Ev tapşırığı - Nikolay DABİJA - Romandan parça

 

Nikolay DABİJA

Şair, nasir, esseist, rumındilli yazıçı. 1948-ci il 15 iyul tarixində Kodrendə (Moldova) anadan olub. Triestdə (İtaliya) Beynəlxalq poeziya festivalının "Qran-pri"sinə,  Havanada (Kuba) "DulceMariaLoynaz" Beynəlxalq poeziya festivalının "Qran-pri"sinə,  "Prixdel'AutreEdition", "L'AmourdelaLiberta", "Poetik hakimiyyət" (Makedoniya), "Cakomo Leopardi" (İtaliya), Rumıniya Akademiyasının "Mixay Eminesku" və s. nüfuzlu ədəbiyyat mükafatlarına layiq görülüb. 

Ədəbiyyat sahəsindəki xidmətlərinə görə N.Dabija 2012-ci ildə Moldova Respulikası Elmlər Akademiyasına üzv seçilib. 2003-cü ildən Rumıniya Elmlər Akademiyasının fəxri üzvüdür.

Nikolay Dabija demək olar bütün Avropa dillərinə tərcümə olunub. Rumıniyada 50-dən artıq kitabı, ABŞ-da 3, İtaliyada 4, Fransa, Bolqarıstan, Albaniya və Kubada 2, İspaniya, Makedoniya, Braziliya, Ukrayna və Rusiyada 4 cildliyi işıq üzü görüb.

Onun "Ev tapşırığı" romanı 2016, 2017 və 2018-ci illərdə müxtəlif müəssisə və birliklər tərəfindən ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunub. 2020-ci ilin əvvəllərində müəllifin "Ev tapşırığı" romanı Azərbaycan oxucularına təqdim olunacaq.

Qulaqda ad günü

"Eşq - tonqaldır, biri kənardan baxanda yalnız onun tüstüsünü,

bir başqası isə içindəki alovi görür".

Hasinto Benavente-i-Martines

Mixay Ulmu hər gecə daş kimi taxta yatağa çökür, başını yastıq adlanan bir çəngə pambıq üstə qoyan kimi yatr, yuxudan yer şumlamış öküz kimi daha da yorğun oyanırdı.

Səhər sayımında Mandelştamdan xəbər aldı:

- Bu gün ayın neçəsidir?

- Mən nə bilim? Ola bilsin, ayın 2-sidir, bəlkə də 3-ü, ya da 4-ü.

- Bir az əvvəl xatırladım, deyəsən, bu günlərdən birində doğulmuşam.

- Heç vaxt doğum günümü xatırlamıram. Bunu həmişə mənim əvəzimə arvadım edirdi. O, bütün doğum günlərini yadda saxlayırdı. Amma buna bxmayaraq, səni təbrik edirəm. Bu anlarda sənə hədiyyə verəcəyim yeganə şey məsləhətdir: Aya bax.

Günəş görünmür, Ay isə hələ də göy üzündən asılıb qalmışdı.

- Niyə?

- Təsəvvür elə ki, bu an sənə doğma olan kimsə haradasa dayanıb göy üzünə baxır. Hətta ola bilsin baxışlarınız bir anlıq bərq vuran ənginliklərdə qovuşar...

Ulmu təşəkkür dolu gözlərilə ona baxdı. Sonra baxışlarını batmaqda olan Aya dikdi.

Və bu an qızmar biz kimi beynini deşən fikir ruhunda əks-səda verdi: qaçmaq, qaçmaq, qaçmaq.

Günlər Poyanadan olan müəllimə üzü surətçıxaran kağızla artırılmış kimi yeknəsəq görünürdü: oyan komandası, səhər idmanı, qəhvəaltı, iş, nahar, yenə iş, yenə sıra sayımı, şam, dərnəklər, yatmaq komandası.

Amma bütün bunlar həm də adama həyat dərsi keçirdi: o, arabanı doğru tutmağın təhərini öyrənmişdi, belədə sən onu yox, o səni öz arxasınca çəkib aparır. Şam ağacını qaydası ilə kəsmək üçün mişardan doğru istifadə etməyin yolu vardı. Hansı ağacın kökləri şirin idi - öyrənmişdi. Hansı bitkinin kökü susuzluğu yatırır - bilirdi. Şibyəni yemək üçün hazırlamaq qaydası - xəbəri vardı.      

- Burada ancaq güclülər yaşayır. Güclü olmağı öyrənin! - onlarla bir yerdə işləyən briqadir Fomin deyirdi. 

- Əgər mən Rusiyanın sizin kimi işıqlı adamlarının qayğısına qalmasaydım, çoxdan qaçmışdım! - Başqa dustaqlardan fərqli olaraq, o, bu sözləri onları eşidənlərdən qorxmadan, çəkinmədən deyirdi.

Onun briqadasının bir hissəsi şam ağaclarını doğrayıb səliqə ilə düzür, digər hissəsi isə partladılmış qaya parçalarını arabalara yükləyib daşıyırdı və onlar bu yolla tikinti üçün nəzərdə tutulmuş ərazini təmizləyirdilər. 

Fomin Mixay Ulmunu görən kimi, ona arabadan yapışmağı əmr edirdi.

Bir həftə işləyəndən sonra o, bu işə bağlanmışdı.

Araba öz sahibinin qulu da, ağası da ola bilərdi.

Araba və insan - müəyyən zaman kəsiyində onlar döyüş meydanındakı at və atlı kimi bütöv bir varlığa çevrilir.

Bu metal alətin dəmir xüsusiyyəti insana keçir və o da hər dəfə cırıldayaraq sahibi ilə birlikdə nəfəs alır. Birtərkərli araba. İki dəstəyi və yekə təknəsi var. Sanki dustağın əlinə pərçimlənir və o, 12 saatlıq iş günü ərzində sərasər bu dəmir alətdən ayrıla bilmir. Bu dəmir parçaları Qulağın embleminə çevrilib.

Burada ritmə düşən insan artıq yaşamır, sadəcə mövcud olur. O, 10, 15, 20, yaxud 25 illik cəza müddətinin başa çatacağı günü gözləyir. Ona elə gəlir ki, 1 saat, yaxud 1 gün əzab çəkmək 25 il cəza çəkməkdən daha ağırdır.

Mixay Ulmu özünü robot kimi hiss edir, onun bədən hərəkətlərini beyin yox, dəstəyindən yapışdığı araba idarə edir. 

Bir həftə boyu bu dəmir parçasına bağlanmışdı, qaçarsa onu da özüylə aparacağını fikirləşirdi.

Hətta bəzən o, bu arabanı yuxuda da görürdü.

Həmin səhər aşpaz onun dəmir boşqabına bir çömçə duru şorba, qabağına bir parça yapışqan kimi çörək atıb tələsdirdi: "Tez ol, keç görüm!". 

Mixay Ulmu digər dustaqlarla bərabər uzun masa arxasında əyləşdi, qaşıqla şorbanı eşələyib düyü dənələri axtardı, sonra əlindəki qara çörəkdən bir dişlək aldı. Lakin dişləri, demək olar, tamamilə nəm çörəyə toxunanda, ağzında nəsə bərk bir şey hiss etdi. Əvvəl elə bildi daş qəlpəsidir, lakin diqqətlə fikir verəndə bunun sıx bükülmüş kağız parçası olduğunu anladı. Tez kağızı ciblərinin birinə dürtüb, gizlətdi. İş yerinə qayıdıb, heç kəsin onu izləmədiyinə əmin olduqdan sonra, ehtiyatla kağızı açdı. Kağızda bu sözlər yazılmışdı: "Doğum gününüzü təbrik edirəm. Hər şeydən çox haqqınız çatan hədiyyə - azadlığınızdır. Bunun üçün aşağıdakı tapşırıqlara əməl etməlisiniz. İş günü başa çatana yaxın çay kənarında düzülmüş tirlərə yaxınlaşmalısınız. Oradakı tirlərin arasında bir kötük tabaşirlə işarələnəcək, lakin bu sadəcə kötükdür, onu kənara çəkin, oyuğa girib gizlənin, kənara çəkdiyiniz kötüyü yerinə qaytarın. Diqqət çəkməməyə çalışın. Bütün dustaqların və nəzarətçilərin getdiynə tam əmin olduqdan sonra, gizləndiyiniz yerdən çıxıb, Alalay dağına tərəf, şərqə doğru gedin. Şam ağaclarının cərgəsi sizi dağın tam mərkəzinə qədər təqib edəcək. Oradakı mağarada məni gözləyin. Dostunuz".

Məktubun məzmunundan heyrətə gəldi.

Nəyə inanacağını bilmirdi.

Bu sirli dost kim idi? Nə istəyirdi ondan? Məqsədi nəydi? Niyə onu xilas etmək istəyirdi? Niyə məhz onu?! Burada, dünyanın axırında kim idi axı onun doğum günündən xəbər tutan? Bəlkə bu, ona qarşı hazırlanmış oyundur?!

Beynində minlərlə cavabsız sual doğdu.

Bütün günü gizli xeyirxahını fikirləşərək, şövqlə işlədi.

O da digər dustaqlar kimi onlarca qaçış planı fikirləşmişdi, amma bütün bunların baş tutacağına əmin ola bilmirdi. Düşərgədən çıxışda, iş yerinə gələndə və geri qayıdanda həmişə adbaad say keçirilirdi və bu saylarda iştirak etmək qaçılmaz idi. Bu saylar istənilən hava şəraitində keçirilir və sayda nəsə bir çatışmazlıq olanda bəzən dəfələrlə təkrar olunurdu.

Bircə dustaq çatışmayanda bütün nəzarətçilər ayağa qalxırdı. İtlərin zəncirindən yapışmış əsgərlər qaçmış dustağın isti izləri ilə onu axtarmağa başlayırdılar.

O, qaçmaqla bağlı dəvəti "bu cəhənnəmdən qurtuluş yoxdur" fikrinə tam əmin olduqdan sonra almışdı. Gün ərzində bir neçə dəfə çay kənarında düzülmüş tirlərə göz gəzdirmiş, tabaşirlə işarələnmiş tiri görmüşdü.

Günəş çoxdan üfüqdə itmişdi, amma iş hələ də davam edirdi.

Arabanı təmir etmək üçün qalaqlanmış arabaların yanına qoydu, çay kənarındakı tirlərə tərəf getdi, heç kəsin onu görmədiyinə əmin olduqdan sonra, nişanlanmış tiri kənara çəkib, cəld əvvəlcədən hazırlanmış oyuqda gizləndi. Kötüyü çəkib yerinə qaytardı və bu qəbir kimi oyuğa sığınıb, qaranlıq düşməsini gözlədi.

Briqadirin dustaqları sıraya düzmək əmirini, qarovul rəisinin sayıma başladığını eşitdi.

- M 1-1...

- Burda!

- M 1-2...

- Burda!

- M 1-313...

- Burda!

Az qala ürəyi yerindən qopub düşəcəkdi: indi onun sırada olmadığını biləcəklər. Əsgərlər itləri qabağa buraxıb onu axtarmağa başlayacaqlar.

- M 1-314...

- Burda!

- M 1-315...

Onun nömrəsi.

- Burda! - Kimsə cavab verdi.

Rahatlıqla nəfəs aldı. Kim ola bilərdi? Kimdir onu xilas etmək istəyən? Bəlkə Mandelştamdır, onun sırada olmadığını görüb cavab verir? Bəlkə başqasıdır?

Say bitdikdən sonra dustaq dəstəsi ayaqlarını zorla çəkərək iş ərazini tərk etdi. Ətrafa sakitlik çökdü. Ulmu üstündəki kötüyü kənra itələyib, gizləndiyi yerdən çıxdı.

O, azaddır! Azad! Azad! Azad! Yaxınlıqda Alalay dağı görünürdü. Şiş ucu zəng qülləsi kimi səmaya dikəlirdi.

Dağa tərəf getməyə, daha doğrusu, oğrun-oğrun addımlamağa başladı.

Nəhayət, seyrək şam ağacları cərgəsini gördü, bu ağaclar ona mağaraya gedən yolu göstərməliydi.

Mağaranı çətinlik çəkmədən tapdı. Çox da böyük deyildi və divarda oyulmuş balıqqulağına oxşayırdı.

Gözlədi. Nəfəsini içinə çəkib ətrafı dinləyir, baş verənləri düşündükcə həyəcandan ürəyi ağzına gəlirdi.

Ay ətrafa soyuq nur çiləyir, bu soyuqluq onu qorxudurdu. Əzələləri gərilir, sanki eyni vaxtda bədəninə minlərlə iynə batırdı.

Vaxt çox ləng gedirdi.

Az sonra düşərgədə onun yoxa çıxdığı məlum olacaq və gözətçilər o dəqiqə onu axtarmağa başlayacaqlar.

Bu yerdən mümkün qədər tez uzaqlaşmaq lazımdır.

Gözləməkdən ürəyi sıxılırdı...

Amma məktub müəllifi gecikirdi.

Birdən gecənin içindən addım səsləri eşidildi.

Kiminsə kölgəsi şamların yanından sürünərək, cığırla ona doğru gəlirdi.

Bu, onun  xilaskarı idi.

Bu adamın kimliyini öyrənmək üçün ürəyi əsir, səbri çatmırdı. Onunla danışmaq, sonsuz təşəkkürünü bildirmək istəyirdi və özü-özündən soruşurdu ki, son həftələr ərzində yaşadığı təhqirlərdən, əzablardan sonra ona bu azadlığı bəxş edən, bu anlarda ruhunu, varlığını yeni bir həyat eşqilə tamamlayan adama gerçəkdən minnətdarlıq edə bilərmi?!  

Tərcümə edən: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!