Xuraman Hüseynzadənin tərcüməsi
I
Peterburqa gəlişimdə köhnə dostum müxbir Stremqlavovun yanına gəlib ona belə dedim:
- Stremqlavov! Mən məşhur olmaq istəyirəm.
Razılıqla başını tərpədən Stremqlavov barmaqlarıyla masanı döyəcləyib papiros yandırandan sonra masanın üstündəki külqabını hərləyərək ayaqlarını yelləyib - o hər zaman bir neçə işi eyni anda görürdü cavab verdi.
-Bu zamanda bir çoxları məşhur olmaq istəyir.
-Mən "bir çoxları deyiləm" deyib təvazökarlıqla etiraz elədim.Vasilyev soyadını daşıyan birisinin Maksimıça çevrilib eyni zamanda Kandıbin kimi həyat sürməsinə, qardaş, hər gün rast gələ bilməzsən. Bu çox nadir gedişlərdəndi.
-Sən çoxdan yazırsan? - Stremqlavov soruşdu.
- Nə... Yazıram?
-Bəli! Nəsə yazırsan yəqin!
-Mən heç bir şey yazmıram.
- Aha! Deməli başqa peşə seçmisən özünə. Rubens olmaq istəyirsən?
-Mənim musiqi qavrama qabiliyyətim yoxdu, - mərd-mərdanə etiraf elədim.
-Nəyə qabiliyyətin yoxdu?
-Sən dediyin adam olmaq üçün... Adını necə dedin? Musiqiçi...
-Hə, qardaş, sən lap ağ elədin. Rubens musiqiçi deyil, rəssamdı.
Rəngkarlıqla maraqlanmadığımdan bütün rus əsilli rəssamların adını xatırlamadığımı Stremqlavova bildirib əlavə elədim:
-Mən mələfəyə düz xətt çəkməyi bacarıram.
-Lazım deyil. Hansısa tamaşada oynamısan?
- Oynamışam. Ancaq haçan ki, səhnədə əsərin qəhrəmanı olan aktrisaya sevgimi izhar eləyirdim, səsimdə elə bir ahəng əmələ gəlirdi ki, elə bil mən piano daşıdığım üçün ondan araq pulu tələb edirəm. Teatrın sahibi dedi ki, mən gedib həqiqətən kürəyimdə royal daşısam, daha yaxşı olar. Qovdu məni.
- Sən nəyin bahasına olursa-olsun məşhur olmaq istəyirsən?
-İstəyirəm. Unutma, mən düz xətt çəkməyi bacarıram!
Stremqlavov boynunun ardını qaşıyıb dərhal başladı bir neçə işi birdən görməyə. Kibrit qutusundan bir çöp götürdü, yarısını dişiylə bölüb kağıza bükərək səbətə atdı, saatını çıxartdı və fit çalaraq dedi:
-Yaxşı. Səni məşhurlaşdırmaq lazım gələcək. Bilirsən, bir tərəfdən hətta yaxşıdır ki, sən Rubenslə Robinzon Kruzonu səhv salıb kürəyində royal daşıyırsan- bu səni daha səmimi göstərəcək.
O, dostcasına əliylə çiynimə vurub söz verdi ki, ondan nə asılıdırsa, yerinə yetirəcək.
II
Ertəsi gün iki qəzetin "İncəsənət xəbərləri" bölməsində qəribə sətirə rast gəldim:
- "Kandıbinin səhhəti yaxşılaşır".
- Qulaq as, Stremqlavov, - onun yanına gedib soruşdum, - nəyə görə mənim səhhətim yaxşılaşır? Mən axı xəstə deyiləm.
- Belə lazımdır, - Stremqlavov dilləndi, - sənin barəndə verilən ilk xəbər gözəl olmalıdır... Kiminsə sağalmağı camaatın çox xoşuna gəlir.
- Onlar bilirlərmi Kandıbin kimdi?
- Xeyr. Ancaq indi artıq sən onların marağına səbəb olmusan və hamı görüşdükləri zaman bir-birinə xəbər verəcək: "Kandıbinin səhhəti yavaş-yavaş düzəlir".
-Əgər içlərindən biri soruşsa: "Hansı Kandıbinin?"
-Soruşmayacaq. O ancaq deyəcək : "Hə? Mən elə bilirdim ki, onun vəziyyəti ağırdır."
-Stremqlavov! Axı onlar elə həmin dəqiqə məni unudacaqlar!
- Unudacaqlar. Ancaq mən sabah qəzetdə yenə bir məlumat yazacam:
"Bizim ustadın səhhətində..." Sən nə olmaq istəyirsən? Yazıçı? Yoxsa rəssam?
-Yazıçı daha uyğundur.
"Bizim ustad Kandıbinin səhhətində müvəqqəti ağırlaşma baş verib. Dünən o ancaq bir kotletlə iki ilıq bişirilmiş yumurta yeyib. Hərarəti 39.7."
- Bəs şəkil lazım deyil?
- Tezdi hələ. Sən məni bağışla, kotlet barədə qeyd verməkçün getməliyəm. Və o, təlaşla qaçıb getdi.
III
Mən böyük maraqla yeni həyatımı izləyirdim. Asta-asta, ancaq əməlli-başlı sağalırdım. Hərarətim düşdükcə mədəmdə sığınacaq tapan kotletlərin sayı artır, yumurtanı isə indi təkcə ilıq deyil, bərk bişmiş də yeməkdən çəkinmirdim. Nəhayət, mən nəinki sağaldım, hətta macəraya da atıldım.
"Dünən, - bir qəzet yazırdı,- vağzalda duellə nəticələnə biləcək hüznlü toqquşma baş verib. Məşhur Kandıbin istefada olan kapitanın rus ədəbiyyatı barədə söylədiyi sərt sözlərə qəzəblənərək kapitanı sillələyib. Rəqiblər bir-birlərinə kartlarını təqdim ediblər."
Bu münaqişə səs-küyə səbəb oldu. Bəziləri yazırdı ki, sillənin tərkibində təhqir olmadığından mən hər cür dueldən vaz keçməliyəm və cəmiyyət də yaradıcılıqlarının ən məhsuldar dövrünü yaşayan rus istedadlarını qorumalıdı.
Bir qəzet yazırdı:
"Səfehliklərlə dolu olan ölkəmizdə Puşkin və Dantesin əbədi tarixi yenidən təkrarlanır. Bu yaxında yəqin ki, Kandıbinin alnına hansısa kapitan Ç.-nin gülləsi dəyəcək. Və biz soruşuruq- bu ədalətli işdirmi? Bir tərəfdə Kandıbin, digər yandasa heç kəsin tanımadığı kapitan Ç."
"Biz əminik ki, - bir başqa qəzet yazırdı, - Kandıbinin dostları onu dueldən vaz keçirəcəklər. Duelin bədbəxt sonluqla bitəcəyi təqdirdə kapitan Ç.-lə özünün döyüşəcəyinə and içən Stremqlavovun (yazıçının yaxın dostu) bu xəbəri böyük marağa səbəb olub."
Yanıma müxbirlər gəlirdi.
- Deyin,- onlar soruşurdu- kapitanı silləylə vurmağa nə vadar etdi?
- Axı siz oxumusunuz, - o rus ədəbiyyatı barədə çox sərt sözlər sərf etdi. Həyasız dedi ki, Ayvazovski istedadsız cızmaqaraçı olub.
- Axı Ayvazovski rəssamdır! -müxbir heyrətlə səsləndi.
- Dəxli yoxdur. Böyük imzalar müqəddəs olmalıdır,- sərt şəkildə cavab verdim.
IV
Bu gün xəbər tutdum ki, kapitan Ç. biabırcasına dueldən imtina edib, mənsə Yaltaya gedirəm. Stremqlavovla görüşəndə ondan soruşdum: Mən səni bezdirmişəm ki, məni başından sovursan?
- Belə lazımdır. Qoy camaat səninlə bağlı xəbərləri oxumayıb bir qədər istirahət eləsin. Bir də bu çox gözəldi : "Başladığı yeni əsəri cənubun qeyri-adi təbiətinin qoynunda bitirmək ümidiylə Kandıbin Yaltaya gedir."
- Bəs hansı əsəri yazmağa başlamışam?
- Pyes yazırsan: "Ölümün sərhəddində"
- Teatr sahibləri səhnəyə qoymaq üçün bu əsəri məndən istəməyəcəklər?
- Əlbəttə, istəyəcəklər. Ancaq sən deyəcəksən ki, yazdıqların səni qane etməyib və sən pyesin üç pərdəsini yandırmısan. Kütləyə bu yaman təsir edəcək!
Bir həftədən sonra xəbər tutdum ki, Yaltada mənim başıma bədbəxt hadisə gəlib: dağa dırmanarkən dərəyə yıxılıb ayağımı zədələmişəm.
Toyuq ətindən bişirilmiş kotlet və yumurtayla saxladığım pəhriz barədə uzun və darıxdırıcı tarix yenidən başladı. Sonra mən sağaldım və nəyə görəsə Romaya yola düşdüm... Mənim sonrakı hərəkətlərim rabitə və məntiq yoxluğundan əziyyət çəkirdi.
Nitsada villa alsam da, orda yaşamayıb "Həyatın şəfəqində" komediyasını bitirmək üçün Bretana səfərə çıxdım. Evimdə çıxan yanğın əlyazmalarımı məhv elədi və ona görə (tamamilə səfeh hərəkətdi) mən Nyunberq ətrafında bir parça topraq aldım. Çəkdiyim mənasız əziyyətlər və səmərəsiz pul israfı məni elə bezdirdi ki, Stremqlavovun yanına yollanıb qətiyyətlə bildirdim:
- Bezdim. Yubiley istəyirəm.
- Nə yubiley?
- İyirmi beş illik.
- İyirmi beş çoxdur. Sən axı vur- tut üç aydı Peterburqdasan. Onillik yubiley istəyirsən?
- Razıyam,- dedim. Yaxşı tədqiq edilmiş 10 il mənasız yaşanmış 25 ildən daha dəyərlidir.
- Sən Tolstoy kimi düşünürsən! - Stremqlavov heyrətlə səsləndi.
- Hətta ondan yaxşı düşünürəm. Ona görə ki, mən Tolstoyla bağlı heç bir şey bilmirəm, o isə mənim haqqımda bilir.
V
Bu gün ədəbi və elmi-maarifləndirici fəaliyyətimin 10 illiyini qeyd edirdim. Təntənəli nahar zamanı bir qocaman ədib (soyadını bilmirəm) nitq söylədi.
- Sizi gənclərin qayə təmsilçisi, doğma hüznün və səfalətin tərənnümçüsü kimi salamladılar, - mən isə ancaq iki kəlmə deyəcəm, o iki kəlmə ki, ürəklərimizin ən dərin qatından qopub gəlir:
- Salam, Kandıbin!
- Salam, - məmnun halda səmimiyyətlə cavab verdim. - Əhvalınız necədir?
Hamı məni öpürdü.
Rus dilindən çevirdi: Xuraman Hüseynzadə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!