Məscid yolunda gülləri qoxulamaq
Saatın altında onu gözləyirəm. Saat bir dəfə danq elədi. Deməli, günorta birdir. Başımı qaldırıb baxmağa ehtiyac yoxdur. Bəzən görmədən qərar verir insan. Darıxanda fəlsəfəyə keçirəm. Bu, nə axmaq düşüncələrdi? Yoldan keçənlərə baxıram. Oğlan, qoca kişi, qız, xala, nənə itlə, baba nəvəsi ilə, sevgililər...
Lənət şeytana, sevgililəri görüb darıxdım. Əsl fəlsəfə zamanıdır. Yox, mən Volter deyiləm ki, darıxanda kitab yazım. Heç rotterdamlı Erazm da deyiləm. Darıxmaq olmaz. Gözləyim. Gələcək, mütləq gələcək. Axı O, məni sevir...
Danq, danq... Bir saat da keçdi. Qarnımda musiqi ansamblı ifa edir. Acmışam. Ömrümün baharı gəlsəydi, yaxınlıqdakı restorana gedərdik. Sevgililərçün ayrılmış kabinet, həzin musiqi, monastırsayağı ət və üstündən çay. Mütləq çay olmalıdır.
Danq, danq, danq. Sanki saatın arxasınca qaçırlar. Nə tez üç oldu. Yəqin, bəzənir. Gözləyim. Deyir, nə qədər səbr etsən, qələbə bir o qədər şirin və zövqlü olur. Atatürkün planı kimi. Geriyə çəkilə-çəkilə düşməni öz ərazilərində məhv etmək. Səbrli olan həmişə qalib gəlir. Yəqin, dodaqlarına çiyələk sürtür, yanaqlarına isə moruq. Gözlə, Adil, gözlə. O səni sevir. Mütləq gələcək.
Danq, danq, danq, danq... Oğraşdı yalan deyən, səbrim tükənir. Gəlməsə, küsüb getməyəcəyəm. Yalnız sevməyən insanlar belə edir. Mən onu tapıb üzünə deyəcəyəm. Hər şeyi deyəcəyəm. Əlimdəki güllər də solur. İnsanın ürəyi solsa da, üzdə görünmür. Yenə fəlsəfə açıram. Yavaş-yavaş soyuq olur. Üşüyürəm. Xəyali çərçivə çəkib ətrafında fırlanım. Bədənim qızsın. O, burada olsaydı, diskotekaya gedərdik. "Çarliston"dan girib, "Tvist"dən, "Tərəkəmə"dən girib "Lambada"dan çıxardıq. Gəlmir...
Danq, danq, danq, danq, danq... Saata bədbəxtlər baxır. Bəlkə mən dəqiq insanam. Bədbəxt deyiləm. İşə bir bax! Özüm-özümü ittiham edib sonra tərəfimi tuturam. Həm hakiməm, həm də vəkil.
Popkorn satan oğlanın səsi başıma düşdü. Üç dilənçi yaxınlaşmışdı. Bu da dörd oldu. Hamı da bir manat istəyir. Dilənçi köpək uşaqları sevgilimi tapıb gətirsəydilər, milyonlar verərdim. Milyonum var axı?!
Danq, danq, danq, danq, danq, danq... Məni dəli etməyi düşünür. Daha bilmir ki, meşədə mənim kimi cır qoz yoxdur. Üstümə buldozer çıxsa da, sınmaram. Dirəşmişəm. Gələcək.
İlk görüşümüz yadımdadır. Məni aldadıb fotosessiya adı ilə çağırmışdı. Hərdən ona hirslənirəm. Amma sonra yadıma düşür ki, hərəkət edən oğlan deyildim. Key kimi qızlara baxıb xəyallar qururdum. Halbuki yaraşıqlı idim. İki cümlə desəydim, axşam tək yatmayacaqdım. Son günə qədər söz oyununu bacarmayacağam...
Danq, danq, danq, danq, danq, danq, danq... Yetər, bəsdi... Hər şey bitdi. Altı saatdan çox keçib. Məni ələ salır. Gedib onu tapacağam. İkinci görüşümüz yadıma düşür. Pul çox çıxmasın deyə, restorandakı menyunu oxuyandan sonra "gəl gedək Makdonaldsa" demişdi. Eh Gültən, eh... Səni öldürəcəyəm.
***
Hava qaralır. Kölgələr dağılışıb evlərinə gediblər. Ay da ulduzları qoltuğuna vurub gecəgilə gedəcək; hər gün olduğu kimi. Axşam düşdükcə şaxta artır. Yerə düşən yarpaqlar üşüyür. Ağaclar onlardan uzaq düşmüş yarpaqlar üçün darıxır. Yazda yeni tumurcuqlanan yarpaqlar xəzəl olmuş yarpaqları anlamazlar.
İki molla qəbiristanlığın həyətində tikilmiş daxmalarında dəmir sobaya yaxın oturublar. Biri dua edir. O biri isə əsəbiləşir. Qara araqçınlı molla xeyli susandan sonra ağ araqçınlıya deyir:
- Dayan da... Dua vaxtıdır? Bütün günü işin dua etməkdi. İmkan ver söhbət edək. Xeyri yoxdu. Nə qədər dua eləsən də, cəhənnəmə düşəcəksən.
Ağ araqçınlı susur. Üzü qəribə şəkil alır. Sonra sual verməyə tələsir:
- Niyə elə düşünürsən?
- Bilirsən, uzağa getməyək. Elə götürək dünənki hadisəni. İki yerə ölü basdırmağa çağırmışdılar. Varlı adamın evinə getdin. Kasıba isə dedin ki, mənə zəng eləsin. Elə bilirsən, xəbər tutmadım?
Ağ araqçınlı qırmızı sifət alıb qaşlarını endirir.
- Düz deyirsən. Amma günah olmasaydı, dua nəyə lazım olardı?
- Heç mən də bilmirəm. Bir onu bilirəm ki, həyat qəribədir.
İkisi də susub sobada çıqqıldaşan odunların səsinə qulaq şahidi olurlar.
Ölü səssizliyi qara araqçınlı molla pozur.
- Bir pəncərəyə bax!
Ağ araqçınlı molla yavaş-yavaş dizlərini yerə qoyub pəncərədən qəbiristanlığa açılan mənzərəyə baxır. Qoca bir kişi yağışın altında ziyarətə gəlib. Əlində də solğun qızılgüllər.
- O kimdi?
- Heç bilmirdim oradadır. Daha doğrusu, o, hər gün gəlir deyə təxmin etdim. Bir həftədir hər gün gəlir. Əvvəl mən də tanımırdım. Sən də qardaşıngilə bir həftəlik qonaq getmişdin deyə, fikrimi bölüşə bilmirdim. Kəndin ağsaqqallarından maraqlandım. Qocanın ömür-gün yoldaşı keçən həftə vəfat edib.
- Hə, nə olsun?! Belələrini çox görmüşəm. Uzağı gələn həftə yoldaşını unudacaq.
- Qulaq as! Maraqlısı bu deyil. Maraqlısı odur ki, O, yoldaşının ölümü ilə barışmayıb. Hər gün şəhərdəki saatın altında dayanaraq sevgilisini gözləyir. Məhəlləmizdəki uşağa iki dəfə beş manat vermişdim. Onu izləyib mənə xəbər çatdırırdı. Onun üçün hamı ölüdür. Bir tək sevdiyi qadından başqa...
- Sən də elə onun ağlındasan.
- Anlamayacağını bilirdim. Qoca kişi otuz il geriyə səyahət edib. Sevgilisi ilə görüşə gedir. Yoldaşının görüşə gecikdiyinə hirslənib qəbiristanlığa yol alır. Hər gün. Onu burada tapıb tənbeh edir. Sonra üzr istəyir. Sonra ağlayıb yerə çökür. Torpağı öpüb qadını sığallayırmış kimi qumda eşələnir. Axırda da gülləri qoxulayaraq çıxıb gedir. Bilirsənmi gülləri nə üçün qoxulayır?
- Niyə?
- Yadına gəlir? Ağlını itirmiş bir qoca hər gün məscidə gələndə parkın güllərini qoxulayıb sonra yoluna davam edirdi?
- Hə, yadımdadır. Məclisini mən aparmışdım. Əlli manat verdilər.
- Gülləri qoxulamaq sənin qışqıra-qışqıra oxuduğun dualardan min qat böyük və saf duadır.
Sonuncu uçuş
Dəm bu dəmdir
dəm bu dəmdir
dəm bu dəmdir
dəm bu dəm!
İ.Nəsimi
Hündür binaların arası ilə yeriyirdim. Özümü göydələnlərin əhatəsində balaca və gücsüz hiss edirdim. Elə bilirdim şəhərdə məndən başqa heç kim yoxdur. Qışqırsam, əks-səda verəcəyindən qorxurdum. Sanki hansısa bədbəxt hadisədən öncə insan ürəyində yaranan vahimə boğazıma dirənmişdi...
Hava işıqlı olsa da soyuq idi. Günəş üşüdüyü üçün buludların arxasından çıxmışdı. Günəşin göydələnlərə göndərdiyi şüalar şüşələrdən əks olub gözlərimi qamaşdırırdı. Təsadüfə bir bax! İş yerim də göydələndə yerləşirdi. Çoxmərtəbəli binaya daxil olub işə başladım. İnsanların üzündən zəhrimar yağırdı. Səhər 7-dən dünyanın ən xoşbəxt adamını da oyadıb işə gətirsən üzündən zəhrimar yağar. İş yoldaşım ayaq üstə dayanıb. Gözləri açıqdır, amma yatıb.
Əllərim cibimdə binanın 21-ci mərtəbəsindən şəhərə baxıram. İnsanlar qarışqalara bənzəyirlər. Harasa tələsirlər. Uzaqdan hər şey maraqlı görünür. İstəyir Zevs və digər tanrılar olsun, istərsə də Allah olsun zövqlü işlə məşğuldurlar. Uzaqdan seyr etmək. Hadisənin içində olanda çox şey gözdən yayınır. Uzaqdan isə elə deyil. Məncə, insanlar göydələnləri Tanrı kimi uzaqdan seyr etmək üçün tikiblər. Çoxlu pulu olan insan ən hündür binanın ən yuxarı mərtəbəsində ofis almağa çalışır. Ki, bütün şəhər ayağının altında qalsın. Gözəl bir xanım restoranın 29-cu mərtəbədə yerləşməsini İnstagramda paylaşdığı şəklin başlığında xüsusi qeyd edir. Özünü elit ailədən olduğunu sübut etmək üçün qurulmuş bir oyunun qurbanı. Kasıb isə yerin altında yaşayar. Metro da yerin altındadır...
Özümə kofe süzüb qurtum-qurtum içirəm. Ofisimizdəki klaviaturaların səsi başıma düşür. İnsanlar içi mən qarışıq ömürlərinin 3-də 2 hissəsini işdə keçirirlər. İnsan işləmək üçünmü yaranıb? Bəs, özünü tapmaq? Özünü axtarmaq iş sayılmırmı? Bədbəxt insanlar! Bədbəxt mən!
Uzaq-uzaq xəyallarda itib batmışam. Qəflətən göydələnin ikiqat şüşəsinə nə isə dəyib aşağı diyirləndi. Hürküb arxaya çəkildim. Maraq hissi mənə qalib gəldiyi üçün liftə sarı tələsdim. Birinci mərtəbənin önünə çatar-çatmaz otluqda quş gördüm. Boynu sınmışdı. Dimdiyi aralı qalmışdı. Qan izləri görünürdü. Anidən kövrəldim. Ürəyimdə danışmağa başladım:
- Sən də mənim kimi bədbəxtsən, ay quş! Göydələndə görünən mənzərəni təbiət bilib şüşəyə çırpılan bədbəxt! Gör indi dünyada nə qədər quş göydələnlərin ucbatından ölüb. Yox, göydələn cansızdır. Günahkar, qatil, cani insanlardır! Özünü dünyanın ağası sayan insanlar. Mağaradan göydələnə kimi tikə-tikə gələn, amma yerini tapmayan məxluqlar. Yerin nüvəsindən kosmosa qədər kəşf edən həşəratlar! Bütün planetlərdəki yaşayış planlarınız başınıza dəysin! Bir quş sizin ucbatınızdan öldü... Bir damla gözyaşı yanağıma çatanda yüngül qaşıntı verdi. Baş barmağın üst hissəsi ilə sildim...
***
- Xoş gəlmisiniz, Aydın bəy!
- Xoş gördük!
- Necəsiniz?
- Necə olmağım sizdən asılıdır.
- İcazənizlə "sən"lə danışaq.
- Buyurun.
- Hansı hadisədən sonra intihara cəhd etməyə başlamısan?
- Quşların ölümündən sonra.
- Dünyada milyonlarla canlı ölür. Hətta qızdırmanı salmaq üçün milyonlarla bakteriya öldürülür.
- O quşun günahı yox idi. İnsanların tələsinə düşmüşdü. Göydələn gözəgəlimli görünsün deyə, üst şüşəsini ayna kimi düzəldirlər və quşlar bunu anlamadıqlarına görə iri şüşələrə çırpılıb ölürlər. Meqapolis qurbanları...
- Hamımız günahkarıq. İdeal heç nə və heç kim yoxdur.
- Təsəllidir dediklərin... Mən həmin quşdan daha çox günahkar idim. Bu hadisəyə kimi yalnız özümü düşünüb yaşamışam. Quş yaşamağa layiq idi. O, bəlkə də balalarına yem axtarmağa çıxmışdı.
Bıçağı götürərək psixiatr xanımın üstünə qaçdım. İki bıçaq zərbəsindən sonra, sanki yaddaşım keyləşdi. Ardını saya bilmədim. Yorulub dayandım. Bıçaqdan damcılayan qana baxıb güldüm. Dəli bir gülüşlə kədərimi boğmağa çalışdım. Alınmadı. Bütün mənasız həyatım gözümün qarşısından film lenti kimi gəlib keçdi. Növbəti bıçaq zərbəsi qarnıma istilik gətirdi. Yavaş-yavaş gözlərim yumulur...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!