Həyətdə mexaniki hərəkətlər səngimək bilmir. Bir həyətdə yaşayan müxtəlif adamların bezdirici dava-dalaşı, uşaqların fasiləsiz səs-küyü, bitib-tükənmək bilməyən təmir işləri absurd situasiya yaradır. Həyətin daimi sakinləri olan siçovulların ətürpədən civiltisi, pişiklərin gecə "razborkaları", kirayənişin ailələrdə ər-arvad söyüşməsi, ikrah doğuran qadın qeybətləri, saçyoldu, sakitlik öncəsi furiozo yaxud tufanqabağı sakitlik... Normal insanın əsəblərinin sıradan çıxması üçün bu həyətdə hər cür şərait var.
Burda bir yazıçı yaşayırsa, bu, sözün əsl mənasında məşəqqətdir. Düşüncə adamı üçün bundan artıq işgəncə təsəvvür etmək mümkün deyil. Yazıçı dözür, susur, sakitləşdirici dərmanlar qəbul edir, müşahidələr aparır, kuryoz hadisələri fiksə edir.
Təsəvvür edin ki, xəyalınızda hansısa süjeti qurursunuz, pəncərənin açıq tayından həyasız bir cümlə içəri soxulub bütün düşüncələrinizi alt-üst edir: "Dü-birlə ailə saxlamaq olar, alə?" Avaralar nərd oyununu da əməllicə hörmətdən salıblar. Bekarçılıq nərdtaxtanın sürtülmüş sinəsində bədxassəli şişə dönüb oyunçuların da ömrünü yeyib bitirir. Bu səsli-küylü kabusların mühasirəsini yarıb çıxmaq mümkün deyil. Kənd, dəniz durmadan səni öz ağuşuna səsləyir. Günəş yer üzündəki təndirxanasını işə salmamış sivişib qaçırsan kəndə. Nabokovun Lujini şahmatdan necə qaçırdısa, sən də şəhərdən qaçırsan. Özünü lap "Maşenka"dakı vətəninə dönmək üçün uğursuz cəhdlər edən qoca şair Podtyagin kimi hiss edirsən. Stolun üstündə sevdiyim türk yazıçısı Zülfü Livanelinin "Huzursuzluq" romanının yarımçıq mütaliəsi... Romanın qəhrəmanı Hüseynin taleyi düşüncələrimi təqib edir; o da talesiz bir qadını götürüb ailəsindən, vətənindən, bəlkə də özündən qaçmışdı. Amerikada axtarmışdı xoşbəxtliyini. Hüseyn bilmirdi ki, tale başımız üstündə səma kimidi, ha qaçsaq da altından çıxmaq mümkün deyil. Özündən qaça bilməzsən...
Mən özümdən özümə sarı qaçırdım. Baməzə birisi zarafatla deyə bilər ki, bu yaşda hara qaçırsan, yıxılmaq təhlükəsi var. Sakit addımlarla, səssizcə də qaçmaq olur. Fikrim qarışıqdır, gedib kənddə özümü, uşaqlığımı, gəncliyimi görə biləcəyəmmi?
İçimdəki huzursuzluğu da özümlə daşıyırdım və bu hüzursuzluq bir az da məğlubiyyət deməkdi. Fələklə öcləşmək olmaz, o sakitcə işini görər, bilməzsən. Zaman dostların da çöhrəsinə "əl gəzdirib" - gözlərindəki qığılcım öləziyib, üzlərindəki qırışlar dərinləşib, vaxtilə ipə-sapa yatmayan bu dəli-dolu cavanların müdrik söhbətləri, ağır-ağır oturub-durmağı, hərəkətlərindəki astagəllik mənə çöçün gəlir, bu dəyişikliyi sinirə bilmirəm. Bu kənd hər dəfə cidd-cəhdlə mənə artıq cavan olmadığımı xatırladır... Gəncliyin fırtınaları çoxdan, lap çoxdan səngiyib. Yoxuşu qalxmağa belə nəfəs çatmır... Yatmış xatirələri oyatmağa əlin gəlmir, çünki kədər gətirir. Hardasa bir küncə çəkilib çayını içirsən, gözlərini dənizin sonsuzluğuna zilləyib düşünürsən. Çay şərab qoxulu günlərin (burada "şərab" müstəqim mənada başa düşülməsin) dadını vermir ki, vermir... Köhnə nəsil artıq yoxdu, tanımadığım yeni nəsil yetişib. Bizə "əmi", "dayı" deyən nəsil... Belə... Zaman bu qədər amansızdı...
Can yaxan istilərdən qaçıb xatirələrin alovunda qovrulmaq da bir ayrı dərddir. Bu odu dənizlər söndürə bilməz. Həm də xatirələrlə mənim aramda Çin səddi ucalıb. Bu səddi zaman və kitablar yaradıb. Beyində boş ərazi yoxdur, o boş əraziləri doyumsuz mütaliədən əxz etdiyim düşüncələr zəbt edib. Gəncliyə xas dağınıq xatirələrin yerində müdrikcəsinə addımlayan bir insan təsəvvür edin. Mən indi özümü daha rahat ifadə edə bilirəm və bu, mənə inanılmaz dərəcədə zövq verir. Yox, xatirələrin xarabalığında dolaşan münzəvi deyiləm. Qoy lap bu xatirələr arabir əzab da versin, Nazim Hikmət demiş, "xatirələrimdən şikayətçi deyiləm". Həyat elə bir prosesdir ki, bəzən oxuduğun kitablar da sənə çıxış yolu göstərə bilmir. Çıxış yolunu sən özün tapmalısan və bu yol səni elə bir zirvəyə gətirib çıxarmalıdır ki, o zirvədən aşağıları seyr edəndə keçdiyin yolun əzabları səni ağrıtmasın, əksinə, o ağrılar canından çıxsın. Mən indi o ağrıları xatırlayıram və düşünürəm ki, elə o ağrılardan doğulmuşam. Məni müalicə edən də elə ağrının özü oldu. İnsana ağrı lazımdır ki, özünü xilas edə bilsin. Onsuz hamımız zamana məğlub olmuşuq. Zaman insanı ağrıdır, məhv edir və həm də sağaldır. Sonu ölüm olsa belə!
Şəhərdən kəndə gəlib kənddəki keçmişini - keçmişdəki, kənddəki "mən"i axtarırsan, amma şəhərdəki "mən"lə üz-üzə gəlirsən və dənizin ləpədöyənində oturub dərdləşsən. O altereqo sənin yazılarına köçüb və indi sənin düşüncələrinlə bədənin uyumlu hala gələ bilmir. Buna zaman imkan vermir. O cazibənin çənbərində dolaşa bilərsən, amma yaş o yaş deyil, yaz o yaz deyil, heç dəniz də həmin dəniz deyil. Vaxtın karuselində tədricən məkanlar da, adamlar da dəyişir. Şair demiş, "niyə də dəyişməsin, axı dünya fırlanır".
Vaxtın karuselindən düşən adamlar başqa bir dünyaya köçürlər. Odur ki, əziz oxucu, zərin "dü bir" verəndə qətiyyən əsəbiləşmək lazım deyil. Dostun zər tutursa, yenə kefini pozma. Böyük şairimiz Məmməd Arazın ölməz misralarını xatırla:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!