Bir ömrün arzu göyçəyi
Yasamal dağlarının ətəklərində qoyun-quzu otaran, əlinə maya salıb bu həndəvərin fermerlərinin birinə çevrilmək istəyən yetim Mayılın ağlına da gəlməzdi ki, günlərin bir günü adının qabağına "səs" ayaması uçub qonacaq. Ata-anasını avtomobil qəzasında itirmiş uşaq Yasamal ətəyindəki dədə-baba kəndində, baba, nənə himayəsində böyüməli olmuşdu. Onları da növbəylə kənd qəbiristanlığında torpağa tapşırandan sonra bir müddət nə edəcəyini bilməyib quzu kimi mələməyə başlamışdı. Xeyli müddət bir tək özünün eşidə bildiyi həmin mələrti bəlkə də Allah-taala vasitəsilə kəndin bir xeyirxahının da qulağına çata bilmişdi. Həmin xeyirxah bəndə də Şəmkirdən kəndlərinə toya gəlmiş ət Əli olmuşdu. Yetim bir az nəmər döşürsün deyə, tamada Süleyman onun ayağını kənd toylarına açıb hörmət və savab qazanmaq istəmişdi. Xanəndələr yorulub tərini silməyə hazırlaşanda bığ yeri tərləməmiş yeniyetməyə meydan verməyə başlamışdı. Uşağın mahnısının bu həndəvərin varlı-karlı, çörəkli adamının xoşuna gəldiyini görəndə Əli Ocaqqulu oğlu vasitəsilə ona çörək ağacı əkmək fikrinə düşmüşdü.
- Bu uşağı toylarda mən mələdirəm. Əvvəl ata-anasını, sonra da baba-nənəsini itirib yurdda tək qalıb...
Səhəri, yetimin mələrtilərini kəsmək üçün Əli kişi yolunu onun nənə, baba ocağına salmışdı. Özündən qabaq xeyli müddət bərəkətdən xapan qalmış həyətə bir xeyli qoyun-quzu buraxmışdı.
Sözə xəsislik eyləyən adam həyətdən gələn xeyirxahlığının mələrtilərinin müşayiətilə uşağa ürək-dirək verməyə xəsislik eləməmişdi.
- Qoyun-quzu bərəkətin ən artımlısındandı.
Çalışıb onlara meylini salsan, hənirtini hiss elətdirə bilsən az zamanda sürü sahibi olarsan. Amma həndəvərində eldən də, çöldən də canavarlar olduğunu yadında saxla. Vaxtlı-vaxtında yalquzaq dişlərinin şaqqıltısını eşitsən zərər çəkməyəcəksən. Sənə bir çoban iti də göndərəcəyəm, ətrafımızdakıların çoxundan vəfalı olan o heyvanın qiymətini bilsən qiymətini bildirəcəksən. Hərəniz bir tərəfdən eldən-çöldən sürüyə göz kəsiləcəksiniz. Bu tərəfin mal oğrularına təpinəcəyəm, sən tərəfə xain gözlə baxmasınlar. Amma dünyanın işini bilmək olmaz. Heyvanının bir-ikisi qayadan uçsa, bir-ikisi canavarın payına düşsə, damazlığın kəsilsə ayağını Şəmkirə yanıma qoyarsan.
Əli Ocaqqulu oğlunun bu həndəvərin halal ocaq adamlarından birinin əli də bərəkətliymiş. Göndərdiyi balaca çoban itiylə bərabər, ərməğanı balaca sürü böyüməyə, Yasamalın yaşıl yamaclarının bərəkət incisinə dönməyə başladı.
...Hələ cavanlığından qaraşın, suyuşirin Yelmarın adının qabağına, mənasına uyğun, ayama yapışdırmışdılar: qara gürzə. Gəncənin əsilli-nəsilli bir tayfasının əziz-xələfi olan həmin oğlan barmağını uzatmağıyla arzularına çatmağa başlamışdı. Onuncu sinifdə barmağını qızıl medala tərəf uzadıb qazanmışdı (ağzında qızıl dişləri var-dövlətinin rəmzi kimi parlayan atasının qızıldan qiymətli dostlarının, qızıla bərabər kəlmələri hesabına). Sonra həmin barmaq universitetin zirvəsi sayılan Hüquq fakültəsinə tərəf uzanmış və həmin ilin payızında sahibini həmin fakültənin birinci kursunda oturtmuşdu. Və nəhayət, barmaq sahibini müstəntiq kürsüsündə əyləşdirmişdi. Həmin zaman atası Qara Camal gələcək ağ günləri naminə oğluna nəsihətini lazım bilmişdi.
- A bala, bilirsən ki, azdan-çoxdan hər şeyimiz var. Sənin tutduğun vəzifənin hökmdən yeli, qazancdan seli də bəllidi. Amma hələlik inkişafını gözünün qabağına gətirib tamaha tət de. Bir kimsəyə nə barmaq silkələ, nə də ovcunu qaşındırıb rüşvət iştahasına düş.
Həmin nəsihət sonrası cavan müstəntiq ədalət keşikçisinə dönməyə çalışmışdı. Qabağındakılara hökmünün qılıncına bərabər barmağını silkələməmiş, onu demək olar ki, səsinin içinə köçürmüşdü.
Düzlüyünə arxayın adamın qabağındakılarının üstünə həmin barmaq, səs şəklində silkələnməyə başlamışdı. Və səs şəklində qıvrıla da bildiyindən bir növ ədalətin qara gürzəsinə də bənzəmişdi.
İş yoldaşları da bunu yavaş-yavaş görməyə və hüquqi qiymətini verməyə başlamışdı.
- Düz işləməyə düz işləyir. Amma təmənnasızlığını səsinin yelmar ilanına döndərib qabağındakı yazıqları az qala boğub o dünyalıq eləyir.
Bu şəkildə təmiz ad və ona uyğun oyama qazanmış gənc müstəntiq işlədiyi ucqar rayondan, bir az Gəncəyə yaxınına dəyişib, bir az da hökmünü artırmışdır. Atası Qara Camal da oğlunun ayağı dəyməmiş həmin rayondakı dostlarının birinə ayaqaçdı etdirmək istəmişdi.
- On beş yaşının tamamında, ad günündə qızıl tapança bağışlamışdın. İndi rayonunuza baş müstəntiq gəlir. Top-tüfənginin qabağında dura bilin görüm.
- Bizlərə dost gülləsi dəyməz, yan keçər. Amma dədəsi ayaq qoymasa, şəhərin girəcəyini top-tüfənglə kəsib onu içəri buraxmayacağıq.
Dostunun oğlunun şərəfinə Ocaqqulu oğlu, Yasamal həndəvərinin bulaqlarının üstündə ziyafət təşkil elədi. Həmin məclisi də bir təsadüf bir az da şənləndirib, Əli kişinin əlinin bərəkətinin tənənəsinə çevrildi. Yenicə qızışmağa başlayan məclis əhlinə məlahətli bir səs əl saxlatdı. Məclisin lalələrinə bənzəyən badələr bir müddət havadan asılı qaldı. Aşıqbaz Qara Camal üzünü dostuna tutdu.
- Bu kimdi belə, Ocaqqulu oğlu, səsiylə dağı-daşı yandırır. Sizinkilər ki, qəlife şalvarları belindən düşən aşıqlar olur. Qaşqalarına pul yapışdırana qədər gözlərini yumub oxuyurlar.
- Mən də birinci dəfə eşidirəm. Qulu gedib qarmalayıb gətirər, özüylə də, səsiylə də yaxından tanış olarıq.
Qulunun gətirdiyi cavan ən çox prokuror paltarındakı adamdan təşvişləndi. Canavar dişinə keçəcəyi qorxusu rəngini-rufunu qaçırdı. Amma yaxsı ki, bu çox çəkmədi. Həyəcanından tanımadığı xeyirxahı yaxınlaşıb alnından öpdü.
- Bu, damazlıq verdiyin bir yetimçə idi. Maşallah olsun, özünə gəlib, dağlara, daşlara səs salmağa başlayıb.
Əli kişiylə görüşü, onun dağdan ağır sözləri Mayılın gözlərini yaşartdı. Özünə güc gəlib, sözlərini güc-bəlayla ərsəyə gətirə bildi.
- Dünyadan bezib özümü Qızılqayadan atmaq istədiyim zaman Əli əmimin xeyirxahlığı çatıya dönüb məni həyatıma qaytardı. Onun verdiyi bu canım belə bir kişiyə həmişə qurban ola bilər.
Kəcavələr düzüm-düzüm düzüldü.
Talenin müəllifi olduğu bir təbii tamaşa ovqatları Yasamal dağı zirvələrində qıy vuran məclis əhlinin ürəyincə oldu, onun başına hələlik söz əsginasları yağmağa başladı.
Qara Camal: Bu yaşıma qədər belə yanıqlı səs eşitməmişəm.
Ocaqqulu oğlu: Mən özüm də, bu başım haqqı...
Qara gürzə: Belə səs buralarda itib-batmamalı, gedib xalqa çatmalıdı.
Mayılın bir-iki havadan sonra mahnı saxlancı qurtardı. Başını aşağı dikib xəcalətini məclis əhlinə güc-bəlayla çatdırdı.
- Hələlik bildiyim bunlardı.
Qara Camal dostu Əlinin qoyun-quzu bəxş etdiyi suyuşirin gəncə qayğı göstərməyə çalışdı:
- Gəncəyə ayaq qoyan kimi Behcəti göndərəcəyəm sənə yeni mahnılar öyrətsin. Az müddətdə nəğmələrdən də bir sürü qoyun-quzun olacaq.
...Nəğmələrindən sürü düzəltmək Behcətin yaylağa ayaqaçdısıyla başladı. Və həmin xanəndəliyi hesabı tamahını yaraşıqlı sir-sifəti arxasında gizlədə bilmiş adam nəğmə sürüsünün ilkinini Mayılı xeyli mələdə-mələdə ərsəyə gətirdi. Və uzun zəhmət hesabına ərsəyə gətirdiyi sürüsünün qoyun-quzusundan birinin canavarına çevrildi. Mayıl mehr saldığı qoyun-quzusundan birini qonağına qurban etmək məcburiyyətində qaldı. (Bircə sürüsünün ilk qurbanlıq sırasındakına mərhəməti özünün əlinə bıçaq alıb boğazlamaması, həmin "cəlladlığı" qonşu qara Məmmədə ötürməsi oldu).
Behcət, şəninə kəsilmiş toğludan qalanını maşınına yerləşdirəndən sonra, ürək-dirəyindən gələcək müğənniyə yeni əlbisə biçməyə başladı. Həm də bunu ilk görüşünün bir müşahidəsi üzərində qurdu. Mayılın şalvarının arxasına yapışmış qoyun qığı bu əyin-baş məsələlərində vasfası adamın nəzərindən qaçmamışdı.
- Ayın axırından məhərrəmlik başlayır. Baxtından toylarımız kəsildiyindən, sənin əyri-üyrünü düzəltmək üçün vaxtımız bol olacaq. Bu dəfə sazəndələrin müşayiətilə əsl xanəndə kimi oxutmağa çalışacağıq. Cunaya büküb bir cəmdəyin açılışını onların gözü qabağında eləsən, ürəklə çalar, o qoyun hesabı musiqilərində xoruz buraxmazlar.
Qaldı ki, tez müddətdə səni yetişdirib özümlə toylara aparacağım. Bundan sonra arxana qığ yox, alnına nəmərlər yapışacaq.
Behcətin sonrakı təklifi yetim üçün daha gözqamaşdırıcı oldu.
- Bu məlahətli səs sahibinin canına mal-qara iyisi hopdurub incimə, get-gedə özünün də qoyunlaşması ürək ağrıdır. Məndən olsa, bu sürünü bazarlayıb, Gəncəyə daşınasan, ev kirələyib xanəndəliyinə hazırlaşarsan. Bir azdan üstündə şöhrətin, altında maşının olmasa Behcət adımı dəyişib Höcət qoyaram.
Bu gözqamaşdırıcı təklif Mayılın qoyun dələməsinə bənzər saqqızını oğurlamağa başlamışdı. Amma qərarı üçün ikinci bir gözə də ehtiyac duyurdu. Odur ki, ayağını, əlini çörəyə çatdırmış Ocaqqulu oğlunun yanına qoymağı qərarlaşdırdı.
...Mayılın söylədikləri, onsuz da qaramtıl olan Əli Ocaqqulu oğlunun sifətini bir az da tutqunlaşdırdı. Bir anlığa gözü üstə gəzdiyi zaman elə bil Mayılın alın yazısını oxuya bildi. Və belə yazılardan dönüş olmadığını ömür-gün təcrübəsiylə kəsdirdiyindən sözlərini kəsələdi. Yolayrıcında dönüküb qalmış oğlanın seçimini öz üzərinə yüklədi.
- İki yoluna da baxıb seçimini özün eləməlisən. Mən başına ağıl yox, cibinə bir az xərclik qoya bilərəm. O da ona görə ki, qoyun-quzuna hələ əl vurmayasan, simsar birini tapıb tapşırasan. Oradan da peşmanlaşan geriyə keçməyə körpün qalsın.
Əli Ocaqqulu oğlunun məsləhətiylə sürünü bir yetimə tapşırdı (üstəlik, onun bir toğlusuna da qıymadı. Ocaqqulu oğlunun başına sadağa cibinə basdığı xərclikdən bir toğlu alıb, sazəndələrə sazlarını, tarlarını yaxşı kökləməkləri üçün apardı).
Beləliklə də sürünü canavara tapşırıb, özü də taleyinin yalquzağına doğru az və üz getməyə başladı. (Sürünü tapşırdığı yetim onu satıb özünü Rusiyanın şəhərlərindən birinə vermiş, geriyə Ocaqqulu oğlunun və Yasamal yaylağının körpüsünü yandırmışdı). Mayılın ancaq və ancaq xanəndə ömrü sürməyi qalmışdı.
İkinci dəfə də köməyinə Əli Ocaqquluoğlu yetişdi. Yaxın adamlarından biriylə, alın yazısını oxuyub, ondan gizlətdiyi oğlana ismarıc göndərmişdi. Yazını gizlətdiyindən Mayılın başına gələnlərdən özünü də günahkar bilirdi: - Yelmarı Respublika Prokurorluğuna aparırlar. Turşsu üstə vida məclisimiz olacaq. Məclisi şənləndirməyi hamımız səni məsləhət bilmişik. Özün təkbaşına gəl, burda çalğıçılar var.
Vəzifəsinin böyüdülməsi kefini Yasamal dağının qaşqasına qaldırmış Yelmar, Mayılın durna kimi qatarlaşdırdığı mahnılara heyran kəsildi. Əvvəl özü əlini cibinə salıb nəyi varsa oğlanın başından tökdü. Sonra da sözlərini qızıl açara döndərib o biri cibləri də Mayıl üçün açdırdı.
- Məni istəyənlər, nəyi varsa xanəndəyə nəmər versin.
Məclisin axırındasa (yəni kefinin ən kök vaxtı) oğlanı yeni ümidlər üstə köklədi.
- Bu ildən keçib, qəbullar qurtarıb. Gələn ilin yayının əvvəlindən ayağını Bakıya qoyarsan. Ona qədər mən də oralarda yerimi isitmiş olaram. Səni hökmən bir tərəfə çıxardıb, bu Gəncənin qulaqkəsən xanəndələrinin əlindən qurtaracağam.
Əli müəllim bəlkə də Mayılın şəhərə yolunu kəsəcəkdi. Ona yenidən damazlıq verib fermer kimi yetişdirmək istəyəcəkdi. Və deyəcəkdi:
- Elə bizim toy-düyünümüzdə oxusan bəsin olar. Amma cavan övladının vəfatı ona içində də Mayıl olmaqla dünyanı unutdurdu. Yalquzağına doğru addımlayan Mayılı belə bir tale qayğısından da yetim qoydu.
Mayıl bəlkə də sərxoş söhbəti hesab edib Bakıya, Yelmarın hüzuruna getməyəcəkdi. Tale onun timsalında öz elçisini bu həndəvərə göndərməsəydi. Baş Prokurorluqdan Yelmarı bir zamanlar işlədiyi idarəni yoxlamağa göndərmişdilər. Yolunu Gəncədən salıb atası və onun qol-qanadıyla həm də Əli Ocaqqulu oğluya baş çəkib onu yasdan çıxarmağı qərarlaşdırmışdılar. (Məclisdən əvvəl Mayıla məsləhət də verilmişdi ki, yüngül, dingiş mahnılar oxumasın).
Bu dəfə artıq vəzifəsinin şirəsini çəkməyə başlamış Yelmar məclis əhlini hüquqi üsulla əlini cibinə saldıra bildi.
- Mayılı Bakıya oxumağa aparıram. Bütün xərclərini də öhdəmə götürürəm.
Gələcək tələbənin üstünə bəri başdan təqaüdlər səpilməyə başladı.
...Yelmar bir məclisdə şəhər həyatının bir neçə aylığını təmin elədiyi Mayılı yeni həyatının alaqapılarına maşını ilə özü yetirdi. Tanış komendant vasitəsilə fəhlə yataqxanasına yerləşdirdi. Üstəlik, böyük şəhərə gəlişini boynunu bükməsi ilə başlayan oğlanın bürüşüyünü açmağa da çalışdı.
- Fəhlələrin mükafatını aşırmış, yerlərinə, saxta qol çəkmiş müdirinə de ki, bunun adını bir işə yazıb aylıq versin. Yoxsa işinin xitamına qol qoymayacağam.
Bir neçə gündən sonra da yolunu Opera və Balet Teatrına saldı. Orda uzunmüddətli rejissorluq eyləyən (varlı-karlı adamları mamlımatan qızlarla tanış eləməyi də vəzifəsinin səhnə arxasına çevirən və bir məclisdə Yelmarı da şirnikləşdirən) yerlilərinin kabinetinin qapısını açdı. Gəlişinə təəccüblənən adamın "xeyir ola"sını gözləmədən birinci öz mənfəətindən başladı.
- Yalançını mənzilinə kimi qovmağa gəlmişəm.
O da mənzilində dürüstlüyünün sübutuna başladı. Daxili nömrə ilə kiməsə göstəriş verdi.
- Lətafət xanımı yanıma göndər.
Gənclik lətafəti ilə içəri girən qızdan Yelmar ilk baxışdan xoşlandı. Hələ, belə gənc və gözəl xanımın kiminləsə yüngül həyat keçirmək istəməsindən də xoflandı.
- Lala, bu gözəl oğlanla tanış ol. Prokurorluğun şöbə müdiridi. Üstəlik, hər ikimizin də yerlisidi.
Bir sözünü iki eyləyənə iki, yekə cinayət işi açır.
Yelmar həyəcanla həmin sözlərə qızın əks-sədasını gözlədi. Onun qapını çırpıb getməsindən ehtiyatlandı.
Lətafətin sifətinə, varlığına yoğrulmuş işvə-naz qonub onu bir az da gözəlləşdirdi. Sifətində belə təbəssümləri doğurmağa məşq etdiyi Yelmarın nəzərindən qaçmadı. Bundan sonra dostlarının şəhərətrafı məclislərinə o da qonaq getməyə hazırlaşdı. Belə bir gözəllə ortaya çıxmağa dəyərdi.
Lətafət əlində hazır tutduğu vizit kağızını müstəntiqə verdi.
- Tanışlığımıza şadam, zənginizi gözləyəcəyəm.
Yalançılıqdan xilas olmuş yerlisinin kürəyinə təşəkkür əlini vurduqdan sonra o biri mətləbinə keçdi.
- Qara Camal da, Ocaqqulu oğluna hüzuruna hərarətli salamları ilə bərabər bir cavan oğlan göndəriblər. Səsi adamın, canına, qanına işləyir.
- Musiqi təhsili necə, varmı?
- Qoyun-quzu mələrtisindən canını güclə qurtarıb...
- Hələlik yanğından mühafizəyə işə götürərik. Yavaş-yavaş üzə çıxarmağa başlayarıq.
- Kimlərdən nə asılıdı, xərcini mən çəkəcəyəm.
- Hələ bir baxaq, lətafətdən cibində artıq pul-para qalsa...
Sonralar o özü xudmani məclislərində Lətafəti, fürsət düşdükcə səhnə küncündə Mayılı oxutmağa başladı. Bir tərəfdə eyş-işrət, bir yanda da sənət dərsləri beləcə başladı.
Mayılın səsini ən tələbkar mütəxəssislər də bəyənib, təhsili olmadığına təəssüfləndilər. Onların köməyi və təşəbbüsüylə oğlanı Konservatoriya-opera studiyasının kursuna yazdırdılar. Yavaş-yavaş şəhərdə özünə gələ bilən cavan işiylə yanğınsöndürmədən, səsiylə yanğın salmağa başladı.
Münbit torpağına düşdüyünü hiss eyləyən Mayıl özünü sənətə həsr etməyi qərarlaşdırmışdı. Bütün operalara təkrar-təkrar baxır, özünün hansı rola girə biləcəyini müəyyənləşdirirdi.
Günlərin bir günüsə bəxti gətirdi.
Qəflətən xəstələnmiş ifaçının yerinə Zeyd rolunda səhnəyə çıxışı oldu. (Demək olar ki, gəldiyi gündən bütün rolları ifa eləməyə çalışmışdı).
Məşhur bəstəkar və dirijor yeni Zeydi heyrətlə qarşıladı. Tamaşa sonrası ətrafındakılardan soruşası oldu:
- Bu Zeyd kim idi, tanımadım. Həmin rola səsiylə yeni təravət gətirə bildi.
Tale, həmin kəlmələrin qulaq şahidinə həmin gün, bir çoxunun pərdəarxası sevgilisinə dönmüş Lətafəti də çevirmişdi. Baş rollara doğru ayaq döydüyü zamanlar həmin yaşlı adamın da başına dönməli olmuşdu. (Həmin başa dönmədə baş dirijorum kabinetində səsiylə yox gözəlliyi ilə həmin adamın uyumuş hisslərini oyatmağından ibarət olmuşdu).
İlk dəfə gördüyü zaman həmin cavan da Lətafətə, sanki dağ havası gətirmişdi. Həmin havadan da ürəyinin dərinliyində bənövşə, nərgiz ətrinə bələnmiş rəğbət hissi yaranmışdı.
Elə həmin rəğbət də Lətafətə həmin kəlmələri söylətmişdi:
- Bizdə yanğınsöndürən işləyir. Sənət üçün özünü yandırmaq istəyənlərdəndi.
Baş dirijorda həmin "pərvanənin" ona baş çəkməsini istəmişdi.
- De ki, şlanqını yana qoyub, boğazını yanıma gətirsin.
...Otağına əyilə-əyilə girən qəddi-qamətli oğlanın həmin tövründən xoşlanmamışdı.
- Çıx, yenidən otağıma şahanə şəkildə təşrif gətir.
Mayılın şahanə gəlişi həmin sənət fədaisinin qəlbində bir arzu cücərtmişdi: deyəsən, tale səhnəmizə yeni bir Şah İsmayıl göndərir.
- "Şah İsmayıl" operasıyla tanışlığın varmı?
- Bütün operaların bəyəndiyim rollarını...
- Həmin operadan ən şah ariyanı səsləndir.
Və ilk dəfə səsiylə baş dirijorun kabinetində bir yanğınsöndürən öz sənət atəşini saçmağa başlamışdı...
- Kifayətdi. Mənim çubuğum sənin şlanqından deyil, yanıb-eləsən su axıtmayacaq.
Həmin zamandan tale Mayılı bir ağ, o biri qara iki qoça əyləşdirdi. Yəni həyatda biri bəyaz, o birisi siyah iki rol oynamağa başladı. Gündüzlər ağ qoçu (köhləni demək daha yaxşı olar) üstə ən məsuliyyətli sənət adamı önündə Şah İsmayıl rolunun məşqlərinə başladı. Qaş qaralan zamanlar qara qoçunun (qatırının) üstə ən şərəfsiz səfərlərini başladı. Bu da xeyirxahı Yelmara şərəf borcunu şərəfsizcə ödəməyindən ibarət oldu. Hər zəngindən sonra Lətafəti onun kirayələdiyi otağa aparası oldu. Və hər dəfə də həm özünə, həm Lətafətə baxıb görünməz bir atəşlə alışıb-yanır, qara qoç üstə özü boyda qara kösövə dönürdü. Düşdüyü yola özü də obaşdanlar, vicdanıyla üz-üzə qalanda lənətlər yağdıran Lətafət hər Mayılla görüşəndə özünün məsum günləri içinə düşməyə çalışırdı. Taleyinin də ona rəhmi gəlib qrimsiz günlərinin sir-sifətinə bənzər bir sima bəxş edirdi. Bütün bunlar da qızın Mayıla biganə olmamasından irəli gəlirdi.
Əslində, Mayıl qıza təəssüflə baxsa da, özündən asılı olmayaraq onun qayğısına qalmağa çalışırdı. Həmin qayğı, düzdü, onun xam xəyallarından yaranırdı. Zümrüd quşları həmin xəyalın qanadlarında qızı, qoyun-quzu otardığı bir yaylağın gülü, otu qurşağa çıxan bir yaylağına aparırdı. Orda kənardan göz qoyub bir leysan gözləyirdi.
Yağmur altda qoyduğu qıza rəhmi gəlmirdi. Buludlar çinədanını boşaldana qədər onun bu sayaq çimməsini, bütün günahlarını yumasını, suç qrimlərindən xilas olmasını gözləyirdi. Qızın özünün də bu yağış ürəyindən olurdu. Göyqurşağı doğana qədər, özü də, sanki yenidən doğulmaq istəyirdi. Hətta qurşanmaq istədiyi zaman qızın özü bəstələdiyi kiçicik arıyanı da eşidirdi:
Ağırlığım, uğurluğum
Bu sərt, qəlbi daşlara.
Bütün xain gözlülərə,
Cümlə qəlbi daşlara.
Hər dəfə də ovçusuna, tazıvari şikarını təhvil verəndən sonra, özü Lətafətin gözlərinin qapqara leysanına düşürdü. Hər dəfə də Yelmar cibinə pul basıb, özünün başqa yağışını başladırdı. Bulaqbaşı məclislərdə tüpürcəklə alnına yapışdırılan onluqları yada salırdı.
Bu dəfə yazıq Mayılın üstə Yelmarın pulları sayısı tüpürcək yağırdı...
Günlərin bir günü Allahının yazığı gəlib Mayılı dünyanın ən lənətli yağışından xilas eylədi. Üstəlik, talesiz bir qız vasitəsilə üzündən tüpürcəkləri silməyə çalışdı. Həmin gün, həmin bərədə onları ceyran ovçusu qarşılıyası olmadı. Demə, təcili ezamiyyətə gedibmiş. Lətafət Mayılı içəri dəvət etdi. Miz üstü eyş-işrət öncəsi nemətlərlə bəzənmişdi.
Qız donub qalmış (daşlaşmış) Mayılı səsinin sehriylə xilas etməyə çalışırdı.
- Otur görək, ay yetim.
Həmin sehr oğlandan yan ötdü (qulağına "Yetim segahı" sədası gətirdi).
Bu dəfə Yelmarı əvəz edib kişiləndi.
- Sənə otur deyirəm.
Mayıl əlacsız yanını stula qoydu və bunu başqasının paltarını geyinməyi hesab elədi. Lətafət konyak açıb iki badəyə süzdü.
- Qaldır içək, görək başımıza nə gələcək.
- Yox-yox, dilimə vura bilmərəm.
- İçməsən mən tək, sənin və özümün, iki zənənin sağlığına içəcəyəm...
Həmin kəlmələr donub qalmış oğlana don geyindirdi. Özünü zənənlikdən xilas eləmək üçün içkini başına çəkdi. Bir az hallanandan sonra qızın tikanlı kəlmələri eşidildi.
- Eşitmişəm Bədəlbəy səni Şah İsmayıl roluna hazırlayır. Xəbərin var ki, tamaşada Ərəbzəngini mən oynayıram.
- Tamaşalarına baxmışam da, orda əsl kişi qızısan.
Mayıl özü də bilmədən Lətafətin yaralı yerinə toxunmuşdu. Qız da öz söz güləşinə başladı.
- Məni kişi qırığından mühit salıb, yıxıb. Bilmirəm sən necə bu gününlə şah rolunda oynayacaqsan.
Sözünün gerisini saxladı. Amma Mayıl eşidə bildi; Güləşəngi səhnəsində bir iki bacıdan ibarət olmayacaqmı?
Həmin gün xeyli içdilər. Ağrıları hesabı içki onlara, sanki təsir etmirdi. Onlar içlərinə şəfa toxumu səpir, o da alınlarında xəcalət tərləri bitirirdi. Bədənlərindən canları yox, günahları çıxır, yazıqları yüngülləşdirmək istəyirdi.
Nəhayət, qız üst paltarını çıxardı. Bir cüt ağ döşə gedən yol görünüb şəhvət cığırına çevrildi.
- Yaman istiləşdim, bəlkə məni yelpikləyəsən.
İçki və həya Mayılı yerinə yapışdırmışdı.
- Onda mən Əsliyə dönüb, özümün də, sənin də cızdağını çıxardacağam.
Bu dəfə qız üst paltarını çıxarıb iki döşdən şəhvət şəlaləsi yaratdı. Və bir cüt dodaq Mayıla doğru uzanmağa başladı. Mayıl güclə söyləyə bildi:
- Deyəsən, Yelmarla məni səhv salmısan.
Bu kəlmələr oğlanın həmin sahədə naşılığından gəlsə də, qızı neştər kimi yaraladı. Cavabını da gecikdirməyib şah olmağa çalışan gədəni yıxıb-sürümək istədi.
- İstəyirəm sən də bir dəfə kişi olasan, yoxsa elə ömrü boyu kiməsə baş tutmaq istəyirsən?
Sonra sözə ehtiyac qalmadı. Şüur və iradələr ağ bayraq qaldırdı. Bədənlərin cazibə qüvvəsi işə düşdü. Hisslərin əsirinə çevrilib ibtidalarına dönəsi oldular. Həmin an, sanki ilk bəndələrdən ikisi başlarını itirib ilk məhəbbət və şəhvət dərsi keçirdi.
Yelmar onların məhəbbətindən xəbər tutdu. Hər ikisinə yazığı gəldi. Üstəlik, hüquqşünastək, soyuq baş sahibi kimi məsləhətini də verdi.
- Bizlərdə belə xım qoyulan ailələrin baş tutmasına inanmıram. Sənəti buraxıb kəndə dönmək istəyirsiniz. Amma nə bilirsiniz bir azdan oralardan bezməyəcəksiniz. Qından çıxıb qına qayıtmaq mümkün olmur. Heç olmazsa oralarda keçmişinizi bir-birinizin başına qaxmayın. Məhəbbətinizi yaşatmaq üçün hər əziyyətə, əzaba qatlaşıb, hər cür ağrıya-acıya dözün. Nə bilmək olar, bəlkə o təmiz yerlərdə belə bir məhəbbət də dağ gülləri, çiçəklərindən əlac tapıb yaşaya bilər.
...Onlar əl-ələ verib öncə Əli kişinin hüzuruna gəldilər. Ağsaqqal xeyir-duası və xeyli damazlıq sahibi oldular.
Mayıl sevgilisini xəyallarındakı taleyinə gətirdi. Və bu dəfə onu tək buraxmadı. Özgə Lətafətlə bərabər ən dəli bir leysanın yolunu gözlədi.
...Yağış altda iki gəncin suyu süzülürdü. Onların buna ehtiyacı vardı. Dağlar döşündəki bir yaşıl səhnədə həmin an Şah İsmayılın Taclısı vardı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!