Ey Muğanna, onlar oxumadılar - Sərdar AMİN

Sərdar AMİN

Ən ciddi dəyərlər, estetikalar kitablarda toplanırsa, bütün inqilabi ideyalar kitablara yığılırsa...

Yazıçılar bəzən qazandıqları bədii informasiyalara qarşı o qədər qısqanc olur ki, onları müsahibə, mühazirə, söhbət zamanı dillərinə gətirməz, ilk olaraq kitaba həkk edərlər.10 il, bəzən 100 il sonranın siyasətini müəyyənləşdirəcək bu ideyaların toplandığı yer əlbəttə ki, çox dəyərli, qutsaldır.

Portuqal yazıçı Antoni Tabukkinin "Pereyra iddia edir" adlı romanında çox maraqlı bir detal var. Əsərin qəhrəmanı Pereyra uzun illər qaynar səhər qəzetlərində rəhbər vəzifələrdə çalışıb, insanları indicə baş verən qaynar xəbərlərlə silahlandırıb. İndisə yaşlanıb, dinamikasını itirib və ömrünün qürub çağlarını mütəvaze axşam qəzetində XVIII əsr fransız yazıçılarının əsərlərini portuqal dilinə tərcümə etməklə, maraqlı ədəbi məqalələr yazmaqla keçirir. O, axşam qəzetinin mədəniyyət şöbəsinin rəhbəridir və ömrünün axşam çağını batmaqda olan günəşinin məhrəm şüalarında izaholunmaz həyəcan duyaraq keçirir. Səhhətinin icazə verdiyi nemətlərlə - kükü və limonadla qidalanır. Yazı, yemək və gündəlik həyatı rituallaşıb.  Koimbrada təhsil alması, bütün həyatını sanatoriyalarda keçirmiş xəstə qadınla yaşaması, arvadı dünyasını dəyişəndən sonra uzun illər onun uzaq təbəssümlə baxan portretilə söhbət etməsi, uzun müddət nüfuzlu qəzetdə hadisələr bölməsinə rəhbərlik edib sonda təvazökar axşam qəzeti "Lissabon"nun mədəniyyət bölməsində çalışması ilə razıdır. Təbii, onu narahat edən fəlsəfi suallar da yox deyil. Lakin bu suallar onu incidən qaranlıqlar deyil, əslində asta addımlarla irəli aparan mayaklardır.

Bir az sonra toranlaşacaq ömrünün məğrib günlərinin birində solçu partizanlarla tanış olur. Daha doğrusu, Rossi adlı birini özünə köməkçi götürür. Pereyraya sonra məlum olur ki, mədəniyyət şöbəsinə köməkçi kimi qəbul etdiyi Rossi İspaniya və Portuqaliyada faşizm rejimi əleyhinə fəaliyyət göstərən qrupdadır. Bununla yanaşı içindəki qəribə istəyə tabe olaraq gənc inqilabçıya maddi yardım edir. Daha sonra Rossiya evində sığınacaq verir və əsas həngamə bundan sonra başlayır. Qoca Pereyranın bu günə qədər yaşadığı çətinliklər bundan sonra gördüyü dəhşətlərin yanında heçnə olur. Faşistlər Rossini Pereyranın evində döyə-döyə öldürürlər.  

Pereyra faşizmi dəstəkləyən qəzet olmasına baxmayaraq, "Lissabon"un mədəniyyət şöbəsində bu amansız hadisəylə bağlı açıq məqalə dərc edir. Qəzetdə uzun illər boyunca  qazandığı etibar və həkimi Kordosu ilə qurduğu oyun sayəsində dövlət qəzetində açıq, rejimi ifşa edəcək bir mətni dərc etməyin astanasına gəlir.

Yazını bütün mərhələlərdən keçirərək mürəttibə verir. Sonra evə gələrək kiçik çamadanını götürür, ora ən vacib əşyalarını - nekroloqlar qovluğunu, arvadının uzaq təbəssümlə baxan portretini qoyur. (Portreti yaxşı nəfəs alsın deyə çamadana üzüyuxarı yerləşdirir). Kitab dolabına yaxınlaşıb Rossinin gətirdiyi saxta pasportları eşələyir. Gözlərinin altında bir neçə çevrə olan bir kişinin şəkli yapışdırılmış pasport sanki onun bugününə hesablanmışdı. Adı da gözəl səslənirdi: Fransua Buden...

Ətrafa göz gəzdirib saatına baxır. Pereyra iddia edir ki, "Lissabon" indilərdə çıxacaqdı və qətiyyən vaxt itirmək olmazdı. Qoca, eynəkli Fransua Buden (Pereyra) izdiham içində ağır-ağır ölkəni tərk edərkən balaca bir uşaq "Lissabon"nun indicə dərc edilmiş saylarını isti çörək satırmış kimi insanlara paylayır...

Romanın motivi və cəmiyyətə ötürdüyü əsas mesajdan danışmaq istəmirəm, bu mesaj əslində bizi ayrı bir mədəniyyətə daşımaq iddiasındadır. Söhbət Pereyranın atdığı addımın formasının cəmiyyətə təsir edə bilməsindən gedir. Pereyra illərlə qazandıqlarını, hətta formalaşdırdığı şəxsiyyətini belə dəyişərək özünü bir məqaləyə qurban verir. Və əmindir ki, məqalə, mətn çox şeyi dəyişəcək. Ədəbiyyat, qəzet, kitab oxunur, çünki müqəddəsdir.

* * *

İsa Muğanna "Nəsimi" filminin ssenarisini yazarkən qeybdən ün eşitdiyini deyir. Muğanna iddia edir ki, bu ün onu öz müqəddəs işindən sapınmamağa, içindəki əsl sənəti nümayiş etməyə səsləyir. Muğanna o dəm hiss edir ki, "hücrə"yə çəkilib sadiq həqiqətlərini yazmalıdır.

Beləliklə, Muğannanın yaradıcılığında yeni mərhələ başlayır. SafAğ elminin detalları cücərməyə başlayır. "İdeal", "Məşhər", "Cəhənnəm" yazılır... Və İsa Hüseynov həqiqətlərinə döndüyü anı müqəddəs sayır. Buna qətiyyən peşman olmur.

Muğanna da eynən Tabukkinin Pereyrası kimi ömrünün qürub çağında cəsarətli bir addım atır; "Türfə" adlı bir əsər yazır. Sağlığında müsahibəsi zamanı əlahiddə narahatlılqla deyirdi: ""Türfə"nin nəşrinə Azərbaycan nəşriyyatlarının cəsarəti çatmaz. Türkiyə ilə danışırıq. Çox güman ki, orada nəşr edəcəyik".

Qoca Muğanna bunları danışarkən əsərinin sivilizasiyada inqilab edəcəyindən əmin görünürdü. Uzun barmaqlı əllərini gizləməyə yer axtarırdı. Düşünürdü ki, bu əsər onun illərcə yazdığı qalın-qalın kitablar arasında müstəsna yer tutacaq. "Orda çox ciddi məsələlər qaldırmışam. O povest çap olunsa, bizim həyatımızda böyük dəyişiklik ola bilər".

"Türfə" dini-dünyəvi müstəvidə yetərincə sərt mövqe sərgiləyən bədii əsərdir.

Həmin povest yazıçının ölümündən qısa müddət sonra nəşr edildi - elə Azərbaycanda. Necə yazmışdısa, elə də nəşr etdilər "Türfə"ni. Bəs, indi o kitab hardadır? Təəccüb doğracaq cavab isə budur: Azərbaycanın əksər kitab mağazalarında... Bəs hanı o mədəniyyət inqilabı? Niyə olmadı? Niyə qoca Muğannanın dediyi "həyatımızdakı böyük dəyişiklik" baş vermədi?

Muğanna bir şeyi unutmuşdu ki,  indi hər şeyini qurban verib bəşəri səviyyədə bir yeniliyi kitaba hayqıran yazıçıların əməyi sadəcə fiasko ola bilər... Heç kimin ruhu da inciməz. Sanki belə də olmalıdır. Çünki yazıçının müqəddəs saydığı kitab oxucu üçün yumşaq cilddə toplanmış vərəq yığınına çevrilməkdədir. "Sənət sənət üçündür" şüarı fiziki mənada özünü doğruldur. Sanki kitablar elə kitablar və kitabxanalar üçün yazılır. Kitablar vərəqlərin bir dam altında intim yaxınlığı üçündür.

Muğannanın qorxduğu məsələ əsərinin Azərbaycanda nəşr olunmayacağı ilə bağlı idi. Əsas qorxu olan oxucu laqeydliyi Muğannanın aristokrat qəlbində yer tapmamışdı. Tapa da bilməzdi. Çünki o, oxucu laqeydliyi adlı cılız müstəvilərlə qarşılaşmamışdı. O, "Cibini yox, köksünün altını doldur ki, Xalıq-malıq kimi qorxa-qorxa yaşamayasan", - yazırdı ("İdeal" romanı).

İsa özü belə yaşadı - ömrünün çiçəkləyən çağında Ağstafa adlı hücrəsinə çəkilərək inandığı həqiqətləri kitaba köçürərək...

Muğanna ölümsüzlüyə inanırdı. Odur ki, azman kişinin rahatlığı üçün indi pərişan halda pıçıldamaq yetərlidir:

Ey Muğanna, onlar oxumadılar...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!