Eşqi var idi Şəhriyarın...Şəhriyar yaradıcılığında qadın - Esmira Fuad yazır

II Yazı

I YAZI: http://edebiyyatqazeti.az/news/incesenet/4962-esqi-var-idi-sehriyarin

Belə ki, şair ailəsi ilə 1976-cı ildə doktor Cavad Heyətin təkidi və yardımı sayəsində Tehranda bir evdə yerləşir. Əzizə xanım bu gedişə əvvəlcə qəti etiraz etsə də, sonra, bəlkə də, həssas şair qəlbini incidə biləcəyini düşünərək razılıq verir. Və bu gediş Şəhriyara uğur gətirmir. 40 yaşına çatmayan Əzizə xanım ürək infarktından dünyasını dəyişir və o, Tehranın "Behişti-Zəhra" qəbiristanlığında dəfn edilir. Bu itki şairin belini bükür və o, sevimli xanımına "Əzizə can", "Bir gəlin" mərsiyələrini yazaraq üzüntü və iztirabını, analarının ölümündən sonra körpə quzutək mələr qalmış üç balasının "Ana vay!" fəryadlarını ifadə edir. Bu üzücü hadisə ilə bağlı yaşadığı fərdi kədər, qüssə Şəhriyarı son nəfəsinədək müşayiət edir. Dərdli şair cavan xanımının ölümündən duyduğu üzüntüləri ona həsr etdiyi mərsiyədə ifadə edir:

Nə zərif bir gəlin, Əzizə, səni

Mənə layiq Tari yaratmışıdı.

Adı batmış əcəl gələndə bizə,

Mən ayım çıxdı, günüm batmışıdı.

Sən nə yaxşı eşitmədin, balalar

Ana vay naləsin ucaltmışıdı...

Ürəyi doğranan anan mələdi,

Dünya zəhrin ona yalatmışıdı...

Yeri gəlmişkən, onu da qeyd edək ki, şair İranın və Azərbaycanın sənətkar qadınlarına böyük sayğı göstərmiş, onları sənətdə qazandıqları uğurlarına görə alqışlamış, şənlərinə şeirlər qoşmuşdur. Misilsiz ifasını çox sevdiyi ustad xanəndə Qəmər-ül-mülk Vəziri, Quzeyə mühacirət etmiş şair Hökumə Bülluri və hələ cavanlıq çağlarından həmsöhbət olduğu, ədəbi məclislərdə birgə iştirak etdiyi, yorulub-usanmadan, həvəslə fikir mübadiləsi apardığı Pərvin Etisamidir. P.Etisami haqqında yazdığı irihəcmli qəsidəsində və "Nakam şairə Pərvin Etisamini yad edərkən" adlı şeirində "İran poeziyasının parlaq ulduzunu vəsf edir, çağdaş fars poeziyasının bu dühası ilə cavanlıq illərindəki dostluq və bağlılığından danışır" . Bu, heyranlıq, lütfkarlıq təsadüfi deyildi. Şəhriyar "kəhkəşan beşiyində Fələyin dayəlik" etdiyi P.Etisaminin söz səmasında əbədiyyən sönməyəcək nurlu bir ulduztək parladığını görür və qəbul edirdi. Görürdü ki, qaranlıqlara məşəl, "fələklərin qulağında zər sırğa, ərşin qüdsi-ayəti" kimi əlçatmaz bir məqama yüksələn Pərvin sənət dünyasında əsrlərlə qalacaq bir həyat qurdu, hər biri bir incitək dəyərli əsərləri onu daim yada salacaq, yaşadacaqdır. Ustad şair bu ucalığın qarşısında aciz qaldığını və onu təfsir etmək üçün bir tərcümanın belə tapılmayacağını etiraf edir:

Ədəbiyyat cəbhəsində qələm alsa kim ələ,

Çalışar o, Pərvinin sənətinə tuş gələ.

İlhamın öz gərdəyində gəlindi bu aypara,

Ulduzlardan gərdənbəndi, şəfəqlərdən zərxara.

Elə bakir gəlirdi o, doğulmuşdu pak nurdan,

Sonsuz, əngin bir fəzadır Pərvinin söz divanı,

Saya gəlməz ulduzları, bəzəmiş asimanı.

İranın görkəmli alimi Səid Nəfisini də Pərvin Etisaminin daxili aləmi, incə təbiəti, sonsuz səmimiyyət və mehribanlığı, xoş rəftarı, yüksək humanizmə köklənmiş zərif duyğuları ovsunlamışdı: "Pərvinin bütün varlığı duyğu, rəğbət və məhəbbətlə o qədər doludur ki, bu onun sıxıntısına və narahatlığına səbəb olur. O, itlər, pişiklər, ev quşları, bütün yetimlər və biçarələr üçün ağlayır, onun ağısı bəşəriyyət naminə, hər cür zülm və sitəm əleyhinə döyünən bir həssas və zərif qəlbin fəryadıdır".

Şəhriyar yaradıcılığında Kövkəb xanım, Sürəyya-Pəri, Əzizə, İran mədəniyyət və musiqi tarixinə adını qızılı hərflərlə yazdırmış xanəndə Qəmər-ül-mülk Vəziri, şair Hökumə Bülluri və Pərvin Etisami, əmisi qızı Rüxsarə, bibisi Sitarə və digərlərindən başqa, ictimai bərabərsizlik, qadın azadlığı, sosial problemlər, amansız istismarın yaratdığı zalım-məzlum konfliktləri kontekstində formalaşmış ictimai qadın obrazı da vardır.

Bu obrazı "Ey qadın" adlı şeirində ədəbi müstəviyə gətirən şair qadınlara kişilərlə bərabər hüquqların verilməməsi, təbiətin zərif yaratdığı incə məxluqları qara çadraya-kəfənə bürüyərək cəhalət və səfalət içərisində, zülm və əsarət altında yaşamağa itələyənləri, diri ikən ölümə məhkum edənləri lənətləyir. Bu kimi ictimai-sosial məsələlərə biganə qala bilməyən və "nə qədər ki, qadınlarımız çadra altındadır, xalqın yarısı ölüdür. Bir cəmiyyətin qadınları bədbəxtdirsə, kişiləri xoşbəxt ola bilməz", - deyən sələfi nakam gənc şair Mirzadə Eşqi kimi Şəhriyar içində yaşadığı cəmiyyətin fərdləri arasında mövcud olan ayrı-seçkilik mərəzi, onları həyata gətirən qutsal varlıqların hüquqsuz, acınacaqlı vəziyyəti ilə barışmırdı. Müxtəlif şeir və poemalarında duruma qarşı içində baş qaldıran etiraz duyğularını poetik dillə ifadə edirdi. "Qadınlığın mahiyyəti ruhani zəriflik, nəvaziş, doğmalıq, məhəbbət, daxili gözəllik, zahiri cəzb, məlahət və ən alisi yüksək nəciblik", poeziya olduğu, musiqidə, mahnı mətnlərində böyük coşqu, heyranlıq, bəzən də kədər notlarına bürüyərək vəsf edildiyi halda, onun ailədə və cəmiyyətdə, hətta dinlərdə aşağılanması, hüquqlarının tapdanması şairin həssas qəlbini incidirdi. Sələflərinin - "Heyrət, ey büt!" deyən Füzulinin, "eşqi yolunda kövnü məkanın varını qoyan" Nəsiminin, sevdiyi qadını "Sultanı" sanıb canını fəda edən Xətainin, gözəlin bircə xalına bütün Səmərqəndi bağışlayan Hafizin heyrət etdiyi, kamillik zirvəsinə yüksəltdiyi varlıq tarixən təhqir olunub. Və bu alçaltma az qala ənənəyə çevrilərək tarixin bir mərhələsindən başqa bir mərhələsinə ötürülüb... Şəhriyar Məhəmməd, Davud, İbrahim, Məsiha, Süleyman, Yusif kimi peyğəmbərlər doğuran qadını yerin-göyün belə yaradıcısı sanır, hüquqlarını tələb etməyə çağırır, əynindəki matəm paltarını, başındakı qara çadranı parçalayıb atmasını diləyir:

Hüququndan söhbət ac, bir söz söylə, ey qadın!

Ağır zəncirləri qır, düşsün dillərə adın.

Bu matəm paltarını parçala bir gün səhər,

Sənin aydınlığından işıq alsın üfüqlər.

Sən ki, həyat nəfəsli Məsiha yaratmısan,

Bəlkə yeri, göyü də elə sənsən yaradan? 

Ustad şair qadını günəşin timsalı, nurlu Ay sanırdı, onun özünə yaraşıq verməsini, ox olub naməhrəmin də, məhrəmin də gözünə batmasını, sazlarda nəğmələr kimi yaşamasını, xoşbəxt olmasını, şərəf-şan, səadət bayrağını öz əli ilə bütün dünyaya sancmasını arzulayırdı... Nəinki dəryaca qəminə boyun əyib mütilik göstərməsini...

Bu sonsuz kədərinlə parçalama qəlbimi.

Şərəf-şan bayrağını ucalt öz əməlinlə,

Səadət bayrağını sanc dünyaya əlinlə.

İstərəm görünməsin bir də gözlərində nəm,

Mərd ol, cəsarətini görsün bütün bu aləm.

Sovet dönəmində, dildə azad, demokratik bir quruluş kimi tarixə adını yazdıran sosializm cəmiyyətində isə qadın ictimailəşdi, ancaq azad olmadı. Bu cəmiyyətdə də qadın Asif Əfəndiyevin təbirincə desək, "özünə yaradı, ailəsinə yaramadı, ərinə yaramadı, ictimaiyyətə yaradı, qadınlığa yaramadı. Kişi müstəbidliyindən azad oldu, kişi həyanlığını itirdi. Evdə kişini əvəz etmək istədi, əvəzində ailəni başsız qoydu. Atanı övladın gözündən saldı, övladı atasız qoydu. Kişi kimi danışdı, danışığını itirdi. Kişi kimi davrandı, davranışını itirdi. Kişi kimi yeridi, yerişini itirdi. Anasına qızlıq eləmədi - oğlanlıq elədi. Balasını tələsik öpdü. Onu nəvazişsiz qoydu, Müəssisələrə yaradı, evə yaramadı. Kollektivi idarə elədi, səadətini idarə eləyə bilmədi. Hamıya gözəl oldu, ərinə çirkin. Sevindi, sevilmədi, nitq irad elədi, dilini yanıltdı, fəal olmağa vaxt tapdı. Qadın olmağa vaxt tapmadı, ayıldı, özünü axtardı, amma tapmadı! Poeziya, musiqi qadını ilahiləşdirir, göylərin ucalığına qaldırır, həyat, şərait, cəmiyyət isə onu göydən yerə salıb, tapdayır. Qadının aqibəti budur".

Şəhriyar cəsarətlə bu aqibətə qarşı çıxır, onu dəyişmək, səadətə qovuşdurmaq arzusu ilə yazıb-yaradırdı... Onun üçün qadın səcdəyə, pərəstişə layiq ali varlıq idi...

Hətta "Səhəndim" deyə nüraciət etdiyi Səhənd dağını insan-qadın-təbiət kimi obrazlaşdırıb və ondan, sanki bir qadından danışırmış kimi bəhs edib... Poemada Ana təbiət və Doğurucu qadının - iki doğurucunun ecazkar bədii dillə qarşılaşdırılması son dərəcə diqqətçəkicidır. "Səhəndim"i Şəhriyar yaradıcılığının zirvəsi - şah əsəri kimi dəyərləndirən Güntay Gəncalpa görə də, "şair şeirlərində təbiəti dişi olaraq görür, qadın bədənini təbiətə bənzədir. Təbiətə toxunuşu da qadın bədəninə toxunuş kimi açıqlayır ".

Hələ ağ kürkü bürün,

                      yazda yaşıl don da geyərsən,

qoradan halva yeyərsən...

Döşlərində sonalar sinəsitək şux məmələrdə

nə şirin çeşmələrin var...

O yaşıl telləri yel hörmədə aynalı səhərdə

işvəli eşmələrin var...

Bu tendensiyanı "Heydərbabaya salam" poemasında da davam etdirən şair Heydərbaba dağını da qadın-doğurucu-yaradıcı varlıq kimi görür və ondan ölkəsindəki hərc-mərcliyə, haqsızlıqlara son qoyacaq, əmin-amanlıq yaradacaq, xalqını ayaqda tutacaq igidlər, mərd oğullar doğmasını təvəqqe edir:

Heydərbaba, mərd oğullar doğginən,

Namərdlərin burunların ovginən,

Gədiklərdə qurdları tut boğginən,

Qoy quzular ayın-şayın otlasın,

Qoyunların quyruqların qatlasın.

"Hətta şeirimizin "Heydərbabaya salam" kimi kövrək örnəklərində sərt kişi baxışını görürük: Heydərbaba mərd oğullar doğginən. Bu kişi səsidir, biz qadının səsini az eşidirik" deyən sayın Eyvaz Taha da qadına münasibətin dəyişilməsinin gərəkliliyini yazır və Güneylə Quzey qadınlarının sosial şəraitdə - ailədəki özgürlük dərəcəsini müqayisə edir. Bir çox millətlər kimi, bizim tariximiz də kişilərin oylağıdır. Doğrudur, "Dədə Qorqud"da, "Əsli və Kərəm"də və "Abbas və Gülgəz"də qadın söyləmlərilə qarşılaşırıq. Amma bu, ucqardır. Ucqar deyəndə bir daha vurğulamaq istəmirik ki, ərəblər qız uşaqlarını diri-diri basdırırdılar. Bilirik, Hammurabi qanunlarında deyilirdi ki, bir kişi hansısa aristokrat kişinin qızını döyərək öldürsə, o kişinin özü yox, qızı öldürülməlidir. Xoşbəxtlikdən bunlar uzaq keçmişlərdə qaldı. İndi bunu demək istəyirik: mərkəz, tarix boyu ardıcıl olaraq kişilərin əlində olmuşdu. Bunun sonucu aydındır. Qadının səsi şeir coğrafiyasından yoxa çıxdıqda, tarixin qadın yarımkürəsini səssizlik bürüyür: Çağdaş girişimlər də bu susqunluğu ona görə poza bilmir ki, qadını topluma aparıcı amil kimi qaytarmırlar. Ona ucqarda dekorativ bir yer ayırırlar".

"Qadını ucaltmaq gərəkdir!" amacı ilə silsilə məqalələr yazan və Türkiyədə çıxan "Mehtab" dərgisində dərc etdirən böyük Məhəmməd Hadinin fikrincə, qadının cəmiyyət həyatında fəal olaraq iştirak etməsi, o cəmiyyətin "mədəni cəmiyyət" adlandırılmasının əsas şərtlərındən biridir: "Cism-i lətifə ehtiramı olmayan bir millət məhafil-i mədəniyyətə məzhər-ı təltif və şayan-ı ehtiram ola bilməz... Şərq toplumları qadını ikinci plana ittikləri və ona cəmiyyət həyatında layiq olduğu yeri vermədikləri müddətcə qərbin gerisində qalmağa məhkumdurlar" .

"Peyğəmbər" mənzum dramında Hüseyn Cavid həyatı çiçəkləndirən qadın haqqında bütün düşüncələrini ümumiləşdirmiş, islam peyğəmbərinin dilindən qadına cəmiyyətdə verilə biləcək ən yüksək dəyəri ifadə etmişdi: 

Qadın - günəş, çocuq -

                         Ay... nuru Ay günəşdən alır

Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olur bu cahan.

O bir mələk... onu təqdis edər böyük yaradan.

O çox sevimli, gözəl, incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət.

Qadın gülərsə bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək... 

Şəhriyar öz dövrünün, əsrinin səsi, vicdanı, el-obasının, xalqının dostu, sınmadan, əyilmədən, dünya nemətlərinə aldanmadan mərdanə yaşayan oğulların, məzlumların-əzilənlərin pənahı, dərddaşı, odlu bir ürək sahibi idi və yaşadığı cəmiyyətin, bu cəmiyyətin fərdlərinin arzu və istəklərini bəyan edirdi. Bu odlu ürək sahibi yalnız həqiqəti deyir, gerçəkləri söyləyirdi... Azərbaycan, Şərq cəmiyyətində, ailədə və toplumda qadının yeri ilə bağlı da o, yalnız gerçəkləri söylədi, sələflərinin və xələflərinin fikrini həm təsdiqlədi, həm də inkişaf etdirdi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!