Sərdar AMİN
Günlər də hıcqırıq kimi... Nə vaxt başladığını, haçan bitdiyini hiss etmirsən...
Yalnız, “hıqq”, “hıqq”, “hıqq”...
Maşınımın pəncərəsi döyülür. Qışdı, gecədi... Pəncərənin qabağında duran da fağır adam... Çox fağır. Əlini açıb, pul istəyir. Maşından düşürəm. Qorxub geri çəkilir: “Qurban olum, vurma”. Ay Allahım, səni niyə vurum?
Qəpiyi əlimdən alıb gedir. Yəqin onu vurublar... Ağlayıram.
Maşın hələ qızmayıb, az sonra təkrar pəncərə döyülür:
“Xanım, soyuqdu, mənə pul ver də”. Yenə həmin başı səliqəsiz qırxılmış fağır adam... Yəqin bayaqkıları unudub. Saçlarımdan məni xanıma oxşadıb. Yenə maşından düşürəm... “Əmi, bağışla”, deyib, gedir...
“Əmidənsə xanım yaxşı idi” - gülümsünürəm...
Maşında dostum sual verir: “Niyə əksər dahilər əyalətdə doğulub, paytaxtda ölür?”
Bilmirəm...
Sonra deyir, Bakının sərçələri uçublar uzaqlara. Qaranquşlar da gec gəlib, tez qayıdırlar bu şəhərdən. Düşünürəm...
Şəhərdə uşaqlar daş atmağa yer tapır ki, atdıqları daşlar bir gün qanad açıb uça! Quşlar qanad salmır bu şəhərə, qanad tökür. Bəlkə də qaranquşlara şeir yazılmır daha, səbəb budu... Şairlər üçün kitabları salfetdi, bulaşmış xatirələrini silirlər. Sual işarəsini qələm kimi tutan bir əl gözümün qabağında cızma-qara edir: “Hardasa bir qız içinə çəkdi...”, “Hardasa bir tısbağa tərsinə qalıb”.
Bir şair yıxılır içimdə...
* * *
Qapısı açıq balaca otaqda yemək növbəsindəyik... Satıcı dürməkləri düzəldə-düzəldə növbəni seyrəldir. Otağa bir adam girib bərkdən: “Mənə tez birini hazırla, tez, tez” - deyir. Yəqin hamı ona baxır. Mən baxmıram. Yenə qışqırır. Yəqin hamı ona nifrət eləyir. Axı növbədəyik. Baxıram, qırmızısifət bir kişi... Durmadan, bərkdən danışır. Bizi qabaqlamaq istəyir deyəsən. Bir azdan səs gəlmir. Görəsən niyə susub? Baxıram. Yeyir...
Yəqin çox ac idi. Yazığım gəlir...
Dürməkdən qarnım doyan kimi qanım qaralır. Bədbəxtlik hiss eləyirəm. Bütün ac adamlardan qorxuram. Qorxuram.
Yatağıma uzanıb “Qara və qırmızı”nı açıram, Stendal deyir: “Həyəcanlanmağa hər zaman hazır olan qəlblərdən nə ola bilər ki?”. Razılaşıram...
“Parisdə hamı yavaş-yavaş danışır və boş şeylərə görə həyəcanlanmır” - bunu da Stendal deyir.
Bilirəm, hər oxunan kitab bir cüt əldir açılıb göyə, kiməsə uğur diləsin deyə.
Bu an bir qadın fransızca pıçıldayır sinəmdə... Ətrafa dağılır fransız pıçıltılar...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!