Yazar və altı düşmən - Cavi Dan

Salam, dostlar!

Yazarlıqdan və yazarlığın altı düşmənindən danışacağıq bu gün.

Yazarlığın üstündən baxmağa çalışmaqdan başlayaq.

Bir də sağ əllərimizi sol çiynimizdən bir qarış aşağı sıxıb ürəyimizə and içək ki, həqiqəti deyəcəyik və həqiqətdən başqa bir şey deməyəcəyik.

Tanıyaq düşmənlərimizi.

Birinci düşmən - tamahdır.

Qonorara, vəzifəyə, ada, şöhrətə, kabinetə, mükafatlara, təqaüdlərə və s.

Tamah - çox zəngin bir mənəvi yoxsulluğun təzahürüdür və yazarın ilk dəfə bu sehrli sözləri ürəyindən dilinə gətirməsindən sonra üzə çıxır: "Mənim nəyim əskikdir ki?"

Və yazar tamah adlı bu ilk düşməninin qoluna ən yaxın dostu kimi girərək, özünü onun ixtiyarına buraxır. İlk dəfə əlinə qələm alıb yazdığı mətnlərin saflığını, qonorar, şöhrət, vəzifə düşünməyərək yaratdığı dünyasının işığını itirdiyini ağlına belə gətirməyərək, gözlərini ürəyindən çəkib barmaqlarına zilləyir.

Və barmaqlar bir də ədəbiyyat yaza bilmir, başları saymağa qarışır çünki - pulları, kitab çaplarını, təqdimatları, məşhur yazarlarla görüşləri, qarşı cinsi təmsil edən adamların diqqət dərəcələrini və s.

Tamah yazara narahatlıq gətirir. Yazar tamahın gətirdiyi həyəcanlara görə o qədər narahat olur ki, yazını unudur.

Gecə-gündüz yazsa belə, ortalığa çıxartdığı mətnlər hər hansı bir bazar piştaxtasına çıxarılan hər hansı bir gündəlik tələbat malından fərqlənmir.

Ədəbiyyat bazar, yazıçılıq alver, yazı isə satlıq mal deyil deyə, istedad özüylə rəftarı bağışlamır və cəzalandırır - sönməsiylə.

Beləliklə, tamah istedadın keyfiyyətini zədələyir.

İkinci düşmən - hərislikdir.

Hərislik - məmnunluğa gətirib çıxarmayan tamahdan doğur.

Yazar hərisliyin diktəsi ilə tamahın ona göstərdiyi bütün maddi parıltılara can atmağa başlayır. İstedadı sönüb öləzidikcə, yazar üçün ən dəyərli cəhət olan daxili kübarlığını itirir və ədəbi məkanda həyasızcasına var-gəl eləyən bir tip ortalığa çıxmış olur.

Hərislik gözlərini qapayanda yazar aynada belə özünü deyil, başqalarını görür - nailiyyətləri olan həmkarlarını yəni.

Və hərisliyin sehrli kəlmələri möhür kimi qapayır beynini: "Mən də istəyirəm!"

Yazar hərisliyin gətirdiyi narahatlığa görə o qədər çabalayır ki, özünü unudur.

Gecə-gündüz özünü Baron Münhauzen kimi parikindən tutub batdığı girdabdan qaldırmağa can atsa belə, fəaliyyətinin bütün mahiyyəti yarış atlarının finişə can atmasından fərqlənmir.

Ədəbiyyat kazino, yazıçılıq oyun, yazı isə qumar zəri atmaq deyil deyə, istedad özüylə rəftarı bağışlamır və cəzalandırır - tükənməsiylə.

Beləliklə, hərislik istedadı öldürür.

Üçüncü düşmən - qəzəbdir.

Qəzəb - nailiyyətlərə gətirib çıxarmayan hərislikdən doğur.

Yazar qəzəbin təsiri ilə bütün həmkarlarına qarşı aqressiya hiss edir. Qəbul olunmadığı və qəbul olunmağa ümidini itirdiyi çevrələrə qarşı açıq-aşkar şəkildə düşmən mövqeyi tutur, söz deyə bilmək fürsəti əlinə düşən kimi mütləq hansısa yazarları tənqid, bəzən hətta təhqir edir, özü kimi qəzəbli çevrədaşlarını da dayandığı mövqedən çıxış etməyə, sanki oxuduğu mahnının nəqərat hissəsini xorla və təkrar-təkrar söyləməyə çağırır.

Acınacaqlı haldır.

Qəzəb yazarı o qədər qapayır ki, yazar artıq ədəbiyyatdan bir dünya uzaq düşdüyünün fərqində olmur. O, verdiyi müsahibələrdə belə özündən yox, başqalarından bəhs edir. Sehrli sözlər belə olur adətən: "Heç nə yaza bilmirlər!"

Yazar qəzəbin gətirdiyi çabalamalardan o qədər yorulur ki, sözünü unudur.

Gecə-gündüz danışsa belə, nə danışdığını nə özü anlayır, nə də başqaları.

Ədəbiyyat məhəllə hasarının dibi, yazıçılıq deyingənlik marazmı, yazı isə dedi-qodu demək deyil deyə, istedad özüylə rəftarı bağışlamır və cəzalandırır - unudulmasıyla.

Beləliklə, qəzəb istedadı unutdurur.

Dördüncü düşmən - ilğımdır.

Bəli, bəli, məhz ilğım.

İlğım - həmkarlara qarşı olan aşkar və gizli qəzəbin tərs üzüdür, biz ona özünəvurğunluq illüziyası da deyə bilərik.

Səhrada susayan sərgərdanların gözlərini aldadıb arxasınca aparan ilğımı düşünün.

Və bir də ədəbiyyat aləmində öz istedadını tamahıyla zədələyən, hərisliyi ilə öldürən, qəzəbi ilə unudan yazar tipinin gözlərini düşünün.

Nə var o gözlərdə? Paranoikal, manyakal ehtiras.

Sehrli sözlər isə belədir: "Mən hamıdan yaxşıyam!"

İlğım yazarı özünütənqid hissindən tamamilə uzaqlaşdırır və onun özünü görə biləcəyi bütün aynaları qırıb tökür. Sonra isə dəcəl uşaq kimi bu qırıntıları Günəşin şüaları ilə yükləyib yazarın gözlərini qamaşdırmağa başlayır.

Yazar gözlərini qıyıb, baxmağa belə halı olmadığı aynalarda özünün əksini gördüyünü düşünür. Elə bilir, parıldayan odur, aynadan belə ziyası öz gözünə düşür, yandırır.

Yazar ilğımın gətirdiyi illüziyaya o qədər aldanır ki, üzünü unudur.

Gecə-gündüz özünü ziyalı kimi hiss etsə belə, kimsə onun işığını görmür.

Ədəbiyyat sirk, yazıçılıq klounada, yazı janqlyorluq deyil deyə, istedad özüylə rəftarı bağışlamır və cəzalandırır - gülüncləşməsiylə.

Beləliklə, ilğım istedadı dəyərsizləşdirir.

Beşinci düşmən - həsəddir.

Həsəd - ilğımın yoxa çıxmasından doğan ən dəhşətli düşməndir.

Özünəvurğunluq illüziyizası bitəndə yazarın daxilində onun bütün varlığını sarsıdan qəfil bir silkələnmə prosesi baş verir ki, bu da onun gözlərinin açılması ilə nəticələnir.

Gözlər açılır, açılır, bütün parıltıların ilğımdan başqa bir şey olmadığından əmin olanda dəhşətdən bərəlib qalır.

Yazar özünü itirir.

Paltarını qəfil itirmiş adam kimi, bədənini qəfil tərk eləməyə vadar olmuş ruh kimi sarsılır və nə edəcəyini bilmir. Ortalıqdakı mənəvi örtüksüzlüyünü ört-basdır etmək üçün dərhal kiməsə yan alır və arxasında daldalanır. Elə ilk həsəd apardığı şəxs də məhz ilk daldalandığı şəxs olur. "Niyə onun var, mənim yox?" sözlərinin sehri həyatının ən vacib sualına çevrilir və yazar bu andan sonrakı fəaliyyətini ancaq oğurluğa həsr edir - yan aldıqlarına aid olan hər şeyi, hər kəsi.

Oğurlaya bilmədiklərini isə mütləq zədələməyə, dağıtmağa çalışır.

Yazar həsədin gətirdiyi mənəvi deqradasiyanın çəngində özünə aid olan hər şeyini, hər kəsini unudur.

Unutmadığı yalnız arxasında daldalandığı adamların kürəkləri olur.

Gecə-gündüz bu kürəklər onun kabusuna çevrilir və ona rahatlıq vermir.

Ədəbiyyat - çörək zavodu, yazıçılıq qıtlıq növbəsi, yazı isə bulki talonu deyil deyə, istedad özüylə rəftarı bağışlamır və cəzalandırır - eybəcərləşməsiylə.

Beləliklə, həsəd istedadı çirkaba batırır.

Altıncı düşmən - təkəbbürdür.

Bir qələmi tutmaq üçün bəs edəcək beş barmağın hər birinin bir düşmən tərəfindən qırılmasından sonra hələ də yazar olduğuna son dərəcə nəhəng bir inamın olması ilə təzahür edir.

Tamahın, hərisliyin, qəzəbin, ilğımın, həsədin məhv etdiyi istedadının iylənmiş cəsədini çiynindən aşıraraq ədəbiyyat məkanının havasını korlamaqla davam edir.

Və ədəbiyyat istedadını öldürmüş yazarı cəzalandırır - oxucu yoxluğu ilə.

Beləliklə, təkəbbür istedadı dəfn edir.

Tanıdıq düşmənlərimizi.

İndi isə, icazənizlə, əllərimizi ürəklərimizin üstündən götürək və barmaqlarımıza baxaq.

Hamısı salamatdırmı?

Gözəl.

Yazmağa davam edirik...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!