"İntermediallıq" silsiləsindən
Mətanət VAHİD
"Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl..."
Vaqif
Ədəbiyyatın digər elm və sənət sahələri ilə bağlılığı haqqındakı əvvəlki yazılarımızda da qeyd edildiyi kimi, humanitar elmlərin vahidliyi Avropa mədəniyyətində çoxdan mövcud olan düşüncə tərzidir. Ədəbiyyat və iqtisadiyyatın əlaqələrinin mövcudiyyəti isə bunların arasında xüsusi yerə malik məsələdir.
90-cı illərin sonlarında əsasən anqlo-amerikan elmində "yeni iqtisadi tənqid" adlı "məktəb" yarandı. Bu istiqamətin tənqidçiləri iqtisadiyyatın ədəbiyyata təsirinin nə qədər çoxşaxəli və rəngarəng olduğunu göstərməyə çalışır, iqtisadiyyatla birbaşa əlaqəsi olmayan bədii mətnlərdə belə, iqtisadi metaforaları üzə çıxarır və əsər üçün əhəmiyyətindən bəhs edirlər. Üstəlik, onlar üçün müəllifin qonorarının janrdan tutmuş dil və üslubuna qədər mətnə nə dərəcədə təsir etdiyi də maraqlıdır və bunlar yazılarında da əks olunur. Bu istiqamətdəki çalışmalar metoda çevrilməsə də, iki sahənin qarşılıqlı əlaqələrinin öyrənilməsi baxımından əhəmiyyətli cığır açdı...
İlk baxışdan elə görünə bilər ki, bu, haqqında danışmağa, müzakirə etməyə belə dəyməyəcək mövzudur. Lakin əcnəbi ədəbiyyatşünaslar bu istiqamətdə kifayət qədər araşdırmalar aparırlar. Məsələn, iqtisadiyyat sahəsi üzrə mütəxəssis olan Yelena Çirikova "Sindibadın səyahəti"ndən "Albalı bağı"nadək kapitalın tarixi. Dünya ədəbiyyatı əsasında iqtisadi bələdçi" kitabında müxtəlif bədii əsərlər vasitəsilə vacib iqtisadi konsepsiyaları izah edir, maliyyə sxemlərini cızır. Göstərilən nümunələrdə personajlar bu və ya digər maliyyə münasibətlərində iştirak edir, strategiyalar qurur, yaxud sadəcə hər hansı addımları bu münasibətlər baxımından dəyərləndirilir. Fikrimcə, bu kitab nə qədər maraqlı və gərəkli olsa da, müəllif iqtisadiyyat sahəsi üzrə deyil, iqtisadi münasibətlərə yaxşı bələd olan ədəbiyyatşünaslıq üzrə mütəxəssis olsaydı, daha yaxşı effekt əldə olunardı. Çünki müəllifin bədii mətnləri tamamilə gerçəyin əksi kimi qəbul etdiyi və məhz bu prizmadan yanaşdığı göz önündədir. Buna baxmayaraq, kifayət qədər maraqlı əsərdir.
Bu iki fərqli sahənin münasibətlərindən bəhs edərkən nəzərdə tutulan iqtisad haqqında romanlar, banklara həsr olunmuş marşlar, kredit borclarına elegiyalar deyil, sadalananların insanların taleyindəki rolu, pulun onlar arasındakı münasibətlərdə önəmi kimi məsələlərin öyrənildiyi laboratoriya nəzərdə tutulur.
Ədəbiyyatda iqtisadın yeri ilə bağlı söz düşəndə az qala hər oxucunun ilk ağlına gələn "Robinzon Kruzo" romanı olur. Daniel Defonun 1719-cu ildə qələmə aldığı bu əsəri "mühasibat" romanı da adlandırırlar. Amma birbaşa olmasa da, dolayısı ilə iqtisadi münasibətlər, demək olar ki, bütün əsərlərdə bu və ya digər dərəcədə yer almış olur.
Pul və onun hakimiyyəti, cəmiyyətdəki rolu, insan həyatına, taleyinə təsiri ədəbiyyatda əhəmiyyətli yer tutur. Bədii əsərlərin böyük bir qismi istisadi məsələlər ətrafında cərəyan edir, konflikt əksərən maliyyə problemlərindən qaynaqlanan məsələlər əsasında kəskinləşir. Molla İbrahimxəlili "kimyagərliyə", Şeyx Nəsrullahı kreativ ideyalarla addım atmağa sövq edən də, Zeynəbi Xudayar bəy kimi idbara ərə getməyə məcbur edən də... əsasən maliyyə məsələləri idi. Hətta ən qədim nağıllara, dastanlara nəzər salsaq, görərik ki, imkanlı adamlar qızlarını kasıba, imkansıza vermir və konflikt elə bu maliyyə münasibətlərinin üzərində qurulur. Aşıq Qəribi sevgilisini burda qoyub illər boyu diyarbadiyar gəzdirən də maddi ehtiyac idi, Keçəli hiyləgərliyə əl atmağa məcbur edən də. Əksər məhəbbət romanlarında qəhrəmanlar arasında uçurum yaradan məhz varlı-kasıb qarşıdurması olur: sevgilərə, hətta dostluqlara mane olan nəsnə kimi təsvir olunur.
Ə.Haqverdiyevin "Ata və oğul" hekayəsində atanın min bir əziyyətlə topladığı varidatı qısa zaman ərzində yerlə bir edən Əkbərin; İ.Musabəyovun "Neft və milyonlar səltənətində" povestində taleyin hədiyyəsi olan milyonları ağılsızlığı ucbatından sıfırlayan Cəlilin; Qoqolun "Müfəttiş" pyesində hər ay atasının göndərdiyi pulları bir neçə gün əyləncələrə xərcləyib sonra acından paltarını satmağa məcbur qalan Xlestakovun və digər onlarla qəhrəmanın aqibəti oxucunu düşündürür.
"Xortdanın cəhənnəm məktubları"nda Fərmanla Gövhərtacın bədbəxtliyinə atılan imza nədən ötrü idi? Fərman da sevdiyi qızın gələcək əri kimi varlı, nüfuzlu bir şəxs olsaydı, bütün o bədbəxtlikləri yaşayardılarmı?! "Hacı Qara" komediyasında, Seyid Əzimin satiralarında, Füzulinin şikayət dolu məktubunda problemin mərkəzində duran nədir bəs? - pul - maliyyə məsələləri - iqtisadi münasibətlər və onların yaratdığı problem situasiyalar. Və ən önəmlisi kritik vəziyyətlərdə insanın içində baş qaldıran ikililik arasında hansının qalib gələcəyi: pul, var-dövlət hərisliyi, yoxsa mənəvi dürüstlük?
F.Dostoyevskinin "Alçaldılmış və təhqiredilmişlər" romanında başqalarının bədbəxtliyinə, məhvinə gətirib çıxarmasına səbəb olan da digərlərinin var-dövlət ehtirası uğrunda etdiyi alçaqlıqlar idi, C.Cabbarlının "Solğun çiçəklər" dramında Saranın sevgisinin, səadətinin, ümidlərinin məhv olmasına da... Bütün dünya və Azərbaycan ədəbiyyatında bunlara nümunə olaraq yüzlərlə əsərin adını çəkmək, barəsində ətraflı yazmaq olar. Çağdaş əsəbiyyatımızda iqtisadi münasibətlərin yeri ilə bağlı xəyali bir siyahını təsəvvürdə canlandıranda da eyni durumun şahidi oluruq. Müəlliflər bilərəkdən və ya bilməyərəkdən bu əsərlərlə pulun cəmiyyətdəki həlledici rolundan narahatlıqlarını ifadə edir, həm də etirazlarını bildirirlər.
Bəlkə də, bədii mətnlər bizi daha çox pulla bağlı məhz bu suallar qarşısında qoyur: rahat qazanılan pullar taleyin hədiyyəsidir, yoxsa sınaq? Bəs pulsuzluq nədir - sınaq, taleyin qəzəbi, yaxud oyunu? Maddi ehtiyac insanı nələrə vadar edir? Çünki özlüyündə pul şər daşıyıcısı deyil. O, yalnız insan əli toxunduqdan, onun məramından asılı olaraq ya xeyirə, ya da şərə xidmət edir.
Bizdə bir məsəl var: "Birinin sənə əsl münasibətini bilmək istəyirsənsə, ondan borc istə." Atalarımızın heç də həmişə məntiqli olmayan sözləri arasındakı ən məntiqlilərindən biri budur. Ədəbiyyatda da obrazların həqiqi simasının, kimliyinin, mahiyyətinin açılmasında məhz pul, onun insanın həyatındakı rolu ilə bağlı məsələlər önəmli əhəmiyyətə malikdir.
Bədii əsərlər onu da göstərir ki, kasıblar mənən daha təmiz olurlar, var-dövlət əksərən özü ilə mənəvi şikəstliklər gətirir. Mətnlərdə elə həyatda olduğu kimi, istisna hallarla az rastlaşırıq. Məsələn, Ümmülbanu (Banin) avtobioqrafik "Qafqaz günləri" romanında ailəsinin, bütün nəslinin bir vaxtlar "yağ-bal içində üzməsi"ni az qala, ikrahla xatırlayır. Romanda bir kasıbın bəxti gətirdiyi, haqqı olmadığı halda, bir quyunun fontan veməsi ilə milyonlara sahiblənməsi, qapısında qulluqçular, nökərlər işlətməsi, əyləncələrdə keçən qayğısız həyat tərzi, digər tərəfdə insanların kasıblığı, hətta öz köməkçiləri ilə çox yaxşı davranan ağaların belə, içərisində mütləq bir təkəbbür olduğunun ətraflı təsvirini görürük. Bu əsər, eyni zamanda, hər şeyin fani olduğunu, hayla gələnin bir gün vayla gedə bilməsinin də mükünlüyünü, ictimai-siyasi durumların iqtisadi vəziyyətə təsirini də ətraflı göstərir.
Bədii əsər özündə bu və ya digər dərəcədə dövrün ictimai-siyasi, mədəni-iqtisadi münasibətlərinin izlərini daşıyır. Ən kiçik işarə belə həmin dövrün mənzərəsini cızmağa kömək edir. Ədəbiyyatşünaslıqda bir müəllifin həyatı və yaradıcılığı öyrənilərkən ədəbi-mədəni mühiti ilə yanaşı, dövrün siyasi və iqtisadi mənzərəsi də cızılır, bütün bu münasibətlərin yazarın yaradıcılığına təsiri nəzərə alınır. Ədəbiyyatın yarandığı dövr və mühit haqqında bəzən tarixdən daha artıq təsəvvür yaratması məsələsi nahaqdan vurğulanmır.
Ədəbiyyat həm də müəyyən bir zaman kəsiyində iqtisadiyyatın durumu ilə bağlı əhatəli massivi əks etdirmək və həmin dövrdəki insanların əhvali-ruhiyyəsi haqqında geniş məlumat vermək gücündədir. Bristol universitetinin alimi Aleksandr Bentli, Darem universiteti mütəxəssisi Pol Ormerod və digər bir qrup həmkarları müəyyən araşdırmalarının sonucu olaraq belə bir qənaətə gəliblər: elmi-kütləvi və bədii ədəbiyyatda istifadə olunan söz və ifadələrin işlənmə tezliyi iqtisadi cəhətdən əsl indikatordur. Bu qənaətə gəlmək üçün onlar XX əsr ingilisdilli ədəbiyyatından təxminən 3 milyon kitabı əhatə edən bir araşdırma aparmışlar.
Maraqlıdır ki, əsərlərdəki işsizlik və inflyasiyanın göstərcisi olan iqtisadi "bədbəxtlik indeksi"nin ədəbiyyatda eyni indeksin göstəricisi olan söz və ifadələrlə mütənasibliyini təsdiqləmişlər. Cədvəllərdə təsdiqini tapan bu araşdırmanın nəticələri xeyli maraqlıdır. İqtisadçı alimlər bunu daha çox səbəb-nəticə əlaqəsi kimi dəyərləndirsələr də, digərləri belə qənaətə gəlirlər ki, iqtisadiyyatda da, mədəniyyətdə də siklik dinamika mövcuddur. Əlbəttə, heç bir araşdırmanın nəticələrini kor-koranə qəbullanmaq, alqışlamaq tərəfdarı deyiləm. Lakin düşünmək, fikir yürütmək üçün kifayət qədər material verən bir mövzudur.
Çınla Akdere və Derya Güler Aydının zəhmətilə ərsəyə gələn "Edebiyattakı iktisat" (2014) kitabında məqsəd "ədəbiyyatçının fərqli ədəbi dönəmlər və növlər baxımından ortaya qoyduğu sənətsəl qurğunun iqtisadi düşüncə tarixinə qatqısının nə olduğunu" araşdırmaqdır. Ayrı-ayrı müəlliflərin məqalələrində müxtəlif dönəmlərdə ərsəyə gəlmiş bədii mətnlərdən çıxış edərək iqtisadi münasibətlərin ədəbiyyata yansıması, təsiri çözülür. Məsələn, kapitalizmlə sosializmin gətirdyi iqtisadi münasibətlər çox fərqlidir və bunlar sosializm quruluşunda bərabərliyin azadlığı, kapitalist sistemində isə azadlığın bərabərliyi yox etməsi; mərkəzi planlaşdırma, ağır sənaye həmləsi və inkişaf, dövlət nəzarəti yolu ilə şəxsi həyata müdaxilə, diktatura kimi məsələlər nəzərə alınaraq təhlil edilir. Bu araşdırmaların heç də hamısının qayəsi ədəbiyyatın içində iqtisadiyyatı aramaq deyil, iki fərqli sahənin ətraf aləmin gerçəkliyini təmsil edərkən istifadə olunan üsullarının qarşılaşdırılmasıdır.
Müxtəlif cərəyan və üslubların nümayəndələrinin ədəbiyyatda iqtisadi münasibətləri əks etdirməsi fərqli müstəvilərdə meydana çıxır. Məsələn, deyək ki, modernistlərlə realistlərin, yaxud postmodernistlə romantikin eyni məsələyə münasibəti bir-birindən kökündən fərqlənir. Məncə, ətraflı tətqiq edilməyə dəyəcək mövzudur.
İqtisadi münasibətlərin ədəbiyyata təsiri kimi əks təsir də mövcuddur və bunu daha çox ədəbiyyat və reklam, ədəbiyyat və turizm haqqındakı mövzularda daha geniş şəkildə izləmək mümkün olacaq. Ədəbiyyat hesabına maddi gəlirdən tutmuş (kitab çapı, satışı, mətnlər üçün qonorar ödənilməsi və s.) müəllif hüquqlarının qorunmasına qədər hər şey, əslində, ədəbiyyatın iqtisadi tərəflərini əks etdirir. Əgər ədəbiyyatdakı iqtisad daha çox bədii mətn və onun içərisində yer alan iqtisadi metaforalar zəminində öyrənilirsə, ədəbi iqtisad ədəbiyyatətrafı məsələləri müzakirəyə çıxarır. Mətn bitdikdən sonra onun məhsula çevrilərək qiymətləndirilməsi, satışı, müəllifin, dolayısı ilə həm də naşirin bu mətndən, kitabdan qazancı və s. kimi məsələlər nəzərdə tutulur.
Yazarlığı özünə peşə kimi seçən insan bu seçimin maddi tərəflərini də mütləq düşünmüş, nəzərə almış olur. Əks halda, onun həyata ciddi yanaşmadığını demək olar. Çünki insanın mövcud olması üçün maddi ehtiyaclarını ödəməsi, bunun üçün bir peşə sahibi olması lazımdır. Nəzərə alsaq ki, bədii ədəbiyyat bizim reallıqda heç də hər kəs üçün qazanc mənbəyinə çevrilə bilmir, o zaman əlavə işlərlə məşğul olmağa da ehtiyac duyulur. Şair də, nasir də ya publisistikaya üz tutur, ya tərcüməçilik fəaliyyətinə, ya da bunların heç birinə aidiyyəti olmayan tamam fərqli sahələrə. Yazarlıq peşə olmamalıdır - deyə düşünmürəm, lakin qazanc gətirmədiyi halda, onu yedək məşğuliyyətə çevirib başqa bir işlə məşğul olmaq reallığın tələbidir. Sürəkli şikayətçi olmaq, "öz xalqının sənətkarını dolandıra bilməyən millət"ə yuxardan aşağı baxmaq, təhqirlərə məruz qoymaq sənətkara da, məşğul olduğu sənətə də baş ucalığı gətirmir. Müəllif sözün istisnasız hər kəs tərəfindən dəyərləndirilməyəcəyini gözə alaraq, imkanlarını hesablayaraq seçim etməlidir. Yaradıcılıqla məşğul olmağa vaxt və enerjimiz qalmayanda isə təmənnasız olaraq xalqının xidmətində duran, yazan, yaradan və həmçinin öz cibinin pulu hesabına xalqının maariflənməsi üçün əməklər sərf etdiyinə görə bu gün dahi, millət atası, görkəmli hesab olunan sələflərimizi xatrılamaq yetərlidir.
Tək-tək istisnalardan başqa, hər yerdə yazıçılar dolanışıq üçün həm də ayrı bir işlə məşğul olurlar: məsələn, universitetdə mühazirə oxumaq yalnız zövq üçün deyil, həm də və daha çox maddi problemləri qarşılamaq üçündür, yaxud dövri mətbuat üçün köşə yazıları, tərcümə, redaktə işi və s. Belə olduğu halda, əsas gəliri bədii yaradıcılıqdan deyil, kənar işlərdən asılı olan yazarlar mükafat, qrant və təqaüdlər uğrunda istəmədikləri bir "mübarizəyə" atılmalı olurlar. Və çox vaxt bu mübarizədə "hərbdə bütün vasitələri məqbul sayan" yazar ədəbi mövqeyini, hətta əqidəsini belə dəyişməyə məcbur qalır. Bu halda müəllifin daxili mücadiləsi, çarpışması yazdıqlarına da yansıyır. Hansı şəkildə yansıdığı mövzusunda isə daha irəli getməyi məqsədə müvafiq hesab etmirəm. Hər kəs özünü bilir...
İqtisadi cəhətdən yanaşanda yazılıb bazara təqdim olunmuş kitab da hər hansı digəri kimi adi bir məhsuldur. Müəllif üçün yazdığının mənəvi dəyəri nə qədər çox olursa-olsun, kitab həm də pulla qiymətləndirilən, satıla bilən əşyadır. Əgər müəllif kitabını (ümumiyyətlə mətnini) satış üçün nəzərdə tutmayıbsa, burada artıq iqtisadiyyatın işə müdaxiləsi yoxdur. Pyer Burdye (Pierre Bourdieu) "The Field of Cultural Production. Essays on Art and Literature"-də ilk oxudan razılaşmaqda çətinlik çəkdiyim maraqlı tezislər irəli sürür. Onlardan biri belədir ki, müəllifin özünü maliyyə məsələlərində maraqsız kimi göstərməsi, "təmənnasızlıq pozisiyası" da onun ədəbi iqtisad strategiyasının tərkib hissəsidir.
Yaradıcılığın ilkin mərhələlərində müəllif dövri mətbuatda mətnlərinin yayımlanmasından sadəcə mənəvi zövq duyur və işin maddi tərəfi umurunda belə olmur. Zaman keçdikcə müəllif tələb olunan imzaya, imzası brendə çevrilirsə, artıq o öz şərtlərini diqtə edir, harada yayımlanıb-yayımlanmayacağı qərarını özü verir. Bizdə bu məsələlər hələlik ideal vəziyyətdə deyil, amma hər halda, rüşeymləri özünü göstərir - zamanla bizdə də bunlar dünyadakı proseslərdən fərqlənməyəcək.
Yeri gəlmişkən, dünya praktikasında yazarın kimliyinin, məşğul olduğu sahənin mətnə təsiri ötəri deyil, ciddi şəkildə araşdırılır. Yazarın cəmiyyətdəki yeri, ictimai mövqeyi onun iqtisadi durumu ilə xeyli dərəcədə bağlı olur. Və bunlar onun yazdığına da mütləq şəkildə təsir edir. Az hallarda müşahidə edə bilərik ki, obraz müəllifindən "azaddır", onun mövqeyinin ruporuna çevrilmir. Belə olduğu təqdirdə yazarın yaratdığı obraz da onun özü kimi yaşayır, düşünür və xəyal qurur. Məsələn, tacir və yazıçı olan Nekrasovun qəhrəmanları ən çox elə puldan bəhs edirlər. Onun qəhrəmanlarından biri qadın gözlərinin gözəlliyini təxminən belə ifadə edir: "Onun qara gözlərindəki qığılcım / onluq kimi parıldayır." Belə yerdə deyirlər, dərvişin fikri nədirsə, zikri də odur.
Ədəbiyyatla iqtisadiyyatın münasibətləri xeyli geniş mövzudur. Bu yazı ilə ən ümumi və sadə məqamlara toxunmaqla məsələyə diqqət çəkməyə çalışdım. Bizdə bu məsələlər kifayət qədər ciddiyə alınmasa da, Avropada, qonşu Türkiyədə, Rusiyada hətta dissertasiyaların predmetinə çevriləcək qədər ciddi yanaşılır. Elmin zamanla ayaqlaşması budur. "Həyat və yaradıcılıq" düsturundan az da olsa, kənara çıxıb öz hasarımızdan o yanda da nələr baş verdiyinin fərqində olmalıyıq. Rusiyanın bəzi orta məktəblərində isə iqtisadiyyat dərslərində uşaq ədəbiyyatını iqtisadi münasibətlər baxımından öyrətmək təcrübəsi mövcuddur. Çünki iqtisad elə bir sahədir ki, istisnasız olaraq hər kəsin həyatında ömrü boyu onunla bağlı bilgilərin rolu olur. Uşaq ədəbiyyatında, həmçinin nağıllarda xəsislik pislənilir, səxavət təqdir olunur, qənaətcillik təbliğ edilir. Əsərlərdə bu məsələlərə birbaşa vurğu olmasa da, işarələr mütləq olur. Müxtəlif bədii mətnlərin təhlili göstərir ki, onları yalnız ədəbi-bədii cəhətdən deyil, maliyyə münasibətləri baxımından da təhlil etmək mümkündür və çoxsaylı tədqiqatlardan çıxan nəticə budur ki, bu cür münasibətlərin əks olunduğu əsərlər maliyyə münasibətləri haqqında təsəvvürlər yaratmağa, formalaşdırmağa kömək edir. Məncə, başqalarında yaxşı nə varsa, onu kor-koranə tətbiq etmək yox, müsbət yönlərindən bəhrələnmək elmimiz, ədəbiyyatımız üçün yalnız qazanc olar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!