Yekəpər... - Azər Abdulla - hekayə

 

Polislərdən biri ikinci dəfə daha da ucadan amiranə "vətəndaş, sizinləyəm, bizimlə getməlisən" deyəndə, maşının mühərrikinə sarı əyilmiş usta qəddini düzəltmədən başını səs gələn tərəfə çevirdi. Gənc polis "bizimlə şöbəyə getməlisən" söyləyəndə, usta yenidən mühərrikə sarı çevrilib etinasız "görmürsən əlimdə işim var... şöbədə nə azarım qalıb" - dedi, mühərriki, sanki uşaq oyuncağı kimi yüngülcə qaldırıb addımlayaraq azca aralıda bir-birinə bərkidilmiş qoşa milin üstünə qoydu. Təzə mühərriki asanlıqla qaldırıb qucağına alanda onun uşaq biləyi boyda yoğun barmaqları polisin gözündən yayınmadı. Usta "nə məsələdi... bəlkə məni kiminləsə səhv salırsan?" - deyib maşına yaxınlaşdı. Ondan aralanan polis telefonla nə dedi, nə demədi, heç on beş dəqiqə ötməmiş dörd cantaraq, ucaboy polis maşından düşdü. Çirkli-mazutlu paltarını dəyişməyə macal vermədən ustanı maşına oturdub apardılar.

Qərbi Azərbaycanın uzaq dağ kəndindən olub him-cim anlamayan qırx beş yaşlı bu zorba qaçqının bir aydan sonra yaşadığı rayonun məhkəməsinə çağırıldığını bilən qaraj rəisi hirslə ustaya "nəyə, kimə arxayınsan, ay zırrama, qoymadın işi yerindəcə  xətm edək. Çoxda ki oğurluqda sənin əlin yoxdu. İndi get çavab ver, orda səni beşqat artıq soymasalar... beş-altı il yatıb dincələndə ağlın başına gələr. Qanunları orda bitdəbit öyrənərsən...".

Məhkəməyə getməyəcəyini bilən iş yoldaşları kimi, qoca atası da oğluna dediyi sözlər "getməsən, işini daha da ağırlaşdırassan" ustanın ağlına batdığından birinci çağırışda məhkəməyə getdi. Bütün günü ac-susuz qalsa da, növbəsi çatmadığından onu sorğu-suala çağırmadılar. Məhkəmə işçilərindən biri "səhər tezdən mütləq burda olarsan" deyəndə usta gün ərzində bir neçə adamdan eşitdiyinin dəqiqliyini bilmək üçün astadan "sədr xalq şairinin oğludumu?" soruşanda, adam başını tərpətməklə onun sözünü təsdiqləsə də, ucadan "bunun mətləbə dəxli yox" - deyib tələsik ondan aralandı. Usta evlərinə kefikök qayıtdı.

Səhərisi gün məhkəmə sədrinin verdiyi suallarda onun səsinin getdikcə sərtləşdiyini hiss edən usta pencəyinin cibindən çıxardığı bükülü kağızdan ayırdığı on il öncə çəkilib qıraqları saralmış fotonu onun qarşısına yaxınlaşdıraraq yoğun   barmağını şəkildəki gəncə tuşlayaraq "mənə oxşayırmı?" soruşdu. Sədr diqqətlə iki yol gah fotoya, gah bu nəhəng adama baxdı, fotonu almaq istəyəndə usta əlini tez geri çəkərək "dünya dağılsa da bunu heç kimə vermərəm. Çiynimdəki xalqımın bayrağıdı..." deyəndə sədr "yoxsa bu montajdı?" təəccüblə, azacıq hirslə soruşanda usta - montaj nədi? - dedi. Sədr "qurama şəklə oxşayır, buna görə əlavə məsuliyyət daşıyırsan!" kəskin söylədi. Usta "Atannan soruşsan, deyər...".

Səhərisi gün hakim yöndəmsiz, o nataraz adamı birinci qəbul elədi. Usta qapını açıb içəri girəndə onun oturmasını gözləmədən sədr azca gülümsünərək "Çıx get, bir də ayağın buralara dəyməsin" - dedi.

Azneftdən azca aralı köhnə İnturistin yaxınlığındakı Bəhram Gur heykəlinin fonunda çəkilmiş rəngli fotoda əli irəli uzanmış, alnı qırış-qırış, çalsaç, çəlimsiz, ağzıaçılı əsəbi Xalq şairi nəhəng gənc oğlanın çiynindəydi. O vaxt izdiham içində "Şair danışsın! Şair danışsın!" sözləri səslənəndə, adamların arasından səkiyə doğru irəliləyən bir gənc iki gün öncə televiziyanın giriş qapısı qarşısında yağı generalının üzünə tüpürdüyünü, həmin an mühafizəçilərin əlindəki avtomatların şaqqıltıyla şairə tuşlandığını, anındaca general əlini yuxarı qaldırıb "dayanın!" işarəsini verdiyini bu gənc aralıdan görüb sarsılmışdı. Bəhram Gur heykəli önündə hansı taksi sürücününsə gətirdiyi balaca stulun üstündə nitq söyləyən şairi izdihamın arxasında qalan adamlar yaxşı görmədiyindən otuz beş yaşlı yekəpər bu gənc adamları bir sayaq kobudcasına sağa, sola itələyərək, tələsik şairə yaxınlaşıb arxadan başını onun paçası arasına soxaraq çiyinləri üstünə qaldıranda, izdihamdan şapalaq, fit, qışqırıqlar alqış əlaməti göyə yüksəlmişdi. Sevimli şairi və onun ürəyindən qopub gələn sözlərini hamının görüb eşitməsi üçün o yekəpər adam, saat əqrəbi istiqamətində dayanmadan yavaş-yavaş hərlənmişdi. Sonra izdiham küçəboyu ləngərli çay kimi axaraq Azadlıq meydanına sarı irəliləmişdi. Şair nə qədər cəhd eləyib "a bala, yoruldun, qoy düşüm özüm gedim" söyləyəndə, gənc "başımın tacını heç vaxt yerə qoymaram" demiş, onun ayaqlarından bərk tutaraq, ata sevimli, əziz balasını bayram şənliyində olduğu kimi düz meydanın ortasınacan gətirmiş, kiminsə "yan-yörə əli silahlı düşmənlə doludu, vurallar" həyəcanlı xəbərdarlığından sonra o, ehmalca əyilərək şairi yerə qoymuşdu. Elə həmin gün fotoqrafların biri yaxınlaşıb çəkdiyi şəklin birini ona bağışlamışdı.

2 fevral 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!