Sən necə, sevirəm dediyin bu qadını tanıyırdınmı? - NARGİS

Səni günahlandırmıram, əsla. Məncə, biz tələsdik. Bir-birimizi itirməkdən qorxduqca daha çox itirdik. Bəzən məni sevdiyini düşünmürəm deyil. Qəlbimi dəfələrlə nokaut etdi məntiqim.

Mən çoxluq kimi ailə oyununda evin dirəyi rolunu çiyinləyə bilmədim. Bəlkə də hər kişinin arxasında olan o mükəmməl qadın da ola bilmədim.

Mən səni həyatıma doldurduqca özüm yox oldum. Öz həyatında var olmayan bir qadın idim artıq. Sənin sevirəm dediyin bu qadın, səninlə birlikdə gələcəyi çəhrayıya boyamaq istəyən həmin qadın deyildi. Sən necə, sevirəm dediyin bu qadını tanıyırdınmı?

Yox... Sən tanımırdın bu qadını...

Sənin üçün tanış, ya da yad fərq etmirdi. Sən sadəcə, cəmiyyət razı qalsın istəyirdin. Mən sənin qadının idim. Sən isə bunu unudalı çox olmuşdu. Mən cəmiyyətin deyildim. Sənə doğru yol almaq üçün çox şeyi buraxmışdım arxamda bilirdin. İntiharlarımın ən iddialı səbəbi idin sevgili...

Bu gün yenə aynada özümü tanımadım. Dünən hər şey yaxşı idi, inan mənə. Amma bu gün ... tanımadım özümü...

Sən dünən getdin bilmirəm nəsə apardın özünlə mənə aid. Mən indi o apardığınsız birtəhərəm, sevgilim.

Bilirsən, biz ikimiz birlikdə əla idik. Bunu həmişə sən deyirdin, mən inanırdım... Xatırladın?

Hətta ekzotik bir şəkildə yaraşırdıq bir-birimizə. Səni yaraşdırırdım özümə.

İndi isə əlimdə bir qədəh şərab gözlərim uzaqlara zillənib, ağlım dünəndə ilişib qalıb... Ürəyim  isə səndə..

Sən dediyin kimi ifadə edim, əlimdə bir neçə saralmış kağız, mürəkkəbi bitmək üzrə olan qələmlə yazıram bizi.

Bəli ikimizi...

Əllərimlə birlikdə bəlkə də sənsiz keçəcək bütün xoşbəxtsizliyimi boyayır qara rəngə mürəkkəb... Sənin bir zamanlar boyadığın kimi eynilə...

Bəzən nəfəs almaq üçün başımı pəncərədən çölə çıxarıram bezikmişcəsinə baxıram bomboz nimdaş həyata... Sən keçdiyin küçənin rəngi solub elə bil, güllər əvvəlki kimi ətir saçmır ətrafa...

Sənin ətrinin son damcılarını özündə güclə saxlayan yatağıma qaçıb sığınıram.

Sanki sənin sinənə qısılıram...

Xəyalınla sevişə bilmirəm, əzizim... Yatağımda qalan son damla sənlər mənə yetmir... Bomboz darıxıram...

Xüsusən gecələr bir fərqli üşüyürəm ...

Bilmirsən mən sənsiz yarımçıq məna kimiyəm... "Sız"lar çoxalır, qorxuram  birləşməyindən məna ilə... Mənasızlaşmaqdan qorxuram

Mən öz-özümlə yola getməməyə başlamışam. Özümlə savaşıb, özümü cəzalandırıram sənlə əlaqəsi olmayan bədənlərdə...

Yanındaykən darıxdığımı deyirdim. Xatırladın?

Mən bu günləri düşünüb darıxırdım, anlamırdın...

Hər toxunuşunla, hər yaxınlaşmağınla uzaqlaşırdın məndən...

Sənin gözlərinə baxıb getmə deyə yalvarsam da, dilim sükutda, qəlbim intiharlarda idi...

Bu gedişlər mənasız idi, əzizim. Həyatda insanı ən çox ağrıdan qalaraq getmələrdir. Biz ikimiz də müxtəlif zamanlarda eyni şeyi edirdik. Yad kimi arada bir-birimizlə rastlaşırdıq. Əl-ələ tutuşlarımızdakı buzlu yoxluqlar batırdı ürəyimə...

Mən hələ indi dərk edirəm ki, sən məni birtəhər sevirmişsən. Bəzən deyirlər ki, hərənin sevmə şəkli fərqlidir. Ancaq mən nə qədər bu fərqliliklərdə eynilik axtardımsa belə, əliboş qayıtdım könül evimə. Artıq dərk edirəm, əzizim, bütün bunlar hamısı sadəcə və sadəcə vaxt itkisi idi. Biz ikimiz də bir-birimizdən çoxdan, lap çoxdan getmişdik.

Bilmirdin ...

Mən dəfələrlə intihar edirdim. Mən dəfələrlə səni geri qaytarır cəsədimin üzərində ağladırdım. Mən əslində xəyallarımda, fərqli senaryolarımda özümü sənin tərəfindən dəlicəsinə sevdirirdim..

Gülmə!

Sərxoş da demə...

Xəyallarımda rejissor mən idim...

İçirəm hə?

İçmək olmazmı?

Yox, - deyib, başını buladığını hiss edirəm...

Sən cəmiyyət üçün yaşadıqca, yaşadığın cəmiyyət məni ölümə məhkum edirdi qəddarca.

Sənə heç nə deyə bilmirdim. İnsan sevdiyini dinləməzdimi? Sən məni dinləməmək üçün hər şeyi edirdin. Mənim mülahizələrim, düşüncələrim hətta sevgim sənin üçün çox adiləşmişdi, əzizim. Mən doğru deyildim. Ola da bilməzdim fikrincə. Cəmiyyət nə zaman məni təqdir edirdisə, bu səni dəli edirdi.

Deyəsən sən sevincləri yaraşdırmırdın simama... Daxilində ümmansız qərəzlərin, sərhədsiz ön yarqıların var idi.

Məndən gözləntilərin o qədər böyük idi ki, mən bu gözləntiləri qarşılayacaq qədər çox yaşayacaqdımmı, bilmirdim?

Mən, kimi? Cəmiyyətimi, sənimi xoşbəxt edəcəkdim? Bütün düşüncələrim həbs olunmuşdu dilimdə. Tələffüzlərim yasaqlanmışdı. Danışmadıqca həllini tapmayacaqdı heç nə. Bunu anlamırdın. "Heç kimdir mənim üçün" dediklərinə sərf olunduqca təbəssümlərin, mənə qalan sadəcə aqressiya dolu siman olurdu. Halbuki, sənə heç yaraşmırdı bu...

Baxışlarınla güllələyirdin məni. Sonra ən qəddar hakim kimi yarqılayırdın.

Səninlə kəlmə belə kəsə bilmirdim. Bəlkə də mən ifadə edə bilmirdim. Bəlkə də mən səhv idim. Amma sən də məni heç anlamağa çalışmırdın. Məcbur qalırdım səni başqalarına danışmağa...

Bu məni rahatlatmırdı yox... Mən sənin barəndə neqativliklərlə dolu gözləri görəndə dəliyə dönürdüm. Peşiman olurdum laqeydliklərini belə insanlarla bölüşdüyüm üçün... Ancaq sən hüzur tapırdın heçkimlərdə...

Kölgənlə dərdləşirdim..

Kölgəsiz necə yaşayırsan? Adam! İnan, bilmirəm... İnana bilmirəm.

Bilirsən bir dostum var idi, deyirdi ki, içməklə yazmaq olmur...

Sərxoşlara güvən olmaz deyirdi.

Sərxoşların beyni pozulurmuş. Mən ona Xəyyamdan danışmaq istəsəm də, nədənsə bu fikrimdən az sonra daşınmışdım. Xəyyam da məncə, elə insanla söhbət mövzusu olmaq istəməzdi.

Və mən də ona Yılmaz Erdoğanın bir şeirini oxudum... Çünki Yılmaz üçün fərqi yox idi şəxslərin...

Sen,
Fikrini ipotek etmiş kiralık sevdalara
Senine boyuna sevilmiş sen
Yalanı sevdasından büyük sen
Bir bil-sen.
Biz ne zaman içsek seni düşünüyoruz
Genzimizde göl gözyaşları
Biz ne zaman içsek.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!