Zamzanın eşqi - Haruki Murakami

Hekayə

Əvvəli burada

Deyəsən bəxti gətirmişdi ikinci mərtəbədəki  otaqların heç birinin qapısı kilidli deyildi. Qapıların dəstəyini sağa döndərən kimi itələyib içəriyə daxil oldu. Üst mərtəbədə üç otaq var idi və onun gözlərini açdığı həmin soyuq otaqdan başqa bütün otaqlar səliyqəylə döşənmişdi. Tər-təmiz sərilmiş yataqlar, siyirməli şkaflar, yazı masaları və lampalar var idi, döşəməyə qarışıq naxışları olan kilimlər sərilmişdi. Otaqlar səliqəliydi, təmiz idi. Kitab rəfindəki kitablar səliqə ilə düzülmşüdü, divardan yağlı boya tabloları asılmışdı. Bu tablolarda ağ qayaların çırpılar dalğaları təsvir edilmişdi. Tablolardakı səma maviydi və bəzi yerlərində ağ bulud topaları təsvir edilmişdi. Otaqlardakı keramikadan güldanlarda təzə zanbaqlar qoyulmuşdu. Heç bir otağın pəncərəsinə taxta pərçimlənməmişdi. Toxunma pərdə asılmış pəncərələrdən günəş içəriyə ilahi bir bərəkət kimi axırdı. Çarpayıların üzərindəki qırışlar elə bu saatlarda kiminsə bu yataqlarda yatmış olduğunu göstərirdi. Böyük və ağ yastıqların üzərində hələ də başçıların açdığı çuxurlar var idi.

Ən böyük otaqdakı şifonerdən əyninə olacaq paltar seçdi. Bu paltar onun bədənini örtməyinə kömək edirdi. Bundan savayı, digər paltarları necə geyinməli olduğunu bilmirdi. Qarşısındakı paltarlarda çox düymələr var idi və onların hansı tərəfinin arxa, hansı tərəfinin ön olduğunu müəyyən edə bilmiridi.  Alt paltarların arasından da onun bədəninə uyğun ola biləcəklərin hansı olduğunu müəyyən edə bilmirdi. Paltarlar barədə öyrənməli olduğu çox şey var idi.

Qapının zəngi eşidiləndə Zamza ən böyük otaqdakı çarpayının üzərində mürgüləyirdi.  Qaz tükündən hazırlanmış yorğanın altında bədəni isinmişdi, özünü bir yumurtanın içindəymiş kimi hiss edirdi. Yuxu görürdü. Zamza necə bir yuxu gördüyünü xatırlamırdı. Ancaq bu yuxu onun özünü yaxşı və rahat hiss etməyinə, qəlbinə fərahlıq bəxş etməyinə səbəb olurdu. Həmin səhər qapının zəngi eşidilən kimi, Zamza  çarpayıdan dik atılaraq həyatın buz kəsmiş reallığıyla üzləşməli oldu.

Çarpayıdan qalxdı, xalatının kəmərini bağladı, mavi rəngli çəkələklərini ayağına geyindi, ağcaqayın ağacından hazırlanmış əsasına yapışıb pillələri ehmalca aşağı endi. Zamza pillələri enəndə əvvəlki kimi çətinlik çəkmirdi.  Di gəl ki, hələ də pillələrdən yıxılmaq təhlükəsi mövcud idi. Belə bir diqqətsizlik edə bilməzdi. O, ehtiyatlı bir şəkildə aşağı mərtəbəyə endi. Qapının zəngi dayanmadan çalırdı. Deməli qapıdakı adam səbirsiz bir insan idi, eyni zamanda da təkidliydi. O, pilləkənin ən aşağı pilləsinə çatdı və sol əlindəki əsasına söykənib qapını açdı. Qapı dəstəyini sağa çevirib içəriyə çəkən kimi qapı açılmışdı.

Küçə qapısının kandarında kiçik bir qız dayanmışdı. Bu çox kiçik bir qız idi. Bəs,  qapının zənginə əli necə çatmışdı? Zamza diqqətli bir şəkildə baxanda bu qızın elə də kiçik olmadığını gördü. Kürəyindəki çıxıntı onun qabağa əyilmiş vəziyyətdə görünməyinə səbəb olurdu. Məhz buna görə qız onun gözünə kiçik boyluymuş kimi görsənirdi. Ancaq bədəni kiçik deyildi. Qız saçlarını arxadan topa yığmışdı və bu onun saçlarının çöhrəsinə səpələnməsinə mane olurdu. Qızın saçları tünd şabalıdı rəngdə və gur idi. Əynində ayaq biləklərini örtən uzun yubkası və yun jaketi var idi. Boynuna pambıq şarf dolanmışdı. Başında şapka yox idi. Ayaqqabıları dizlərinə qədər qaytanlıydı və təqribən iyirmi yaşlarındaydı. Di gəl ki, hələ də balaca bir qız kimi görsənirdi. İri gözləri, balaca burnu, aypara kimi qaşları var idi.

-Zamzagilin evi buradır? - deyə başını Zamzanın çöhrəsinə tərəf qaldırıb soruşdu. Sonra bütün bədəni titrəməyə başladı. Eynilə şiddətli zəlzələ nəticəsində titrəyən torpaq parçası kimi əsirdi.

Zamza bir müddət tərəddüd etdi, sonra dilləndi. - Bəli. Buradır.- Özü Qriqor Zamza olduğu üçün, bu mənzil də onların evi olmalıydı. Belə bir cavab verməyi heç də səhv deyildi.

Görünür qapı kandarındakı qızcığaz bu cavabdan razı qalmamışdı. Çöhrəsini turşutdu. Sanki Zamzanın cavabında inamsızlığı hiss etmişdi.

-Həqiqətən də Zamzagilin evi buradır?- deyə sərt bir tərzdə dilləndi.

-Mən Qriqor Zamzayam,- deyə cavab verdi. Zamza çox soyuqqanlı bir tərzdə dayanmışdı. Bu şübhə hissi oyatmayan bir cavab idi.

-Belə olsa, əla olar,- deyə qız dilləndi. Sonra qapının kandarına qoyduğu böyük qara çantanı yerdən götürdü, çanta çox ağır idi. Bu parça çantanın uzun illərdir istifadə edildiyini asanlıqla başa düşmək mümkün idi, çünki parçası aşınmışdı. Ehtimal ki, bu qızcığazdan başqa sahibi də olub. - Elə isə içəriyə girib baxım.

Qız heç bir cavab gözləmədən evə daxil oldu. Zamza qapını örtdü. Qız dəhlizin ortasında dayanıb Zamzanı başdan-ayağa qəribə bir şəkildə gözdən keçirdi. Sonra soyuq bir səs tonuyla dilləndi.

-Deyəsən, sizi yuxudan oyatdım.

-Yox. Problem yoxdur,- dedi Zamza.

O, qızın çöhrəsindəki şübhəli ifadədən əynindəki paltarların içində varolduğu vəziyyətə uyğun olmadığını başa düşdü.

-Əynimdəkilərə görə üzrlü sayın. Bəzi hadisələr baş verdi,- deyə üzr istədi.

Qız heç bir söz demədi. Sakitcə dodaqlarını sıxdı. - Yəni?

-Yəni?- deyə cavab verdi Zamza.

-Yəni, sizin üçün problem yaradan kilid haradadır?

-Kilid?

-Bu qırılan kilid,- deyə qız əsəbiləşdiyini səsində əks etdirmədən dilləndi. - Siz mənim gəlib qırılmış kilidi təmir etməyimi istəmişdiniz.

-Həəəə. - deyə Zamza dilləndi.- Qırılmış kilid.

Zamza bütün varlığını səfərbər edib düşüncələrini nəzərdən keçirdi. Yenə nəzərlərini bir nöqtədə cəmləyəndə beynini içərisində havaya qalxan milçək qatarının yaratdığı sütunu gördü.

-Axı mənə qırılmış kilid haqqında heç bir şey deyilməyib. Yəqin ki, ikinci mərtəbədki otaqların birinin kilididir.

Qız başını aşağı əydi. Zamzanın çöhrəsinə çəpəki bir nəzər saldı. - Ehtimal edirsiniz? - Onun səs tonundakı soyuq ifadə daha da tündləşmişdi.- Qaşının birini qaldırıb dilləndi. - Hansı?

Zamza çöhrəsinin qızardığını hiss etdi. O, qırılmış kilid haqqında heç bir şey bilmədiyi üçün utanmışdı. Danışmaq üçün boğazını arıtladı, ancaq dillənmədi.

-Cənab Zamza, sizin valideynləriniz evdə yoxdular?Mənə elə gəlir ki, onlarla danışsam daha yaxşı olacaq.

-Deyəsən, hansısa bir işə görə çölə çıxıblar,- dedi Zamza.

-Çöldədilər?- deyə narazı bir halda qız soruşdu. - Bu qədər hadisə baş verdiyi halda onların çöldə nə işləri ola bilər?

-Bilmirəm. Səhər yuxudan qalxanda evdə heç kim yox idi,- deyə Zamza əlavə etdi.

-Tərsliyə bax!- dedi. Sonra dərin bir ah çəkdi. -Halbuki təmir işləri üçün mənim bu saatlarda gəlməyimi tapşırmışdılar.

-Üzr istəyirəm.

Qız bir müddət dodaqlarını büzüşdürdü. Əsəbi halda yuxarı qaldırdığı qaşını ehmalca aşaı  endirdi. Zamzanın sol əlində tutduğu əsaya nəzər yetirdi. - Qriqor bəy, ayaqlarınızda problem var?

-Bəli. Bir az,- deyə Zamza sözləri dilucu və zorla çölə çıxardı.

Qız yenidən bədənini silkələyirmiş kimi yerində tərpəndi. Zamza onun bu hərəkətinin məqsədini başa düşə bilmirdi. Ancaq Zamza qızın bu qəribə hərəkəti qarşısında qeyri-iradi bir həvəs hiss etdiyini duydu.

-Nə etməli? Elə isə ikinci mərtəbədəki qapı kilidlərinə baxım. Nə də olsa, belə bir vəziyyətdə körpüdən keçib, izdihamı yara-yara buraya gəlmişəm. Həyatımı təhlükəyə atmışam. Buraya qədər gəlib, "Aaa. Eləmi? Deməli valideynləriniz evdə yoxdur. Əldən heş nə gəlməz. Sağ olun" deyə bilmərəm.

"Belə bir vəziyyətdə?" Zamza qızın nə haqqında danışdığını başa düşə bilmirdi. Görəsən, çöldə nə baş verirdi. Ancaq bu barədə kəlmə də kəsmədi. Məlumatsızlığını büruzə verməsə daha yaxşı olar.

Qız qara parça çantanı iki qat əyilib yerdən götürdü və pilləkənləri bir böcək sayağı yuxarı dırmaşdı. Zamza isə onun ardınca əsasının köməyi  ilə pillələri yuxarı qalxdı. Qızın varlığı, hər addımı onda qəribə duyğular oyandırırdı.

O, ikinci mərtəbədəki dəhlizdə dayanıb otaqların dördünün də qapısına eyni anda nəzər yetirdi.- Zənnimcə, kilidi qırıq olan bu qapılardan biridir. Elə deyilmi?

Zamzanın çöhrəsi qızardı. - Elədir. Bu qapılardan biridir,- deyə cavab verdi. Sonra isə əlavə etdi.- Mənə elə gəlir ki, sağ tərəfdəki, dib tərəfdəki otağın kilidi ola bilər. - Zamzanın bu gün səhər yuxudan oyandığı, heç bir əşyası olmayan boş otaq idi.

-Ola bilər,- deyə qız sönmüş bayram tonqalının buz kəsmişliyini xatırladan  səs tonuyla dilləndi. -Ehtimal ki... - Sonra döndü və Zamzanın üzünə baxdı.

-Bəlkə də, - dedi Zamza.

- Cənab Qriqor Zamza, sizinlə söhbət etmək çox zövqlüydü. Söz ehtiyatınız çox geniş olduğu kimi, istifadə etdiyiniz ifadələrə də deyəcəyim söz yoxdur, - dedi soyuq bir səs tonuyla. Sonra dərin bir ah çəkdi və səs tonunu dəyişdirdi.

-Yaxşı. Elə isə gəl, sağ tərəfdəki otağın qapısına baxaq.

Qız qapının kandarında dayandı. Qapının əlcəyini çevirdi. Qapını itələdi. Qapı açıldı. Otaq eynilə Zamzanın tərk etdiyi kimiydi. Otaqda yeganə əşya Zamzanın yatağıydı. Bu yataq eynilə okeanın düz ortasında dayanan ada kimiydi. Çarpayının üzərində təmiz hesab edilməyəcək bir döşək var idi.  Həmin döşəyin üzərində Qriqor Zamza kimi oyanmışdı. Bu bir yuxu deyildi. Döşəmə soyuq və boş idi. Pəncərə taxta lövhələrlə möhkəmcə pərçimlənmişdi.  Qız bu mənzərə qarşısında qətiyyən təəccüblənmədi. Belə şeylərə hər gün hər yerdə rast gəlmək mümkündür.

Qız yerə çömbəldi və parçadan qara çantasının içindən krem rəngli bir parça çıxardı.  O, seçdiyi alətləri parçanın üzərinə düzdü. Eynilə təcrübəli cəlladın qurbanı qarşısında uğursuz alətlərini diqqətli bir şəkildə çıxardı.

O, əvvəlcə orta qalınlıqda bir məftili götürüb qapı kilidinə soxdu və məharətli bir usta inamıyla sağa-sola çevirdi. Eyni zamanda gözünü diqqətini cəmləyirmiş kimi qıyıb əlindəki işinə yönəlmişdi.  Bir tərəfdən isə qulaqlarını şəkləyib diqqətlə dinləyirdi.  Sonra nazik bir məftil götürüb əvvəlki dəqiqliklə işinə davam etdi.  Çöhrəsi ciddiləşdi və dodaqlarını büzdü. Bu ciddiyyətlə bükdüyü dodaqlar eynilə Çin qılıcını xatırladırdı.  Yenidən yerə sərdiyi alətlərin arasından fənəri götürüb kilid yerini işıqlandırdı və zərgərsayağı nəzərdən keçirdi.

-Bəlkə məlumatınız olar. Bu kilidin açarı var?- deyə Zamzadan soruşdu.

-Açarın harada olduğunu bilmirəm,- deyə şəstlə Zamza dilləndi.

-Eləmi, cənab Qriqor Zamza? Bəzən məni öldürürsünüz!- deyə qız tavana doğru baxdı.

Qız Zamzaya elə də nəzər yetirmədi, parçanın üzərindəki alətlərin arasından qaykasökəni götürüb qaykaları aşındırmamaq üçün ehmalca fırladı.  Əlindəki işinə bir neçə dəfə ara verdi.

Bu silkələnməyi, fasilə verməyi izləyən Zamzanın bədənində qəribə titrəyişlər yaranırdı. O, bütün bədəninin tədriclə isindiyini və burun pərələrinin genişlədiyini hiss edirdi. Ağzının içi qurumuşdu və tüpürcəyini udanda qulağında uğultu eşitdi. Niyə isə qulağının məməsi qaşınırdı. Onun cinsiyyət orqanı sallanırdı və qızı müşayiət etikcə sərtləşir, uzanır və yuxarıya doğru yüksəlirdi. Görəsən bunun mənası nə idi? Zamzanın heç bir fikri yox idi.

Qız qapının kilidini taxta pərçimlənmiş pəncərənin nazik işığı fonunda diqqətlicə incələdi.  Üzünü turşudub, kilidin içinə saldığı incə naqili silkələyib içindəki səsə diqqətlə qulaq asdı.  Sonra dərin bir nəfəs aldı və Zamzaya tərəf üzünü çevirdi.

-İçindəki dil qırılıb,- dedi qız. - Cənab Zamza, eyni dediyiniz kimidir. Problemli olan elə bu kilid idi.

-Hə, - dedi Zamza.

-O qədər də yaxşı deyil,- dedi qız. - Bu kilidi indi təmir edə bilməyəcəyəm. Bu xüsusi hazırlanmış bir kiliddir. Bunu evə aparıb atama və ya qardaşıma göstrəməkdən başqa çarəm yoxdur. Ancaq onlar təmir edə bilər. Mənim əlimdən belə çətin işlər gəlməz. Mən hələ ki, usta köməkçisiyəm. Əlimdən sadə işlər gəlir.

-Başa düşürəm,- dedi Zamza. Deməli bu qızın atası və bir neçə qardaşı var. Onların da hamısı kilid ustasıdır.

-Əslində bura atam, ya da ki, qardaşım gəlməliydi. Ancaq bilirsiniz də bu qırğın medyada gəlib. Ona görə də məni öz yerlərinə göndərdilər. Bir də ki, gərək nəzarət məntəqələrindən keçə biləm.

Qız dərin bir nəfəs aldı.

-Görəsən, burada nə baş verib ki, qapının kilidi belə bir tərzdə qırılıb? Bunu kimin etdiyini bilmirəm, ancaq belə başa düşdüm ki, kilidin içini xüsusi bir alətlə oyublar. Bundan başqa versiya ağlıma gəlmir.

Qızın bədəni yenidən əsməyə başladı. O bədənini tərpətdikcə sanki qoları üzgüçü kimi iki tərəfə açılırdı. Onun bu hərəkəti Zamzanı həyəcanlandırırdı.

-Bir şey soruşa bilərəm?- deyə Zamza cəsarətini topladı.

-Sual vermək istəyirsən?- deyə şübhəli bir nəzərlə qız soruşdu. -  Bilmirəm nə soruşacaqsan. Soruş görək!

-Niyə bilə titrəyirsən. Silkələnirsən, əsirsən?..

Qız Zamzanın çöhrəsinə baxdı. - Titrəyirəm?- Qız bir müddət bu hadisə barədə fikiləşdi. - Belə etməyimin səbəbini soruçursunuz?- deyə titrəyərək göstərdi və dilləndi.

-Bəli,- dedi Zamza.

Qız bir müddət ciddi nəzərlərini Zamzaya zillədi. Sonra bezgin bir ifadəylə dilləndi. -  Liftçik döşlərimi tam tutmayıb. Ona görə belə olub?          

-Liftçik? - deyə Zamza soruşdu. Bu ifadə onun düşüncəsində heç bir şeyi canlandırmadı.

-Bəli, liftçik! Nə olduğunu bilirsiniz?- deyə qız cavab verdi. Eynilə tüpürürmüş kimi... - Yoxsa, qozbel qadınların liftçik geyinməyini qəribəmi qarşılayırsınız? Bizim liftçik geyinməyimizin tərbiyəsizlik olduğunu fikirləşirsiniz?

-Qozbel? - dedi Zamza... Bu söz də onun düşüncəsinin dərin boşluğunda əriyib heçliyə sovruldu. Zamzanın onun nə danışdığı haqqında heç bir fikri yox idi. Ancaq nə isə demək ehtiyacı olduğunu hiss edirdi.

-Xeyr. Belə bir şeyi ağlıma da gətirmirəm,- deyə sakit bir səs tonuyla özünü müdafiə etdi.

-Görürsən ki, mənim də iki döşüm var. Onları liftçiklə tutmalıyam. Mən inək deyiləm ki, yeriyəndə döşlərimin sallanmağını arzulayım.

-Əlbəttə, - deyə Zamza təsdiqlədi. Əslində heç nə başa düşmədən dillənmişdi.

-Qozbel olduğum üçün liftçik əynimə tam olmur. Mənim bədənim normal qadınların bədənindən bir az fərqlidir. Ona görə də aradabir bədənimi silkələyib liftçiyi yerinə salmalıyam. Bir qadın kimi yaşamaq sizin fikirləşdiyinizdən də çətin bir işdir. Bunun xeyli məşəqqətli tərəfləri var. Ona görə siz məni bayaqdandır arxadan izləyirsiniz? Çox qəribə görsənirəm?

-Yox. Qətiyyən, elə deyil. Sadəcə, maraqlı gəldi ki, görəsən niyə belə yerinizdə silkələnirsiniz.

Zamza fikirləşdi ki, liftçik döşləri bütünlüklə sallanmaqdan qoruyur və məhz qozbel olmaq da buna məxsus bir ayrıcalıqdır.

-Siz məni ələ salırsınız?- deyə qız dilləndi.

-Yox. Qətiyyən mən sizi ələ salmıram.

Qız gözlərini Zamzaya zillədi. Onun ələ salmadığını başa düşdü. Eyni zamanda pis bir niyyətinin olmadığını da başa düşdü. "Yəqin bir az ağıldan kəmdir" - deyə fikriləşdi. "Yaxşı tərbiyə görmüş bir insana bəznəyir. Yaraşıqlıdır. Təqribən otuz yaşlarında olar. Sısqa, böyük qulaqlı, solğun çöhrəlidir."

Qız Zamzanın əynindəki xalatın alt tərəfinin qalxdığını hiss etdi.

-Bu nədir?- deyə soyuq bir səs tonuyla dilləndi. - Bu niyə belə qabarıb?

Zamza xalatının qarşısındakı qabarıq hissəyə nəzər yetirdi. Onun qarşısındakının danışıq tərzindən insanların qarşısında belə bir şəkildə çıxmağın uyğun olmadığını başa düşdü.

-Başa düşdüm.  Yəqin qozbel bir insanla yataqda necə sevişmək olar deyə fikriləşirsən, - deyə qız qışqıraraq soruşdu.

-Sevişmək?-deyə Zamza soruşdu. Bu sözün də mənasını başa düşməmişdi.

-Yəqin fikirləşirsən ki, belim əyri olduğu üçün arxadan məni zorlamaq daha zövq olar. Elə deyilmi?- deyə qız dilləndi. -  Belə axmaq düşüncələri beynindən keçirən çox insan var. Bunlar elə fikirləşir ki, mənim kimi bir qızı rahatlıqla ələ keçirə bilərlər. Ancaq onu deyim ki, sizə pis bir xəbərim var.  Siz fikirləşdiyiniz qədər də asan ələ keçirilə biləcək insan deyiləm.

-Sizi başa düşə bilmirəm,- deyə Zamza dilləndi.  -  Əgər sizə qarşı kobud bir rəftar etmişəmsə, məni bağışlayın. Üzr istəyirəm. Xahiş edirəm məni bağışlayın. Mənim pis bir niyyətim yoxdur. Bir müddətdir ki, xəstəyəm. Demək olar ki, çox şeyi hələ də yadıma sala bilmirəm.

Qız dərin bir nəfəs dərdi. - Eləmi? Yaxşı. Başa düşdüm,- dedi.  - Sən bir az əqli cəhətdən zəifsən, elə deyilmi? Ancaq düzü, penisinin çox sağlam olduğunu görürəm. Çarə nədir ki?

-Məni bağışla,- deyə Zamza üzr istədi.

-Yaxşı. Problem yoxdur,- deyə qız cavab verdi.  -  Mənim dörd qardaşım var. Onların heç birinin tərbiyəli olduğunu deyə bilmərəm. Çünki hamı uşaqlıqdan mənə cinsiyyət orqanlarını açıb göstərirlər.  Güya ki, mənimlə zarafatlaşırlar. Ona görə belə şeylərə vərdişkaram. Qətiyyən uydurmuram.

Qız çömbəldi və yerə düzmüş olduğu alətləri bir-bir çantasına yığdı. Kilidi krem rəngli bir çantaya qoydu. Sonra onu da qara, parça çantanın içərisində yerləşdirdi. Çantanı əlinə götürdü və ayağa qalxdı. 

-Mən kilidi evə aparıram. Valideynlərinə de ki, bu kilid ya biizm evdə təmir edilməlidir, ya da ki tamamilə yenisiylə əvəz edilməlidir.  Ancaq bu ərəfələrdə yenisiylə təmir etmək çətin olacaq. Anangil gələndə beləcə deyərsən... Başa düşdün?Yadında saxlaya bilərsən?

-Hə, yadımda saxlaya bilərəm,- deyə Zamza dilləndi.

Qız qabaqda enirdi, Zamza isə onun arxasınca gedirdi, hər ikisi ağır-ağır pillələrdən endi. Hər ikisi pillələri enəndə bir-birinə tamamilə zidd idi. Sanki qız dörd ayaqları üzərində pillələri enir, digər isə qeyri-təbii şəkildə arxaya doğru əyilirdi, di gəl ki, buna 

baxmayaraq hər ikisi eyni müstəvidə görsənirdilər.  Həmin ərəfədə Zamza "qabarıq" bədən üzvünü endirmək üçün xeyli cəhd etsə də, buna nail ola bilmədi. Xüsusilə də qızın yerişinə tamaşa etdikcə qəlbində tox bir səs döyüntüsü eşidilirdi. Ürəyindəki qanın sürətli şəkildə hərəkəti onun qabağındakı qabarıqlığın çəkilməyinə əngəl olurdu.


Tərcümə edən:
Ziyad Quluzadə


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!