Mələk... - Aydın TAĞIYEV- hekayə

AY Bəniz Əliyara

 

Günlərin bir günü ağlıkəsən Qızcığaz başa düşdü ki, yaşadığı bu bina, heç demə, doğma evləri deyilmiş. Hansı evdə, ailədə bu qədər də yad oğlan, qız bir yerdə qalıb yaşayardı? Hərçənd ki, Qızcığaz doğma ev-eşik görməmişdi.

Qapalı, gen-geniş əraziyə malik bir bina idi. O ərazidə xiyabanlar, karusellər, müxtəlif əyləncəli yerlər də var idi. O geniş ərazi hər tərəfdən hündür daş divarlarla hasara alınmışdı. Hasarın bütün gün bağlı olan dəmir darvazasından yalnız hər səhər bir maşın içəri girərdi. O maşından ərzaq, bəzən də geyim paltarları, müxtəlif əşyalar, mebellər boşaldılardı. Uşaqlara o hasardan bayıra çıxmaq yasaq idi. Yalnız arabir şənbə və bazar günləri o hasarın başqa bir qapısı açılar və müəyyən saat ərzində eşikdən içəri qadınlar, kişilər girər və bu binanın balaca sakinləri ilə görüşərdilər. Əlidolu gələni də olardı, əliboş gələni də. Qızcığazın gözü dolu zənbillə gələnlərin əllərində qalardı. O zənbillərin sahibi olan oğlan və qızlar gətirilən pay-pürüşü öz tumbalarına boşaldıb yerbəyer edəndən sonra onlara baş çəkməyə gələn kişilərlə, qadınlarla birgə o balaca şəhərciyin xiyabanlarının, əyləncə yerlərinin birinə, təkliyə çəkilərdilər.

Qızcığaz bir gün gözdən yayınıb gələn yaşlılardan birinə qoşularaq hasardan çölə çıxa bildi. Çöl tərəfdən divara vurulmuş iri lövhə əlbəəl diqqətini cəlb etdi. Lövhədəki yazını oxuyan Qızcığaz başa düşdü ki, qaldığı bu məkan kimsəsiz uşaqlar evi imiş...

Deməli, o da kimsəsizdir.

Ancaq Qızcığaz burasına fikir verib görürdü ki, şənbə və ya bazar günü uşaq evində yaşayan qızların, ya oğlanların bəzilərinin yanına ya qadın, ya da kişilər gəlir. Əgər gələn qadındırsa, deməli, uşağın anasıdır. Təbii ki, kişilər isə yanlarına gəldiklərinin atalarıdır. Bəs niyə kimisinin yanına anası, kimisinin yanına isə atası gəlir? Niyə kimini anası, kimini atası çox istəyir? Bunu ayırd etməyə Qızcığazın hələ ki ağlı kəsmirdi.

Bəs niyə onun yanına nə anası, nə də atası - heç biri gəlmir? Qızcığaz elə istəyirdi ki, onun da yanına şənbə, bazar günü onlardan heç olmasa biri də olsa gəlsin. Onun üçün də sovqat gətirsinlər. Analarının, ya da atalarının gətirdikləri sovqatları uşaqlar öz aralarında dəyiş-düyüş edirdilər, qoğalları konfetlə, eləcə də konfeti qoğalla dəyişdirirdilər.

Qızcığazın gözü o qoğallarda, konfetlərdə, meyvələrdə qalsa da, özünü tox tutardı. Ürəyindən keçirərdi ki, əgər ona sovqat gətirilsəydi, o, yəqin ki, dəyiş-düyüş yox, onları pay edərdi. Əşi, lap əliboş gəlsinlər, təki yanına gələn olsun. Əgər yanına yalnız anası gələrsə, o da rəfiqələrinə izah edə bilsin ki, atası vəfat edib, ona görə yanına gələ bilmir. Və ya atası gələrdisə, onda deyə bilərdi ki, anası dünyada yoxdur. Yoxsa hansı ana, ya da elə ata olsun, övladını az istəyər. Axı, yanlarına anaları, ya da ataları gələn uşaqlar valideynlərindən hər ikisinin gəlməməsinin səbəbini belə izah edir, belə bəhanə gətirirdilər...

Qızcığaza, nəhayət, elə gəldi ki, onun nə anası olub, nə də atası. Ancaq əlbəəl fikrə getdi. Axı, bu necə ola bilərdi? Atasız, anasız dünyaya gəlmək müşkül, heç ağlabatan iş deyildi. Qızcığaz xeyli fikrə getdi. Və birdən-birə ağlına gələn fikirdən elə sevinib şadlandı ki, az qala qanadlanıb uçmaq istədi. Bir halda ki, o, dünyaya atasız-anasız gəlib, deməli, mələkdir. Mələklər də atasız-anasız olur. Hə, hə, mələk! O, mələkdir!

Həmişə gözü qapıda qalan, onun da yanına bir gün axır ki, ya atasının, ya da anasının gələcəyini gözləyən Qızcığazın özünü mələk hesab edəndən sonra daha gözü qapıdan yığıldı.

Ataları və ya anaları yanlarına gələn uşaqlar ona gülüb lağ edəndə, - bəs, sənin yanına nə atan, nə də anan niyə gəlmir? - soruşanda Qızcığaz da qətiyyətlə: - Axı, mən Mələyəm, - deyirdi.

Qızcığazın adı var idi. Onu sinif jurnalındakı adı ilə də çağırırdılar. Özünü mələk sandığı gündən bəri Qızcığaz onu həmin adı ilə çağıranlara hay verməməyə başladı. O, hay verməyəndə ilk əvvəl elə fikirləşdilər ki, yəqin, eşitməyib. Təkrar bir də çağıranda Qızcığaz: - Mənim adım Mələkdir, - dedi. Onun bu sözlərinə əvvəlcə gülüşənlər sonra heyrətləndilər. Və ən nəhayət, qəzəbləndilər. Mələyə bax! Bu ad birdən-birə haradan çıxdı? Mələk! Qızcığaz onun əlindən qəzəblənənlərə çəkinib ürək etmədi desin ki, axı, mələklərin də ata-anası olmur. Nəhayət, Qızcığaz bir gün burasını da başa düşdü ki, mələklər saf, pak, təmiz adamların arasında yaşaya bilirlər. O gündən yaşadığı üçüncü mərtəbədə mələk olmaqdan bezdi.

Və... bir gün Qızcığaz rəfiqələrinə dedi ki, mələklər göydə Allah babanın qulluğunda dururlar. O da göyə uçacaq. Rəfiqələri onu ələ  salıb gülüşdülər.

- Mən mələyəm, mən mələyəm, - deyə Qızcığaz rəfiqələrindən inciyib hıçqırıq vuraraq hönkürdü, sonra da qəflətən açıq pəncərəyə yaxınlaşdı. Və... Elə hər şey bir göz qırpımında baş verdi.

Uşaqlar qorxudan qışqırışıb ağlaya-ağlaya hay-küy saldılar.

Elə onlardan ən zirəyi də özünü ələ alıb səs-küyə içəri doluşan dayələri məsələdən agah etdi. Və onlar da çölə, mərtəbənin altına qaçdılar. Pəncərənin altında qan laxtalanmışdı. Cəsəd isə yox idi.

Bax, onda inandılar ki, Qızcığaz haqlı imiş. Mələk kimi göylərə çəkilib.

Şabran

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!