Tarix böyük sənətin xeyrinə işləyir - Məti Osmanoğlu yazır - Məti OSMANOĞLU

Məti OSMANOĞLU

 

Bakı Dövlət Universitetinin 100 illiyinin ölkə miqyasında qeyd edildiyi bir zamanda vaxtilə bu ali təhsil ocağının başında duran, indi tarixə çevrilmiş işıqlı insanları yada salmaq bizim mənəvi borcumuzdur. Universitetin tarixini yaradanlar mədəniyyətimizin, mənəvi dəyərlərimizin rəmzidirlər. Zaman keçdikcə bu insanların da dəyəri  artır, onlar bu günün, müasir zəmanənin mənəvi mühitində iştirak edirlər.

Bakı Dövlət Universitetində mənəvi iqlim yaradan nurlu şəxsiyyətlərdən biri də professor Mir Cəlal olub. Müasirləri, xüsusən tələbələri onun adını bəlağətli epitetlər qoşmadan, böyük səmimiyyətlə, sağlığında olduğu kimi indi də sadəcə Mir Cəlal müəllim kimi xatırlayırlar. Biz tələbə olanda Mir Cəlal müəllim filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri idi. Birinci kursda bizə ədəbiyyatşünaslıq fənnindən dərs demişdi. Ondan əvvəl - məktəbdə oxuyanda isə Mir Cəlal müəllimi nasir kimi tanıyırdıq...

İndi Mir Cəlal müəllimin haqqında çox yazılır, onun barəsində müxtəlif auditoriyalarda və müxtəlif səviyyələrdə ətraflı danışılır, onun yaradıcılığı müxtəlif aspektlərdən tədqiq edilir. Mənə elə gəlir ki, Mir Cəlalın şəxsiyyətinə və yaradıcılığına marağın güclənməsinin müəyyən obyektiv və subyektiv şərtləri ilə bərabər, əsaslı ciddi bir səbəbi də var. Mir Cəlalı tarixin və insanların yaddaşında yaşadan, müdrik bir mütəfəkkir, yazıçı, alim və müəllim kimi adını gündəmdə saxlayan, yaradıcılığını geniş müzakirə obyektinə çevirən ən obyektiv amil ədibin yaradıcılığının müasirliyi, günümüzlə və dövrümüzlə səsləşməsi, zamanın ədəbi və ictimai reallıqları müstəvisində təzə və mükəmməl görünməsidir.

Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi söz ustalarından sonra, xüsusilə hekayə janrının yeni səviyyəyə çatmasında Mir Cəlalın ayrıca yeri var.

Mir Cəlalın yaradıcılığı üçün zamanın sınağından uğurla çıxan ən "diri" janr da hekayədir. Hətta onun bir vaxtlar çox populyar olmuş "Bir gəncin manifesti" romanı bu gün əsərdəki "Bahar", "İtə ataram, yada satmaram" kimi  hekayələrlə xatırlanır. Böyük bədii sənətkarlıqla yazılmış bu hekayələr zamanın və ideologiyanın fövqündədir.

Mir Cəlalın hekayələrindəki müasirlik anlayışına isə iki aspektdən yanaşmaq olar:

- birincisi, estetik hadisə kimi ədəbiyyatın, bədii təfəkkürün təbii təkamülünün müasir səviyyəsi və tələbləri, ədibin hekayələrinə zamanın obyektiv şəkildə yeniləşdirmiş olduğu müasir bədii düşüncənin və çağdaş filoloji axtarışların tələbləri işığında;

- ikincisi, müəllifin hekayələrində müraciət etdiyi, bədii təhlil süzgəcindən keçirdiyi həyat həqiqətlərinin, problematikanın müasirliyi, başqa sözlə, yazıçının əsərlərinə ictimai "faydalılıq" və ya "aktuallıq" baxış işığında.

Məsələni bu tələblər əsasında həll etməyə çalışanda "ədəbiyyatda müasirlik" anlayışının konkret bir zamana, hansısa dövlət və ya xalq maraqlarını ifadə edən ictimai-siyasi kampaniyaya bağlı hadisə kimi məhdudlaşmadığını, daha geniş səciyyə kəsb etdiyini görürük. Bədii ədəbiyyatın ən böyük missiyalarından biri yazıçının içində  yaşadığı, müasiri olduğu zamanın mənzərəsini ayrı-ayrı obrazların və bədii sözün "sehrli" gücü ilə əyaniləşdirməsi, "maddiləşdirməsi", zamanın bədii söz vasitəsilə yaradılmış subyektiv modelini özündən sonrakı dövrə və gələcək nəsillərə çatdırmasıdır. Hər hansı bir əsərin mövzuca aktuallığı məsələni həll etmir, bədii əsərin tarixin bir dövrünü başqa dövrünə daşıya bilməsi üçün mövzunun, yaxud problemin yazıçı tərəfindən bədii həlli, yazıçının yaratmış olduğu bədii gerçəkliyin keyfiyyəti aparıcı və həlledici rol oynayır. Bədii ədəbiyyatda sözün zamanın sınağı hüzurunda ən böyük qoruyucusu, heç şübhəsiz, onun bədii və estetik keyfiyyətləridir. Bu baxımdan, Mir Cəlalın hekayələrində bədii sözə həssaslıq, dilimizin dəyərlərinə sadiqlik, hər kəlməyə, hər ifadəyə diqqətlə yanaşması onun əsərlərinin əsas məziyyətini təşkil edir. Mir Cəlal məqalələrinin birində yazırdı: "Əbədi əsərin bədii olması üçün reallıqdan, ideyalılıqdan, məzmun yeniliyindən başqa, forma kamilliyinin, sadə, dürüst, aydın, konkret dilin rolu, əhəmiyyəti böyükdür". Bədii ədəbiyyatın sirlərini, ədəbiyyatın nəzəri məsələlərini mükəmməl bilən Mir Cəlalın hekayələrində bədiiliyi məzmunla formanın bütövlüyü müəyyənləşdirir. Onun qələmə aldığı hər əhvalat, hər hekayə öz forması ilə bərabər doğulur. Əgər nəzərə alsaq ki, Mir Cəlalın yaşayıb-yaratdığı dövrdə ədəbiyyatın "aktuallığına" hər şeydən artıq əhəmiyyət verilirdi, onda bu keyfiyyətin dəyəri qat-qat yüksək qiymətləndirilməlidir.

Onu da birmənalı şəkildə vurğulamaq lazımdır ki, Mir Cəlal bütün səmimiyyəti ilə sosializm ideyalarına bağlı şəxsiyyət idi, onun siyasi və ictimai baxışlarında sovet gerçəkliyinə və ideologiyasına qarşı hər hansı dissidentlik, barışmazlıq meyilləri axtarmaq həqiqətdən və səmimiyyətdən kənar bir şey olardı. Lakin Mir Cəlalın bir yazıçı kimi böyüklüyü onunla bir daha təsdiqlənir ki, tarixin gedişatı ədibin ictimai və siyasi əqidələrinə qalib gəlsə belə, onun yaratdığı bədii obrazlara yeni həyat gətirir, bu obrazlar vaxt keçdikcə mənəvi varlığımız üçün daha da qiymət qazanır. "Bir gəncin manifesti"ndə sadə bir qadının, övladlarını canı qədər sevən Sonanın öz oğlunu xilas etmək üçün bazara satmağa apardığı nadir sənət nümunəsi olan "Yusif və Züleyxa" xalısını ingilis hərbçiyə baha qiymətə satmaqdan imtina etməsi, "İtə ataram, yada satmaram!" nidası dövründən və zamanından asılı olmayaraq bütün nəsillər üçün bir vətənpərvərlik örnəyi hesab oluna bilər. Bu gün iqtisadi və siyasi baxımdan ölkəmizin Qərbə inteqrasiyası məsələsinin kəskin müzakirə obyekti olduğu bir dövrdə mənəvi sərvətlərimizə, milli dəyərlərimizə məhz belə bir yüksək vətəndaşlıq mövqeyindən yanaşılması olduqca mühüm əhəmiyyət daşıyır və yeniləşən cəmiyyətimiz üçün ciddi bir xəbərdarlıq kimi səslənir.

Mir Cəlalın "Badam ağacları" hekayəsinin mövzusu Cənubi Azərbaycan həyatından götürülüb. İkinci Dünya müharibəsindən  sonra Amerikanın İranda "Marşal planı"nı həyata keçirməsi üçün yerli məmurların fürsətcilliyi, öz şəxsi maraqlarına görə insanları bütün kökləri ilə bağlı olduqları torpaqdan, alınlarının təri ilə suladıqları bağ-bağçadan məhrum etdikləri hekayədə sərt boyalarla təsvir olunur. Maraqlı cəhət budur ki, Mir Cəlalın hekayəsindəki problem konkret coğrafiyaya və tarixə "sıxışıb" qalmır, bu gün də ictimai-siyasi aktuallığını qoruyur, günümüzün həqiqətlərinə etiraz kimi səslənir. Vətəndaşlıq və dövlətçilik məsuliyyətindən məhrum olan bəzi yerli məmurların məsuliyyətsizliyi sayəsində mənşəyi məlum olmayan şirkətin girovuna çevrilmiş minlərlə vətəndaş həmin hekayədəki ağrını öz həyatında yaşayır. "Badam ağacları" hekayəsi XXI əsr insanının ictimai psixologiyasında yenidən əks-səda verir. Mir Cəlal müəllimin ustalığı ayrıca bir naqis hadisəni qələmə almaqla məhdudlaşmır, müəllif hekayədə həmin hadisəni törədən insan xislətinin bədii mənzərəsini yarada bilir.  

Aktuallıq və müasirlik anlayışlarını eyniləşdirmək, yanaşı qoymaq heç də həmişə özünü doğrultmur. Bədii ədəbiyyatda aktuallıq o vaxt müasirlik keyfiyyəti kəsb edə bilir ki, qaldırılan problemin arxasındakı tarixi şərtlər, xarakterləri müəyyənləşdirən ictimai və psixoloji amillər bədii təhlilin obyektinə çevrilsin, hər bir fakt və ya detal obrazlı şəkildə "əsaslandırılsın", yalnız ayrı-ayrı personajların deyil, bütövlükdə mühitin və ya vəziyyətin bütün rəngləri, çalarları ilə bədii "portreti" yaradılsın. Bu baxımdan, Mir Cəlal yaradıcılığında aktuallıq ictimai gerçəkliklərə qarşı "mövsümi" xarakter daşıyan publisistik reaksiya deyil. Ədibin istər çox ziddiyyətli 1930-cu illərdə, istər müharibə dövründə, istərsə də sovet rejiminin nisbətən mülayimləşdiyi Stalindən sonrakı zəmanədə qələmə aldığı əsərlərdə həyat həqiqətinə vicdanla yanaşmanın, sözə və ədəbiyyata isə vicdanlı bir ustad münasibətinin şahidi oluruq. Mir Cəlal tərif də deyəndə, tənqid də eləyəndə yüksək dövlət düşüncəsindən çıxış edirdi. Ədibin 1932-ci ildə qələmə aldığı "Doktor Cinayətov" hekayəsində təqdim etdiyi həyat həqiqətinə münasibəti nə qədər sərt və cəmiyyət üçün lazımlı idisə, yaradıcılığının daha kamil vaxtında qələmə aldığı "İclas qurusu", "Xarici naxoşluq", "Heykəl uçulanda" kimi hekayələri də zamanın yetişdirimş olduğu ictimai problemlərlə mübarizə baxımından bir o qədər cəsarətli, ciddi, eyni zamanda zərif idi...

Mir Cəlal müəllim bədii yaradıcılıqda satiraya xüsusi yer və əhəmiyyət verirdi. Lakin o, bədii ədəbiyyatdan "qamçı", "şallaq", "qılınc" tipindən olan cəza avadanlığı kimi istifadə etməyin tərəfdarı deyildi. O yazırdı: "Bədii ədəbiyyatın, necə deyərələr, adı üstündədir. Bu, gözəl sənətdir, incə, zərif sənətdir; varlığın yüksək şəkildə ifadəsi və idrak formasıdır. Bu, hisslərin, zövqlərin, fikir və düşüncələrin sağlam tərbiyə olunmasına, yüksəlməsinə, kamilləşməsinə xidmət edən fəal bir məfkurədir".

Mir Cəlal Cəlil Məmmədquluzadənin yaradıcılığına yüksək elmi qiymət verməklə yanaşı, həm də müasir Azərbaycan nəsrinin və öz yaradıcılığının Mirzə Cəlil ənənələri üzərində boy atdığını səmimiyyətlə qeyd edirdi. Dostoyevskinin Qoqol haqqında dediyi obrazlı bir ifadəni ("Biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq") Mir Cəlal müəllim təbdil edərək "Azərbaycan nəsrinin "Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxdığını" deyirdi...

Mir Cəlalın hekayələrində Mirzə Cəlil ruhu daha çox güclü bədii ümumiləşdirmələrdə özünü göstərməkdədir. Mir Cəlal, məsələn, cəmiyyətdəki bürokratizmi tənqid edərkən yalnız hadisəni deyil, bizə hadisəni yaradan  şərtləri son dərəcə zərif cizgilərlə, əyani detallarla çatdırmağa nail olurdu. Mir Cəlalın yaratdığı "Anket Anketov", "İclas qurusu" kimi tiplər həmişəyaşar obrazlardır. Onlar bütün zamanlarda öz işlərindədirlər:

"İclas qurusunu siz tanıyırsınız. Adını bilməsəniz də, özünü yaxşı tanıyırsınız. Arıq bədənini qabağa əyib, dizini bükərək sürətli addımlarla gedən adamı siz küçədə, idarə qapılarında, pilləkənlərdə çox görürsünüz.

O, haraya tələsir? İclasa!".

Biz "Doktor Cinayətov"u da yaxından tanıyırıq. Bu obraz sadəcə bir həkim tipin tənqidi olmayıb, öz işinə laqeydliyin, başqasının taleyinə etinasızlığın, vicdansızlığın obrazıdır. Çox təəssüflər olsun ki, bu cür Cinayətovlar həmişə və hər yerdə qarşımıza çıxır: dövlət və hökumət idarələrində "Məmur Cinayətov" kostyumunda, məhkəmələrdə "Hakim Cinayətov" mantiyasında, təhsil ocaqlarında "Müəllim Cinayətov" donunda...

"Xarici naxoşluq" hekayəsi gəncliyin tərbiyəsinə həsr olunub: burada xarici filmlərin təsiri ilə özünü incəltmək istəyən bir qız uşağının  obrazı yaradılır. Əslində, Mir Cəlal müəllim bu hekayədə özünü bəyənməmək, özünə oxşamamaq bəlasının ibrətamiz bədii təqdimatını canlandırmağa çalışıb. Ancaq onu da demək yerinə düşərdi ki, ədibin hələ bundan təxminən 60 il əvvəl ictimai düşüncənin mühakiməsinə verdiyi bu mənəvi xəstəlik indi bəşəriyyətin fiziki xəstəliyinə çevrilib. Bu gün Avropanın bir çox öndə gedən ölkələrində (məsələn, İtaliya, İngiltərə kimi) arıqlayıb çöpə dönməyin gözəllik əlaməti kimi reklam olunmasına qadağa qoyulub.  

Mir Cəlalın "Heykəllər uçulanda" hekayəsində əlində fürsət olanda insanlıqdan çıxan, əlindən ixtiyarı gedəndən sonra isə hörmətdən düşən tiplər tənqid olunur. Əsərdə cəmiyyətə ciddi bir mesaj çatdırlır: nə yüksək vəzifə, nə pul, nə də böyük səlahiyyətlər əbədi deyil. Əbədi və ölməz olan bir şey varsa, o da insanlıqdır!

Dediklərimiz bir daha təsdiqləyir ki, tarix ədəbi prosesi yaradan yazıçıların və onların qələmindən çıxan əsərlərin xeyrinə işləyir, vaxt keçdikcə bu əsərlər yeni ictimai dəyər və keyfiyyətlər qazanır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!