Çarəsiz gecə - Orxan FİKRƏTOĞLU - Hekayə

 

Qaranlıq otağın kiçik pəncərəsindən içəri düşən narıncı işıq şüləyi titrəyib-titrəyib söndü. Otaq birdən-birə rəngsizləşdi. Ağ-qara filmin saralmış lenti kimi "sükut" arada-bəridə xır-xır xırıldamağa başladı. Handan-hana anladı ki, xırıldayan sükut deyil, anasıdı. Anasının xırıltılı nəfəsi haçansa onun üçün oxuduğu layla kimiydi. Bilmək olmurdu bu xırıltının altından dediklərini anası ona deyir, ya özü özüylə danışır.

"Sənə hamilə qalan gecə atanla bərk dalaşdıq. Bir dəri çantam var idi. Sarı rəngdə. Səhər nəyim vardı yığdım ona. Necə gəlmişdimsə, elə də sallana-sallana qayıtdım anamın evinə. Uşaq idim də. Nə qanırdım etdiyimi? İndiki vaxtım ola, yerimdən tərpənərdim heç? On yeddi yaşım təzəcə tamam olmuşdu. Anam çox əzazil arvad idi. Nənəni deyirəm e! Üzümə baxan kimi "üstünə qayıtdığımı" anladı. Özüm getmişdim deyə, ona bir söz deyə bilmirdim. Eləcə ağlaya-ağlaya döşənmişdim ayaqlarına. O da məni doqqazın qarşısında təpiyinin altına salıb döyürdü. Həmin səhər qonşular məni nənənin əlindən güclə aldılar. Atam nemes davasından qayıtmamışdı deyə, çörəyimizi də, tənbehimizi də bizə anam verirdi. Hünərin var onun sözündən çıx. Sənin nənənin sözünü ancaq mən iki eləyib atanla aşağı məhləyə qaçmışdım. Atan da bir fərli zibil deyildi. Şorgözün, arvadbazın biriydi. Mənə də eşqnamə oxuyurdu, ən yaxın rəfiqəmə də. Axırda guya məni seçdi. Mən ondan ayrılandan sonra isə acığıma gedib həmin o rəfiqəmi aldı. O da atana dalbadal altı qız doğdu. Hamısı da indi anaları kimi qəhbədilər. Sən köpəkoğlu da qarnımda aynan deyil, elə bil saatnan böyüyürdün. Gecələr qarnımı tumarlayıb səni səsimlə gizli-gizli bəsləsəm da, səhərlər belimi şallayıb hamilə olduğumu anamdan gizlədirdim. Gündüzlər səni xatırlamağa vaxtım olmurdu. Nənən bütün ağır işləri mənə tapşırırdı. Sonra iş işdən keçdi. Bir səhər hamı gördü ki, qarnım burnuma dəyir. Ədəli-dədəli hamiləyəm. Bunu nənənə demək olardı? İki ayağını bir başmağa dirədi ki, sən bu uşağı salmalısan. Mən qapımda sabah el qınağı olacaq bic uşaq saxlaya bilmərəm. Mamaça Fatmadan qabaq özü səni qarnımda öldürmək istəyirdi. Onda kiçik dayının səkkiz yaşı vardı. Uşaq idi də dayın, nə qanırdı etdiyini? Nənən dayını hər gecə qarnımın üstünə çıxarıb hoppandırırdı ki, sən qarnımda doğulmamış öləsən. Sən də atan kimi tərs idin, ölmək nədir? Yerini bərkitmək üçün qarnımı içəridən təpikləyirdin. Anam səndən əl çəkmirdi. Hər gün səni bətnimdə öldürmək üçün yollar axtarırdı. Gah ayaqlarımın arasına ləyən qoyub hər gecə məni lüt ətcəbala isti suyun buxarında oturdurdu. Gah qarnımın üstünə isti kərpiclər düzdürürdü. Hər gecə döşəmədə uzanıb təzə evin təməli kimi qarnımdan dama doğru ucalan qızmar kərpiclərə baxırdım. Qarnımdan Allaha doğru ucalan o kərpic qala sən imişsən, mənim balam. Sənin uğurlu taleyin, bəxtin imiş. Üzüm kimi sənin bəxtin də möhkəm idi, padşah balam. Onlar səni əzdikcə acıqlarına qarnımda qala kimi yekəlirdin. Hər gün bir buğda boyu böyüyürdün. Nə qədər ki, mamaçaya getməmişdilər, nəsə düşünməliydim. Bir gecə evdən qaçdım. Gedib fabrikdə işə düzəldim. Səni xəstəxanadan bir çuhut qızı vardı, Marqo! Bax o çıxardı. Ərim yox, qardaşım yox. Dalımca kim gələcəkdi? Bir dənə qəhvəyi "kapişonun" vardı. Həkim evindən gətirib bağışlamışdı sənə. Altı yaşına qədər onu geyindin. Məhlədə hamı sənə "hökumət balası" deyirdi. Sapsarıydın. Gözlərin də mavi. Nənən səni görən kimi vuruldu. Ayağıma düşüb onu bağışlamağımı istədi. Ondan savayı kimim vardı ki? Bağışladım. Nə iş idisə səni görən vurulurdu. Üzündə şeytan tükü vardı elə bil. Hara düşürdün özünə həmin yerdə dost tapırdın. Məktəbi necə qurtardın heç bilmədim. Dərsini bildin, bilmədin, müəllimlər özləri sənə qiymət verirdi. Mən səni dərs oxuyan görmədim heç. Amma qiymətlərin həmişə əla idi. Beləcə universtitetə də özün daxil oldun. Mənim pulum vardı səni oxudam? Gecə-gündüz işləyirdim ki, səni hamıdan yaxşı geyindirib-kecindirəm, cibinə pul basam. Ancaq bunu başa düşürdüm. Pul nədir? Sən mənim pulumu neynirdin? Hər gün küçədən pul tapırdın. Möcüzə idi bu işin. Elə bil pulu sənin üçün kimsə bilə-bilə hər gün küçədə itirirdi ki, tapasan. Əvvəl elə bilirdim mənə yalan danışırsan. İnsan da yerdən bu qədər pul tapar? Bir dəfə öz gözümün qabağında yerdən iki dənə əllilik tapdın. Onda sənə inandım. Mən sənin təhsilindən çox gələcəyini düşünürdüm. İstəmirdim kiminsə qarşısında başı aşağı olasan. Yetim idin də. Atan sənə baxmırdı. Universiteti bitirən kimi səni böyük qulluğa qoydular. Bir aydan sonra hamı kimi sən də dəyişdin. Oldun atan kimi. Biganə. Ananı unutdun. Bütün günü işləyirdin. Heç evlənmədin də. Evlənsəydin indi bir qız nəvəm olardı. Nəyi pisdir ki? Əlimdən tutardı da indi. Sənə hər şeyi deyə bilmirəm axı. Həftədə bir dəfə bazarlıq edib sürücünlə mənə göndərərdin. Yeməyi neynirdim? İştaham vardı, mənim? Məni işdən də çıxartdın ki, daha bəsdir işlədin. Ayıbdır. Otur evində. Mənim anam daha işləməməlidir. İşləyib sənə pul vermək istəyirdim də. Onda canım da hələ sulu idi. Səni dünyadan qorumaq istəyirdim. Sənə baxıb öyünmək istəyirdim. Sən gecə-gündüz qara qul kimi işləyirdin. Hərdən telefonla zəng vurub səhhətimlə maraqlanırdın. Yuxuna zada girəndə özün də beş dəqiqəliyə qaçıb gəlirdin. Gözümün qabağındaca gəlişindən gəlişinə gözgörəsi qocalırdın. Bir dəfə gələndə saçın tökülürdü, bir dəfə gələndə belin bükülürdü. Sonra da səni işdən çıxardılar. Fikirdən xəstəlik tapdın. Hər dəfə kefimi soruşanda sənə yalandan "Lap yaxşıyam, narahat olma" - deyirdim. Nə deməliydim? Sənə düzünü deməliydim? Özün də altmış yaşı keçmişdin də. Hər yerim ağrısa da, səni heç vaxt narahat etmək istəmirdim. Uşağımsan axı. Həm istəyirdim mənə görə narahat olasan, həm də istəmirdim. Nə bilim, ay bala, həyatdı da. Atanı isə bağışlamıram. Bütün ömrümü göy əsgiyə düyünləyib atdı dənizin dibinə. Bir də gördüm ömrüm bitdi. İndi də qocalmışam daha, yerimdən tərpənə də bilmirəm. Hər gecə yanımda qalırsan. Görürəm qorxursan ki, ölərəm. Qorxma. Səksəni adlamış adam bir gün öləcək də, a bala, bilmirsən bunu? Ölümə hazır olmalısan. Qurd deyiləm ki, qiyamətə qalam. Qurdam mən?".

Anasının teyf ruhlu pıçıltısını mətbəxdən eşidilən qaz sobasının tıqqıltısı eşidilməz elədi. Qorxa-qorxa ayağa qalxıb işığı yandırdı. Anasının gözləri harasa uzaqlara baxırdı. Əlini anasının soyuq alnına toxundurub: "Yatmamısan?" - soruşdu.

Anası suala sualla cavab verdi: "Eşidirdin dediklərimi?".

Anasını sinirləndirməmək üçün heç nə eşitmədiyini söylədi. Anası gözgörəsi toxtadı. Üzüm meynəsi kimi quru ayaqlarını döşəməyə sallayıb yazıq-yazıq oğlunun üzünə baxdı. Bu onun çarpayıdan qalxmaq istəməsiydi. Yumaq kimi yumulmuş ağappaq anasını qucağına aldı. Uşaq kimi yellədə-yellədə gətirib kresloya uzatdı. Üzündən öpüb saçlarını sığalladı. Anası lampa kimi işıqlandı.

- Sən burda bir hovur dayan! Gedim görüm mətbəxdən niyə səs gəlir!

Az qala qaça-qaça mətbəxə keçdi. Tüstü topası qara bulud kimi mətbəxin tavanından sallanırdı. Hisli işıq altında göz gözü görmürdü. Bir az bundan qabaq anasına çay süzdükdən sonra qəfədanı yanar qazın üstündə unutmuşdu. Suyu quruduqdan sonra qəfədanın içi dibinə qədər yanmışdı. Bayaq eşidilən səs də yandığından çırt-çırt çırtıldayan emalın səsiydi. Qaynayan su qazı da söndürmüşdü. Yaxşı ki, mətbəxin nəfəsliyi açıq idi. Sönmüş qaz içəri dolub mənzili partlada bilərdi. Eyvanın da qapısını açdı ki, təmiz hava içəri dolsun. Anasının haçansa öz səliqəsi ilə rəflərə düzdüyü qədim su bardağından tərli çappa stəkana ilıq su süzüb otağa qayıtdı.

Anasının gözləri yaşlıydı.

- Dediklərimi eşitmisən! Düzünü de, adam anasına yalan danışmaz!

- Eşitmişəm! - deyib suyu aram-aram anasına içirdi.

Anası suyu çətinliklə içdikdən sonra: - Gəl onda sənə hər şeyi olduğu kimi danışım. Amma sonra nənənə və mənə nifrət eləmə ha! - dedi.

- Danışma. İstəmirəm. Olan olub, keçib. Məni olanlar deyil, irəlidə olacaqlar düşündürür! Yaxşısı budur mənə bizim gələcəyimizdən danış!

Anası acı-acı güldükdən sonra: - Daha toyunda oynamağa ayağım yox, yemək yeməyə də dişim! Sənə nədən danışım axı? - dedi.

Araya sükut çökdü. Gələcəkdən danışmaq fikri anasını əməlli-başlı dirçəltdi. Gözləri yol çəkə-çəkə udqunub bir müddət tavana baxdı. Sonra nə fikirləşdisə üzünü oğluna tutub: - Məni atanın yanında basdırarsan, o əclafın! - pıçıldadı.

- Atam necə adam idi?

- Pis!

Anası yenə xırıltılı pıçıltıya keçdi: - Gözəl qız deyildim. Amma həmişə istəyənim vardı. Mən də sənin kimi idim də. Şirin. Atandan başqa heç kəsin üzünə belə baxmadım. Dul arvad idim də. O qədər oğraş var ki, şəhərdə. Bilmirsən? Hərə mənə bir söz atırdı. Adamın Allahı var. Evlilik təklif eləyən də çox oldu. Heç kimə hə demədim. Başımı aşağı salıb səni böyütdüm. Bir adımı iki eləyə bilməzdim. Ömrümdə bircə kişi oldu. Səni deyirəm e. Əslində, sevgi zad boş şeydi, xəstəlikdir. Ağlı başında olan adam həyatını şüşə kimi aydın yaşamalıdır. Sevgi nədir? Məni atan bədbəxt elədi. Kitablarla. Sevgiylə. Sən məndən ağıllısan. Düz eləyirsən. Heç kəsi axıra qədər də sevmə. Bilirsən məni kim belə qəddar etdi? Nənən. Səni öldürmək istəyəndə ilk dəfə nifrət elədim. Təkcə ona deyil ha, sənə görə hamıya, bütün dünyaya nifrət elədim. Qadının dünyada bircə işi var. Uşaq doğub böyütmək. Bu sevinci onun əlindən almaq istəyən adamlar nifrətə layiqdirlər. Nənən məni bəlkə də bilə-bilə qəddar elədi. Səni bütün dünyadan qoruyub tək-tənha böyütməyi də mənə bu qəddarlığım öyrətdi. Başqa cür səni böyüdə bilməyəcəkdim. Dişimi dişimə sıxıb səni küləklərdən, ağrılardan ancaq qəddarlıqla keçirə bilərdim. İndi isə başa düşürəm ki, sən bunsuz da böyüyəcəkdin. Özümü sənə qurban verməklə, deyəsən, Allahı qəzəbləndirdim. Ora qayıdanda bilmirəm ona nə cavab verəcəm. Axı o mənə başqa tale yazmışdı. Mən isə onun yazısından çıxıb sadəcə səni böyütdüm. Mən səni bütün çətinliklərdən çıxardım, bala. Özüm isə vaxtdan çıxa bilmədim. Bir də gördüm, səksəni haqlamışam. Ömür dediyin nədir axı? Bilmirsən ki. Sənə hamilə qaldığım gündən savayı yadımda heç nə qalmadı, oğlum!

- Atamla nə üstə dalaşdız?

- Sənin üstündə. Dedi ki, mənə uşaq gərək deyil. Hələ əlim çörəyə çatmayıb. Neynirik indi uşağı. Gəl elə-belə uşaqsız yaşayaq getsin. Özümüz üçün cavanlıq eləyək də. Nə deyim bala. Atan bivec adam idi! Heç nə. Ömrümü puç elədi. Mən balığam uşaq doğmayam? Həyat müvəqqətidi bəyəm? Bunun gerisi də var axı hələ.

Ayağa qalxıb anasını qucağına götürdü. Otağın içində gəzinməyə başladı. Anası bələyə bələnmiş uşaq kimi məsum gözləri ilə tavana baxa-baxa əsnəyirdi. Bir qədər onu beləcə qolları üstə gəzdirdi. Bu məhrəm ləngərtidən anasını bircə anda huş apardı. Barmaqları ucunda çarpayıya yaxınlaşdı. Anası oyanmasın deyə, onu ehmallıca yumşaq döşəyin üstünə uzatdı. Onun qəhvəyi ləkələri artmış üzündən öpüb gözləri yaşara-yaşara: - Bərk yatma ha, tək qorxuram! - pıçıldadı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!