Stalin...İki hissə və səkkiz şəkildən ibarət tragi-fars - ELÇİN

 

Mənim həyatımın böyük bir hissəsi Sovet İttifaqında keçib.

İllər amansız bir sürətlə bir-birini əvəz edir və bu nəhəng imperiyanın - Sovet İttifaqının süqutu uzaqlaşdıqca, elə bil, elə həmin sürətlə də suallar bir-birini əvəz edir: mən necə bir ölkədə yaşamışam, bu ölkəyə kimlər rəhbərlik edib, rəsmi portretlərinin arxasında o rəhbərlər kim idi, onlar üçün ölkə, xalq, kommunizm idealları və hakimiyyət nə demək idi, əqidə onlar üçün həqiqət idi, yoxsa maska, söz ilə əməl arasındakı uçurumun səbəbi nə idi? Və s., və i.a.

"Stalin" pyesi bu suallara cavab axtarışlarının nəticəsi, bu düşüncələrin ifadəsi kimi yazıldı.

Pyesin 4-cü və 5-ci şəkillərini oxuculara təqdim edirəm.

Bu pyes Mikayıl Müşfiqin və onun

 timsalında bütün repressiya

qurbanlarının xatirəsinə yazılmışdır.

Müəllif

DÖRDÜNCÜ ŞƏKİL

Moskva. Konsperativ mənzil. Gecə.

Siyasi Büro üzvləri: Nazirlər kuratoru, Partiya kuratoru, Təhlükəsizlik kuratoru, Ticarət kuratoru.

Onlar görüş yerinə yenicə gəlmişlər.

 

Təhlükəsizlik kuratoru. Soyunun, yoldaşlar... Əyləşin...

Kuratorlar paltolarını soyunub, şlyapalarını çıxarıb, hərəsi bir tərəfə atır və girdə mizin arxasında əyləşirlər.

Ticarət kuratoru. Biz əmin ola bilərik ki, bura təhlükəsiz bir yerdir?

Təhlükəsizlik kuratoru. Məndən başqa bu konsperativ mənzildən heç kimin xəbəri yoxdur. Açarı da şəxsən mənim özümdədir.

Ticarət kuratoru. Heç kimin?

Təhlükəsizlik kuratoru (acıqlı bir istehza ilə). Xəbəri olanlar artıq mələklərlə dərdləşirlər.

Partiya kuratoru. Yəni deyirsən ki, Polikarpov bura burnunu soxmayıb?

Təhlükəsizlik kuratoru. Ümid edirəm ki, yox. Ancaq bilmirəm, bizlərdən kimisə izləyiblər bura gələndə, ya yox?

Ticarət kuratoru. Mən kürəkənimin maşınında gəlmişəm.

Nazirlər kuratoru. Sənin kürəkəninin maşınını izləmək çətin işdir?

Təhlükəsizlik kuratoru. Yoldaşlar, artıq bu söhbətin mənası yoxdur. Hər şey ola bilər. Bu, bəlkə də bizim son görüşümüzdür. Başqa bir yol yoxdur! Ya biz, ya da o qoca paranoik!

Nazirlər kuratoru. Bizim dördümüzü də qaralayıb. O birilərini, bizim fədakar bolşevikləri, Leninin silahdaşlarını necə cəhənnəmə göndəribsə, bizi də eləcə ora göndərəcək.

Partiya kuratoru. Cəhənnəmə niyə?

Nazirlər kuratoru. Bizim o qədər günahlarımız var ki...

Təhlükəsizlik kuratoru. Ən böyük günahımız ölkəni bu qoca paranoikin öhdəsinə buraxmaqdır. Özümüz heç, bəs, bu ölkə nə olacaq? Gələcək nəsillər şəkillərimizə tüpürməyəcək ki, əlinizdə bu qədər ixtiyar vardı, bəs, siz hara baxırdız?

Ticarət kuratoru. Biz niyə heç? Biz insan deyilik? Bizim ailəmiz yoxdur? Biz yaşamaq istəmirik? (Nazirlər kuratoruna.) Səni məcbur etmədi ki, arvadını boşayasan, onu da ingilis casusu kimi Sibirə göndərmədi? (Təhlükəsizlik kuratoruna.) Sənin qardaşını Trotskiçi kimi güllələmədi?

Partiya kuratoru. Özünün! Özünün yaxın-uzaq qohumu qalmayıb, hamısını xalq düşməni kimi güllələyib, Sibirə göndərib! Sabah...

Ticarət kuratoru (onun sözünü kəsərək). Biz də məcbur olub, o güllələnmə siyahılarına qol çəkmişik...

Partiya kuratoru. (davam edir). Sabah oğlunu, ya qızını da ingilis casusu, ya Titonun adamı elan etsə, onları xalq düşməni kimi güllələsə, mən təəccüblənmərəm!

Ticarət kuratoru. Tito bir bəhanə idi. Siz bunu başa düşmədiz?!

Nazirlər kuratoru. Bizimki daha təəccüblənməkdən çoxdan keçib! Görmürsən, yəhudilərə qarşı necə gizli nifrət var içində? (Yamsılayır). "Siz yəhudi deyilsiz, siz kommunistsiz". Yəhudi kommunist ola bilməz? Marks kim idi?

Ticarət kuratoru. O, nə deyirsə, məqsədlə deyir. Yenə nəsə fikirləşib. İsraili də elə-belə demədi, mənim burnum yeni bir kampaniyanın ab-havasını hiss edir... Bəs, o Bağırov söhbətini eşitmədiz? Mənə deyir ki, Bağırovla dostsuz!.. Guya bilmir ki, Bağırov mənimlə düşmənçilik edir? (Təhlükəsizlik kuratoruna.) Bağırov sənin dostundur, ancaq mənə deyir.

Təhlükəsizlik kuratoru. Əslində, elə mənə eşitdirirdi. Bu tiran üçün insan, ya milçək - fərqi yoxdu! Yaltada təklif etdi ki, əlli min alman zabiti məhkəməsiz güllələnsin. Əlli min! Təsəvvür edirsiz? Əlli min insan - məhkəməsiz! Mən orda idim. Çörçilin də, Ruzveltin də gözləri çıxmışdı kəllələrinə. Təkid edirdi! Çörçil dedi ki, Böyük Britaniya heç vaxt buna razı olmayacaq! Axırda otaqdan çıxıb, qapını da çırpdı.

Nazirlər kuratoru. Ancaq bu Kalliqula həmişə gecikə-gecikə danışıqlar zalına girəndə, Çörçil sıravi əsgər kimi ayağa qalxırdı.

Ticarət kuratoru. Stalinin otağına kim... (Sözünü yarımçıq kəsib, Təhlükəsizlik kuratoruna baxır). Sən bura mikrofon qoyub bizim səsimizi yazmısan ki?

Təhlükəsizlik kuratoru. Bu dəfə yox. Sözünü de, qurtar.

Ticarət kuratoru. Onun kabinetinə kim birinci dəfə girir, çıxanda başı ağarır.

Partiya kuratoru (aşkar bir kin-küdurətlə). Ancaq sənin başında ağ tük yoxdur!

Ticarət kuratoru. Nə olsun? Bizim Zaqafqaziyada müsəlmanlar meyitləri ağ parçaya büküb dəfn edirdilər. O vaxtdan mənim üçün ağ rəng - qorxulu rəngidir.

Nazirlər kuratoru. Onda mənim bütün içimdə ağdan başqa rəng yoxdur. Bəyəm tək mənim?   

Təhlükəsizlik kuratoru. Sizə bir daha deyirəm, məndə məlumat var: o, bizi xalq düşməni elan edəcək və (sözləri hecalayır) gül-lə-lə-də-cək. İntuisiya mənə deyir ki, bu səhv məlumat deyil.

Partiya kuratoru. Bir sözlə, bizim daha vaxtımız yoxdur. Sabah məsələ həll olunmalıdır!

Təhlükəsizlik kuratoru. Hələ məlum deyil ki, sabaha sağ çıxacağıq, ya yox?

Partiya kuratoru. Ona görə də biz bu gün qərar verməliyik!

Ticarət kuratoru. Dünən hiss etmədiz ki, sondur? Mənim hissiyyatım heç vaxt məni aldatmayıb. Bu, sondur! Görmədiz, hələ qurultay vaxtı cibindən heç kimin görmədiyi siyahını çıxarıb, Siyasi Büronu uşaq-muşaqla necə doldurdu? Guya, bunları Mərkəzi Komitə seçdi!.. Mən elə onda hiss etdim ki, bütün bu həngamə bizi əvəz etmək üçündür! Onun üçün bizi əvəz etmək nə deməkdir? Məhv etmək! Bizi dövlətin əleyhinə işləyən antipartiya qrupu yaratmaqda ittiham edib, xalqın tələbi ilə güllələmək! Məqsəd budur! Dördümüzü də nişan alıb, bu gün-sabah tüfəngin tətiyini çəkəcək!

Partiya kuratoru. Fikir vermədiz, dünən mənimlə necə ikibaşlı danışırdı!

Ticarət kuratoru. Bəs, mənimlə?! Guya ki, Ermitajdakı rəsmləri Qalust Gülbenkyana mən özbaşına satmışam? Neynəmişəm, onun pulunu cibimə qoymuşam? Onun puluna biz Rostovda o boyda zavod tikdirdik! (Nazirlər kuratoruna). Sənin yadında deyil?

Nazirlər kuratoru. Necə yadımda deyil!? Biz Ermitajdan Rafaeli, Tisianı, Van Deyki götürüb, kapitalistlərə satdıq, bəli! Ancaq əvəzində Azərbaycandan tutmuş Barnaulacan, Leninqraddan tutmuş bilmirəm haracan, onlarca fabrik-zavod tikdik! Maqnitka, Dneproqes, Uralmaş!..

Ticarət kuratoru (sarkazm ilə). Bəs, bilmirsiz?! O fabriklər, zavodlar olmasaydı, Rafaellə Tisian əl-ələ verib, Hitleri məğlub edəcəkdi!

Partiya kuratoru. Mən o Belomorkanalda canımı qoymuşam, ad isə onunkudur! (Kinayə ilə). Dahi rəhbərimizin!

Ticarət kuratoru (yamsılayır). "İyirmi yeddi Bakı komissarı oldu iyirmi altı..." 30 ildir bunu əlində süngü eləyib, mənim ürəyimə sancır.

Təhlükəsizlik kuratoru. İndi bu qaranlıq məsələni xatırlamağın yeri deyil.

Ticarət kuratoru (hiddətlə). Nə? Qaranlıq? Mənim bolşevikliyim sual altındadır? Bilirəm, biz onu ləğv edəndən sonra - əgər ləğv edə bilsək! - bunu siz də əlinizdə mənə qarşı süngü çevirəcəksiz.

Partiya kuratoru. Biz yenə bir-birimizlə çəkişməyə başlasaq, heç nə edə bilməyəcəyik.

Nazirlər kuratoru. Ona da elə bu lazımdır! Dünən de Qoll zəng etməsəydi, kim bilir, hələ nə olacaqdı...

Təhlükəsizlik kuratoru. Kaladzenin iti söhbəti!.. Şeyx nağılı!.. Siz ki, yaxşı bilirsiz, o, elə-belə söz deyən deyil!

Ticarət kuratoru. Bəs, o sayıqlıq söhbəti?!

Partiya kuratoru. De Qoll zəng edib, o saat da bizi kabinetdən çxardır. (Yamsılayır.) "Siz gedə bilərsiz". Bizim yanımızda de Qolla danışmaq olmaz? Biz kimik? Biz də bu ölkənin rəhbərləriyik!.. Biz bilməməliyik ki, de Qoll nə deyir? Niyə sən onun zəngini gözləyirsən? Özün ona nə deyəcəksən?!

Ticarət kuratoru. Hələ bilmək olmaz ki, de Qoll doğrudan zəng etmişdi, yoxsa bu da onun qurduğu oyunun bir bəndi idi? Bilmək olmaz...

Nazirlər kuratoru. Sabah yenə bizi çağırıb. Özü də günorta! Son illərdə onun günorta iclas etməsi mənim yadıma gəlmir!

Təhlükəsizlik kuratoru. Dünənki kimi, yenə yalnız dördümüzü!

Ticarət kuratoru. Hissiyyatım mənə deyir ki, Polikarpov sabah bizi o mənfur kabinetdən birbaşa Lyublyankaya yola salacaq!

Nazirlər kuratoru. Biz dövləti onun əlindən xilas etməliyik!

Ticarət kuratoru. Özümüzü də! Bəli, dövləti və özümüzü xilas etməliyik!

Təhlükəsizlik kuratoru (əsəbi). Sabah o, yox olmalıdır! Məhv olmalıdır! (Tərini silir). Mən hər şeyi hazırlamışam!

Nazirlər kuratoru. Xalqa nə deyəcəyik?

Təhlükəsizlik kuratoru. Əvvəlcə xəstəliyi barədə məlumat verəcəyik. (Şalvarının cibindən kağız çıxarıb oxuyur). "SSRİ Nazirlər Sovetinin sədri və Sov.İKP Mərkəzi Komitəsinin katibi İosif Vissarionoviç Stalin yoldaşın xəstələnməsi haqqında hökumət məlumatı. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti partiyamıza və xalqımıza bədbəxtlik üzv verdiyini - Stalin yoldaşın ağır xəstələndiyini xəbər verirlər". Sonra diaqnozu, guya beyninə qan sızıb, müalicə edən həkimlərin adı. İstəmirəm, hamısını oxuyub, vaxtımızı itirək.

Ticarət kuratoru. Özü morqda olacaq da?

Təhlükəsizlik kuratoru. Əlbəttə. İkinci gün (Şalvarının o biri cibindən kağız çıxarır.) partiyanın bütün üzvlərinə, Sovet İttifaqının bütün zöhmətkeşlərinə onun ölümü haqqında xəbər veririk. (Kağıza baxa-baxa). Ayın filanında, filan saatda ağır xəstəlikdən sonra vəfat edib. (Oxuyur). "Leninin silahdaşı və onun işinin dahi davametdiricisi, Kommunist partiyasının və sovet xalqının müdrik rəhbəri və müəllimi yoldaş Stalinin qəlbi döyünməkdən qaldı. Stalinin adı partiyamız üçün, sovet xalqı üçün, bütün dünya zəhmətkeşləri üçün hədsiz dərəcədə əzizdir". Və sairə.

Ticarət kuratoru. Burada dəqiq mikrofon yoxdu?

Partiya kuratoru. Olsa da, artıq iş-işdən keçib!

Nazirlər kuratoru. Ölümü haqqında tibbi arayış?

Təhlükəsizlik kuratoru (pencəyinin döş cibindən kağız çıxarır). Hazırdır.

Nazirlər kuratoru. Bunu kim imzalayacaq?

Təhlükəsizlik kuratoru. Səhiyyə naziri Tretyakov. Kremlin Müalicə-Sanitariya İdarəsinin rəisi Kuperin.

Ticarət kuratoru. İmzalayacaqlar?

Təhlükəsizlik kuratoru. Biləndə ki, ölüb, nə verəcəyik, imzalayacaqlar.

Partiya kuratoru. Aydın məsələdir.

Təhlükəsizlik kuratoru. Altı nəfər professor hazırlamışıq. İki akademik, üç professor, müalicə edən həkim.

Ticarət kuratoru (dəhşətlə). Hazırlamısız?! İndi də azad gəzirlər?!

Təhlükəsizlik kuratoru. İzolyatordadırlar.

Partiya kuratoru. Aralarında bir gürcü də olsaydı yaxşı olardı.

Təhlükəsizlik kuratoru. Mən də bu fikirdəyəm. Ancaq birini tapa bilmirik razılıq versin. İki gürcü professor buna görə xalq düşməni kimi güllələnib. Mən bütün gürcü professorları məsələdən agah edib, sonra da güllələyə bilmərəm ki!

Nazirlər kuratoru. Güllələmə kabus kimi bizdən əl çəkmir...

Təhlükəsizlik kuratoru. Biz nə etməliydik? Belə təklifdən sonra, mən onları sağ buraxmalıydım?

Ticarət kuratoru (tələsik). Yox, yox!.. Əlbəttə!..

Nazirlər kuratoru. Dəfni?

Təhlükəsizlik kuratoru. Özümüzdən ibarət dəfn komissiyası.

Partiya kuratoru (dərhal). Sədri kim olacaq?

Təhlükəsizlik kuratoru. Onu sonra müəyyən edərik.

Nazirlər kuratoru. Dəfn mərasimi?

Təhlükəsizlik kuratoru (pencəyinin o biri döş cibindən kağız çıxarır). Partiyanın, Nazirlər Sovetinin qərarı olacaq. (Oxuyur). "Yoldaş Stalinin cənazəsi qoyulmuş sarkofaq Qızıl meydandakı V.İ.Leninin sarkofaqı yanında saxlanılsın".

Nazirlər kuratoru. Zəhmətkeşlər onunla harda vidalaşacaqlar?

Təhlükəsizlik kuratoru. Qərar çıxaracağıq ki, vidalaşma mərasimi İttifaq Evinin Sütunlu salonunda keçirilsin. Dörd gün ölkədə matəm elan edəcəyik. Hamımız orda olmalıyıq. Tez-tez fəxri qarovulda durmalıyıq.

Ticarət kuratoru. Dörd gün?.. Naharı da orda edəcəyik?

Təhlükəsizlik kuratoru (elə bil, onun sözlərini eşitmir). Dəfn mərasimi Qızıl meydanda keçiriləcək. Hərbi parad olacaq. Toplardan atəş açılacaq.

Nazirlər kuratoru. Fadeyevə tapşırmaq lazımdır ki, şairlər şeirlər yazsınlar.

Ticarət kuratoru. Nə tapşırıq? Özləri o saat başlayacaqlar yazmağa.

Təhlükəsizlik kuratoru. Vida mitinqi Mavzoleyin tribunasında olacaq.

Partiya kuratoru (dərhal). Mitinqi kim açacaq?

Təhlükəsizlik kuratoru. Onu sonra müəyyən edərik.

Partiya kuratoru. Elə sonra, sonra! Əsas məsələ bundadır.

Nazirlər kuratoru. Xeyr, əsas məsələ odur ki, bu qoca kaftar necə aradan götürüləcək? Onu qoruyan o qədər orqan işçiləri, onun o qədər keşikçiləri, xidmətçiləri!..

Ticarət kuratoru. Gözəgörünməz adamları?!

Nazirlər kuratoru. Polikarpov?!

Ticarət kuratoru. Hə, hə! Polikarpov?!

Təhlükəsizlik kuratoru. Bəli, əsas məsələ də elə burasındadır! Nə qədər ki, Polikarpov sağdır, mənim adamlarım onları tərksilah edə bilməyəcəklər. Hay-küy düşəcək, Polikarpov duyuq düşəcək, qoca da o saat xəbər tutacaq. Onun da kabinetində yüz dənə düymə var! İlanı başından əzmək lazımdır! Əvvəlcə qoca!

Partiya kuratoru. Cəhənnəm onun yolunu çoxdan gözləyir!

Nazirlər kuratoru. Özü də guya ateistdir! Bizim yanımızda ateistdir, guya dinin qəddar düşmənidir, ancaq tək qalanda, mənim buna şübhəm yoxdur, Allaha yalvarır!

Ticarət kuratoru. Çox düzdür!

Partiya kuratoru. Sən Allaha yalvarmırsan?

Ticarət kuratoru. Xeyr! Mən ateistəm!

Təhlükəsizlik kuratoru (əsəbi). Bəsdirin! İndi bu söhbətin yeridi?! İndi ancaq bir yol var: biz onu məhv etməliyik! Kabinetə silahla keçmək mümkün deyil. Biz də, elə bil, adi adamlarıq, Polikarpovun yanına gələnəcən on dəfə yoxlayırlar. (Gözlənilmədən Partiya kuratoruna.) Onu sən boğacaqsan!

Partiya kuratoru (qəzəbli). Nə? Mən? Mən niyə? Niyə sən yox?

Təhlükəsizlik kuratoru (mizin üstündəki kağızları göstərərək). Bu kağızlardan biri bəsdir ki, mən bütün nəslimlə məhv olum! Hər şeyi mən etməliyəm ki, siz də rahatca canınızı xilas edəsiz?

Partiya kuratoru (Nazirlər kuratorunu göstərir). Onda niyə o yox, (Ticarət kuratorunu göstərir) o yox, mən?!

Təhlükəsizlik kuratoru. Sənin təcrübən var. Kabinetində marşal Perovskini boğub öldürmədin?!

Ticarət kuratoru. Düzdür!

Partiya kuratoru. O, xalq düşməni idi!

Təhlükəsizlik kuratoru. Bəs, bu kimdi? Cənnət-məkan əhlidir? Göydən enib yerə?

Ticarət kuratoru (istehza ilə). Yəqin, elədir!

Nazirlər kuratoru. Ən böyük xalq düşməni elə o özüdür!

Partiya kuratoru. Mən qəti etiraz edirəm! Mən partiyanın adından etiraz edirəm!

Nazirlər kuratoru. Partiyanın adından etiraz edirsən ki, ona əl dəyməsinlər?

Partiya kuratoru. Mən elə demədim.

Təhlükəsizlik kuratoru. Yaxşı! Bəsdir! Mən əvvəldən bilirdim ki, belə olacaq! Püşk atacağıq! Kimə düşdü, düşdü!

Nazirlər kuratoru. Başqa nə edə bilərik ki?

Ticarət kuratoru. Necə? Püşk? Nə püşk?! Bu nə oyundur? Mən heç toyuq başı kəsə bilmirəm!

Partiya kuratoru. Sən elə təkcə Ermənistana gedib, orda nə qədər adam güllələtdin?! Nə qədər ailəni məhv etdin?! Nə qədər uşaqları yetim qoydun?!

Ticarət kuratoru. Bəs, sən nə etmisən? Moskvada partiyalı, partiyasız neçə minlərlə adamı güllələtdirməmisən? Sən deyildin, həftədə ona bir ərizə yazıb, yalvaran ki, əziz rəhbərimiz, bizə ayrılmış güllələmə kvotasını artırın?!

Partiya kuratoru. Onlar xalq düşməni idi!

Ticarət kuratoru. Bəs, mənimkilər nə idi? Xalq düşmənləri, əks-inqilabçılar, trotskiçilər deyildi?! İngiltərənin, Türkiyənin casusları deyildi?! Pantürkistlər deyildi?! Xalqı Allahla qorxudan keşişlər, mollalar deyildi?! Nə püşk? Yox, mən belə oyunlarda iştirak edə bilmərəm! (Ayağa qalxıb paltosunu götürərək, şlyapasını başına qoyur). Sağ olun! Mən yoldaş Stalinin rəhbərliyi altında, yorulmaq bilmədən xalqımıza xidmətimi davam edəcəyəm! Xudahafiz!

Təhlükəsizlik kuratoru. Yaxşı, yaxşı!.. Şlyapanı çıxar başından. Otur!

Nazirlər kuratoru (həyəcanla). Yoldaşlar, bu, hara gedir?

Partiya kuratoru. Onu buraxmaq olmaz!

Təhlükəsizlik kuratoru. Əyləş, dedim! Sən püşkatmada iştirak etmə. Otur, üçümüz üçün kağızları sən hazırla.

Ticarət kuratoru. Hə?

Nazirlər kuratoru. Otur.

Partiya kuratoru. Sənə dedilər də. Tez elə!

Ticarət kuratoru paltosunu, şlyapasını divanın üstünə atıb, mizin üstündəki bloknotdan üç ağ vərəq cırır və kənara çəkilib vərəqlərin hər birinə işarə qoyur.

Nazirlər kuratoru. Birdən kabinetdə səs-küy olar. Polikarpov nəsə hiss etməz?

Təhlükəsizlik kuratoru. O meşin qapıdan səs keçər?

Ticarət kuratoru kağızları bürmələyərək, onları mizin üstündə cidd-cəhdlə qarışdırır.

Ticarət kuratoru. Götürün!

Kuratorlar bir-bir vərəqləri götürüb baxırlar.

Nazirlər kuratoru (dərindən rahat nəfəs alır). Of-f-f!..

Partiya kuratoru (kağızı mizin üstünə çırparaq). Ən zibil işlər həmişə mənim bəxtimə düşür!

Ticarət kuratoru. Bu, nə bəxt söhbətidi belə? Sən kommunistsən!

Təhlükəsizlik kuratoru. Görürsən, Allah da, səni məsləhət bildi!

İşıq sönür.

BEŞİNCİ ŞƏKİL

Moskva, Kreml. Stalinin kabineti və qəbul otağı.

Stalin, Polikarpov, marşallar, Siyasi Büro üzvləri: Partiya kuratoru, Nazirlər kuratoru, Təhlükəsizlik kuratoru, Ticarət kuratoru.

Kabinetdə Stalin yazı mizinin arxasında oturub, qarşısındakı kağızları oxuyur.

Polikarpov qəbul otağında öz mizinin arxasında oturub. Mizin üstü telefonlarla doludur.

Siyasi Büro üzvləri onun qarşısındakı kreslolarda əyləşiblər.

Telefon zəngi.

Polikarpov (telefonlardan birinin dəstəyini qaldıraraq). Məşğuldur!

Telefonlar beləcə zəng çalır. Polikarpov ayrı-ayrı dəstəkləri qaldıra-qaldıra cavab verir və dəftərçələrdə qeydlər edir.

- Məşğuldur!

- Mümkün deyil!

- Məşğuldur!

- Sizə özü zəng edəcək!

- Bilmirəm, bir tapşırıq verməyib!

- Məşğuldur!

Ticarət kuratoru. Yoldaş Stalin həqiqətən perpetuum-mobiledir! İnsan nə qədər işləyər!.. Xalq naminə! Vətən naminə!

Nazirlər kuratoru. Lenin bizim şanlı keçmişimiz idi. Yoldaş Stalin isə bizim möhtəşəm bugünümüz, cahanşümul gələcəyimizdir!

Partiya kuratoru (Polikarpova). Siz bilmirsiz yoldaş Stalin bizi hansı məsələ ilə bağlı çağırıb?

Polikarpov (növbəti telefon dəstəyini yerinə qoyaraq, acıqlı). Yoldaş Stalin mənə hesabat vermir.

Partiya kuratoru. Bağışlayın, yoldaş Polikarpov.

Kiçik pauza.

Polikarpov. Siz çox həyəcanlısız.

Partiya kuratoru. Mən?

Polikarpov. Hamınız... Nəsə olub?

Ticarət kuratoru. Xeyr, xeyr!.. Nə ola bilər ki?..

Stalin kağızları kənara çəkərək, sönmüş qəlyanını mizin üstündən götürüb fikirli-fikirli əlində oynadır. Nəhayət, mizin kənarındakı düyməni basır.

Polikarpov cəld telefon dəstəyini qaldıraraq ayağa qalxıb farağat dayanır.

Polikarpov. Eşidirəm, yoldaş Stalin!

Stalin. Gözləyirlər?

Polikarpov. Bəli, yoldaş Stalin!

Kiçik pauza.

Stalin. Gəlsinlər.

Polikarpov (dəstəyi yerinə qoyaraq oturur və başı ilə meşin qapıya tərəf işarə edir). Keçin.

Siyasi Büro üzvləri tələsik qalxıb, tələsik də üst-başlarını qaydaya salırlar və meşin qapını açaraq, bir-bir içəri girib qapının ağzında dayanırlar.

- Salam, yoldaş Stalin!

- Xoş gördük, yoldaş Stalin!

- Salam, yoldaş Stalin!

- Sizi xoş gördük, yoldaş Stalin!..

Stalin (başının işarəsi ilə salamlaşaraq, qəlyan tutduğu əli ilə kənardakı uzun iclas mizinə tərəf işarə edir). Əyləşin.

Siyasi Büro üzvlərinin ikisi uzun iclas mizinin bir tərəfində, ikisi də o biri tərəfində qarşı-qarşıya əyləşirlər.

Stalin qəlyanı yandırıb, ayağa qalxır, asta və yumşaq addımlarla onlara yaxınlaşaraq mizin ətrafında var-gəl edir.

(Asta-asta, elə bil, öz-özü ilə danışır). Bizim son məqsədimiz kommunizmin qələbəsidir... Biz bütün həyatımızı bu məqsədə sərf etmişik... Biz buna inanırıq... Faşizm üzərində qələbəni mən, o, o birisi əldə etmədi! Faşizm üzərində qələbəni həmin inam əldə etdi!.. (Partiya kuratorunun oturduğu kürsünün yanında dayanır). Elə deyilmi?

Partiya kuratoru (dərhal ayağa qalxaraq). Əlbəttə, yoldaş Stalin! Başqa cür necə ola bilər ki?!

Stalin (yenə asta və yumşaq addımlarla mizin arxasınca dairəvi gəzişərək). Əyləşin.

Partiya kuratoru əyləşir.

Doğrudur, başqa cür ola bilməz!.. Düz deyirsiz!..

Kiçik və gərgin pauza.

Onda nə üçün biz geridə qalırıq?.. İmperializm inkişaf edir, fəhlələrin maaşı artır, kəndlə şəhərin fərqi aradan qalxır, tikirlər, qururlar, ancaq biz?.. Biz bütün sahələrdə onlardan geri qalırıq. Nə üçün?.. Bizim staxanovçularımız Amerika fəhlələrindən pis işləyir?.. Yoxsa bizim kolxozçular İngiltərə fermerlərindən az zəhmət çəkir?..

Kiçik və gərgin pauza.

Bəli, müharibə bizə qat-qat artıq ziyan vurdu. (Partiya kuratorunun yanında ayaq saxlayaraq). Elədir?

Partiya kuratoru (cəld ayağa qalxaraq). Elədir, yoldaş Stalin!

Stalin. Əyləşin.

Partiya kuratoru əyləşir. Stalin eləcə asta və yumşaq addımlarla mizin ətrafında dairə vurmağına davam edir.

Düz deyirsiz... Elədir... Onda, bəs, Almaniya?.. Biz ki, Almaniyanı darmadağın etdik! Biz ki, Almaniyada daşı daş üstə qoymadıq! Nə üçün dağılmış Almaniya bizdən qat-qat artıq bir sürətlə özünü bərpa edir? Fabrikləri, zavodları nəinki işə salır, təzələrini yaradır, yeni texnologiyalara sahib olur, universitetlər açır... Niyə?.. Şatır oğlu Adenauer göydən göndərilib ki, Almaniyanı təzədən qaldırsın? Almaniya təzədən dünyaya meydan oxusun? Niyə imperializm get-gedə gücdən düşmək əvəzinə, get-gedə daha da inkişaf edir. Niyə? Çünki... (Ayaq saxlayır).

Gərgin pauza.

Çünki biz yanılırıq? (Yenə yavaş-yavaş addımlayaraq, uzun mizin ətrafında dövrə vurur). Hə? Biz düzgün yolda deyilik? Biz həyatımızı, ömrümüzü boş şüarlara həsr etmişik? (Partiya kuratorunun yanında ayaq saxlayaraq). Siz belə düşünürsüz, hə?

Partiya kuratoru (cəld ayağa qalxaraq, çox həyəcanlı). Xeyr, yoldaş Stalin!

Stalin. Marksizm-leninizm bəlkə... bəlkə həqiqətən utopiyadır? Hə?

Partiya kuratoru (get-gedə daha da artan bir həyəcanla). Xeyr, yoldaş Stalin!

Stalin (qəlyanını tüstülədə-tüstülədə yavaş səslə). Onda nə üçün Amerika Yaponiyaya atom bombası atır, dinc insanları, zəhmətkeşləri milçək kimi qırır, ancaq bundan sonra Yaponiya Amerika ilə müttəfiq olur? Kapitalizm dünya siyasətində xeyiri, mənfəəti maqnit kimi özünə çəkir. Niyə? Yunanıstan kommunistləri böyük qəhrəmanlıqla vuruşdu, faşistləri qovdu, ölkələrinə sahib çıxdı. Məntiqlə Yunanıstan sosialist ölkəsi olmalı idi, ancaq nə oldu? Kapitalizm xalqı kommunistlərə qarşı çevirdi, kommunistləri məhv etdi. Niyə? Nə üçün? (Yazı mizinə yaxınlaşıb sönmüş qəlyanını yandıraraq, yenə gəzişməyə başlayır).

Pauza.

Yenə məsələ gəlib insan amilinə çıxır? Bəlkə bizim rəhbərlikdə də düşmənlər var, hə? Bəlkə onlar daxili siyasətdə də, xarici siyasətdə də ziyankarlıqla məşğuldurlar və biz də buna görə lazımi sürətlə irəli gedə bilmirik, beynəlxalq nüfuz qazana bilmirik? Nə üçün bizim gücümüz çatmır ki, Fransa kommunistlərinə, İtaliya, Türkiyə kommunistlərinə hər cürə kömək edək ki, hakimiyyəti öz əllərinə alsınlar? Hə? (Diqqətlə Partiya kuratoruna baxır). Ancaq siz çox həyəcanlısız...

Partiya kuratoru. Mən... mən yoldaş Stalinlə danışıram...

Stalin. Siz içəri girəndə, artıq çox həyəcanlıydız... (Üzbəüz oturmuş Ticarət kuratoruna müraciətlə.) Elə deyilmi?

Ticarət kuratoru (cəld ayağa qalxaraq). Elədir, yoldaş Stalin!

Stalin (təzədən Partiya kuratoruna baxaraq). Niyə biz kapitalizmi tənqid edəndə, siz həyəcanlanırsız? (Yenidən Ticarət kuratoruna baxır). Nəsə olub? (Çoxmənalı, eyni zamanda istehzalı bir tərzdə). Nə olub ki, bizim bundan xəbərimiz yoxdur?

Ticarət kuratoru (qorxu içində). Mənim... mənim günahım yoxdur...

Stalin. Yox! Bunu düz demədiz! Bizim hamımızın günahı var. (Sərt.) İndi isə, deyin görüm nədə günahınız yoxdur?

Ticarət kuratoru. Mən... mən... Yoldaş, Stalin, mən...

Partiya kuratoru (Ticarət kuratoruna). Qorxaq tülkü!..

Stalin (hiddətlə). Nə?

Partiya kuratoru (kobud). Heç nə!..

Və Partiya kuratoru gözlənilmədən Stalinin üzərinə atılaraq, iki əli ilə də onun boğazından yapışıb boğmağa başlayır.

Heç nə!.. Heç nə olmayıb!.. Heç nə!..

Partiya kuratoru bütün varlığından doğan bir nifrət və həyəcanla Stalini boğur. Stalin çapalayaraq onun əlindən qurtulmağa çalışır, ancaq bu mümkün olmur. Siyasi Büro üzvləri ayağa qalxaraq hipnoz olublarmış kimi, yerlərində donub qalıblar.

Öl!.. Gəbər!.. Gəbər!..

Stalinin nəfəsi kəsilir və Partiya kuratoru əllərini onun boğazından çəkəndə, onun cəsədi yerə sərilir.

Bitdi!..

Siyasi Büro üzvləri, elə bil, hipnozdan çıxırlar. Ticarət kuratoru Stalinin cəsədinə yaxınlaşaraq, diqqətlə baxır, sonra ona bir təpik vurur.

Ticarət kuratoru. İt oğlu, it, axır ki, gəbərdi!..Axır ki, gorbagor oldu! (Cəsədin üstünə tüpürür.) Tfu!.. Daha Kaladzenin iti kimi hamını qapmayacaqsan!.. Hər şey qurtardı!

Nazirlər kuratoru. Hələ heç nə qurtarmayıb!

Ticarət kuratoru (sol tərəfdəki qapıya tərəf baxaraq pıçıltıyla). Polikarpov!..

Nazirlər kuratoru. Bəli, Polikarpov!..

Təhlükəsizlik kuratoru. Narahat olmayın, adamlarım mənim siqnalımı gözləyirlər. İndi...

Partiya kuratoru (üz-gözünün tərini silə-silə hələ də həyəcanlı halda onun sözünü kəsir). Biriniz də mənə kömək etmədiz... Mən Mərkəzi Komitənin üzvləri ilə bir-bir danışmalıyam. Yoldaş Stalinin... (Stalinin yerə sərilmiş cəsədinə tüpürür.) Yoldaş Stalinin ağır xəstələnməsi barədə onlara məlumat vermək lazımdır. Sabah səhər Mərkəzi Komitənin plenumunu çağıracağıq. Biz...

Təhlükəsizlik kuratoru (onun sözünü kəsərək). Bura bax, biz indi burada vəzifələri bölüşəcəyik, plenum da təsdiq edəcək! Dedim ki, mənim adamlarım siqnalımı gözləyir. (Qolundakı saatı göstərir). Bax, bu düyməni görürsən? Bunu basan kimi, sənin yox, mənim adamlarım hər şeyi həll edəcək!

Ticarət kuratoru. Biz nə bilək ki, sənin adamların gəlib bizi həbs etməyəcək?

Təhlükəsizlik kuratoru (hirsli). Hələ ki yox! Arxayın ol!.. İndi isə vəzifələr bölüşdürülməlidir!

Partiya kuratoru (tərini silə-silə). Partiya adından artıq mən hər şeyi hazırlamışam! Plenumun gündəliyi hazırdır.

Təhlükəsizlik kuratoru. Bu saat partiya da, hökumət də, KQB də mənəm!

Partiya kuratoru. Partiya buna yol verməyəcək!

Təhlükəsizlik kuratoru. Qulaq as! Özü də diqqətlə qulaq as, eşitdin! Hökumətə biz rəhbərlik edəcəyik! (Nazirlər kuratoruna işarə edərək). O və mən! O, sədr, mən birinci müavin! (Stalinə baxaraq, onu yamsılayır.) "Niyə imperializm inkişaf edir?". Çünki partiya hökumətin işinə qarışır! Dövləti idarə etməyə qoymur! Dövləti partiya idarə edir! Buna görə də (Yenə Stalini yamsılayır). "kapitalizmdən geri qalırıq"! Partiya öz siyasəti ilə məşqul olsun! Bütün bunlar qurtardı! Ölkəni qaldırmaq lazımdı!

Partiya kuratoru (Stalinin cəsədinə işarə edərək). Onu partiya öldürdü!

Təhlükəsizlik kuratoru. Onu sənin canındakı qorxu öldürdü! Əgər sən onun dalınca getmək istəmirsənsə, səsini çıxarma! Səni sabah plenumda partiya rəhbəri edəcəyik, hökumət isə bizimdir, eşitdin?! Yoxsa mənim adamlarımla zarafat etmək istəyirsən?

Partiya kuratoru (pıçıltı ilə Nazirlər kuratoruna). Sonra da sənin başını yeyəcək!..

Nazirlər kuratoru (pıçıltı ilə). Bunu sonra səninlə danışarıq...

Təhlükəsizlik kuratoru. Nə mızıldanırsız elə?

Partiya kuratoru. Heç nə.

Ticarət kuratoru. Mənim isə rəhbərlik iddiam yoxdur!

Təhlükəsizlik kuratoru. Səni rəhbər qoyan da yoxdur!

Ticarət kuratoru. Çox yaxşı! Mənə əvvəlki yerim kifayətdir. Mən sadəcə olaraq (sözü hecalayır) ya-şa-maq istəyirəm! Öz ailəm ilə qorxusuz, rahat ya-şa-maq istəyirəm. Bilim ki, ölüm hər gün qan süzülən qılıncı əlində başımın üstünü kəsdirməyib! (Stalinin cəsədinə baxaraq, yenə üstünə tüpürür.) Tfu, "xalqlar atası"!.. (İstehza ilə.) Marks-Engels-Lenin-Stalin partiyası!.. Yox bir, Vissarion partiyası! (Yamsılayır). "Şatır oğlu Adenauer...". Bəs, sən kimsən? Padşah oğlusan? Dünya proletariatının rəhbərinə bax! (Əlini ağzına tutub, başını yuxarı qaldıraraq). A-u-u-u!.. Pinəçi Vissarion!.. Oğlun axır ki, layiqincə gəbərdi! Mənəm-mənəmliklə deyil!..

Partiya kuratoru. Ancaq sən şalvarını bulamışdın! Beş saniyə geciksəydim, məni satacaqdın!..

Ticarət kuratoru. Xeyr, mən...

Partiya kuratoru (hiddətlə onun sözünü kəsir). Nə "xeyr, mən...?" Nə, "xeyr mən...?".

Təhlükəsizlik kuratoru (həyəcanla). Dayanın!..

Nazirlər kuratoru. Nə olub?

Bu zaman kabinetin yuxarı başındakı qapı cırıldayaraq açılır.

Siyasi Büro üzvləri hürkmüş halda qapıya tərəf baxırlar.

Pauza.

Stalin asta addımlarla kabinetə daxil olur. Yazı mizinə yaxınlaşıb, kibrit götürür və əlində tutduğu qəlyanı yandırır. Eləcə asta və yumşaq addımlarla dəhşət içində donub qalmış Siyasi Büro üzvlərinə yaxınlaşır və qəlyandan bir qullab vurub, Siyasi Büro üzvlərini bir-bir diqqətlə gözdən keçirir, sonra yerə sərilmiş cəsədə baxır.

Stalin (yerə sərilmiş cəsədə işarə edərək, soyuq bir sərtliklə). Siz yoldaş Kondratyevi nə üçün qətlə yetirdiniz? O, partiyaya sədaqətli, mətin bir kommunist idi. Öz rolunu yaxşı ifa edirdi. (Yenə Siyasi Büro üzvlərini bir-bir nəzərdən keçirərək, müdhiş bir istehza ilə). Siz, silahdaşlar, şagirdlər məni öldürmək istəyirdiniz?! Zəhmətkeşlər mitinqlərdə, paradlarda mətin silahdaşlar, sədaqətli şagirdlər kimi sizin portretlərinizi qaldırırdılar, siz isə mənə sui-qəsd hazırlayırsız?!

Ticarət kuratoru (Stalinin ayaqlarına atılaraq). Nə yaxşı! Nə yaxşı ki, siz sağsınız, yoldaş Stalin! (Stalinin ayaqlarını öpə-öpə barmağı ilə Partiya kuratorunu göstərir). O elədi! O boğdu! (Yenə Stalinin ayaqlarını öpməyə başlayır). Yoldaş Stalin!.. Nə yaxşı ki, siz sağsız!..

Stalin (ayağıyla Ticarət kuratorunu kənara itələyərək, aşkar bir ikrah hissi ilə). Yaxşı, yaxşı!.. Səni sonuncu güllələyərik...

Siyasi Büro üzvlərinin üçü də birdən Stalinin üzərinə atılır və onu boğa-boğa, vura-vura, təpikləyə-təpikləyə yerə yıxmağa çalışırlar. Stalin müqavimət göstərərək onların əlindən qurtulmaq istəyir, ancaq get-gedə gücdən düşür. Siyasi Büro üzvləri axır ki, onu yerə yıxırlar. Stalin daha müqavimət göstərmir, hay-küy içində onun yalnız xırıltısı eşidilir. Ticarət kuratoru da iməkləyib onlara qoşulur və əli-ayağı ilə Stalinə zərbələr endirir. Stalinin xırıltısı artıq kəsilib, Siyasi Büro üzvləri isə bir-birlərinə macal vermədən Stalini döyəcləyir, təpikləyirlər.

- Sən gəbərəcəksən, yoxsa, yox!..

- Öl!..

- Gəbər!..

- Al!..

- Bax, belə!..

- Belə!..

- Al, Kaladzenin iti!..

Ticarət kuratoru. Bu dəfə səninki tutmadı, oxşarınla bizi aldada bilmədin!..

Siyasi Büro üzvləri nəhayət, əldən düşüb Stalinin cansız vücudundan əl çəkərək, taqətsiz halda tövşüyə-tövşüyə döşəmənin üstündə otururlar.

Stalinin cəsədi Kondratyevin meyitindən bir az kənarda yerə sərilib.

Təhlükəsizlik kuratoru (dərindən nəfəs ala-ala). Öldü?

Ticarət kuratoru (ayağının ucu ilə bir-iki dəfə Stalinin cəsədini vurur). Çoxdan cəhənnəmdədi! Pinəçi Vissarionun küçüyü!

Kiçik pauza.

Nazirlər kuratoru. O nə səsdir?

Təhlükəsizlik kuratoru. Səs? Nə səs?

Partiya kuratoru. Sakit durun.

Gərgin pauza.

Yavaş-yavaş addım səsləri gəlir və bir-neçə andan sonra kabinetin yuxarı başındakı qapı cırıltı ilə yenidən açılır. Əvvəlcə Polikarpov, ardınca əllərində tapanca tutmuş üç nəfər Sovet İttifaqı Marşalı, onların da ardınca Stalin kabinetə daxil olurlar.

Stalin qəlyan tutduğu sağ əli ilə marşalları kənara itələyərək, döşəmədə oturmuş Siyasi Büro üzvlərinə yaxınlaşır.

Stalin (qəlyan tutduğu əli ilə yerə sərilmiş ikinci cəsədə işarə edərək). Siz yoldaş Vasilyevi də qətlə yetirdiniz! Yoldaş Kondratyev... İndi də yoldaş Vasilyev...

Ticarət kuratoru. Yoldaş Stalin... Əziz yoldaş Stalin... (Özündən gedir.)

Stalin. Siz imperializmə satılmış əli qanlı qatillərsiz! Partiya sizdən heç nə əsirgəməmişdi! Partiya sizi yetişdirmişdi! Partiya sizə güvənirdi! Bəs, siz nə etdiz? Antipartiya qrupu yaradıb, ölkədə çevriliş etmək istədiz! Kapitalizmi bərpa etmək istədiz! Sizi xalq mühakimə edəcək! (Polikarpova.) Bu xalq düşmənlərini, Amerikanın casuslarını aparın!

Ticarət kuratoru (özünə gələrək). Yoldaş Stalin... Mən... mən Amerikanın casusu deyiləm...

Stalin. Əlbəttə... Bilirəm. Amerikanın casusu onlardı, siz yox...

Ticarət kuratoru. Bəli... Bəli...

Stalin. Siz Türkiyənin casususuz... Elə deyilmi?

Ticarət kuratoru. Yoldaş Stalin... Yoldaş Stalin... (Yenə özündən gedir.)

Polikarpov, ardıyca da marşallar qəti addımlarla Siyasi Büro üzvlərinə yaxınlaşırlar.

Polikarpov. Qalxın!

Özündən getmiş Ticarət kuratorundan başqa, o birilər ayağa qalxır.

İrəli addımlayın!

Siyasi Büro üzvləri Polikarpovun qabağına düşərək, sol tərəfdəki qapıya tərəf addımlayırlar. Marşallardan biri Ticarət kuratorunun pencəyinin boynundan tutub sürüyür. Qapının ağzında Polikarpov kənara çəkilir.

(Marşallara.) Aparın!

Siyasi Büro üzvləri və marşallar kabinetdən çıxırlar. Polikarpov Stalinə yaxınlaşır.

Yoldaş İqnatov, xidməti borcunuzu layiqincə yerinə yetirdiyinizə görə yoldaş Stalinin tapşırığı ilə sizə təşəkkür elan edirəm! Yoldaş Stalin partiya və sovet xalqı qarşısındakı xidmətlərinizə görə sizi "Lenin" ordeni ilə təltif edib! Təbrik edirəm, yoldaş İqnatov!

Polikarpov cibindən çıxardığı "Lenin" ordenini İqnatovun yaxasına taxır.

Bir daha təbrik edirəm, yoldaş İqnatov! (Hərarətlə İqnatovun əlini sıxır).

İqnatov (hərarətlə). Təşəkkür edirəm! Yaşasın yoldaş Stalin!

İşıq sönür.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!