Əyyub QİYAS
Artur Konan Doylun hekayələrini tarixdə ilk detektiv nümunəsi hesab edənlər bir neçə min il yanılırlar. Bəli, müəlliflər müəmmalı cinayətlərdəki canilərin axtarışını hələ qədim dövrlərdən ədəbiyyata gətirmək marağında idilər və ilkin detektivlərin tarixini insanların oxumağı öyrəndiyi vaxtdan hesablamaq lazımdır.
Qədim Misirdə papiruslar üzərində yazılmış bəzi hekayətlərdə detektiv işartıları hiss olunurdu. Eramızdan əvvəl XIII-XII əsrlərə aid edilən "Doğru ilə Yalan" nağılında Doğru qardaşı Yalanın böhtanı ilə oğurluqda ittiham olunur, kor edilir, evdən qovulurdu. Bir il sonra Doğrunun oğlu gerçək mənzərəni aydınlaşdırır və əsl cinayətkarın cəzalandırılmasına nail olurdu.
Qətl, xəzinənin oğurlanması və bu hadisələrdə xüsusi keyfiyyətləri ilə seçilən qəhrəmanların istintaqı Antik dövrlər ədəbiyyatının ən məşhur nümayəndələrindən biri olan Sofoklın "Çar Edip" pyesində öz əksini tapır. Burada əsas qəhrəman çar Layın qətli araşdırılır...
"Daniyal peyğəmbərin kitabı" adlı qədim yazıda Susanna ilə onu zinakarlıqda ittiham edən iki şəhvətkar qocanın həyatı təsvir olunur. İttihamçıları ayrı-ayrılıqda dinləyən gənc Daniyal (gələcək peyğəmbər) onların ifadələrindəki uyğunsuzluğu müəyyən edərək, qızın bəraət almasına nail olur.
Detektiv mövzular və onlara bənzər hadisələr Şərq mənbələrindən də yan keçməyib, sadəcə, "Min bir gecə" nağıllarındakı "Üç alma əhvalatı"na nəzər salsaq bunu görə bilərik. Nağılda vəzirə üç gün ərzində cəsədi sandıqda gizlədilən gözəl bir qızın qətlini araşdırmaq həvalə olunur.
Çində də bu ədəbi janr diqqətdən kənarda qalmayıb, burada dürüst və ləyaqətli qanun keşikçisi şərə, ədalətsizliyə meydan oxuyur, beləcə gerçək üzə çıxır, günahkarlar cəzalandırılır, günahsızlar azadlığa qovuşur. Bəzən işə cəlb olunan xəfiyyə cinayətin rəsmini tam ayıdnlaşdırmaq və ədalətli qərar vermək üçün axirət dünyasındakı qüvvələrdən və ruhlardan yardım istəyir. Belə əsərlərdən birinin qəhrəmanı hakim Di adlı şəxsdir. Bu adam cinayətkarlara qarşı amansızlıqla mübarizə aparır.
XX əsrdə hakim Di obrazı holland yazıçısı və şərqşünası Rober van Qulikin silsilə əsərlərinə daxil edilmişdi. Bu adam adıçəkilən obraza 1949-cu ildə hakim Di haqqında hekayəti tərcümə etdikdən sonra "vurulmuşdu". Bu silsilədən olan ilk əsər "Aypara küçəsində qətl" adlanırdı.
Müstəqil ədəbi janır kimi detektivin banisi olaraq Edqar Allan Ponu, detektiv ədəbiyyatın bütün əsas xüsusiyyətlərini özündə cəmləşdirən əsər kimi isə "Morq küçəsində qətl"i qəbul etmək olar.
Lakin Avropa yazıçıları daha əvvəl də oxşar xüsusiyyətləri olan bədii mətnlər yaradırdılar. XIX əsr ümumilikdə bədii-kriminal ədəbiyyata marağın artdığı bir dövr kimi yadda qalıb. Daha çox polis ədəbiyyatı kimi diqqətçəkən bu səpkili əsərlərdə sadə avropalının darıxdırıcı həyatı, bir-birindən fərqlənməyən günləri əks olunurdu. Kiminsə məkrli planını ifşa edən, canini üzə çıxaran qəhrəman təbii ki, XIX əsr oxucusu üçün doğma idi.
Artıq əsrin əvvəllərində bu cür hadisələrə aludə olan oxucular Ejen Vidkonun resedevist-cinayətkar və Paris milli təhlükəsizlik idarəsinin rəisindən bəhs edən "Qeydlər"ini, Emil Qaborionun gənc polis zabiti Lekokenin fəaliyyətini əks etdirən romanlarını, Uilki Kollinzin, Çarlz Dikkensin, Çestertonun, Qaston Lerunun əsərlərini məmnuniyyətlə oxuyurdular və bu, ilkin bədii detektiv nümunələri yaradan müəlliflərin tam siyahısı deyil.
"Morq küçəsində qətl"də Edqar Po artıq detektiv ədəbiyyatın əsl çalarlarını yarada bilmişdi və Konan Doyl, ondan sonra gələn digər detektv yazarları əsərlərini məhz klassik "qadağan olunmuş otaq tapmacası" üzərində qururdular. Şerlok Holms ədəbi qəhrəman kimi həyata vəsiqə alandan sonra isə detektiv əsərlər artıq şəxsi kitabxanalarda və kitab mağazası rəflərində öz yerlərini möhkəmlətdi.
Doylun üzərinə yalnız artıq mövcud olan və sevilən janrın qanunlarını inkişaf etdirmək vəzifəsi düşürdü. Yazıçı yaratdığı ağıllı və cəsur xəfiyyə - Şerlok Holms və onun məslək yoldaşının - Doktor Vatsonun simasında sirli hadisələrə işıq tutur, cinayətkarları ifşa etmək üçün öz qəhrəmanlarını ən təhlükəli hadisələrin içinə ataraq, oxucunu marağın və həyəcanın məngənəsində saxlayırdı. Doylun qəhrəmanları bəzən öz klassik detektiv sələflərini xatırladır, bəzən isə tam yeni, tam fərqli bir görkəmdə oxuncunun qarşısına çıxırdı.
XVIII əsrdən etibarən rus oxucusunun da öz detektv qəhrəmanı vardı və bu qəhrəman əvvəllər moskvalı oğru, sonradan xəfiyyə olmuş Vanka Kain idi. 1789-cu ildə yazıçı M.D.Çulkovun sadə rus kəndlisi Sısoyun bütün ailə üzvlərinin qətlindən bəhs edən "Acı tale" hekayəsi işıq üzü gördü. Adıçəkilən əsər rus ədəbiyyatında detektiv janrın pioneri hesab olunur. Lakin rus nəsrində Fyodr Dostoyevski və onun dünya oxucusunun sevimli romanı olan "Cinayət və cəza" qədər möhtəşəm ikinci detektiv əsər yoxdur və ola bilməz.
Dünyada detektiv ədəbiyyatı yaradan müəlliflər o qədər də çox deyil. Bəzən ədəbiyyat adamları arasında bu janrı ciddi ədəbiyyat nümunəsi hesab etməyənlər də olur, lakin birmənalı şəkildə demək lazımdır ki, bu ədəbi janrı yaratmaq müəllifdən peşəkarlıqla yanaşı, eyi zamanda hər iki tərəfin - cinayətkar və onu axtaran xəfiyyənin (müstəntiqin, polisin və s.) psixologiyasına dərindən bələd olmağı tələb edir.
Doğrudur, A.K.Doylu dünya detektiv ədəbiyyatı janrının lokomotivi adlandırırlar, lakin bu imza ilə yanaşı, Aqata Kristi və onun Erkül Puarosu, Jorj Simenon və onun komissar Meqresi də maraq və diqqətə görə Doyl qəhrəmanlarından geridə qalmır.
Azərbaycan ədəbiyyatında da adıçəkilən janra müəllif diqqəti və oxucu marağı daima olub və hələ də var. Zənnimcə, Həsən Seyidbəylinin "Cəbhədən-cəbhəyə" və Cəmşid Əmirovun "Qara volqa" və "Brilyant məsələsi" romanları milli ədəbiyyatımızda bu janrın ilkin və uğurlu nümunələri hesab oluna bilər. Müxtəlif vaxtlarda digər yerli müəlliflər də bu va digər şəkildə bu janra müarciət ediblər, lakin onların yuxarıda adıçəkilən əsərlər qədər diqqət çəkib çəkmədiyini demək çətindir.
Azərbaycan ədəbiyyatında detektiv janrın ən böyük və ustad nümayəndəsi kimi xalq yazıçısı Çingiz Abdullayevi, ədəbi qəhrəman kimi isə Dronqonu məmnuniyyətlə misal çəkmək olar. Çingiz Abdullayevdən oxuduğum, tərcümə və redaktə etdiyim əsərlər haqqında yalnız bir fikir söyləyə bilərəm, bu əsərlər yüksək peşəkarlıqla yazılmış detektiv ədəbiyyatıdır və dünyanın detektiv nəhəngləri olan Doylla, Kristi və Jorj Simenonla eyni pilləyə qoyulmağa layiqdir. Çingiz Abdullayev öz mətnlərində həm cinayətin, həm də bu cinayəti açmağa çalışan tərəfin iş sxemini oxucuya təqdim edir. O bu sxemləri düyünə salır, oxucunu qəhrəmanları ilə dialoq vəziyyətinə gətirir, oxucu xəfiyyələrlə bir yerdə cinayətkarı axtarır və özu də əsərin qəhrəmanlarından birinə çevrilir.
Siyasi detektiv janrında yazıdığım "Havay tətilləri" romanı üzərində işləyərkən bu işin nə qədər çətin və məsuliyyətli olduğunu anladım. Qələm dostlarım Elxan Elatlının və Müşfiq Xanın da bu janrda yazılmış maraqlı və oxucu tərəfindən ciddi qəbul edilən əsərləri var. Bu gün oxucu bəzən yorğunluğunu, stresini atmaq üçün yatmazdan əvvəl yüngül bir şey oxumaq istəyir, lakin hər hansısa detektiv kitabı əlinə alan adam çox vaxt səhəri açıq gözlə qarşılamalı olur, çünki detektiv - ədəbiyyatda yoluxucu janrdır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!