Təranə Vahidin “Barelyef” hekayəsində yazıçı taleyi - Xuraman Hüseynzadə yazır

Yazıçı Təranə Vahidin "Barelyef" hekayəsi müasir dövrün çətinliklərini, qeyri-adiliklərini yaxşı əhatə edib. Hekayənin qəhrəmanı Zaman Zamanlının həyatında da neçə yazıçı, qələm adamı öz həyatını görə bilər...

Yaxşı yazıçı olan Zaman Zamanlı heç vaxt ad-san, şan-şöhrət arxasınca düşmədiyindən həmişə arxa planda qalır. Cılız, sısqa üzsüz adam olan Zamanlının alnına da əyri-üyrü hərflərlə, sanki onun heç kimin görmədiyi yerdə olduğu yazılmışdı. Alın yazısında, sanki həyatı, taleyi əks olunan yazıçı taleyi ilə barışıb gözə dəymədən arxa sırada yaşayır. Təbii, alın yazısını Allah yazır. Əgər bu yazı Zamanlının alnı kimi yazılarsa...

İyirmi bir kitabı nəşr olunan və bu kitabları dost-tanışa hədiyyə edən Zaman Zamanlı universiteti bitirib ortalıqda qalanda Həşim müəllim onu - sevimli tələbəsini Veteranlar Şurasında işə düzəldir. Həyatda yeri axırıncı sırada olan Zaman Zamanlının cavanlığı kimi qocalığı da sakitcə ötüb keçir. Bir gün yaşadığı kar, kor həyatdan gedir...

Tənqidçilər, radiolar televiziya kanalları həyatda belə bir yazıçının olduğunu, sanki onun ölümündən sonra bilirlər. 

Yuxarıdan onun xatirəsini əbədiləşdirmək üçün yaşadığı evin qarşısına barelyef vurulması göstərişi verildikdə isə məlum olur ki, Zaman Zamanlının heç vaxt şəxsi mənzili olmayıb. Şəhərin müxtəlif yerlərində kirayə yaşayan yazıçının evi olmadığı üçün barelyef Veteranlar Şurasına verilir...

Neçə-neçə yazıçının, Söz adamının həyatına həsr olunmuş hekayənin mövzusu Knut Hamsunun da diqqətindən kənarda qalmayıb. Burdan belə nəticəyə gəlmək olur ki, keşməkeşli dünyada yazarların, Söz adamlarının həyatını bir-biri ilə identik edən bir neçə cəhət var: istedad, maddi çətinliklər və Sözdən utanmaq...

Aclıqdan o yana...

Knut Hamsunun "Aclıq" romanının baş qəhrəmanı Kristianiyada (Oslo) qəzetlərə məqalə yazıb pul qazanmaq istəyən yoxsul bir gəncdir. O, adətən, yazdığı bir məqaləyə görə 5 kron alır. Bu pul onun ancaq bir neçə gün qidalanmasına yetir. Gənc yazarın ciddi sosial mövzuları əhatə edən məqalələrini qəzetlər həvəssiz alırlar. Knut Hamsunun adsız qəhrəmanı başqa işlərdə işləmək istəsə də, onu işə götürmürlər.

Pulu olmayan qəhrəman kirayədə qaldığı evlərdə ona aid əşyaları lombarda satmaqla çörəkpulu qazanır. Köşə yazarı olan gənc yemək tapmaq üçün küçələrdə veyillənməklə günlərini keçirir. Gənc qəhrəman tələbə Petersendən götürdüyü yorğanı, paltosundan kəsdiyi düymələri və öz eynəyini lombarda vermək istəsə də, bunları qəbul etmirlər. Bunlar onun yeganə şəxsi əşyaları idi.

Sublimasiya üçün şansı qalmayan, yazıları qəbul edilməyən gənc günlərlə ac qaldığı üçün başgicəllənməsi, ürəkbulanması və əsəb gərginliyindən əziyyət çəkir, zəifləyir. Aclıqdan öləcəyini düşünən qəhrəman ac qaldığı zaman ağac qabıqları çeynəməklə mədəsini aldadır. Aclıqdan əziyyət çəkdiyi günlərin birində limana gələn gənc yazarı Rusiyaya yola düşən bir gəmidə işə götürürlər. Beləcə, qəhrəman aclıqla keçən həyatdan xilas olur...

Xilasa gedən və getməyən yollar...

"Aclıq"da və "Barelyef"də iki oxşar həyatı görürük. "Aclığ"ın qəhrəmanı ilə "Barelyef"in qəhrəmanı qələmlə çörəkpulu qazanırlar... Buna görə onların həyatı bir-birinə bənzəsə də, "Aclıq" əsərinin qəhrəmanı sonda bu həyatdan xilas olur, "Barelyef"in qəhrəmanı isə həyatını nəsr yazmağa həsr edir və ömür boyu həyatın arxa sırasında qərarlaşaraq bu dünyadan köçür.

Yazıçı taleyi

Nə qədər bədbəxt yazıçı var. Hər iki qəhrəman neçə-neçə yazıçının ümumiləşmiş obrazıdır. Heç vaxt heç kimdən nəsə ummayan, ehtiyac içində yaşadığını heç kəsə bildirməyən nə qədər istedadlı yazıçı, şair var ki, abırlarına qısılıb oturublar. Yazdıqları oxunmur, istedadlı olduqlarını bilirlər, amma onları görməzdən gəlirlər. Sözün abrına qısılanlar niyə belə yaşamalıdır axı? Gərək Zaman Zamanlı kimi sakitcə bu dünyadan köçələrmi onları ölümlərindən sonra tərifləsinlər? O adam həyatda olmayandan sonra kimə lazımdır həmin təriflər?

Cabir Novruz necə demişdi?

"Sağlığında sevindirin təmizləri,

Siz həyatda bu amalla addımlayın.

Sağlığında ifşa edin xəbisləri,

Satqınlara sağlığında satqın deyin,

Tülkü deyin tülkülərə,

                        aslan deyin aslanlara.

Sağlığında qiymət verin insanlara...".

Zaman Zamanlının taleyini yaşayanların kaş vaxtında dəyəri bilinəydi. Onda Söz də dəyərdən düşməzdi.

Tənhalıq və bədbəxtlik

Knut Hamsun "Aclıq"da xüsusi olaraq qeyd edir ki, qəhrəmanını bədbəxtliyə düçar edən, onun iztirablarını artıran bir nüans da tənhalıq olur. Qəhrəmanın keçirdiyi sarsıntılar, özüylə, alter-eqosu ilə etdiyi mübahisələr, daxili çəkişmələr, əslində, onun necə tənha, yalqız, kimsəsiz olduğunu anlatmağa xidmət edir. Knut Hamsunun yarıavtobioqrafik romanı sayılan bu əsər bir insanın ən ağır sarsıntılara məruz qaldığı psixoloji vəziyyətlərdə belə həyata necə davam gətirə bildiyini maraqlı şəkildə anladır. "Xilaskar ilhamımın gəlməsini gözləyirəm. Qarmaqarışıq fikirlər beynimi qurdalayır, batmaqda olan günəş kədər və məyusluq gətirir. Artıq payız gəlmiş, hər şey yuxuya getməyə başlamışdı. Bu, o demək idi ki, həyat təslim olmaq istəmir, ölümə qarşı mübarizədə əlindən gələni əsirgəmir".

Dünyanın bir küncü...

"Aclıq" romanının da, "Barelyef"in də qəhrəmanını miskin günə qoyan həm də tənhalıqları olur. Nə qədər belə kimsəsizlər, tənhalar var ki, istedadlı olsalar da kimsə buna dəyər vermir, onları görməzdən gəlirlər. Kaş ki, belə olmayaydı... Dünyanın bir küncündə oturub ölümlərini, Əzraili gözləyənlərin də dərdlərinə şərik olanlar tapılaydı... Belə olsaydı Zaman Zamanlı kimilərin də sonu o cür olmazdı...

Anton Pavloviç Çexov deyirdi: "Özünü tənha hiss edən adam üçün hər yer çöl-biyabandır". Hər iki qəhrəman insanlar arasında, sanki çöl-biyabanda idi...

Zamandan uzaq...

Təranə Vahidin "Barelyef" hekayəsinin qəhrəmanı Zaman Zamanlının həyatı oxucunu çox mütəəssir edir... Ətrafımızda azdırmı zamandan uzaqda qalan zamanlar?

Məmməd Araz istedad haqda deyirdi:

 

"Gərəksiz tərif də yuxuya bənzər,

Uyudar qələmi iş üstündə də.

İstedad elə bir toxuma bənzər,

Göyərər bir quru daş üstündə də".

Zaman Zamanlı kimi istedadlı yazıçıların, şairlərin o cür həyat yaşaması, çox ağrılıdır, utancvericidir... Zaman keçdikcə onların qədir-qiyməti bilinsə belə, çox gec olacaq. Çox...

Təranə Vahidin ötürdüyü subliminal mesaj da elə budur. Yazıçının bu hekayəsi o cür insanlara vaxtında, zamanında qiymət verilməsini diktə edir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!