə arasına bir düşmənçilik girmişdi.

Ona elə gəlmişdi ki, əri ilə münasibətlərinin korlandığı o zamanlarda heç kim günahkar deyildi. Nə qayınanası, nə öz anası, nə ataları, nə də o Nərgiz adlı tibb bacısı. Bütün günah bu güllərdə idi.

Axı işdən gələn kimi əri o güllərin üstünə qaçırdı. Onların yarpaqları, çiçəkləri ilə oynayır, diblərinə su tökürdü.

Elə Şəbnəm özü də bütün günü o dibçəkləri gah həyətə, günəşin qabağına, gah kölgəliyə, gah da otağa daşımaqla, yarpaqlarının tozunu almaqla məşğul olurdu.

İkisi nə vaxt söhbət etsələr, söhbətləri ya uşaqlardan olurdu, ya da güllərdən.

O zaman ki bütün sirlər açıldı-saçıldı, aralarındakı buzlar əridi, ikisi də bir-birini bağışladılar (əri onu itaətsizlikdə, qayınanasına hörmət etməməkdə, qudalarına haqsızlıq edən valideynlərinin tərəfini tutmaqda günahlandırırdı), qəfil güllərə də meyilləri azalmağa başladı. Güllər gündən-günə geri getdilər. Bir neçəsi elə həmin günlərdə yanıb qovruldu.

Bəzilərini kirayə qaldıqları evdə qoydular, ən qəşəng dibçəkləri özləri ilə şəhərə gətirdilər. Şəhərə gələn güllər də bir-bir yanıb sıradan çıxdı. Onda Şəbnəm belə dedi: "Yəqin, bizim evdə gül qalmır. Ya şərait əlverişli deyil, havası pisdi, ya da evə gün düşmür".

Ancaq bircə bu kaktus dözümlü çıxdı. Şəbnəm kaktusun da ölməsini gizli-gizli arzuladı. Amma bu arzusuna rəğmən, onu göz-görəti öldürə də bilmədi. Vicdanı sızım-sızım sızıldayanda dibinə su tökdü.

Dilsiz-ağızsız kaktus unutmaq istədiyi o günlərin şahidi olmuşdu. Ən pisi də o idi ki, keçmişdə qalan o tibb bacısını da xatırladırdı Şəbnəmə. Kaktus indi bütün bunların cəzasını çəkirdi. Kim bilir hələ nə qədər çəkəcəkdi?!

02.02.2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!