Sehrbaz - Etqar Keretin üç qısa hekayəsi Malik Atilayın tərcüməsində

 

İsrail yazıçısı, ssenarist Etqar Keret 20 avqust 1967-ci ildə dünyaya gəlib. Müəllifin yaradıcılığı əsasən postmodern və absurdizm kimi qiymətləndirilir. Ən çox qısa hekayələri ilə tanınan Keretin üç qısa hekayəsini təqdim edirəm. 1992-ci ildə ilk kitabı işıq üzü görən Keretin indiyədək dörd hekayələr toplusu çap edilib.

Gərəksiz adamlar

Mən uşaq olanda, bizim evə tanımadığım adamlar gəlir qapımızı döyürdülər. Atam qapının gözlüyündən baxır, amma açmırdı. Onlarsa elə hey döyürdülər, çox bərk döyürdülər, bir azca qorxurdum onlardan. Atamsa həmişə mənə yaxınlaşıb, xalçada yanımda uzanaraq kürəyini pianinoya söykəyib, bərk-bərk qucaqlayırdı məni.

- Qorxma, - deyə pıçıldayırdı - qorxacaq heç nə yoxdu. Onlar hamısı gərəksiz adamlardı.

Və atam eyni boğuq səslə davam edirdi:

- Şifman, aç qapını. Biz bilirik sən ordasan.

Bir neçə saniyə sonra isə həmin adamlar atamın sözlərini təkrarlayırdı, amma daha da ucadan. Bu vaxt onlar bir müddət də evin həndəvərində gəzir, pəncərələri bayırdan açmağa çalışırdılar və atamın astadan qulağıma dediyi sözləri onun ardıyca küçədəki adamlar təkrarlayırdı - əks-səda kimi:

- Görəcəksən, - atam pıçıldamağa davam edirdi - qorxacaq heç nə yoxdu. Onlar gərəksiz, bədəni, heç nəyi olmayan, sadəcə səsləri gur olan adamlardı.

Və atam astadan deyirdi:

- Biz hələ qayıdacağıq, Şifman, sən kimə ilişdiyini bilmirsən, - onlarsa atamın dediklərini təkrar edirdilər. Və gərəksiz adamlar həmişə geri dönürdülər, biz həmişə gizlənirdik.

Və sonra anam da öldü, səslə yox, bədənlə öldü biz də onu dəfn etməyə getdik. Bizimlə gələn bir adam ağlayırdı onun üçün, atam mənə kitabçadan göstərdi məhz o ağlayırdı, çünki o da onlardan biri idi. Bir həftə sakitlik oldu sonra yenə gəldilər. Davam edirdik gizlənməyə, hərdən atam onların nə deyəcəyini deyirdi, hərdən də mən. Bəzən haçansa onlardan qorxduğuma görə təəccüblənirdim, indi isə sözlərim onlardan özümə qayıdırdı divara atdığım tennis topu kimi. Bu, həqiqətən də belə idi. Sonra  atam da öldü  orada, küncdə, pianinonun yanında, kürəyini pianinoya söykəyərkən, məni qucaqlayan vaxt, mənim də onu qucaqladığım zaman. Onu məzara qoyan vaxt susmuşdu, həmin kişi onun üçün ağlayan zaman da susmuşdu və üstünü torpaqla örtəndə belə susmağa davam elədi. Mənsə ondan sonra səssizliyə qərq olmuşdum ona görə ki, sonda mən də onlardan biri idim.

Sehrbaz

Tamaşanın sonunda dovşan çıxarıram silindrdən. Həmişə belə edirəm, çünki uşaqlar heyvanları sevir. Hər halda mən uşaq olanda sevirdim. Beləliklə, tamaşanı yüksək notlarda bitirmək olur. Dovşanı zala ötürürəm uşaqlar onu əzizləyə, yemləyə bilirlər. Haçansa onlar həqiqətən belə edirdilər, lakin bu gün uşaqlar daha da ərköyündü, amma yenə də dovşanı sona saxlayıram. Bu, ən sevdiyim səhnədi. Daha doğrusu, əvvəllər sevirdim. Gözlərimi izləyicilərdən ayırmadan, əlimi silindrə salıb orada uzun müddət nəsə axtarıram və budur, Kazamın qulaqları əlimə keçir, dovşan burdadı artıq. Hər dəfə izləyiciləri təəccübləndirir bu səhnə, düzünü desəm məni də. Hər dəfə dovşanın qulaqlarına toxunanda özümü əsl sehrbaz kimi hiss edirəm. Baxmayaraq ki, nələrin baş verdiyini çox yaxşı bilirəm (stolda gizli qutu olur) amma bu, həqiqi sehrbazlıq kimi görünür.

Keçən şənbə günü yenə bu səhnəni sona saxlamışdım. Həmin doğum günündə, sanki uşaqların çoxu buz heykələ çevrilmişdi, bir neçəsi kürəyini mənə çevirib televizorda Şvartsnegger filminə baxırdılar. Qonaqlığın səbəbkarı isə digər otaqda hədiyyə edilmiş oyun kompüteriylə vaxtını keçirirdi. Cəmi dörd nəfər izləyicim vardı. Çox isti olduğu üçün paltarlarım tərdən islanmışdı və tək istədiyim tamaşanı tez bitirib evə getmək idi. Bəzi səhnələri göstərmədən birbaşa dovşan səhnəsinə keçdim. Əlimi silindrə salanda təkcə eynəkli qız izləyirdi məni. Sehrli an həmişə olduğu kimi hamını tilsimləyir. Bir neçə dəqiqə və 300 şekellik çeklə gedəcəm burdan. Dovşanı qulağından tutanda nəsə fərqlilik hiss elədim. Ağırlıq az idi həmişəkindən. Keçən dəfəki kimi gözlərimi zaldan ayırmırdım anidən əlimdə qəribə nəmlik hiss elədim, artıq eynəkli qız qışqırmağa başlamışdı. Dovşanın qanlı başını əlimdə tutmuşdum, gözləri diri idi hələ də. Və hər şey qana bulaşmışdı. Kürəyini mənə çevirmiş uşaqlar da dönərək alqışlamağa başladılar. Səbəbkar da qaçıb gəldi. Başsız dovşanı görüb heyrətdən qışqırdı. Ürəyim bulandı, az qala silindrə qusacaqdım. Uşaqlar isə heyrətdən nə etdiklərini bilmirdilər.

Həmin gecə yatmadım. Bütün alətləri on dəfə yoxladım, amma bunun necə baş verdiyini tapa bilmədim. Hətta bədənini belə tapa bilmədim dovşanın. Sehrbazlıq alətləri satılan mağazaya getdim səhər. Orda da heç kim bir şey başa düşə bilmədi. Satıcı tısbağa almağa israrla razı salmaq istəyirdi məni:

- Dovşanlar dəbdə deyil. Tısbağalar daha yaxşıdı. Uşaqlara deyərsən ki, bunlar nindza tısbağalardı, cizgi filmindəki kimi.

Qərarlı idim dovşan almaqda. Yenisinin də adını Kazam qoydum. Evə çatana qədər avtocavablayıcıya beş sifariş gəlmişdi, hamısı da dünənki doğum günündə olan uşaqların valideynləri idi. Qeydlərin birində uşaq dovşanın kəsilmiş başını ona verməyimi istəyirdi dünən elədiyim kimi. Ancaq ondan sonra yadıma düşdü Kazamın başını harda unutduğum.

Növbəti tamaşam çərşənbə günü idi. Tamaşa boyu əsəbiləşir və çıxışıma köklənə bilmirdim. Və budur finalın vaxtı yetişdi. Mən diqqətlə zala baxır və dovşanın qulaqlarını axtarırdım silindrdə. Qulaqlar yox idi. Bu dəfə isə silindrdən cansız körpə bədəni çıxardım. Tamaşaçıların heyrətini sözlə izah etmək mümkün deyildi.

Artıq bu səhnəni oynamıram. Əvvəllər çox sevdiyim idi, amma indi bu barədə düşünməliyəm. Təsəvvür edirəm daha heyrətamiz nə çıxara bilərəm və uşaqların heyrətə gəlməsi necə olar. Dünən bir anlıq silindrdən hansısa bədheybətin çənəsini tutduğumu düşündüm. İndi xəyal etmək belə çətindi əvvəllər buna necə cəsarətim çatırdı deyə.

Ümumiyyətlə, çıxış eləmirəm artıq, amma bu narahat etmir məni. Eybi yox, heç nə qazanmamaq qorxulu deyil. Hərdən konsert kostyumumu geyib elə-belə, özümçün sirli qutunu yoxlayıram. Bu qədər. Heç bir sehr yoxdu. Ancaq evdə yatır və dovşanın başıyla, çağanın cəsədini xatırlayıram. Sanki hansısa tapmacanın hissələridi və bunu açmalıyam. Elə bil bu yolla mənə nəsə vacib bir işarə verilib. Məsələn, indiki zaman dovşan və körpələr üçün çox da uğurlu deyil. Ümumiyyətlə, sehr üçün də.

Kasenelbongen

Cəhənnəmdə qaynar su dolu qazana saldılar məni. Dözülməz ağrıdan var gücümlə qışqırdım. Teleekranda cənnət həyatını göstərirdilər. Deyəsən, Kasenelbongeni, bir neçə saniyə sonra isə başqa birini gördüm, qolf, ya da kriket oynayırdılar.

Arvadım bir dəfə demişdi ki: "Yeddi ildi dayanmadan zülm çəkirsən, amma boş yerə. Maaşını artırmırlar. Bunun səbəbi də odur ki, sən özünü gözə soxmağı bacarmırsan. Bax, məsəlçün, Kasenelbongen". Mənə misal çəkilən Kasenelbongenə baxdım. Bütün həyatım boyu baxdım ona. Duş almağa qərar verdim, amma isti su yox idi. Kasenelbongen üçün tapılardı, şübhəsiz. Harda olmağımdan asılı olmayaraq onu hər zaman misal çəkirdilər mənə. Məktəbdə, evdə, idman zalında, iş yerində. Dahi deyildi Kasenelbongen. Sadəcə, məndən azca uğurlu idi.

Öz istəyimlə işdən ayrıldım. Başqa şəhərə köçdük. Pis qazanmırdım. On il heç nə eşitmədim Kasenelbongen barədə. Oğlum oldu. İsveçrədə yaşayan bibim öldükdən sonra mənə böyük miqdarda miras qaldı. "Bazel - Tel-Əviv" reysi ilə uçduğum təyyarədə Kasenelbongenlə qarşılaşdım.

Yanımda ravvin əyləşmişdi. Susmadan danışırdı onu dinləməsəm belə. Kasenelbongenin arxasında oturmuşdum. "Sənin həyatın mənasını itirib. O, ruhsuz və məqsədsizdi" -  deyirdi ravvin. Mən portağal şirəsi, Kasenelbongen isə fransız konyakı seçdi. "Bax, məsələn ona..." - ravvinin sözünü tamamlamasına imkan vermədim. Yerimdən qalxıb iti addımlarla təyyarənin arxa hissəsinə keçdim. Stüardessa yerimə qayıdıb oturmağımı tələb edirdi: "Enişə hələ yarım saat var. Yerinizə qayıdın və kəmərinizi bağlayın". Qəza qapısına tərəf çatıb oradan özümü atdım.

O biri dünyada intihar böyük günah sayılır. Məni sorğu-sual edən zaman Kasenelbongeni və digər sərnişinləri gördüm. Onlar cənnətə aparan omnibusda oturmuşdular. Aydın oldu ki, eniş zamanı təyyarə qəzaya uğrayıb. Əgər mənim də azca səbrim olsaydı... Kasenelbongenin etdiyi kimi.

Tərcümə etdi: Malik Atilay

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!