Yeni ilə gülə-gülə... - Xeyrəddin QOCA

Elan

Mən Kərbalayı Məmmədhüseyn Məmmədhənifə oğlu bildirirəm ki, hər cür xəstəliyi sağaldıram. Havayı yerə həkimlərin yanına getməyin. Gedən kimi yüz cür xəstəlik tapırlar, sonra da yüz cür dərman yazırlar. Adamlar o dərmanları içib zəhərlənirlər.

Mənimki otlardır. Ölkədə nə qədər ot var, hərəsindən bir xəstəliyə dərman düzəldirəm. Dualarım da kömək edir. Uşağı olmayan qadınlara, ayıb da olsa, uşaq düzəldirəm. Cəmi-cümlətanı əlli yaşım var, hələ ki, cavanam.

Kimin dişi ağrıyır, o saat kəlbətinlə çəkib çıxarıram, canı qurtarır.

Əlimdə ölənlərə cavabdeh deyiləm. Çünki Allah verdiyi canı bir gün almalıdır.

Bu yaxınlarda şəxsi poliklinika açıram. Şəkk-şübhəsi olanlar qəbuluma gəlməsinlər.

Poçt qutusu

"Aldım-Satdım, Mənə Qaldı Şax-Şaxı" (ASMQŞŞ) Partiyasına: - Ə, o nə sözdür yazırsınız ki, hər partiyadan bir-iki millət vəkili seçildi, sizin partiyadan heç kim seçilmədi?

Seçilmədi, seçilmədi də, nə olar seçilməyəndə? Seçilənlərin ağzı bala batıb?

"Balıq Başı" (BB) Partiyasının üzvlərinə: - Orda-burda danışırsınız ki, çoxları balıqla adam olub. Yəni balıq verib, vəzifə tutub. Balıq verib, şair olub, yazıçı olub.

Balıq nə olan şeydir? Xəzər dənizi doludur. Tutmağı bacarmırsınız, ona-buna lağ etməyin. Gedin, siz də pul verin, vəzifə alın. Pulnan şeir yazdırın, şair olun, yazıçı olun. Hər şeyi problemə çevirməyin.

"Yazıq Millət" (YM) Partiyasına: - Milləti mitinqlərə, piketlərə çağıra-çağıra elə bildiniz hakimiyyətə gələcəksiniz? Gördünüz, gələ bilmədiniz! Arada millət yazıq oldu! Qurtarın bu təxribatları!

Hacı Məmmədəli Qulamoğlu (HMQ) Partiyasına:

- O nədir, dini partiya yaratmısınız? Dində də partiyalaşma olar? Camaatı ələ salmısınız? Görüm, elə din belinizdən çalsın sizin! Elə çaldı da! Gördünüz, axırı darmadağın oldunuz?!

Qalan partiyaların hamısına (QPH): - Əşi, siz bu xalqa nə vermisiniz ey, ala bilmirsiniz? Sizə qurban olum, əl çəkin bu xalqın yaxasından!

Cəhənnəmi istəyən yoxdur...

Biri ölür, gedir o dünyaya, onu göndərirlər cəhənnəmə. Qorxa-qorxa cəhənnəmin qapısını döyür ki, içəri girsin. Birdən başında buynuzları olan, bədənini qapqara tük basmış, ağzı qıpqırmızı bir cin qapıdan  çıxıb gözlərini bərəldərək rəhmətliyə "qığğğ" eləyir. Rəhmətlik əsəbiləşərək dillənir:

- Belə eləyirsiniz ki, cəhənnəmə heç kim gəlmək istəmir də!..

Demokratiya

Yuxuda gördüm lazımsız - yəni mənası olmayan, kağız korlamaqdan başqa heç nəyə yaramayan qəzetləri bağlayırlar, onların redaktorlarını da işdən çıxarırlar ki, "bala, get, özünə başqa peşə tap". Görürəm, bu redaktorlar yığılıb bir piket keçirirlər və "demokratiya!", "demokratiya!", - deyə qışqırırlar. Onlara yaxınlaşıb soruşuram ki, nə səs-küy salmısınız, nə istəyirsiniz? Onlar da deyirlər ki, "qəzet buraxırıq, öz pulumuza buraxırıq, hökumətə nə dəxli?". Sonra nə istəyirsiniz? Deyirlər, "demokratiya!". Soruşuram, "demokratiya" ağzına gələni yazmaqdırmı? Cavab verirlər, "özümüz bilərik!".

Bu sözləri eşitcək sərsəm yuxudan ayıldım. İndi dəli kimi olmuşam. Yuxu yozanlar məsləhət görürlər ki, yuxuda gördüklərimi suya söyləyim, axıb getsin. Görəsən, xeyri olacaqmı?

Nə qədər otlayırsan?

Xalaoğlunun qara ciyəri bərk ağrıyırdı, dedilər get, filan ünvanda bir kişi var, sənin kimilərini dava-dərmansız sağaldır. Ürək, ciyər, böyrək, bağırsaq xəstəliklərinin kökünü kəsir. Hətta, uşağı olmayan qadınlara uşaq da düzəldir.

Xalaoğlu əvvəlcə inanmaq istəmədi:

- Onda bu qədər həkimə, xəstəxanaya, poliklinikaya nə ehtiyac var, qoy hamısını bağlasınlar də...

- Şəkk eləmə, get, görərsən!

Xalaoğlu da getdi həmin kişinin yanına. Bir aydan sonra xəbər gəldi ki, bəs, xalaoğlunun axırıdır, tez özümüzü çatdıraq. Gedib nə görsək yaxşıdır? Gədənin rəngi-rufu qaçıb, boğazının dərisi sallanıb, arıqlayıb çöpə dönüb, ayaq üstə dura bilmir. Həkim çağırdılar.

Həkim soruşdu:

- Nə yeyə bilirsən, a bala?

- Təbii qidalar qəbul edirəm. Səhərdən axşama kimi göyərti yeyirəm...

Həkim hirsləndi:

- Onda de görüm, gündə nə qədər otlayırsan?

İki qadının söhbəti

- Ağəz, sənin canın üçün, bizim kişi işləməkdən ölür. Səhər gedir işə, axşam gəlir. Yazığın bir dərisi qalıb, bir sümüyü.

- Sən də ağ eləmə, hələ bilmirsən kişilər nədən ölür. Kişiləri öldürən bircə şeydir: Siyahını ver əlinə, hər gün göndər bazara. Sənin canın üçün, canları elə yollarda çıxacaq. Görmürsən, gündə birini infarkt vurur?!

Fikrini dəyişdirdi

Bir idarədə böyük yığıncaq çağırılmışdı. İdarənin müdirini vəzifədən çıxarırdılar. İşçilər onun haqqında "dişlərinin dibindən çıxanı" deyirdilər. Elə bil, bu müdir ömründə bircə yaxşı iş görməmişdi...

Salona lap təzəcə gələn işçiyə söz verildi. O, heç nədən xəbəri olmadığından dilləndi:

- Bizim müdir ləyaqətli, namuslu, mədəniyyətli, nəzakətli, səmimi, mehriban, etibarlı...

Yanında oturanlardan biri onun pencəyinin ətəyindən aşağı çəkib pıçıldadı ki, "sən nə danışırsan? Müdiri işdən çıxarırlar eyyy!". İşçi tövrünü pozmadan fikrini dəyişdirdi:

- Təəssüf ki, bu xüsusiyyətlərin heç biri bu müdirdə  yoxdur!

Vəzifə şirin şeymiş...

Keçmiş zamanların söhbətidir. Bir qəbilə başçısı cəmi üç il vəzifədə ola bilərmiş. Üç ildən sonra camaatı yığıb onun bir qolunu kəsib atarmışlar göyə. Yığışan əhalidən kim qolu birinci tutsaymış, olarmış qəbilənin yeni başçısı.

Bir gün axırıncı qəbilə başçısının vəzifə müddəti bitir. Camaatı yığırlar meydana. Başçının qolunu "təntənəli surətdə" kəsib atırlar göyə. Hamı qolu birinci tutmağa çalışır. Qəbilə başçısı da qanı axa-axa özünü ora-bura vurur, qolunu özü tutur. Deyirlər, "a kişi, sən nə edirsən, üç ildən sonra o biri qolunu da kəsəcəklər". Başçı cavab verir:

- Siz vəzifənin nə qədər şirin şey olduğunu haradan biləsiniz, ay yazıqlar!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!