Hekayə
Həqiqət mütləqdir, birdir və hamı üçündür.
Lakin hər kəsin də özünün olan bir həqiqəti mütləq var.
Bəzən hər kəsin həqiqətinə baxmalı olursan ki, hamının həqiqətini görə biləsən.
Bizim hekayəmizdə olduğu kimi.
Oğlan iki gündür nişanlanıb və üçüncü gecə düşməmiş hamamlanıb, ətirlənib, bəzənib... nişanlısının görüşünə getməyə tələsir.
Son dəfə aynada özünə razılıqla baxıb, otağın o başında açılmış divandakı yatağa sarı çönür.
- Necəyəm? - soruşur.
Yataqda bir qoluna yüklənib yarıuzanmış və yarıyuxulu gənc qadın bezginliklə zarıyır:
- Minnəti olsun. Gül kimisən.
Qadının yanındakı bələyin içindən körpə də anasının sözünü təsdiq edirmiş kimi başını tərpədib dodaqlarını marçıldadır. O da yarıyuxuludur.
Oğlan yenə aynaya baxır, razılıqla gülümsəyib ağzının ortasından soluna doğru düzülən qızıl dişləri parıldadır.
Bu vaxt otağın qapısı açılır və evə əlində xeyli bıçaq, şiş və daha nələrsə tutmuş yaşlı bir qadın, qadınla birlikdə də xeyli səs-küy daxil olur.
Yataqdakı gənc qadın deyinir:
- Noldu bu Ay, buraxmadılar? Baş-beynimiz getdi daha.
- Buraxacaqlar, az qalıb, - qadın deyir və yatağa yaxınlaşır, - qaldır uşağı görüm.
Gənc qadın narazı sifətlə yerinin içində oturub körpəni də qucağına alır.
Yaşlı qadın döşəyin baş ucunu qaldırıb altına bir-iki bıçaq düzür, bıçaqların arasına bir tikə çörək qoyur, şişi də lap başdan eninə yataq boyunca uzadıb döşəyin ucunu buraxır. Üstdən yatağı əlləri ilə bir də yaxşıca sıxıb rahat olmasından əmin olandan sonra gənc qadının üzünə baxır:
- Qoy indi yerinə.
Gənc qadın bələyi döşəyin üstünə qoyub üstünü örtür.
Yaşlı qadın ona mane olur:
- Dayan! - yaşlı qadın jaketinin nəhəng cibindən nəsə çıxarıb körpənin üstünə əyilir, körpənin bələyinə iri bir sancaq ilişdirir, - bismillah...
- Ana, mən daha gözləyə bilmirəm, getdim, - oğlan hövsələsiz səslə telefondakı saatına baxıb qapıya sarı çönür.
- Sən də dayan! - yaşlı qadın körpədən ayrılıb oğlana sarı gəlir, onun qarşısında dayanıb gödəkçəsinin yaxasını aralayır, köynəyinin cibinin içində qurdalanmağa başlayır.
- Ayy! - oğlan qəfil ağrıdan diksinmiş kimi bağırır.
Oğlanın səsinə körpə də diksinib ağlamağa başlayır. Gənc qadın hirsindən bələyi dartışıdırıb özündən kənara itələyir.
- Başladı da yenə! Başladı!
Körpə daha ucadan ağlamağa başlayır.
Oğlanın mobil telefonuna zəng gəlir. Oğlan telefonun ekranına baxıb hövsələsiz halda yaşlı qadının əlindən qurtulmağa çalışır.
- Ana, yaxşı da, əl çək bu sancaqdan.
- Bağlanmır axı zəhrimara qalmış...- yaşlı qadın dişlərini bir-birinə sıxıb oğlanın köynəninin cibində bir az da qurdalanır, - batacaq axı sənə...aha, şükür, bağladım.
Yaşlı qadın oğlanın yaxasını səliqəyə salıb bir addım geriyə çəkilir, fəxrlə ona və yataqda ağlayan körpənin bələyini bezgin halıyla silkələyən yarıyuxulu gənc qadına baxır, - Allah sizi mənə çox görməsin, tfu, tfu pis gözlərə! Bir də sizi bu qırx gündə cinlərdən qoruya bilsəydim...
Oğlan
Qəribə məxluqlardı bu cinlər. Başa düşmürəm ki, bizdən nə istəyirlər.
Anam deyir ki, onlar təzə doğmuş qadınlara, təzə doğulmuş körpələrə, təzə nişanlanmışlara, təzə evlənmişlərə nə olursa-olsun, xətər yetirməyə çalışırlar. Deyir, gah gözlərinə əcaib hallarıyla görünüb qorxudurlar, gah başqa adamların cildinə girib onları aldadıb aparırlar, gah da insan səsiylə çağırırlar ki, hay verəsən, yaxınlaşasan. Elə bacımı da buna görə bizə gətirib. Bacım təzə doğub axı. Cəmi altı gündür. Anam onu körpəsiylə bizə gətirib ki, cinlərdən qoruya bilsin. Bundan əvvəlki körpəsini cinlər altı axşamında oğurlayıb aparmışdılar. Bacım səhər ayılıb körpəni yanında görməmişdi, qışqırıb ərini oyatmışdı. Hamılıqla bütün evi, həyət-bacanı axtarandan sonra körpə yatağın altından ölü halda tapılmışdı, bələyindəki sancaq da açılıb sinəsinə batmışdı. Yadımdadır, bacım o vaxt dəli kimi olmuşdu, hətta ərinin ailəsi onu gətirib üstümüzə atmışdı, deyirdilər ki, cin vurub, daha bundan adam olmaz. Anam o vaxt atamızdan qalma "Moskviç"i dəyər-dəyməzinə satdırdı, pulunu qonşu rayondakı cindar arvada verdi, cindar arvad da bacımı sağaltdı, hələ bacımın ərigil üçün də elə bir qələm vurdu ki, özləri gəlib gəlinlərini evə apardılar.
Hekayənin ardı
Həyətdə bir dəstə uşaq var. Onlar evin qarşısındakı kiçik dairədə ora-bura qaçışa-qaçışa, sağ əllərindəki çömçə və kəfkirlərlə sol əllərindəki qazan və tavaların arxasına döyür, yarıqorxu-yarımaraq içində qışqırışırlar.
- Cinlər, Ayı buraxın! Cinlər, Ayı buraxın!
Oğlan evdən çıxıb onların arasından keçərək həyət qapısına doğru addımlayır. Yeriyərkən başını qaldırıb göyə baxır. Ay göyün üzündə bulanıq qan-qara rəngində görünür. Göyün üzündə qara buludlar sürətlə hərəkət edir, sanki onları kimsə qabağına qatıb ayın üstünə qovur. Uzaqlarda şimşək çaxır. Oğlan üzünü uşaqlara tutur.
- Dağılışın gedin evlərinizə, indi yağış yağacaq.
Uşaqlar onu eşitmirlər, çömçə və kəfkirləri qazan və tavalara döyməyə davam edirlər:
- Cinlər, Ayı buraxın!
Oğlan hirslənir:
- Sizinlə deyiləm? - Evə sarı işarə edir, uşaq səsinizdən yata bilmir!
Oğlan heç kimin ona məhəl qoymadığını görüb, hirslə əyilib yerdən nəsə tapıb uşaqlara atmaq üçün axtarır. Heç nə tapa bilməyib başını qaldıranda qarşısında qəfil peyda olan qara kölgədən diksinib bağıraraq kənara atılır. Uşaqlar onun bağırtısından hürküb, səslərini kəsirlər və qorxa-qorxa oğlana sarı baxırlar.
- Bismillah! - Qara kölgə oğlanın yanına cumub əlini onun başına və buduna vurmağa başlayır, - bismillah, bismillah...
- Nənə, dəli elədin ki məni! - oğlan tərs-tərs qara kölgəyə baxır, - Elə bil...
- Cin sənin anandı, köpəyoğlu, - qara kölgə qımışa-qımışa oğlana, sonra da uşaqlara baxır, - gedin yatın daha, səhər məktəbə gedəcəksiz, - üzünü göyə tutur, - Ay da daha görünmür, bulud örtdü.
Uşaqlar bir gözləri göydə, qorxa-qorxa öz aralarında astadan pıçıldaşa-pıçıldaşa çıxıb gedirlər.
Qara kölgə oğlana baxır:
- Görürsən də, bütün qüvvəmi səfərbər eləmişdim Ayı qurtarmaq üçün. İnşallah, köməyi oldu, - göyə baxır, üzünə yağış damlası düşür, əliylə silib üzünü oğlana tutur, - Sən nahaq bu axşam ora gedirsən. Nə xəbərdi? Dünən adaxlamısan da hələ! - hikkə ilə evə sarı baxır, - adaxlın da yəqin xalasına oxşayıb. Anan da atanı belə gecə yollarına sala-sala çərlətmişdi axı. Yazıq Cəfər... cinlər boyun-boğaz qoymazdılar uşaqda, hər gecə sümürüb qaraldıb buraxardılar.
Qara kölgə dərin bir ah çəkib qara nəhəng yaylığına bürünərək, uşaqların ardınca yollanır.
Oğlanın mobil telefonuna zəng gəlir.
- Gəlirəm, yoldayam, - cavab verib həyətdən çıxır.
Qara kölgə
Qəribə məxluqlardı bu cavanlar.
Nə böyük bilirlər, nə kiçik. Heç biri də sözə qulaq asmır. İki saat düşdüm məhəllənin canına, heç kimi evindən çıxarda bilmədim ki, qazan döyüb cinləri qorxutsunlar. Öz uşaqlarım da televizorun qabağından durub səsimə hay vermədilər. Allah yenə bu balaca nəvə-nəticədən razı olsun, hamısı bir nəfər kimi qab-qacaq götürüb həyətə düşdü. Yazıq Ay. Nə günə qalmışdı. Cinlər yaralayıb al qana boyamışdılar onu. Nə qədər ağladım, ay Allah...
Ay
Qəribə məxluqlardı bu yerdəkilər.
Nə məni tanıyırlar, nə də özlərini.
Zəhləmi töküblər lap.
Hekayənin ardı
Oğlan qaranlığın içində o yana-bu yana baxa-baxa irəliləyir.
Hərdənbir kənardan bir çıppıltı, bir şaqqıltı səsi gələndə qəfildən diksinib əlindəki telefonun işığı ilə ətrafına işıq salmağa çalışır, dodağının altında nəsə pıçıldayır. Pıçıldayanda ağzının solundakı qızıl dişlər qəfil parıldayıb havada sallanıb yellənən işıldaquşu xatırladır.
- Bismillah, bismillah, bismillah... - oğlan fasiləsiz pıçıldayır.
Oğlanın mobil telefonuna zəng gəlir, qəfil zəng səsindən oğlan diksinib içini çəkir və telefon əlindən düşür.
Oğlan qorxa-qorxa qaranlıqda əyilib telefonunu axtarmağa başlayır.
- İt qızı! Min dəfə zəng eləyir e, min dəfə! Qoy çatım, qoy gedim onlara çatım, şilləni nətəhər qoyacam ha ağzının üstündən heyvan balasının!
Bu vaxt şimşək çaxır və oğlan qarşısında iri bir həsir zənbil görür.
- Bismillah! - oğlan bağırıb qaçmaq istəyəndə ayağı nəyəsə ilişir və yıxılır. Bu vaxt telefon zəng çalır, oğlan telefonun işığını görcək, sürünüb onu yerdən qaldırır və işığı zənbilə sarı yönəldir. Ona elə gəlir ki, zənbildən pişik miyoltusu gəlir.
Oğlan bir də bağırıb ildırım sürətilə ordan uzaqlaşır.
Oğlan
Qəribə məxluqlardı bu pişiklər.
Nənəm deyir ki, onların gözlərinin içinə baxmaq olmaz, adam qorxudan dəli ola bilər. Deyir, cinlər ən çox pişik cildinə girirlər. Ən çox da gecə vaxtlarında.
Nənəm heç vaxt evdə pişik saxlamır, anamla da davaları ən çox anamın pişik saxlamasına görə olur. Anam hər dəfə hardansa bir pişik tapıb evə gətirən kimi nənəm bir həftə deyinir, sonra da anamın evdə olmadığı ilk fürsətdəcə pişiyi torbaya qoyub kəndin başındakı kanala atır.
İndi bu zənbildə də Allah bilir kim kimin pişiyindən bezib, gətirib atıb bura. Bəlkə də elə balalamış pişikdir. Yəqin erkək balalarını kimsə götürüb, dişiləri anaları ilə birlikdə gətirib atıblar. Nənəm deyir ki, dişi pişikləri harda görsən, öldürmək lazımdır, artmasınlar...
Dişi pişiklər
Qəribə məxluqlardı bu erkək pişiklər. Hər yerdə hörmətləri var. Dünyaya gələn kimi adamlar gəlib onları seçib evlərinə aparırlar. Dişi pişikləri isə ya öldürürlər, ya da meşəyə, dağa aparıb azdırırlar. Orada da bizi adamların əlindən canını qurtarıb sərgərdan gəzən dişi itlər tapıb parçalayır. Ahh... neyləsinlər, onlar da bizim kimidirlər, arzuolunmazdırlar...
Dişi itlər
Qəribə məxluqlardı bu dişi pişiklər. Özlərini kimə-kimə, bizə tay hesab edirlər. Deyirlər ki, biz də onlar kimiyik. Amma biz heç vaxt öz balalarımızı özümüz yemirik. Yeyəndən sonra da hələ arsız-arsız etdiyimizin adını "çox istədiyimdən yedim" qoymuruq. Ehh... qədrimizi kim bilir ki?
Hekayənin ardı
Oğlan kəndin sonuncu evindən də aralanıb, əkin sahəsinin kənarındakı yolla, qorxu içində yol gedir. Telefonla danışır.
- Yaxşı ki, zəng elədin. Telefon əlimdən düşmüşdü. Amma daha yığma. Telefon sönəcək, qalacam qaranlıqda... yox e, dəlisən, nədən qorxacam? Cin vurar? - gülür, - Cin qorxsun ki, mən onu vuraram birdən.
Qəfil şimşək çaxır və ardınca göy guruldayır.
Oğlan telefonu cibinə basıb çiyinlərini qısaraq addımlarını sürətləndirir.
Bu vaxt hardansa yaxınlıqdan qulağına körpə ağlaması gəlir.
Oğlan ayaq saxlayıb telefonu çıxarır, ətrafına işıq salıb qorxa-qorxa yenə nəsə pıçıldamağa başlayır.
Körpə səsi daha ucadan gəlməyə başlayır və oğlan yerində donmuş halda dinləyir.
- Bismillah, bu nədi belə... uşaq səsidi bu?
Yenə şimşək çaxır və ətraf daha çox işıqlanır, ardınca daha güclü göy gurultusu gəlir.
Oğlan telefonu cibinə basıb cəld əlini köynəyinin döş cibinə aparır, anasının taxdığı yekə sancağı açıb əlində tutur və ətrafa baxa-baxa yerində fırlanmağa başlayır, sanki indicə gözəgörünməz bir orduya qılınc çəkərmiş kimi bir vəziyyət alır.
- Yaxın gəlmə! Gəlmə, sancacam sənə bunu! Bismillah! Sancacam, baxarsan!
Yenə şimşək çaxır, hər yan işıqlanır və göy guruldayır.
Oğlan qorxudan içini çəkir və bir az aralıdan ona sarı gələn yaşlı kişini görüb ürəklənir.
Yaşlı kişi yaxınlaşıb oğlana yazıq-yazıq baxır.
- Kimsən, ay əmi? Bizim kənddən deyilsən. Nə işin var burda?
- Desəm tanımazsan, yaxşısı budur soruşma. Gəl gedək görək o uşaq səsi nədi elə?
- Nə uşaq? Bu vaxt uşaq olar? Uşaq səsi deyil o, - oğlan təngnəfəs deyir, - cindi, uşaq səsi çıxardır. Adam aparmağa gəlib. Görmürsən, ay da tutulmuşdu, indi də bu leysan...
- Ay bala, mən qərib adamam, yolu-izi tanımıram, sən buralısan axı, gəl deyirəm baxaq səs gələn tərəfdə nə var, nə məsələdi.
Kişi oğlanın yanından səs gələn tərəfə sarı addımlayır.
Oğlan onun dalınca bir-iki addım atıb dayanır, bağırır:
- Sənə deyirəm ki, cindi. Getmə ora, vurar səni, qalarsan kəndimizin ayağında.
- Gəl kömək elə! - Yaşlı kişi bir də son ümidlə çönüb oğlana baxır.
Bu vaxt şimşəklə göy gurultusu eyni anda olur və oğlan bir də "bismillah" deyib ildırım sürətiylə ordan qaçır.
Yaşlı kişi çarəsiz halda oğlanın ardınca baxır.
Cin
Qəribə məxluqlardı bu insanlar.
Bütün axmaqlıqlarını bizim boynumuza yükləyirlər.
Kim harda vurulsa, kim harda qorxsa, kim dəli olsa, biz günahkar sayılırıq. Üstümüzə bıçaqla, şişlə, iynəylə, sancaqla gəlirlər.
Daha demirlər ki, heç də heç nə onların bildiyi kimi deyil.
Bax mən iki saatdır ki, bu yaşlı kişi cildinə girmişəm, kəndin bu yolundan keçən bütün adamlarının qabağını kəsirəm, kömək istəyirəm, "ordan uşaq səsi gəlir, gedək baxaq" deyirəm.
Amma... kimə deyirsən?
Hamısı bir nəfər kimi "cindir, adam aldadır" deyib qaçır.
Halbuki orda doğrudan da körpə uşaq var.
Anası axşam düşər-düşməz onu bir zənbilin içinə qoyub, gətirib bu yolun kənarında atıb, gəldiyi maşınla da çıxıb gedib.
Zənbildə bir şüşədə süd, əmzik, təmiz dəyişək, xeyli də pul var. Yəqin uşağın anası ümid eləyib ki, bu adamlardan kimsə bu körpəni tapıb evinə aparacaq.
Eh... kül mənim cin başıma. Kül başıma ki, mən insan deyiləm, adi bir cinəm və mənim əllərim insan balasını qucağına alıb qaldırmaq gücündə deyil... başqa cürəm mən, başqa cür, başa düşürsüz?
Hekayənin sonu
Yaşlı kişi zənbilin qarşısında diz üstə çöküb başını tutaraq hönkür-hönkür ağlayır.
Zənbilin içi leysan yağışla dolub.
Suyun üstündə uşaq əmziyi və yüzlüklər üzür.
Şimşək çaxır, göy guruldayır, leysan yağır...
Həqiqət
Boğuluram...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!