Gombul oğlan - Azər Qismət - Hekayə

Gözəllik müsabiqəsi üzrə yarışmada Bakı çempionu olandan sonra ölkənin birinci kanalından diktorluğa dəvət aldım. Qısa müddət ərzində göz oxşadım. İlk iş günündən etibarən mənə vurulanların, fırlanmaq istəyənlərin sayının artacağını gözəllik müsabiqəsinə hazırlaşdığım günlərdə görmüşdüm. Televiziyadakı saç ustasının "telefon nömrənizi verin, sizə uyğun qrim ustası tapım" kimi primitiv aldatma üsulundan tutmuş qoca baş redaktorun "nitq mədəniyyəti üzrə mühazirə üçün səni evimə dəvət edirəm"ə qədər üsulların nəyə hesablandığınlı göydə tuturdum. Təbii ki, hamısı tullanacaqdılar. "Gözəl qadın axmaq olur"  tendensiyasının heç də həmişə düzgün olmadığını sübut etməyə çalışırdım.

Lakin iş yoldaşlarımın arasında gombul oğlanın məni süzüb iştahla baxmamasına təəccüblənsəm də, ötəri hiss tez keçdi. Onun evli olduğunu, arvadının "bir qadına baxsan, basıb gözünü deşərəm" əmrinə tabe olmasını düşünüb gülümsəyirdim. İşə düzəlməyimdən iki həftə sonra bufetə enəndə isə heyrətləndim. Doğrusu, anam axşamdan xörək bişirib termosa qoyduğundan, bu günə qədər televiziyanın bufetinə enməyə ehtiyac yaranmamışdı. Həmin axşam isə xəstələndiyindən xörək bişirmədiyinə görə məcburən bufetə endim.  Sual verə bilərsiniz ki, "cavan qızsan, özün niyə bişirmirsən", cavab verim ki "ətlə kartofun tandemindən yaranan küftə- bozbaşın buğu sifətimin şümal dərisini korlaya bilər". Yenə danlaya bilərsiniz ki, "anası xəstələnən qız qaxılıb evdə oturar, xəstə anasına qulluq edər, daha işə gedib özünü kişilərə göstərməz". Cavab verim ki, "qart arvad danışığınız özünüzə qalsın, anam dedi ki, "efir hər şeydən vacibdir". Həm də efirə çıxdığım günlərdə anam qəsdən binanın qarşısından çox keçir ki, qonşuların təriflərini eşidib xoşallansın.

Beləliklə, bufetdə toyuq kotletinin son tikələrini incəliklə yeyəndə qapı açıldı, içəri 5-6 qızlı-qadınlı əməkdaş daxil olub oturdu. Yemək sifariş verib əyləşdilər, ofisianta tapşırdılar ki, bir nəfər də gələcək, onun xörəyini isti saxlasın. Dəqiqələr keçir, qızlar yemir, kimisə gözləyir, tez-tez o adama zəng edirdilər. Xörəyimi yeyib, portağal şirəsini qurtum-qurtum içib vaxtı uzadırdım.

On beş dəqiqədən sonra qapı açıldı. Kim gəlsə yaxşıdır? Həmin gombul oğlan. Yanbızları ətli oğlanı sevinclə qarşılayıb ofisianta qışqırdılar ki, onun xörəyini gətirsin. İnanmazsız, atam canı deyirəm, o, yeməyə başlayan kimi qızlar da nahar etdilər. Arada qulağına nəsə pıçıldayan bəzi qızlar onun söylədiyini digərlərinə ötürüb gülüşür, bəzən müzakirəyə qoyurdular. Maraqlısı o idi ki, gombul oğlan onlara girişmir, xoş söz demir, eləcə yeməyini yeyib hərdən sualları cavablandırırdı. Qızlardan birinin oğlanın ağzının ətrafını salfetlə silməsi, digərinin öz yeməyinin yarısını ona yedirtməsinə məəttəl qalmışdım. Divar saatında nahar fasiləsinin bitdiyini görməsəydim, bu tamaşaya hələ baxa-baxa qalacaqdım.

Ertəsi gün yenə bufetə endim. Dünən gombul oğlanın ətrafında altı qız nahar edirdisə, bu gün onların sayı artmışdı. Öz paylarından yenə ona vermələri, hətta birinin gombulun alnına düşən telini arxaya hamarlamasına baxıb bu sirrin nədən irəli gəldiyini bilməyə çalışırdım. Televiziyanın hələm-hələm tələyə düşməyən, bəzilərinin məndən də gözəl qızlarının (hərçənd mən də çox gözələm) onun ətrafında fırlanmaları, qulluq göstərməkdən ötəri əldən-ayaqdan getmələrini kimə danışsaydım, inanmazdı. Əgər şirin dili olsaydı, yaxud qızları ətrafına toplamaq üçün xüsusi psixoloji üsullardan istifadə etsəydi, bunu anlayardım. Məsələ burasında idi ki, gombul oğlan studiyanın işıqlandırılması işinə baxır, heç kimlə mesajlaşmır, başını qaldırıb kiməsə baxmırdı. Öyrəndim ki, 35 yaşı olmasına baxmyaraq, hələ evlənməyib. Deməli, arvadının "basıb gözünü deşərəm" sözlərini hələ qulağına sırğa kimi taxmamışdı. Şam yeməyində bu barədə anama da danışdım. O, gülümsəyib dedi ki, "görünür, gecələr qadın paltarında gəzənlərdəndir". Anamın sözlərinin təsiri altında işdə gombul oğlanın hərəkətlərini izləyib qadın hormonlarının çoxluğuna dair nəsə tutmağa çalışanda, hərdən gözlərimiz toqquşur, qaçırırdım: nə əllərini dovşansayağı oynatdı, nə gözlərini süzdürüb "canın yanmasın" sözlərindən istifadə etdi, nə də qadın kimi fırlanıb qəfildən uzaqlaşmadı. Gözlərim efir otağının geniş pəncərəsindən də ona baxdı: projektorları verilişlərin üslubuna uyğun quraşdırır, işıq-kölgə məsələsinə ciddi riayət edir, efirin əvvəlində studiyadan çıxırdı. Normal kişilər kimi üzünə tük gəlir, siqaret çəkir, kişiyana tüpürür, oturanda da ayaqlarını qadınsayağı qısmayıb geniş açırdı. Model kimi göygözlü oğlanlara əhəmiyyət verməyən qızların bunun ətrafından niyə çəkilməməsinin beynimi məşğul etməsindən yan keçmək mümkün deyildi. Əsəbiləşməmək üçün bufetə getməməyim alındı. Lakin...

Günlərin birində redaksiyaya daxil olanda otağın şar və zərlərlə bəzədildiyini gördüm. Qızlar tort bişirib üstünə 35 rəqəmli şam sancmışdılar. Otağın oğlanlarının əsəbi hərəkətləri və bir-birinin qulağına pıçıldayıb söyüş söymələrindən anlaşılırdı ki, gərginlik hökm sürür. Zəhrimar sifətlərini gördükcə qızlara hirslənirdim. Onlardan biri kiməsə zəng vurdu ki, redaksiyada iclasdır, təcili gəlsin. Otağın qapısı döyüləndə işıqları söndürdülər. Məndən də ucaboy qız "gəlin" - deyə qışqırdı. Içəri kimsə girdi. Bu arada deyim ki, redaksiyanın oğlanlarının əsəbi hərəkətləri yumruqlarını stola çırpmaları, biabırçı fitlərlə açıq-aşkar müşahidə edilirdi. Onları yaxşı anlayırdım. Gör, axmaq qızlar bunları nə vəziyyətə salıb. Kimsə içəri girəndən 5 saniyə sonra işıqlar yandırıldı, xor kapellası düzülüşündə toplanan qızlar "ad günün mübarək" mahnısını oxudular. Bu, gombul oğlan idi.

Yeri gəlmişkən, digər oğlanların mənə hörməti artmışdı. Çünki kişi həmrəyliyinə hay verib bambılı qızlara qoşulmurdum. Oğlana şirin sözlərlə şamı söndürtdürüb əl çaldılar, növbə ilə selfi çəkdirib instagram səhifələrinə yerləşdirdilər. Sarışın qızın çay qaşığı ilə tortdan bir dilimi ona yedirtməsini digər oğlanlar görüb otaqdan çıxdılar. Biri ürəyini döşəməyə tüpürməklə boşaltdı.                 

Oğlanların söz atmaları bununla bitmirmiş. Gündə rəhbərlik tərəfindən danlanan gombul oğlandan qisas almaq üçün işini buranlar çox tapılırmış. Studiyada işığı qurub çıxandan sonra kimsə yenidən projektorları əvvəlki vəziyyətinə gətirər, hərdən dəhlizdə çiyin atar, onu "begemot" - deyə çağırardılar. Ancaq neyləyəsən ki, qızların yanında haqqında mənfi rəy yaratmaq cəhdləri alınmırdı: qızlar ağızlarından vururdular. Belə bir vəziyyətdə siyasətdə olduğu kimi qoşulmama paktına qol çəkib yan gəzməyim oğlanların xoşuna gəlir, ad günümü təntənəli şəkildə qeyd edəcəklərini öz aralarında danışıb razılaşdırmışdılar. Bu barədə təsadüfən öyrənmişdim. Qarşıma çay qoyulması Şərq kişilərinə xas xüsusiyyət olmasa da, gombul oğlanın acığına bunu edib iltifat göstərirdilər. Əlbəttə ki, bu iltifatdan aidiyyəti qızları qıcıqlandırmaq da öz yerində. İşə gecikəndə zəng edib narahat qaldıqlarını deyir, evə gedəndə qaranlıq küçələrdə manyak hücumuna məruz qalacağımdan qorxub maşınla aparmağı təklif edir, mağazadan mənə də nəsə alınmasını gözləyirdilər. Redaksiya oğlanlarının təsəlli yeri olmağımdan ilk günlər sıxılsam da, zamanın şirinliyi özünü göstərirdi: bal kimi günlər, hər bir qadının dəyər və diqqət arzusunun reallaşması. Gombul oğlansa lom udanlar kimi otaqda dəqiqələrlə tavana baxır, hərdən dəhlizdəki iri külqabının yanında siqaret çəkib pəncərədən çölə baxır, gələn zəngləri cavablandırıb yenidən özünə qapanırdı. Sanki, redaksiya oğlanlarının acığına qızlar ona qulluğu daha da artırırdılar. Oturduğu yerdə qulağına nəsə pıçıldayıb gülümsəyir, yanından keçəndə göz vurur, baş redaktorun qarşısında müdafiə edib həyan olurdular.

Qızların silikonlu dodaqlarına sürtdükləri boyaları bəzən üzündən silməyi unudan gombul oğlanın statusunun nədən ibarət olduğunu öyrənməyə çalışdığım həmin günlərdə sevgi məsələmdə problem yarandı. Sevdiyim oğlana yazdığım mesajların cavabsız qaldığı vaxtlarda gombul oğlanı unutdum. Daha doğrusu, "cəhənnəm olsun piyli motal" - deyə mızıldanıb tez-tez otaqdan dəhlizə çıxıb telefondan asılırdım. Ayağımın altında sürünən oğlanların arzusunu gözlərində qoyub imtinalarıma peşman olmuşdum: bu, it oğlu it, mənə cavab yazmırdı. Pərişanlığımı gözlərindən yayındırmayan redaksiya oğlanlarının da ətrafımda fırlanmaları qulağıma deyildi. Gecə zənglərimin cavabsız qalması ertəsi gün gözlərimin də qırmızılığını artırmışdı. Ən pis söyüşləri yağdırdığım yeni mesajlar da təsir etmədi öküzə. Hönkürməyimi heç kim görməyəcəkdi... heç kim halıma acımasın... zəhləm gedir hamıdan...Qızlar mənə baxır, hərdən gombul oğlanın adını çəkirdilər. Belə anladım ki, piyli motalı mənə yaxırlar: iyrənclər, kül başınıza, arxamca sülənən oğlanları görsəniz qoyma kirpikləriniz tökülər, hər görüşə ev bağışlamaq istəyən pulluların qabağında tərəkəmə oynayarsız. Xarici jurnalın üz qabığında bircə fotom üçün müqavilə sənədini evimizin qapısına qədər gətirənlərin yalvarıcı baxışlarına su kimi axardız. Çox mənə lazımdır sizin gombulunuz. Anam olmasaydı, çoxdan bu xarabadan gedərdim... iyrənclər... kəndçilər... balqabaqlar... 

Bax, bu yerdə qızlar hönkürməyimə pis olub ətrafıma toplaşdılar, oğlanlardan biri su gətirdi. Lazım deyil sizin iltifatınız, başınıza dəysin. Dəhlizə çıxıb divara söykəndim. Salfetlə göz yaşlarımı siləndə onun yaxınlaşdığını gördüm: gombul oğlanın. Qarşımda dayandı. Niyə ağladığımı soruşmadı. Pıçıldadı ki, sevgiyə görə ağlamağa dəyməz. Və bu yerdə dərdim açıldı. Ona hər şeyi danışdım. Məsləhət gördü ki, əgər kişi qadına cavab vermirsə, deməli, marağı itib. Ona görə də qısqandırmaq lazımdır. Amma incə üsulla edilməlidir ki, qəsdən edildiyi bilinməsin. Onun dediyini yerinə yetirdim. Üç gündən sonra sevgilim zəng edib yalvarıb-yaxardı. Daha başqa məsləhətlər üçün gombul oğlanın üstünə qaçdım. Günlərin birində ayıldım ki, dünənə qədər bambılı adlandırdığım qızlara qoşulub bufetə enir, ona xörək yedizdirirəm. O, nə Kazanova, nə də supermen deyilmiş. O, sadəcə kişilərin sirrini satırmış.     

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!