Alman dərsi - Azər Abdulla - hekayə

 

Həmişə düzgünlüyün, doğrunun arxasında mətanətlə dayanan o təmiz, saf, alicənab, həm də xeyirxah, qaməti azca əyilmiş qocaman qəzetçiyə, son zamanlar bəzi adamlar sadəlövh, bəzi adamlarsa sarsaq, səy, gicbəsər deyirdi. Adamları da qınamaq olmaz, qapısı açıq otağın önündən tanış jurnalistlər keçərkən bütün ömrünü yazı-pozuya, qəzetçiliyə həsr eləmiş, arabir hekayələr, povestlər yazan, yetmiş beş yaşlı, həmişə gülümsəyən qocanın birdən-birə sol əlində palitra, sağ əlində fırça molbert arxasında görənlər nə düşünməliydi. O jurnalistlərin bəzisi qocanın otağına girib tabloya baxmış, "Gözəldi! Əladı!" deyib heyranlığını bildirsə də, qapıdan çıxcaq rastlaşdığı bir həmkarına "deyəsən, o söz..." deyib gicgahına bərk-bərk dirədiyi şəhadət barmağını həvəngdəstəyi kimi hərləyərək "başı xarab olub" eyhamını ötürmüşdü. Güya özünü yaxın, simsar sayan başqa birisi də bu qeybəti gətirib qocanın ovcuna qoyanda o, "düz deyir, səksənində öyrənən gorunda çalar məsəli..." söyləyib mehribanlıqla, şirin-şirin gülümsəmişdi. Otağa girən adamlardan biri portretləri görəndə "bu ki filankəsdi", başqa birisi "toçnı oxşatmısan", "özüdür ki, var..." söylədiyi rəylər son zamanlar qocanın onsuz da aşıb-daşan həvəsinə yeni güc, enerji, ilham qatmışdı. Hər gün bir qayda olaraq qaranlıqlı yuxudan ayılan qoca yüngülvari idman edər, yağ, kəsmik, cemlə tələsik nahar edib dəmlədiyi çayı içərək, hamının şirin yuxuda olduğu vaxt səs salmadan evdən çıxar, iş yerinəcən iki kilometrlik yolu ayaqla gedib (işdən yenə də piyada qayıdardı) düz saat doqquzda molbertin arxasına keçərdi. Bir də yaxındakı məsciddən gələn azan səsindən diksinib işindən ayrılar, bəzən bircə bananla, bəzən də itirdiyi yarım saat vaxta hayıfsılanaraq, tələsik hazırladığı qəhvə və yulaflı qoğalla günorta yeməyini başa vurub yenidən dəzgahın arxasına keçərdi. Gəncliyinin enerjili çağında bir məqalənin, yaxud hekayənin üzərində üç-dörd saatdan artıq işləyə bilmədiyi halda, yaşının qürub çağında gün ərzində tablosu önündə altı, bəzənsə yeddi saat həvəslə, sevgiylə işləsə də, yorulmaq bilməməsi qocanın özünü də təəccübləndirirdi. Bütün günü nəşriyyatın yeməkxanasında oturub gözü yol çəkən, hansı tanışınınsa gəlib onu yüz qram arağa qonaq etməsini gözləyən, özünü dərviş adlandıran ucaboy, dazbaş şairin karandaşla çəkilmiş portreti uğurlu alındığından həmin şair hallı durumunda həftədə ən azı iki gündən bir qocanın otağına baş çəkər, təntənəylə: - Sənətkara eşq olsun! - deyər, yağlı boyayla çəkilmiş mənzərəni gözdən keçirib, - Əladı! - söyləyib gülə-gülə sözünə davam edərək: - Qağa, bəs sərgin haçan olacaq? - yaxud: - Sərgini haçan təşkil edək? - soruşanda, qoca çevrilib diqqətlə onun gözünün içinə baxaraq, "sərgi təşkil edənimə bax" - Ciddimi deyirsən? - təəccüblə soruşdu. Şair bir an öncə sifətindəki gülüşü silərək: - Balamın canı, düz sözümdü, - söylədi. Bəlkə də, şairin, eləcə də başqa tanışlarının, bəzən tanımadığı adamların otağa girib divara söykəli işlərə baxandan sonra: "Bunları satırsınızmı... bunun qiyməti neçə olar, yaxud sərginiz olacaqmı? - dəfələrlə verilən suallarla yanaşı, həm də üç il ərzində yaradıcılığında xeyli irəliləyişi özü də hiss etdiyindən sərgi məsələsi bir fikir olaraq torpaqdan cücərib qalxan yaşıl toxum kimi günbəgün qocanın başında boy atmaqdaydı. Ədəbi aləmdə orta səviyyəli, bəlkə ortadan bir qədər artıq tanınsa da, qoca bu vaxtacan nəinki ədəbi camedə, hətta evində, ailəsində belə, bircə dəfə də olsun nə doğum, nə kitabının təqdimatı, nə də yubiley gününün keçirilməsinə razı olmuşdu. Təsadüfən iştirakçısı olduğu bütün yığıncaqlarda sıxılıb qəm-qüssəyə tutulduğu hisslərini gəncliyində yazdığı bir şeirində verməyə cəhd etmişdi.

Gözəl bayramlarda,

Gözəl toylarda -

tanışımın olsun,

dostumun olsun,

qardaşımın olsun, bacımın olsun,

hardaydı o sevinc,

sarı bir həsrət tıxanar boğazıma,

qara bir kədər boğar məni.

Gözəl bayramlarda, gözəl toylarda

nədənsə, yadıma

qovuşmaqdan öncə

ayrılıq düşər.

Nədənsə,

toya gələnlərdən çox -

ölənlər, itənlər -

yeri görünən düşər.

Deyilən sözlərdən çox,

deyilməyənlər,

yad edilənlərdən çox,

unudulanlar düşər.

Dindirməyin məni,

atam, anam, bacım, qardaşım,

Güldüyüm yerdə durub, birdən ağlaram...

Ancaq nə məsələydisə, son zamanlar "əgər yaşayaramsa, nə qalıb ki, Allah bir il də möhlət versə, səksənimi sərgimlə qeyd edərəm". Qocanın başından bu fikir çıxmırdı. Qocanı narahat edib təəccübləndirən başqa bir iş də vardı. Onu tərifləyib öyənlərdən savayı, bəzi tanışların otağa girib onu molbert arxasında görəndə əsla reaksiya verməmələri, divar boyu düzülmüş tabloları görməzliyə vurmaları qocanı təəccübləndirir, həm də onda şübhə yaradırdı. İki gün qabaq uzun illərin ayrılığından sonra doğmaca əmisi oğlu yanına gəlmişdi. O, qapıdan girəndə qocanın bir əlində yenə də fırça, o birisində palitraydı. Qoca əlindəkiləri masanın üstünə qoyub əmisioğluyla qucaqlaşıb öpüşdü. Yüz ilin başında redaksiyaya birinci kərəydi gəldiyi. Qarşı-qarşıya oturdular. Birsaatlıq söhbət zamanı əmoğlusu, onlar yaşıd idi, ancaq uzun-uzadı axır vaxtlar keçirdiyi xəstəliyindən, yaddaşının korşalmasından, qidaların zaylığından, bazarın od tutub yanmasından həvəslə danışdı. Əmoğlu olan bəndə bircə dəfə də olsun, gözünün uçuyla nə palitrada səs-küy salıb göz qamaşdıran al-əlvan boyalara, nə fırçaya, nə də dəzgahın üstündəki tabloda təsvir olunmuş beçə verib budaqdan sallanan arı topasına baxdı. Kənd mənzərəsini görəndə, əmisi oğlunun heyran olacağını gözləyirdi. "Doğrudanmı, mənasız işlə məşğulam..." fikri qocanın ağlından keçdi.

İş yerindəki adamlar bir yana, son zamanlar qocanın yenicə yaradıb təkbaşına fəaliyyət göstərdiyi aksiyaya görə (evlərindən nəşriyyatacan iki kilometrlik yolda çəkdiyi siqaretin artığını yerə atanlardan hansını yaxalaya bilirdisə, şirin dilini işə salıb onun qılığına girir, boş damarını tutaraq siqaret kötüyünü götürdüb zibil qabına saldırırdı) arvadı onun gününü göy əsgiyə tutmuşdu. "A kişi, deyəsən doğrudan da, o söz..." söyləyib şəhadət barmağını gicgahına qoyaraq nəşriyyata işarəylə "sənin barəndə ordakılar yanılmıyıb..." deyəndə qoca halını pozmadan gülərək "səviyyəniz bu qədərdi, neyniyim" demişdi. Qocanın özündə də az yox idi. Qadını onu hər gün dünənkindən daha çox danlasa da, o, aksiyayla bağlı başına gələn hərgünkü olayı, bütün xırdalığıyla, həvəslə xanımına söyləmədən keçinə bilmirdi. Bir yandan onu qınamaq da olmazdı. Gün ərzində otağında molbert arxasında saatlarla təkbaşına sus-pus qaldığının əvəzini, evə çatcaq, aksiyayla bağlı gördüyü işi həvəslə arvadına danışmaqla çıxır, bir sayaq rahatlanırdı. Aksiyaya yenicə başladığı günlərin birində Memarlıq və İnşaat Universiteti yaxınlığında çəkdiyi siqaretin artığını suyla dolu enli çalaya atan tələbənin qolundan tutub saxlamışdı. Atdığı siqaret kötüyünü götürməsini mehribanlıqla ondan tələb etmişdi. Kənd uşağı olan tələbənin yerində donub qaldığını görəndə qoca: - Sən götürmədin, baban götürər, - deyərək, kəsilib yerə atılmış budaqdan dartıb qırdığı şax-şəvəllə gölməçənin ortasındakı islanmış siqaret kötüyünü çəkib götürmüş, bayaqdan pərt halda donub yerində qalmış tələbənin qoluna girərək ilk dəfə "Alman dərsi"ni doğma baba mehribanlığıyla ona danışmışdı. Universitetin girişi önündə siqaretin artığını oğlana uzadaraq zibil qabına işarəylə: - Apar özün at, - demişdi. Qoca tələbəylə keçirdiyi anları birbəbir arvadına danışandan sonra: - Səncə, o uşaq ömrüboyu siqareti bir də yerə atarmı? Ömründə mümkün deyil!.. - sevinclə deyəndə, qadını "Onnansa siqaretin ziyanını başa salaydın..." söyləmişdi. - Elə mənim kimi sənin də yaddaşın korşalıb, - qoca incik-incik cavab vermişdi. Ona görə incimişdi ki, hələ rəssamlığa başlamamışdan neçə-neçə gəncə, orta və öz yaşıdından olanlara: - Kişi kimi söz ver ki, tərgidəcəksən, bu dəyqə, ya sabah, birisi gün, haçan vaxtın olsa, gəl nəşriyyata, boynuma alıram, bahalı restoranda gücüm çatmaz, bizim yeməkxanada sənə qonaqlıq da verim, - deyib vizit kartını uzatmışdı. Qəribə də olsa, qocadakı mehribanlığı, səmimiyyəti, sevgini görən adamların bəzisi "mümkün deyil, bəzisi iki yol cəhd eləsəm də, bacarmadım, bəzisi qırx ildi mənnən bağrı-badaş yoldaşlıq, qardaşlıq edir, ondan ayrılmaqmı olar?.." deyəndə, - çoxumuz özümüzdə olan gücümüzdən, iradəmizdən xəbərsizik. Allah eləməmiş, sənin qardaşın, oğlun, yaxud atan o qəddar gavurların əsirliyində olsa, desələr siqareti atan dəyqə azad olunacaq... - qocanın sözünü qurtarmağa səbri çatmayan, bir-birindən xəbərsiz o adamların hamısı dərhal "Əlbəttə atarıq" demişdilər...

Arvadının danlağı sayılmasa, altı ay yaşı olan aksiyanın son gününü qoca ən uğurlu gün sayırdı. Səhər tezdən "Elmlər" metrosundan çıxan, avtobuslardan tökülüşən, ətrafdakı binalardan çıxıb gələn tələbələrin bir-birinə qarışaraq Akademiyanın bağı boyunca, yan-yörəsinə, məcrasına sığmayan yaz çaylarını xatırladan gənclik selinin ortasında irəliləyən qoca burnunun ucuna baxaraq, "maşallah, bunlarla dağı yerindən oynatmaq olar" düşünərək, ötən yüzilin doxsanıncı ilində Azadlıq meydanındakı mitinqləri xatırlayıb qürur hissi keçirdi. Ancaq arxadakı tələbələr gəlib sürətlə onun yanından ötəndə, nə qədər cəhd etsə də, boyca ondan qat-qat balaca və cılız tələbələrlə də ayaqlaşa bilməyəndə "qocalıq buymuş..." düşünərək kədərləndi. Gənclərin əksəriyyətinin siqaret tüstülədə-tüstülədə tələsik addımladığını görəndə "ciyərləri çiçək ləçəyitək tər-təmiz, təravətli olan bu uşaqlar səhər-səhər bəlkə nahar da eləməyiblər..." təəssüf hissi keçirən qoca, ağappaq siqaret kötüklərinin hara gəldi atıldığını görəndə, yeniyetmə çağında kənddə adicə yeldən ələnib yamyaşıl çəmənliyə tökülmüş tutları xatırladı. Zəhərli zibil tör-töküntüsünü cənnət meyvəsinə bənzətdiyindən əsəbiləşərək özünü qınadı.

Texniki Universitetə az qalmış qəzet köşkündən azca aralı dayanmış qızla oğlan diqqətini çəkdi. Onlara çataçatda oğlan siqaretin kötüyünü yamyaşıl qazon döşənmiş otluğa atdı. Qoca onlarla üzbəüz dayanıb gülümsəyərək "sabahınız xeyir" - dedi. Onların diqqətini çəkib inandırmaq üçün yalandan "mən Almaniyada oxumuşam, psixoloqam" söyləyib sözünə davam elədi: - Bir-birinizə çox yaraşırsınız, Allah sizi xoşbəxt eləsin... - söyləyəndə qızın yanaqları qızardı. Qoca, "Qızım..." deyib oğlanın qolundan tutaraq: - Heç bilirsənmi bu oğlan səni nə boyda istiyir... Sənin bir arzun, bir istəyindən yana ölümə getməyə də hazırdı. Bəs sən onu, niyə az istiyirsən? - deyib, sanki təəssüflənərək başını buladı, - Səni dəlicəsinə sevən, bu yaraşıqlı oğlana niyə indiyəcən "ya siqareti at, ya məni" deyib tərgitdirməmisən?.. - başını aşağı dikmiş qızın yanaqlarının od tutub yandığını görən qoca, gülümsəyən oğlanı ehmalca çəkib, alçaq taxta çəpərə alınmış yamyaşıl qazon otluğun yanına gətirdi, hələ də tüstülənmədə olan siqaret kötüyünə barmağını tuşlayaraq: - Götür, gəl, - dedi. Oğlanın duruxduğunu görəndə - Sən gedib götürməsən, mən... - söyləyib ayağını qaldıraraq hasarı aşmaq istəyəndə, oğlan cəld adlayıb atdığı siqaret kötüyünü götürüb geri qayıtdı. Qoca yenə onun qolundan mərhəmcəsinə tutub yüngül təmasla dartıb qızın yanına gətirdi: - Babanın sözünü yerə salmadığına görə Allah razı olsun. Tərbiyəli ailədə böyümüsən, üz-gözünnən, görkəminnən mədəniyyət yağır... Sənnən bir xahişim də var. - Siqaret kötüyünü yola, otluğa, qazılmış çalaya, necə deyim, hara gəldi heç vaxt, heç vaxt atma. Görsən, küçədə heç kim yoxdu, sənə kimsə baxmır, yaxud görsən hamı çəkib yerə atır, sən atma, mənim balam, zibil yeşiyi tapanacan... işdi tapmasan, lap evinizəcən apar, axı heç ağır da deyil, iki-üç qram ola-olmaya, yerə atmamağı özündə vərdiş elə, yaxşımı? - deyəndə bayaqdan sakitcə dinləyən, sifətini günah və utancaqlıq bürümüş oğlan razılığını bildirərək başını tərpətdi. Qoça əlini yuxarı qaldıraraq gülə-gülə: - Di sağ olun, Allah sizi qorusun! - deyib şən ovqatla yoluna davam elədi. Həmin gün sevincdənmi, yoxsa qocanın göstərdiyi xeyirxahlığın əvəzinə İlahidən bağışlanan mükafatıydımı, aylardan bəri qoca tablolarında verə bilmədiyi məsafə-perspektiv fəndini tapdı. Müxtəlif xarakterli, müxtəlif rəngli, səsli-küylü boyaları bir-birinə qovuşdurmağın öhdəsindən də gəldi. Erkək-dişi cütləşməsindən doğulan üçüncü fərd, yeni varlıq kimi, ağla qaranın, qarayla sarının, sarıyla yaşılın... qovuşmasından yeni boyaların zühur etdiyini gördüyündən həmin gün vaxtı unudaraq saat doqquza işləyəndə nəşriyyatı tərk elədi...

Həmin gün oğlana mehribanlıqla dediyi şirin, qılıqlı, nəsihətamiz sözləri altı ay ərzində qoca gündə ən azı beş, bəzənsə altı-yeddi adama söyləmişdi. Bu müddətdə təkcə bir günün içində iki nəfərlə əməliyyatı baş tutmamışdı. Birinci uğursuzluğu səhər tezdən Bəxtiyar Vahabzadə küçəsinin aşağı qurtaracağı, Beynəlxalq Bankın yanından sağa dönüb üzüyuxarı, "Elmlər" metrosuna sarı qalxanda baş vermişdi. Hüseyn Cavid prospektinə çatana qədər küçənin müxtəlif yerlərində qazıntı aparıldığından və bir dənə də zibilqabı olmadığından (Diqqət! Diqqət! Şəhərlərimizin, rayonlarımızın küçələrində, parklarında milyonlarla zibil qutusuna ehtiyac var. Oliqarx və iş adamları, onu ya özünüz istehsal edin, ya da xaricdən gətirib iki-üç qat artığına sırıyın bu zavallı xalqın canına, qazanc yeri xirttəkdən, tələsin!..) çalalar, torpaq təpəcikləri kimi piyadalar üçün yol da siqaret kötükləri, salfet və cürbəcür kağız-kuğuzla, kəndir-parça qırıqlarıyla, plastik butulkalarla... doluydu. Ağacların budağındasa ağaran boş selofan torbaları məğlub ordunun ağ bayrağıtək yellənirdi. Tünd-mavi cins şalvarda, gözoxşayan narıncı dəri gödəkcədə əlli-əlli beş yaşlarında ucaboy, qısa, çal saqqallı, yaraşıqlı kişinin kurtkasının cibindən çıxardığı siqareti alışqanla yandırdığını görəndə qocanın "beləsi söz götürməz... ancaq bu eleqant görkəmli kişiyə siqaret çəkmək yaman yaraşır. Siqaretin təbliği üçün əsl reklamlıqdır. Yeniyetmələr, gənclər beləsini görəndə siqaret çəkməyə necə həvəslənməsin..." fikir ağlından keçsə də, sövq-təbii sürətini artırıb ona yaxınlaşdı. Cavid prospektinə çatanda işıqfor qırmızı-qanlı gözünü bərəltdi. Modelə bənzər kişinin əlindəki siqaret qısalmışdı. "Bir-iki yol sümürüb atacaq...". Prospekti adlacaq sola dönüb Bəxtiyar Vahabzadə küçəsini keçərək metronun qarşısına çatdı, son dəfə siqaretini sümürdü, qolunu aşağı endirməklə əlindəki siqaret artığını etinasız yerə buraxdı. Qoca onun qolundan ehmalca, çəkinə-çəkinə yapışdı, model adam bir an ayaq saxlayıb, boyca öz çiynindən də aşağı olan qocaya çəpəki, təkəbbürlə baxanda "bu, mənnik deyilmiş, gərək saxlamayaydım" qocanın ağlından keçsə də, həyəcan içində tez-tez: - Sizdən bir xahişim var... Bəlkə də bunu sizə demək yersizdi. Görkəminizdən ziyalı, mədəni, etikalı insana... Deyəsən, fikirliydiniz... - qocanın təşvişlə, dolaşıq cümlələr işlətdiyini görəndə, adam sakitcə: - Siqaretimi deyirsiz? - söyləyib addımını atanda qoca uşaqsayağı: - Bəli! Bəli! Mən əminəm ki, fikirliydiniz... - deyəndə adam əlini yelləyərək etinasız, bir az da təkəbbürlə bircə kəlmə "Əşşi..." söyləyib metroya sarı addımladı. Qoca nəşriyyata çatanacan, "ancaq kübar görkəmi vardı. Bəlkə rəssamıydı... bəlkə fizika elmləri doktoru... baleron kimi şivərəkdi... bəlkə də Allah ona yalnız yaraşıqlı görkəm verib, içi boş, mənasızın biridi...". Həmin gün molbertin arxasında saatlarla həvəzsiz, ruhsuz işləyəndə də model adam, onun dediyi "əşşi" sözünün mənası, yozumu barədə nə qədər baş sındırsa da "mənə dərs deyənimə bax... bircə sən çatmırdın... rədd ol başımnan... saqqal darağımız çatmırdı... " bir nəticəyə gələ bilmədi.

Həmin gün axşamüstü işdən çıxıb Akademiya bağına çatanda papağının uzun dimdiyi göyə tuşlanmış, uzun qollarını yellədə-yellədə, əlində siqaret bir gəncin onun yanından yel kimi ötüb-keçdiyini gözü aldı. "Metroya tələsirsə, ya "bərədə", ya da metro binasına girhagirdə siqareti yerə atacaq", qoca əvvəlcə addımlarını yeyin atmağa başladı, ancaq aralarındakı məsafənin getdikcə çoxaldığını görüb taytıya-taytıya qaçıb, İvan Mixayloviç Seçenov adına Birinci Moskva Dövlət Universiteti Bakı Filialının hasarı boyunca şığıyan həmin gəncə güclə özünü yetirdi. Onun qolundan tutub üç-dörd addım arxada qalmış siqaret kötüyünə sarı çəkəndə çaşqın, devikmiş halda sağına-soluna baxan oğlan azacıq dartınaraq: - Nə olub? Hara? - soruşanda, bəzək kollarının dibinə atılmış siqaret kötüyünə barmağını tuşlayaraq: - Xahiş edirəm götür, - qoca dedi. Oğlan yenə də təşviş içində sağını, solunu gözdən keçirərək "Ayıbdı..." - dedi. - Sən götürməsən, baban yaşdayam, mən götürəcəm - deyib əlini oğlanın qolundan çəkdi, bir addım atıb kolun dibinə əyiləndə, çanavar ağzından qurtulub qaçan dovşan kimi oğlan metroya sarı götürüldü... "Tələsik oldu... ağıllı, mədəni, tərbiyəli, alicənab, xeyirxah... olduğunu boynuna qoyub boş damarını tutmağa vaxt çatmadı...".

Universitet hasarının qurtaracağı qocanın son zamanlar kəşf elədiyi "Bərə" yeriydi. Metroya sarı gedərkən hasar boyu qırx, doxsan-yüz addımlıq yolun solunda yamyaşıl bəzək kollarına söykəli ağzıaçıq kisələrdə ceviz, fındıq, badam ləpələri, ərik, gavalı, kişmiş, meviz çərəzləri... azca aralıda enli faner üzərində cürbəcür şüşə, saxsı, farfordan qab-qacaqlar... quruca asfalta sərilmiş adyal üstündə ucuz, güllü baş örtükləri, cürbəcür qadın geyimləri... sağ tərəfdə, yenə də dördayaqlı enli faner taxtası üzərində çeşidbəçeşid kasıb malı Çin qol saatları, cürbəcür gözlüklər, onun yaxınlığında yenə faner parçası üzərində, eyni ölçüdə, elə bil dəzgahdan çıxmış, oval formada sapsarı heyva qalağı, ondan aralı naringi, apelsin qalağı... Bunlardan hər birinin ətrafına toplaşanlar, işdən çıxıb evə gedən universitetlərin qadın müəllimləri, Akademiyanın qadın elmi işçiləriydi. Bu Bərə yerini kəşf etdiyini, itmiş oyuncağını tapdığına sevinən uşaq kimi qoca arvadına: - Səhər tezdən sel kimi axıb-gedən gənclərlə birgə addımlayanda yaşımı unuduram, onlardan güc, enerji alıram... ancaq onlar arxadan gəlib yanımdan yel kimi ötəndə, quş kimi uçub gedəndə, onlarla ayaqlaşa bilməyəndə kədərlənirəm. Sözüm onda deyil, innən belə siqaret çəkənin ardıyca qaranəfəs qaçan deyiləm. Ovçu kimi ovumu, kəşf elədiyim Bərədə yaxalayacam. Metroya tələsənlərin hamısı siqaretini orda, ya da metronun qapısı həndəvərində atır, - danışanda arvadı ucadan: - Bəxtəvər başıma! Allah adamı son eybindən saxlasın. A kişi, deyəsən, sənin başın doğrudan da... barmağını gicgahına qoyaraq hikkəylə sözünə davam eləmişdi: - nəşriyyatda sənə boş yerə dəli demillər... Qoca gülümsünərək: - Onların deməyinnən mən dönüb dəli olmuram ha, desinnər də...

- Gündə üç-beş adama dərs keçməklə zibilləmənin qabağını alassan? Onnansa televizora çıx, dediyini biryolluq hamı eşitsin...

- İndi yalan üfürənləri, məddahları televizora çağırıllar. Ona görə televizora baxan yox... tək-tük baxanlar da deyilənlərə inammır...

- Yox e, atam kiminsə atdığı siqaret kötüyünü ömründə əyilib yerdən götürməyi şəstinə sığışdırmazdı...

- Atana Allah rəhmət eləsin, o, rəsmi, sovet dövrünün adamıydı, içinnən əl-qolu qandallı, ayağı buxovlu partiya işçisiydi, özün demirdinmi, hər gün köynəyini dəyişir... fasilədə nahar eləməyə gələndə, şalvarını ikinci dəfə ütülətdirir...

- Heç ən görkəmli, şöhrətli, mədəni yazıçımız, şairimiz, bəstəkarımız da hansısa avaranın atdığı siqaret kötüyünü əyilib yerdən götürməyi özünə sığışdırmaz...

- Ay sağ ol, təkcə onlar yox e, heç bütün rektorlarımız, icra başçılarımız, nazirlərimiz, deputatlarımız... əyilib götürə bilməz. Onların gördüyü böyük iş-işdəyi, əməlləri mən bacarmadığım kimi, onlar da, böyük bir ordudu e, təsəvvür edirsənmi... mənim gördüyüm bapbalaca işin öhdəsindən gəlməyi bacarmazlar. Əslində, mənimlə fəxr eləməlisən... - demişdi.

...Bu gün evlərindən xeyli aralıdakı marketdən bazarlıq etməli olduğundan Bərədə dayanmadı. Bugünkü normasını, yəni beş adamdan birini də dilə tutub yerə atdığı nəyisə götüzdürə bilməmişdi. "Sabah bu günün də əvəzini çıxaram...". Dünən tezdən işə gedərkən modelə bənzər kişiylə, axşamüstü işdən qayıdarkən papağının dimdiyi göyə tuşlanmış gənclə başına gələn əhvalatı bütün xırdalığıyla evdə danışanda qadını daş atıb baş yardı. - Metronun yanında bu qədər dayanırsan, gec-tez səni tanıyacaqlar. Az-çox adın-sanın var. Qəzetdə oxuyacaqlar, sosial şəbəkədə paylaşacaqlar, televizorda göstərəcəklər. Qonşular, qohum-əqrəba yanında biabır olacağıq. Deyəcəklər, başı xarab olub, küçə-bacanın siqaretini, zir-zibilini yığır...

- Desinlər də, kiməsə sataşmıram, kiminsə haqqını tapdalamıram, cibə girmirəm, xalqın malını, milyonlarını talamıram...

- Yaxşı, bunlar cəhənnəmə, bir dəli qabağına çıxıb bıçağı qarnına soxanda...

- Narahat olma, mənim silahım qocalığımdı. Daha doğrusu, qocalığım qalxanımdı... Qocalığım bir yana. Sən arının, kəpənəyin gül-çiçəyin başına ehtiyatla necə hərləndiyini, üstünə necə məhrəmcəsinə, istəklə-sevgiylə qonduğunu görmüsənmi. Bax mən o hava, o ovqatla gənclərə yanaşıb qolundan tuturam. Ballı sözlərimi ana nəvazişiylə onlara yedirdirəm...

Statistika İdarəsinin yanınca addımlayanda ayaq səslərinə geri döndü, sir-sifətindən zəhm yağan qırx beş-əlli yaşlarında, əlində siqaret bir kişinin asta-asta gəldiyini gördü. "Bunu güdümmü? Beləsi adamı təhqir edə bilər, adamın qocalığına, ağsaqqallığına da baxmaz. Yox e, həmişə uşaq-muşağa girişirsən, bir yol da beləsiylə dil tap... Axı, bu gün bir nəfərə də dərs keçməmisən...". Ayaq saxlayıb cibindən çıxardığı telefona baxdı. Adam, bir əlində qulağına söykədiyi telefon, o biri əlində siqaret asta yerişlə gəlib onun yanından ötdü. Marketin tuşuna çatanacan siqaetini çəkib qurtarmadı. Uzun-uzadı danışdığnı görəndə qocanın hövsələsi daraldı. "Zibilqabının yanındadırsa, yerə atmaz...". Səhər tezdən xəstə arvadının "günortaya bir qırıq çörək qalıb" dediyini xatırlayaraq marketə tələsdi. Qapının ağzında qanrılıb geriyə baxanda hələ də telefonla danışan adamın siqareti yerə atdığı gözündən qaçmadı. Qoca tələsik onun yanına qayıtmaq istəyəndə, adamın gəldiyi yolla ağır-ağır geriyə addımladığını gördü. "Yox, baş tutmadı, telefonla danışmasaydı... Eybi yox, sabah Bərədə beş-altısını yaxalasam, bu günün də əvəzini çıxaram...". Qoca qara çörək bir banka badımcan kürüsü və xaş üçün doğranıb vitrinə qoyulmuş mal dırnağını alıb qapıdan çıxanda zibil yeşiyindən əlli-altmış addım aralı "Qazel" maşınının önündə dayanıb hələ də telefonla danışan həmin adamı gördü. "Atonnan çərənçi yiyəsi, bu qədər danışmaqmı olar? Nə olar, olar, dil tapmağa cəhd edim...". Yolunu zibilqabının yanından saldı, yerdəki siqaret kötüklərinin arasında adamın bahalı qara siqaretinin kötüyünü tanıdığına sevinərək götürdü. Tərəddüdlə addımlayaraq gəlib adamın yaxınlığında ayaq saxladı. Cibindən telefonunu çıxarıb qulağına tutaraq astadan "danışmağa" başladı. Adam, telefonu qulağından aralayanda qoca yaxınlaşıb doğmalıq sirayət edən təbəssümüylə (arvadının dəfələrlə - sən gülümsəyəndə bambaşqa adam olursan, ən qəddar-sərt adam da yumşalıb muma dönər, - dediyini xatırladı) ona salam verdi. Adam başını tərpətməklə salamı aldı. - Bağışlayın, xəstə qocanın sizdən bir xahişi var, - dedi, adamın onu başdan ayağa süzdüyünü görəndə tələsik: - Narahat olmayın, pul istəmiyəcəm, - deyəndə adam gülümsünərək "nə olar istəyəndə..." söylədi. "O qədər də sərt deyil, buna "alman dərsini" keçmək olar. Hardan, necə başlayım... boynuna nə qoyum... yüzlərlə adama dediyim sözləri "böyük insan, xeyirxah, intellekt-ziyalısınız..." deyim." Fikir qocanın ağlından ani keçdi. - Biz bayaq birgə gəlib burda ayrıldıq, mən marketə sarı, sizsə, - o, əlini aralıdakı küknar ağacına tuşlayaraq, - oraya getdiniz. Mən marketə girəndə çevrilib ani sizə baxdım. Telefonla danışırdınız, deyəsən, bir az da əsəbiydiniz. Sözümün canı var... "oğlumdan eşitdiyim "alman dərsi"ni öz adımdan desəm, günaha batmaram..." - Dağlardan Qəbələyə su kəməri çəkirdik. Təpəlikdən, çınqıllıqdan, meşədən, kol-kosluqdan keçirdik. Gün ərzində yeyib-içdiyimizin artıq-urtuğunu hara gəldi atırdıq. Aramızda bir donqar alman mühəndisi vardı. Təsəvvür edin o, yediyi kolbasanın soyulmuş pərdəsini, tez-tez çəkdiyi siqaretin kötüklərini, əlini sildiyi salfet dəsmallarını, yediyi dondurmanın boş qabını, (oğlu dondurma deməmişdi, bunu özündən artırdı) çeynədiyi saqqızın kağızını toqqasından asdığı selofan torbasına yığaraq rayona gətirib oteldə zibilqabına atdı. O, bircə kəlmə işlətmədən hamımıza sözsüz-savsız, səssiz, heç vaxt yaddan çıxmayan alman dərsi keçdi. Başağrısı olmasın, sizi yordum...

- Niyə ki, maraqlı söhbətdi. Ancaq məndən nəsə soruşmaq istəyirdiniz... - Hə, üzə demək olmasın, siz çöldən də, içdən də, mənim üçün o almannan da mədəni, intellektsiniz... üstəgəl, axı mən psixoloqam, siz nəcib, hissiyyatlı, həm də səxavətlisiniz... - deyib siqaret kötüyünü ona sarı uzadaraq tələsik sözünə davam elədi, - mən əminəm, bayaq telefonla danışanda, kimsə sizi əsəbiləşdirdiyinə görə bunu qeyri-ixtiyari yerə atdınız. Götürün, söhbət edə-edə gedib zibilqabına ataq.

Ayrılanda qoca sevinclə, gülə-gülə onun sıxdığı əlini doğmalıqla bərk-bərk silkələdi. Bu vaxtacan söhbətləri tutub dostcasına ayrıldığı yüzlərlə adama dediyi xahişi ona da söylədi: - Sizə ərklə dediyimi, xahiş edirəm, siz də heç olmasa, ən azından bircə nəfərə söyləyin...

- Baş üstə... - altı ay ərzində birinci dəfə olaraq görkəmcə sərt, nisbətən yaşlı adamı ram etdiyinə, etibarlı dost kimi ürəkdən ona söz verdiyinə görə qoca bərk sevindi, ani də olsa, xoşbəxt oldu. Bugünkü uğurunu arvadına danışmaq üçün qıvraq addımlarla evə tələsdi.

Yanvar-fevral, 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!