Dərsdən öncə yazılanlar... - Mövlud SÜLEYMANLI - Uşaq hekayətləri

 

Yaddaşa sığınmaqdan başqa yolumuz yoxdur, biz itirdiklərimizi ancaq orda  tapa bilərik. Yer üzü də bizim indimizi - bu günümüzü tanımaq istəmir, neynirsən elə tanımayacaq da, çünki onun yaddaşında bizim bu günümüz yox, minilliklərimiz yaşayır. "Göz gördüyündən qorxar", bu minilliklər onu hələ də qorxudur, yaddaşını incidir, bizə qarşı olan münasibətləri də bu hisslərin üzərində bərqərardır. Bunu bilməmiz lazımdır. Bu gün O, bizim çaşdığımız anı gözləyir, hələlik ona görə gəl, deyir ki, özünə oxşatsın, oxşada bilməsə qapısının ağzında təhqir etsin, biz də bir ağızdan səs-səsə verək, inandıraq... deyək ki, yo-ooxx, biz min il bundan qabaqkı türklər deyilik! Yer üzü bunu, bu səsi məmnuniyyətlə eşitmək istəyir... Bizimsə, dediyim kimi, özümüzə sığınmaqdan, yaddaşımızı tədqiq etməkdən, araşdırmaqdan, öyrənməkdən başqa çarəmiz yoxdur.

Müəllifdən

Ovçu Oralın quş dilini bilməsi

Ovçu Oral gördü səs gəlir, ayaq saxlayıb göy üzünə baxdı. Heç quş da uçmurdu. Buludsuz, sonsuz boşluqlar baş alıb gedirdi. Yan-yörəsinə boylandı, heç kəs yoxdu, amma səs lap yaxından gəldi.

- Ovçu Oral...

- Ovçu Oral...

Ovçu Oral elə bildi, kəndin qızlarıdı.

- Ay uşaq, kimsən?

Yenə dörd yanına boylandı. Uzaqda yamyaşıl təpəliklər görünürdü. Ovçu Oral çölün-çəmənin bu gözəlliyindən ləzzət ala-ala təpəliklərə sarı gedirdi...

- Ooy, kirpiklərimi yoldular.

Balaca qız uşağının səsiydi. Ovçu Oral güllərin içində quruyub qaldı. Qızları yadına düşdü, ürəyində fikirləşdi ki, yəqin, qızlarıdı oyun qurublar.

- Ooy, əzildim.

- Ooy, sürməm sıyrıldı.

Ovçu Oral qanrılıb kəndə baxdı; "gülül", "süddüyən", "yemşan" komalıqlarının dibləri qaranlıq, görünməz idi. Elə qarasına qızlarını səslədi:

- Ay qız, Yasəmən, Nərgiz, qayıdın evə, döyərəm sizi!

Gülüşmə çölü-çəməni bürüdü, Oral qonum-qonşunun da qızlarını səslədi:

- Çiçək, Qərənfil, Süsən, Lilpar, ay şeytanlar, çıxın görüm hardasız? Ax, Lalə, babana deyəcəm, çıx kolluqdan, çıx, utanma.

Allı-yaşıllı çəmənlik boyu yenə gülüşmə yayıldı, sonra bayraq küləyi kimi bir əsim yel əsdi, güllər, çiçəklər dalğalanıb yelləndi.

Ooy, biz-biz idik, Ovçu Oral.

Bir çəmənlik qız idik.

Ooy, bizi əzdilər, Ovçu Oral,

Çəmənliyə düzdülər...

Səs Ovçu Oralın ayaqlarının ucundan gəlirdi. Heyrət içində yavaş-yavaş otluğa, çiçəkliyə çökdü: yüzlərlə quş civiltisinə oxşar səs bir-birinə qarışa-qarışa aləmi bürümüşdü. Ovçu Oral yıxılmaqdan özünü güclə saxladı. Əzilib, qırmızısı qan kimi ləçəyinə dağılmış çiyələk Ovçu Oralla üz-üzə durmuşdu:

- Ayağını qaldır, Ovçu Oral, laləni əzdin...

Ovçu Oral gözlərini çiyələyin qanamış yanaqlarına dikdi, çiyələyin xallı, dəmgilli baxışları Ovçu Orala zillənmişdi, səs çiyələkdən gəlirdi.

- Məni də sən əzdin, Ovçu Oral, hələ çox yaşayacaqdım, sənin qızın payız ağzı dərib yeyəcəkdi meyvəmi...

Ovçu Oral diksinib ayaqlarının ucuna qalxdı. Ayağını götürdüyü yerdən də Lalənin səsi gəldi:

- Ovçu Oral, yaxın dur, sənə söykənim, yıxılacam indi... Ovçu Oral ayaqları altına baxdı, təzəcə buta bağlamaqda olan Lalə başını torpağa qoymuşdu. Ləçəkləri balaca quş qanadlarıtək çırpınırdı.

- Anam bu yamacdandı, Ovçu Oral, atam o yamacdan. Bununla min dönəmdi gəlirəm, yer üzünə...

Ovçu Oral əlləri titrəyə-titrəyə Laləni dikəltdi.

- Çox sağ ol, Ovçu Oral, kökümü bərkit, - dedi, Lalə. - Min birinci  kərə də gələcəm...

Ovçu Oral Lalənin dibini bərkitdi...

Yal-yamac yenə səs-küylə dolmuşdu. Bayaq nəfəsini içinə çəkmiş kimi görünən çəmənlik təzədən səs-səsə verib oxumağa başladı.

- Ooy, oy, Ovçu Oral, bu gün sevgi günüdü...

Bir çırpım külək əsdi, bu sevgi küləyiydi, o yamacdan bu yamaca sevgi qoxusu gəldi: - Aah!..

Nərgiz bu yamacdan o yamaca duyduğu sevgi qoxusuna açıldı, xırdaca dəmgillərinə, xallarınacan sığallanıb nazlandı, naz-qəmzə içində:

- Ooy, Ovçu Oral, nə yaxşı gəldim, yer üzünə, - dedi.

Ovçu Oralın başı üstündə quşlar sevinə-sevinə qanad döyürdü. Sular çöllərin sazını çalıb, sözünü oxuya-oxuya sevinc içində keçib gedirdi. Hər şey bir-birinə bağlı, varlıq qurulu bir tamaşaydı, göz qabağında.

Yalnız kəndin camaatının xəbəri yox idi, bunlardan; öküzləri, kəlləri qoşub yer əkirdilər. Kotanlar yeridikcə ordan bura nəyinsə yavaş-yavaş səs eləyə-eləyə sökülüb dağıldığı hiss olunurdu. Ovçu Oral quruyub qalmışdı, bilmirdi bu çağacan hardaymış, nə ömrü yaşayırmış, indiyəcən. Yer-göy başdan-ayağa duyğuydu, bilmirdi ayağını hara qoysun. Çiçəkləri-otları əzməsin deyə, ayaqlarının ucunda atdana-atdana gəlib yamacdakı daşın üstünə çıxdı. Birdən-birə qavrayıb, alışa bilmədiyi duyğuların çoxluğundan özündən gedib daşın üstə uzandı. Aradan nə qədər keçmişdi, bilmirdi, gözlərini yenə səsə açdı.

- Bacılı, bacılı, tanıyırsanmı bu adamı? Adam Atanın oğludu.

- Bacılı, bacılı, tanıyıram. Ovçu Oraldı. Toruna ceyran düşdü, açdı buraxdı. Çaya daş atmır ki, balığa dəyər, göyə daş atmır, quşa dəyər... Oxu oxdanında, yayı çiynində, kəməndi qolunda, xəncəri qınında. Ona görə də hər şeyin dilini bilir indi.

Ovçu Oral dikəlib daşın üstə oturdu, başını qaldırdı ki, iki ağ göyərçindi, nar koluna qonub danışırlar.

- Bacılı, bacılı, o bizim qardaşımızdı, yatmışdı, oyandı, saya sal, gedək.

Hərəsi lələyindən bir ağ lələk saldı, lələklər uça-uça düz gəlib Ovçu Oralın üstünə düşdü... Güllər-çiçəklər, süsənlər-sünbüllər yenə səs-səsə verib oxuyurdular...

Ooy, oy, Ovçu Oral,

Çiçəklərin qardaşı.

Bıçağı qan görmədi,

Xəncəri gün görmədi.

Tor atdı balıqlara,

Toruna özü düşdü...

Çıxdı kəklik ovuna,

Əlinə qan izi düşdü...

Ooy, oy, Ovçu Oral

Çiçəklərin qardaşı...

Yol üstü

Səhər tezdəndi, quşlar yenə hamıdan erkən oyanmışdı, sərçələr dil-dil ötür, dünən dediklərini bu gün də çeynəyib tökür, balaca bağçada ağız deyəni, qulaq eşitmirdi.

Ovçu Oral da yuxudan təzəcə durmuşdu, daha çox şüşə qırıntılarına oxşayan quş səslərindən bir şey anlamağa çalışırdı. Hələlik heç nə anlaşılmırdı, dayanıb səslərin durulmasını gözləyirdi. Qaraboyun, daha çox torağaya oxşayan ata sərçə uçub gəlib Oralla üz-üzə budağa qondu:

- Salamlaşırıq, - dedi, - bayaqdan. Zarafat deyil, üstümüzdən gecə addayıb. Sənin də sabahın xeyir, Adam, hara gedirsən yenə, uğur olsun?

- Arvad axşamnan, atası evinə getmək istəyir, - dedi Oral. Bunu xatırlayıb küncə qoyulmuş yəhərə baxdı. Həyətin o başında göylüyə hörüklənmiş atlar başlarını döndərib oxrandılar, bu, atların öz dilində, "Gedirik?" - deməyi idi.

Alapaça daylaq atdana-atdana həyətin bu başından o başına qaçdı.

- Bur-rr-dayam.

Arvad getdikləri üçün qazları qaz damından çıxarmadı, daha da qapısının ağzına bir ağac geçirdi. Qapının o üzündən:

- Batdıq, - dedi, erkək qaz. - Acınnan qırılacağıq.

- Səni görüm... tükün əllərdə... - Anaş qaz dimdiyini doldurub nəsə ağır bir söz demək istəyirdi arvada. Erkək tayı:

- İşin yoxdu, - dedi. - Əri bizim dili bilir, ayıbdı... Qarğış eləmə, yenə hər nədi, yiyəmizdi. Yiyəsiz qalmağı mən görmüşəm, bunnan da pisdi.

Ovçu Oral qaz damının qapısına sarı gəldi, istədi qapını açsın, dönüb arvadına baxdı:

- Yazıqdılar, qırma bunları acınnan, burax çölə.

Arvad hikkə içində əlini belinə qoydu:

- Nə yaxşı, mal qədri bilən oldun, birdən-birə. Dərdini çəkmə, qırılmazlar. Mən nə yeyirəm ki, onlara da nə verəm...

Ana qaz hirsindən qapının taxtasını dimdiklədi, o birilər də analı-balalı yığışıb qapını çeynəməyə başladılar. Deyinə-deyinə, söylənə-söylənə dimdiklərini taxtaya döydülər. Taqqıltı həyəti başına götürmüşdü... Arvad yıryığış eləyirdi, daha doğrusu, ərinin acığına əlinə keçəni ora-bura tulazlayırdı. Bir şey axtarırdı ki, götürüb atası evinə aparsın, əliboş getməsin...

Boynu ponpullu anaş toyuq arvadın yanında küllənirdi, dimdiyinin ucunda, qığıltıyla:

- Yumurta-am var, məni belə qoyub haa-ara gedirsən, - dedi.

Arvad əlində olanı bir yana tullayıb:

- Kiş, kiş, xeyirsiz. Mən kimnən yarımışam ki. - Ərinə söz atırdı yenə.

Bunu toyuq da başa düşdü, gözlərini süzdürə-süzdürə Ovçu Orala baxdı:

- Bu da ər deyil ki, elə bil dən torbasıdı, - dedi, aralandı, gendən-genə qığıldadı. - Arvadağız...

Söz, doğrudan da, Ovçu Orala şapalaq kimi dəydi, dümələnə-dümələnə pipiyi qan xoruza sarı gedən toyuğun ardınca baxdı... Xoruz içini arıdıb qanad çırpa-çırpa xoruzlandı:

- Gündüz dalaşdıqlarına baxma, - dedi toyuğa, - gecə bir-birinin qucağınnan çıxmırlar.

Toyuq gözlərini o yandan belə dolandırıb, yenə süzdürdü, bozumtul pərdə gözlərini ortdü, sonra da qanadlarını qaldırıb özünü yellədi, yəqin, bu da onun utanmağıydı...

Arvad elə bil toyuğu indi gördü, toyuq özünü burcuda-burcuda yer eşirdi.

- Bu yoluq, bostanı eşəcək, - dedi arvad, toyuğu ərinə göstərdi - Sən qalx, atları yəhərlə, mən bunun ayağının patavasın geyindirim.

Toyuq az qaldı uçub getsin, özünü o küncə, bu küncə vurdu. Arvad qayım parçadan tikdiyi şapşapları gətirib bərkdən:

- Yass... Yass. - elədi.

Toyuq arvadın əlindən nə vaxt qurtulmuşdu ki, indi də qaçıb qurtulaydı. Qanadlarını gərib hardaydısa elə orda yerə çökdü. Arvad şapşapları toyuğun ayaqlarına geyindirib, orasını-burasını əlləşdirdi:

- Yumurtası var ki, bunun!

Elə ehtiyatla yerə qoydu ki, elə bil doğrudan da əlindəki toyuq yox, yumurtaydı.

Toyuq  arvadın istəyindən xumarlanıb qığıldadı:

- Bayaqdan deyirəm yumurtam var, indi bilir...

Ovçu Oral da dedi:

- Yazıq bayaqdan ayaqlarına dolaşa-dolaşa elə onu deyirdi daa...

Toyuq hinə sarı getdi ki, yumurtlasın, amma onu da bilirdi ki, hələ tezdi. Boğazını uzadıb hinə baxdı: yumurtaya bənzər bir şey vardı hində, yumurtası olanda həmişə gözlərinə belə şeylər görünərdi. Elə bu fikir-xəyal içində, yəni ağlı-qaralı cücələri fikirləşə-fikirləşə hinə yatdı...

Evdə adam olmadığından alaitin itliyi tutmuşdu. Qulaqlarını şəkləyib hər şaqqıltıya hürürdü. Qazlar arakəsmənin içində qığıldaşır, ana baladan, bala atadan soruşurdu:

- Nolub? Nooolub?

İtin səsində qorxu yox idi hələ, eləcə, - burdayam, - deyirdi.

Yumurta anaş toyuğun içiylə Ay göy üzüylə süzdüyü kmi süzə-süzə yol gəlirdi. Bunun azacıq ağrısı olsa da, anaş toyuğa ləzzət eləyirdi...

Heç yandan hələlik adam səsi gəlmirdi. Bir quşlardı, itin səsinə, qazların qığıltısına bağlı, yumurtadan "cik" eləyib çıxanda nə deyirdilərsə, indi də onu deyirdilər. İt seyrək-seyrək hürürdü. Ovçu Oralın həyəti də həmin ala itdən manşır idi. Obanın o başından alaitin səsini tanıyırdılar.  Amma qazların da, alaitin də, anaş toyuğun da, hələ evin künc-bucağında yuva qurmuş həyət quşlarının da gözü yoldaydı ki, Ovçu Oralın arvadı nə vaxt qayıdacaq, əlindən-ovucundan yerə dən düşəcək, onlar da enib dənləyəcəklər.

Yaddaşlarının qurtaracağında bir balaları, bir yuvaları, bir də Ovçu Oralın arvadından başqa heç nə yox idi...

Anaş toyuq yumurtlayan kimi yüpyüngül oldu. Bayaqdan gözlərinin qabağında olan ağlı-qaralı cücələri unudub tara çıxdı:

- Bir yumurta-aa yumurtlamışa-aam.

Həyətdə heç kəs yox idi. Toyuğun səsini qonum-qonşu eşidirdi. Ovçu Oralla arvadı o vaxt atların belində yol gedirdilər.

Anaş qaz

Ovçu Oral həyətdəki kirkirə daşının üstə oturmuşdu, arvadının deyintisindən üzünün tükləri biz-biz olmuşdu, rəngdən-rəngə düşüb qaraya, ağa, qırmızıya çalırdı. İstəyirdi arvadının cavabını versin; desin ki, mən neynim, sən qızıl istəyirsən, sən var-dövlət istəyirsən. İstəyirsən xan arvadının evi kimi evin olsun, sən də olasan xan arvadı. Mən xan olmağı bacarmıram, neynim... Bayaqdan istəyirdi, belə desin, amma bir anaş qazı vardı, qazların içindən ayrılıb Ovçu Oraldan bir az aralı kirpiksiz, göy gözlərini süzdürə-süzdürə deyirdi:

- Oral qardaş, aadı (qəti) arvadını qınama, arvadın düz deyir. Mən də bayaqdan öz kişimə deyirəm. Deyirəm boynunu yoğnudub yanımda nə qazdanırsan, on baş külfətik, - anaş qaz burda qanadının birini gərib lələklərini göstərdi, - düz on baş, saxla bizi, ot tap, otlaq tap, dən tap... Elə insanlar doğru deyir ki, mal yiyəsinə oxşayar.

Ovçu Oral qazın belə deməsinə bərkdən güldü. Ərinin öz-özünə gülməyinə arvad lap özündən çıxdı, irəli yeriyib əllərinin ikisini də Orala sarı uzatdı:

- Nəyə gülürsən, - dedi, - hıı, nəyə gülürsən, may gülütək?

Oral çöllüyə-çəmənliyə doğru boylandı görsün, may gülü arvadının dediyini eşitmədi ki, amma tez də yadına düşdü ki, payıza yaxındı, may gülü gəldiyitək də qayıdıb gedib. Qaymaq çiçəyininsə lap söz anlayan, yetişmiş, anlaqlı vaxtıydı, ləçəyini şeşəldib qulaq asırdı:

- Qoy mayıs çiçəyi gəlsin, xəbər verəcəm hamısını, - dedi Qaymaq çiçəyi. Gör bir, yekə arvaddı, dalca danışır.

Ovçu Oral yenə güldü. Arvad acığından, hikkəsindən əvvəl bilmədi neyləsin, sonra özünü didişdirə-didişdirə əllərinin içini göstərdi:

- Belə arsız olduğun üçün evin-eşiyin qaz örüşü kimi qupquru qalıb.

Arvad belə deyəndə hasarın dibindəki Anaş qaz boğazını irəli uzadıb hikkə içində qığıldaya-qığıldaya erkək tayına tərəf getdi:

- Görürsən, öl, yerə gir, adın alaitdən manşırdı.

Alait komasına girib yatırdı, bunu eşidib çıxdı, yuxulu-yuxulu bir-iki ağız hürdü:

- Məndə işin olmasın, indi gəlib bağrını yararam, haa!

Ovçu Oral lap uğunub getdi, arvad nəsə deyirdi, Oral daha heç nə eşitmirdi. Sonra gördü, erkək qaz, anaş qazı da yanına salıb deyinə-deyinə gəlir. Gəlib çəp-çəp Orala baxdı:

- Arvadına deynən, aramıza qalmaqal salmasın. Hardan alım mən buna təzə yeri, örüşü, hər yan quru qalıb, bir qarış yerin yüz yiyəsi çıxıb.

- Arvadına lazım olanda tükümüzü belə yolur, baax... - Anaş qaz qanadlarını açıb yığdı, gözlərini süzdürə-süzdürə dedi.

- Əvəzində də heç nə vermir. Arvadın deyilmi? Başa sal, pis baxır bizə, ac saxlayır. Mən boyda qaz, yarı yaşımı keçmişəm, acınnan toyuğa oxşayıram. Başa sal, arvadını, bunnarın hamısı borcdu, üstünüzdə. Mən neynirdim bu boyda uşağı, yetim onnardan yaxşı yaşayır. - Erkək qaz boynunu döndərib burdan ora uzatdı, palçıqlı, bulanıq suda bulam-bulam ola-ola qum yeyən balalarını göstərdi. - Odu, acından başlarını sudan çıxarmırlar. Qum yeyillər. Arvadın elədi hamısını, yumurtaları yığıb düzdü, bu ayağısürüşkənin altına...

Anaş qaz, gözlərini süzdürə-süzdürə. - Neyniyim, heç mən istəyirdim ki, - dedi, - üstümə xəlbir çevirib güclə yatırtdı. Bala saxlamaq vaxtıdımı indi. Odu eey, qum yeyir hamısı. - O da dönüb balalarına baxdı. - Çoxu da heç mənim yumurtamnan deyil...

Qazların səsi həyəti götürmüşdü başına. Arvad birdən divara söykədiyi süpürgəni götürüb qazların ikisini də döyəclədi.

- Bunnar da vaxt tapdı, gör nə hay-küy salıblar bir. İndi hamının hayıfını sizdən alaram, qırılmışlar!

Erkək qaz qığıldayıb nəsə demək istəyirdi, süpürgə düz başından dəydi. Erkək qaz:

- Tüpürüm belə yaşamağa, - dedi, balalarına sarı getdi, boynunu döndərib yenə Ovçu Orala baxdı. - Aparın hamımızı satın, sizdən qaz saxlayan çıxmaz. Kəsin, yeyin, ya da... Belə yaşamaqdan ölmək yaxşıdı.

Ovçu Oral qazlarla arvadının arasında quruyub qalmışdı, qışqırsınmı, bağırsınmı. Hər halda, daha gülə bilmirdi, mat-məəttəl gah arvadına baxırdı, gah qazlara.

- Bu ağacı da qurudacam, - dedi arvad, yenə hikkə içində. - Sabunnu su töküb dibinə, qurudacam bunu da. Dibində oturmağa bir kölgəlik tapmayasan. Budu da bunnan başqa nəyin var?!

Ovçu Oralın, doğrudan da, ağac indi yadına düşdü. İri qollu-budaqlı tut ağacı idi. Budaqlarında xeyli quş vardı. Susub qulaq asırdılar. Arvad belə deyəndə ağac gərnəşdi, bu onun dərindən nəfəs almağı idi. Quşların hamısı bunu zəlzələyə, yerin yırğalanmasına oxşadıb uçub dağılışdılar...

Ağacın kökü tərpəndi, susuzluqdan çat bağlayıb bərkimiş dibi bir neçə yerindən çatdadı, nəfəs dərib təzəcə nəsə demək istəyirdi ki, Ovçu Oral sənəyi götürüb suyunu ağacın dibinə boşaltdı, ağac sözünü unudub dərindən:

- Oxqaay... - dedi.

Aykəm babanın arxacı

Hər yan ağappaq işıq içində idi, amma bir göz qırpımında hava qaraldı, elə bil işığını aldılar... Çobanəppəyi bayaq Günəşin odlu nəfəsinə dikəlib nəbz kimi çırpına-çırpına havanı içirdi. Çən-çiskin gələn kimi bürüşüb ləçəklərini üstünə çəkdi. Azca aralı qayanın güneyində dağbənövşəsi fikirli-fikirli dayanmışdı, üstündən çiskin addadıqca nəmlənirdi...

Ovçu Oral da atını düz həmin qayanın yanında saxladı.

- Ax, çənin-dumanın dili olsaydı, Aykəm babanın arxacını soruşardım.

At  yedəyindən dartınıb oxrandı:

- Mən də bilmirəm hardadı, bircə yol getsəydim tapardım.

Qayanın dibindən səs gəldi:

- Sağa get, Oral, bax, o bələni aş...

Çobanəppəyi özəyini qayaya söykəyib saçaqlarını sallamışdı. Ovçu Oral qayaya sarı əyilib gülümsədi. Dağbənövşəsi qayanın dibində özü öz şehini çırpıb qoxulanırdı:

- Buna bax, - dedi, Çobanəppəyinə, - elə bil Oral adını bu qoyub, adıyla çağırır. Kobud, qanacaqsız. Ona görə də həmişə tapdaq altında bitirsən...

- Ağıllı danış, mən Oraldan min yaş böyüyəm, - dedi Çobanəppəyi.

Bir kökdən çıxıb beş özəyə ayrılmışdı, beşi də dönüb bənövşəyə baxdı. Bu sözü də hansı özək dedi nə bönövşə bildi, nə də Ovçu Oral.

- Kimi aldadırsan? - dedi, Dağbənövşəsi. - Bu il gəlməyibsənmi?

- Sən gəldin ki, mən varam, sən gedəcəksən, mən qalacağam yenə... - Çobanəppəyi dikəlib Ovçu Orala baxdı.

- Axır ki, builkisən.

- Mən kök üstə bitirəm, özüm builki olsam da, kökümün yaşı bilinməz. - Çobanəppəyinin özəkləri dartınıb açıldı. - Oral uşaq idi, mən onda min ildi vardım.

- O sənin baban olub, - dedi Dağbənövşəsi.

- Babam da elə mənəm.

- Yox, baba ayrı, sən ayrı.

- Yox, mənim babam olmayıb!

- Necə olmayıb?

Qayaya bir qaraboğaz Sərçə qondu, pırpızlanıb, çırpınıb:

- Mənim də babam olmayıb, - dedi. - Babam olmayıb, olmayıb... baba nəyə deyir bu?

- Babasız-nənəsiz heç nə yarana bilməz. Sənin də baban var, - Dağbənövşəsi dedi.

Sərçə hirsləndi, bir adam boyu qalxıb, yenə qayaya qondu, dediklərini hüdələyib tökməyə başladı.

- Gözümü açdım, dən gördüm. Bir quşun ardınca uçdum dəni götürdüm.

Alaqarğa xeyli yuxarıda silkələnə-silkələnə gülürdü:

- Nə baba, unut babanı, dünyada qalan öyünsün. Ovçular görmüşəm ki, babanın izi ilə gəlib, nəvəni tuturlar.

- Gördün?! - Çobanəppəyi dedi.

Ovçu Oral da güldü, Sərçəni ovcuna götürüb çiçək kimi yumşaq kəkilindən öpdü:

- Baba səni yemləyir, böyüdür, sən də böyüyüb ardınca uçursan. Dəni də o göstərir sənə. Qarğaya inanma.

Sonra Dağbənövşəsinə sarı əyildi:

- Dünən külək səni yıxa bilmədi, ona görə ki, sən babandan yapışmışdın. Baban sənin kökündü...

Dağbənövşəsi dartındı, öz kökünü hiss etdi, gördü bərk dayanıb. Buna görəydi, havanın durulmasındadı, nədəndisə, sevinc içindəydi. Çobanəppəyi də dincəlmişdi, günəşə uzanıb nəfəs dərirdi.

Ovçu Oralın başının üstə Qarğanın səsi yenə gəldi. Ovçu Oral dikəldi, Sərçə qayanın belində bir ayağı üstə dayanmışdı.

- Babam yadıma düşmür.

- Gedək, Aykəm babanın arxacını göstər mənə, - dedi, Ovçu Oral.

- O kimdi, o da babadı?!

- Hə, babadı, çoxlu nəvələri var; Elbəy, Elay, Eltək, Elgün, Eltac, Eltay...

- Tanımıram, onun arxacını.

- Dələmə dənləməmisən yerdən?

- Dənləmişəm.

- Oradı, arxac.

- Gedək, oranı tanıyıram.

Sərçə Oralı düz Akəm babanın arxacına apardı. Aykəm babanın özü dələmə tuturdu, nəvələri quzularla oynayırdı.

- Sən get dələmə dənlə, çox sağ ol, - dedi sərçəyə Ovçu Oral.

- Qorxuram...

- Qorxma, mən ordayam.

Sərçə arxacda dələmə qırıntılarını dənləyirdi. Onu görüb bir Sərçə də gəldi. Gələn bala Sərçənin babası idi. Amma bir-birlərini tanımırdılar.

Ovçu Oral bir qıraqda dayanıb tamaşa eləyirdi; həyat öz nizamı ilə yaşayırdı. Bir az aralıda çay axırdı. Çayın qırağında bir madyan otlayırdı. Oralın atını görüb, kəsik-kəsik kişnədi:

- Gəl məni dişlə... Gə-əəl!

Oralın atı yorğundu. Elə ayaq üstə mürgüləyirdi. Madyanın səsini hiss eləyə bilmədi. Bir-birinin ardınca arxaca çoxlu sərçə yığılmışdı. Balası olan da, olmayan da balasını səsləyirdi.

- Dən tapmışam gəəəl...

Əvvəllər də beləydi, yoxsa indimi belə olmuşdu. Nənə-baba tanıyan yox idi.

Göyit bir-iki ağız hürdü:

- Dostumuz gəldi, - dedi.

Aykəm baba Göyitin səsindən bildi ki, dosta hürür...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!