Serqo TSURTSUMİYA 1962-ci ildə Gürcüstanın Tsalencixa şəhərində anadan olub. 1980-1985-ci illərdə Suxumidə, Abxaziya Dövlət Universitetinin folologiya fakültəsində oxuyub. 1988-ci idən jurnalist fəaliyyətinə başlayıb, müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edib, bəzilərinin redaktoru olub. 1994-cü ildən Kutaisidə yaşayır. Yaradıcılıq fəaliyyətini davam edir, vaxtaşırı şeirləri, hekayələri və tərcümələriylə mətbuat səhifələrində çıxış edir. Bir neçə şeir və nəsr kitabının müəllifidir. Hal-hazırda "Qantiadi" (Şəfəq) ədəbi dərgisinin məsul katibidir. Azərbaycan ədəbiyyatından bir neçə hekayə və romanı gürcü dilinə tərcümə edib.
Körpü - HEKAYƏ
Əsas magistral yolla iki hissəyə bölünən kəndin adamları bu yerləri çoxdan tərk etmişdilər. Müharibənin ilk günlərində özlərini gürcü hərbi qüvvələrindən qorumağa çalışan adamların bəziləri ucqar dağ kəndlərində yaşayan qohum-əqrəbalarının evinə sığınmışdı. Kişilər əllərinə silah götürüb meşələrə çəkilmişdi.
Magistral yol gürcülər üçün həyati əhəmiyyət kəsb edirdi. Suxumiylə quru əlaqəsinin taleyi bu yolun təhlükəsizliyindən asılıydı. Bunu abxazlar da yaxşı bilirdi və nə olursa-olsun, bu arteriya damarını kəsmək istəyirdilər. Onlar gah kiçik dəstələrlə şoseylə hərəkət edən hərbi maşınlara hücum edir, gah bir qədər böyük qüvvələrlə əks hücumlar etməyə cəhd göstərir və nəticədə, sadəcə olaraq bu yolun müvəqqəti bağlanmasına nail ola bilirdilər. Bu halda Suxumi süni şəkildə Gürcüstandan ayrı düşür, şəhər əhalisi isə bu məhrumiyyətlərə məhkum olmaq məcburiyyətində qalırdı.
Amma bir neçə gün keçməmiş gürcü tərəfi hücum edərək böyük itkilər bahasına olsa, belə yolun həmin o mübahisəli hissəsini geri alır, yolda hərəkət bərpa olunurdu. Hərbi maşınlardan ibarət karvan yenidən Suxumiyə tərəf üz tutur, şəhəri ərzaqla, hərbi sursatla təmin edir, sönən ümidlərə işıq tuturdu... Eyni vəziyyət artıq dəfələrlə təkrarlanmışdı. Bu hadisələr səriştəsiz bir dramaturqun qələmindən çıxan, bacarıqsız bir rejissorun quruluş verdiyi və adı it dəftərində olmayan bir teatrın səhnəsində tamaşaya qoyulan pyesi xatırladırdı.
Yayın son günləriydi. Meşələrdəki yarpaqlar hələ solmağa vaxt tapmamışdı, magistralın hər iki tərfinə səpələnmiş təpələr ana-təbiətin bətnindəki həyat embrionlarını qapını kəsdirən payızın nəbzinə kökləyirdi. Təravətini itirməkdən qorxan ətirlər havada bir-birinə qarışırdı. Bu, təbiətin qanunudur. Dünyaya gələn hər şey həm də bətnində öz ölümünü gəzdirir. Hər yeni həyatın başlanğıcı - eyni zamanda dünyaya gələn yeni bir ölümün əvvəlidir.
Magistralın yanındakı kiçik yarğanda çay axır. Körpünün üstündə yekə-yekə "çay" sözü yazılıb, çaya bax da, əgər işdi-şayət bu çayı keçmək fikrinə düşsən, heç ayaqlarının altı belə islanmaz. Di gəl, bu çayın yatağı hər yerdə eyni dərinlikdədir, ona görə də o tayı bu tayla birləşdirmək üçün çayın üstündə böyük bir körpü tikiblər. Bir vaxtlar qonşu abxaz və gürcü kəndlərinin uşaqları uzun-uzadı isti yay günlərdinə bu çaya gələr, balıq, xərçəng tutardılar. Müharibənin ikinci ilidir, hələ istilər çəkilməyib, çaydakı balıqların, xərçənglərin də sayı azalmayıb, heç yarğanın sərinliyi də dəyişməyib, amma bir insan bəndəsini çaya düşüb çimən yerdə, sərinlənən yerdə görə bilməzsən. İndi qonşu kəndlərin bütün cavanları meşələrdədir, hamısının əynində ala-bəzək hərbi paltar var, özləri də yolun hər iki tərəfində qazdıqları üzbəüz səngərlərə sığınıblar.
Srağagün abxaz dəstələrindn biri yenə yolun həmin hissəsini ələ keçirəndən sonra xüsusi strateji əhəmiyyət daşıyan körpü üzərində üstünlüyü qoruyub saxlamağa çalışdı. Bir sutka ərzində onların kiçik dəstəsi gürcü tərəfin ağır hərbi texnikasına və canlı qüvvəsinə qarşı müqavimət göstərdi. Kəndin yuxarı tərəfində abxazların hücumlarının qarşısını almaq zəruririydi, amma mövqelərini qoruya bilməyən dəstə xüsusi olaraq hazırlanmış səngərlərə sığınmalı oldu. Gürcülər yolun əks tərəfindəki mövqelərdə qərar tutdular, görünür ya əlavə hərbi yardım, ya da hücuma keçmək üçün münasib zaman gözləyirdilər. Gecə nisbətən arxayın və sakit keçdi, gecəylə bir yerdə torpağa çökən qaranlığın bağrını arabir atılan avtomat səsləri dəlirdi. Hər iki tərəf yaxın saatlarda hücum olmayacağından arxayın idi, ona görə hərə bir tərəfdə sakit-sakit hazırlıq işləri görürdü; gürcülər hücuma, abxazlar - mövqelərini qoruyub saxlamağa hazırlaşırdılar. Gecəni sakit keçirmək istəyirdilər. Gürcü tərəfi də, abxaz tərəfi də bir-birinin kəşfiyyat dəstələrindən ehtiyat edirdi, ona görə də hər iki tərəf gözətçi məntəqələri qurmalı, məntəqələrə patrul göndərməliydi.
Bu yerlərçün adi olan gözəl havada açılan səhər də son dərəcə əsrarəngiz idi və şair belə yerdə deyib ki, bu havada "pişiklər də həzinləşər, öpmək istəyər sərçələri". Canlı musiqiçilər hər səhər Yaradana etdikləri dua mərasimini çoxdan bitirmişdilər, indi də ətarfı öz sirli nəğmələriylə havalandırmaq istyirdilər. Məgər bu saf, gözəl, bakirə səhərin rahatlığına haram qatmaq, onun ahəngini efirə girən qarışıq güllə səsləriylə pozmaq küfr deyilmi?! Tanrım, cənnətin bu gözəl guşəsinin alabəzək varlıqlarının ibadət qədər sevimli səsini iblis kimi şaqqanaq çəkib gülənlərin səsinin badına verməklə bizi günaha batırma. Təəssüf ki, cənnətdən çoxdan qovulan insan lap qədimlərdən bəri dünyadakı harmoniya qarşısında çaşbaş qalıb. Cəhənnəmə köçürüldüyü vaxt köhnədən qalan xislətini Tanrının iradəsiylə cana gələn gil bədənindəki təzə ruha daşıyan insan. Törətdikləri əməllərə görə dünyadan təcrid olunan insanlar ruhlarında eqoizm gəzdirir, bəd niyyətlər yetişdirir, ağıllarının əsirinə çevrilir, mənəvi və fiziki güclərini gərəksiz ilğımlara sərf edir və nəticədə günahkar bəndəyə, xəstə varlığa çevrilirlər.
Gürcü mövqelərində də səs-səmir yox idi. Abxazlar növbəti günün gərginliyi içərisində səngərlərdən tərpənməmişdilər, indi də ərzaqlarını öz aralarında bölərək sakitcə səhər yeməyi yeyirdilər. Səngərlər meşəylə örtülmüş Anuarx yaylasıyla kəsişirdi. Yəqin ki, bu yerlər hərb sənətindən xəbəri olan biri tərəfindən xüsusi olaraq seçilmişdi, burdan təxminən iki kilometr aralıqdakı şose yolu və abxazların geri çəkilərkən partlatdıqları körpü ovuc içi kimi görünürdü. Onlar düşməni arxa cəbhəni döyüş xəttiylə qovuşduran körpünü bərpa etməyə qoymurdular. Bura yarğanların birində gözlənilən düşmən hücumunu izləməkçün də münasib yer idi. Hərbi-strateji vəziyyətin gərginləşmsi üzündən yolun qalan hissəsinə nəzarət etmək mümkün deyildi.
Gürcülərçün abxaz səngərlərini ələ keçirmək, meşənin yolla birləşən ərazisini düşməndən təmizləmək, mövqeləri möhkəmlətmək və körpünü bərpa etməkçün münasib şərait yaratmaq vacib idi. Hərbi toqquşma yenə qarşısıalınmaz hala gəlib çatmışdı. Hər iki tərəf bunu anladığından, müəyyən hazırlıqlara başlamışdı. Əgər meşə olmasaydı, gürcü səngərlərinin dağın əks tərəfində olmağına baxmayaraq, onları da müşahidə etmək olardı, meşə düşmən mövqelərini tamamilə görünməz eləmişdi. Ona görə də atışma başlasaydı, minamyotçular intuisiyalarına arxalanıb hara gəldi atmalı oacaqdılar. Dəstənin əl minamyotundan başqa silahı yox idi. Qızğın döyüşlərdən sonra gürcülərin ciddi zədələnmiş tankı, bir də sıradan çıxmış hərbi maşını qalmışdı. Abxazlar bundan xəbər tutmuşdular, bundan əlavə onlar bu vaxt ərzində düşmənin heç bir əlavə hərbi kömək almadığından əmin idilər, hər ehtimala qarşı yaxınlaşan hər hansısa bir hərbi texnikanın səsi eşidilmirdi. Dəstənin rabitəçisi radioqəbuledicini işə saldı. Əvvəlcə rəhbərliklə əlaqə yaradıb gələck fəaliyyətlə bağlı tapşırıq almaq lazım idi. Bundan başqa, düşmənin radiotezliyini tutub kəşfiyyata lazım olan müəyyən məlumatları da öyrənmək olardı. O, radioqəbuledicinin dstəyini bir xeyli fırladandan sonra gürcü tərəfin səsini tuta bildi. Dəstədə gürcü dilini bilən uşaqlar vardı. Onlar düşmənin həqiqətən də kömək gözlədiyini öyrəndilər. "Şeytan... şeytan... biz meymunuq... meymunlara cavab verin... öküzləri görüb eləməmisiz..." Radiodalğaların hay-küyü arasından gürcü rabitəçinin inadla təkrar elədiyi sual aydın eşidlirdi. Bu yerlərə bələd olan hər kəs qonşu kənddən çıxanların özlərinə mənsub olduqları yerə görə adlar seçdiyini asanlıqla təyin edə bilərdi. "Şeytan" məhəlləsindən olanlar özlərinə "şeytan" adı götürmüşdülər, "meymunlarsa" "meymun məntəqəsi" məhəlləsindən olanlardı. Məlum məsələydi ki, "öküz" adlandırdıqları şey də tank idi. Onun sual dolu intonasiyası efiri bir xeyli başına götürdü. Sonra aparatın spesifik səs-küyü kəsildi.
-Tez ol, Astik, gör rabitəni bərpa edə bilirsən! - Güman ki, müharibəyə qədər universitetdə kiçik elmi işçi işləyən qırx yaşlı enlikürək komandirin hərbdən qandığı qrafa yox idi. Komanadir vəzifəsi ona təlim-tərbiyə işlərindəki təcrübsəinə görə həvalə edilmişdi. Astamurun yanında oturub işləri qaydasına salmağa çalışaraq efirə diqqətlə qulaq asırdı. Rabitəçi radioqəbuledicidən gələn hay-küyü ört-basdır eləməyə çalşaraq lazım olan tezliyi tapmaq üçün aparatın dəstəyini daha böyük şövqlə fırlatmağa başladı. Onun səyləri əbəs idi, bu məqamda gürcü danışğı eşitmək ona nəsib olmadı. Görünür, düşmən tərəfin rabitəçisi peşəkar intuisiyası hesabına öz efirində nəsə şübhəli məqamlar hiss etdiyindən Astamurun tuta bilmədiyi başqa tezliyə bağlanmışdı, bəlkə də ümumiyyətlə telsizi keçirmişdi. Lazım olan məlumatları əldə edə bilməyən komandir məyus idi, amma bircə şey aydın olmuşdu: əgər gürcü rabitəçi "öküzlər"dən dəm vururdusa, o zaman tankların nə vaxt peyda olacağını gözləmək lazım idi. Bu isə o demək idi ki, dəstəni qarşıda gərgin bir gün gözləyir... Müharibədə santimetr söhbəti olmur! Müharibədə yumşalmaq olmaz. Burda polad kimi bərkimək lazımdır ki, güllə səni dəlməsin, sənə doğru şığıyan ölüm yönünü dəyişib yan keçsin... Səbri tükənən Astamur düşmən tezliyini tuta bilməyəcəyini yəqin edib öz bazalarıyla əlaqə yaratmaq istədi. Bir neçə dəqiqədən sonra məlum oldu ki, düşmən bütün qüvvələrini onlar tərəfə toplayaraq geniş miqyaslı hərbi əməliyyata hazırlaşır və qərargah onlara əlindən gələn köməyi göstərməyə çalışacaq. Dəstədə "əlindən gələn kömək" ifadəsinin heç bir məna kəsb etmədiyini hamı yaxşı bilirdi. Hərbi ehtiyatlar son dərəcə bəsit idi, üstəlik, cəbhə komandanlığının həll eləməli olduğu bir sürü problemi vardı. Yeni olan o idi ki, uğurlu hərbi əməliyatlardan sonra Kodor dərəsi boyunca yollarda öz doğma yurd-yuvalarını tərk edən gürcü əhaliylə dolu "ikaruslar"ın peyda olacağına ümid vardı. Deyirlər ehtiyat igidin yaraşığıdır, vəziyyətin hansı tərəfə dəyişəcəyini, təhlükənin haradan gələcəyini kim nə bilir.
Dəstədə işgüzar çaxnaşma başladı. Kimsə Allah bilir, neçənci dəfə silahını, patronlarını yoxladı, kimsə şinelinə, çəkmələrinə göz gəzdirdi, kəmərinə, ona bağlanan döyüş xəncərinə baxdı. Minamyotçu son üç mərmisini yanına gətirdi, silahı lazım olan istiqamətə tuşladı. Hər kəs öz yerini bilir, uzandığı yerdə payına düşən tütünü alışdırıb dartırdı...
Sakitliklə ötüşən gözləmə mövqeyindən təxminən bir saata yaxın vaxt keçdi. Sonra uzaqdan mühərriklərin gurultusu eşidildi. Səslər yaxınlaşdıqca daha aydın eşidilirdi, üç dənə ağlı-qaralı "ikarus" körpü partladıldıqdan sonra əmələ gələn dəliyə toplaşdı. Dəstədəkilər nəqliyyatın hərəkətini diqqətlə izləyirdilər. Avtobuslar dayanan kimi onları tərk edən sürücülərlə sərnişinlər narahatlıqla ətrafa boylandılar, gizlənmək üçün meşəyə baxdılar. Hərəkətlərindən pusqu barədə xəbər tutuqları aydın idi. Qəfildən bütün sərnişinlər kiminsə məsləhəti, ya da əmiriylə meşəyə tərəf getməyə başladılar.
-Elə bilirlər ki, biz avtobusları bombalamağa başlasaq, onlar bu yolla xilas olacaqlar, - yol və körpü tərəfdə olan düşmənin istənilən hərəkətini durbinlə diqqətlə izləyən komandir dedi. O, təhlükə anında dəstəsinin heç bir günahı olmayan dinc camaata atəş açmağını istəmirdi, belə bir şey olsaydı, sonra bir ömür vicdan əzabı çəkəcəkdi. Nə olursa-olsun, onlar bir yerin uşaqlarıydı. Bundan başqa da, bir vaxtlar o, humanitar elmlərlə məşğul olmuşdu, müharibəyə də vətənpərvərlik hissindən, könüllü yazılmışdı, xalqının qədim bur duası heç vaxt yaddaşından çıxmırdı: "Antsva dudza xapsuara umirdzin!" (İlahi, bizə həmişə, hər yerdə insan olmağa güc ver.) Komandir özünü "apsuara" kodeksinin mənəvi davamaçısı hesab edirdi. Qanlı qisas almaq məqsədilə əlinə silah götürüb köməksiz insanlara, həm də heç bir günahı olmayan adamlara güllə atanlardan fərqli olaraq o, belə hərəkəti zabitə yaraşmayan şərəfsizlik hesab edirdi. Yaxınlarının ölümü adamları nə qədər qəddar eləsə də, o, özünün cəllada çevrilməyini qəbul eləmirdi.
Komandir üçün də, onun dəstəsindəki döyüşçülər üçün də bir şey qaranlıq qalmışdı. Avtobusun sərnişinləri körpünün partladıldığını bilə-bilə nədən bura, hərbi əməliyyatların mərkəzinə gəlmişdilər, üstəlik, gələnlərin əksəriyyəti qadınlar, uşaqlar və qocalar idi?!
Tezliklə hər şey aydın oldu. Yolun əks tərəfində Oçamçiredən gələn üç boş avtobus peyda oldu. Sürücülər maşınları körpünün yanına verib sərnişinləri avtobusa mindirməyə başladılar. 10 dəqiqədən sonra qorxudan rəngi ağaran sürücülər sərnişinlərlə dolu avtobusları birtəhər döndərib hərəkətə gətirə bildilər. Sonuncu avtobusa minən qaçqınlar nədənsə komandirin diqqətini çəkdi. Onun baxışları yanında üç-dörd yaşlı oğlanla iki qız uşağı gedən düz qamətli qocaya dikilib qaldı. Qızlar arasındakı yaş fərqi bir ildən çox olmazdı (yerli adamlar belələrinə "gevenci" deyir). Yəqin bu uşaqlar qocanın nəvələriydi, yaşadığı illərə baxmayaraq, bir əlində ağır çantanı, o biri əlində qızlardan birini tutan qoca çayı keçib avtobusa yaxınlaşdı. Maşının yanındakı basabas ona nəvəsini yerbəyer elməyə və yükünü salonda qoymağa mane olmadı. Sonra növbə o biri qıza çatdı. Yerdə qalan yüklərlə birlikdə qoca onu da çaydan keçirdi, birtəhər avtobusa yaxınlaşıb qızı bacısının yanında əyləşdirdi. Elə bi vaxt "İkarus" yerindən tərpəndi. Hər şey o qədər ani baş verdi ki, qoca avtobusdan enməyə macal tapmadı.
-Ah, əclaf bax, uşağı orda qoydu! - dəstədəkilər hiddətlərini gizlədə bilməyib sürücüyə ana-bacı saxlamadılar.
Komandir diqqətlə körpüdə baş verən dramı izləyən əsgərlərinin üzünə baxdı. Oğlan yolda tək qalmışdı. Qorxu sürücünün vicdanını kilidləmişdi. O, bu lənətə gəlmiş yeri oğlanı orada saxlamaq hesabına olsa belə, bir an əvvəl tərk etmək istəyirdi. Bir anlıq qocanın dəhşətli siması komandirin gözləri qarşısında canlandı, onun səsi titrədi...
-Vouba, tez ol, mərmi! - Komandirin səsində verdiyi qərara görə əminlik vardı. - Vouba, avtobusu dayandırmalısan!...
Minamyotçu başını sakitcə tərpədib alov şarını yolla gedən hədəfə sarı yönəltdi. Mərmi avtobusun qarşısında asfalta dəyib qulaqbatırıcı səslə partladı. Sürücü sürəti azaltmadan bir qədər əvvəl yaranan dəliyin yanından da ötüb keçə bilərdi.
Voubaya növbəti əmri verməyə ehiyac olmadı. Gərəkli trayektoriyanı seçən minamyotçu ikinci mərmini atdı. İkici partlayış da birinici kimi nəticəsiz qaldı. Sürücü mərmilərin avtobusu partlatmağa hədəfləndiyinə tam əmin idi, ona görə də bütün imkanlardan istifadə edib təhlükədən uzaqlaşmağa çalışırdı. Üçüncü partlayışdan sonra avtobus dayandı. Ya sürücü bu mərmilərin avtobusu partlatmaqçün atılmadığını başa düşdü, ya da bu müddət ərzində qoca qorxudan ağlını itirən adama nəvəsinin körpüdə qaldığını birtəhər başa sala bildi... Nə olursa-olsun, dram sona yaxınlaşır, komandir ürəyində fikirləşirdi. Bir qədər sonra baba qocayanı tələskənliklə körpüdə tək qalan oğlana tərəf qaçmağa başladı. Qoca oğlanı avtobusa mindirən kimi bir anlıq gözdən itdi, sonra yenidən göründü, diz üstə çökdü, üzünü Anuarx dağına tərəf tutub bu anlarda meşədə gizlənən, üz-üzə döyüşə hazırlaşan və bu mənzərəni izləyən, elədikləri yaxşılğı dərk etməyən döyüşçülərə dua etdi. Sonra tələsmdən yerindən qalxıb avtobusa tərəf getdi. Komandir hərəkətdə olan avtobusu gözdən itənə qədər izlədi.
Gözlənilmdən, gürcülərin gizləndiyi tərəfdən onlarla avtomat eyni vaxtda şaqqıldadı. Bu, comərd düşmənin şərəfinə atılan atəşfəşanlıq idi.
Komandir bu günü ömrünün undulmaz günü kimi yaddaşına yazdı, babayla nəvənin simasında yer üzündəki varlıqlara rəğbəti artdı. Başa düşdü ki, bütün ömrünü bu adi həqiqəti dərk etməkçün yaşayıb. Baş verən hadisə hələ həyatda bir şey görməyən, ömrün bərkinə-boşuna düşməyən dəstədəki gənclərin də gözün açdı. Əgər komandir başqa cür hərəkət etsəydi, heç vaxt özünü bağışlamazdı, yəqin dəstədəki uşaqlar da bağışlamazdılar onu.
Komandirin əmriylə rabitəçi qərargahla əlaqə saxlayıb dəstənin çətin durumu, mərmisiz qalmağıyla bağlı xəbər verdi. Alınan məlumatlar ürəkaçan deyildi: cəbhədə bir neçə istiqamətdə vəziyyət kəskin şəkildə dəyişmişdi. Dəstəyə təcili olaraq mövqelərini tərk edib meşəyə doğru bir neçə kilometr geri çəkilmək əmri verildi.
-Getdik, uşaqlar, biz işimizi gördük, indi rahat dincəlmək olar, - komandirin səsində ata nəvazişi hiss olunurdu. O, canlı insan zəncirinin önündə gedirdi, çala-çuxur meşə cığırı onları naməlum bir gələcəyə doğru aparırdı, bu yolda onlar içlərindəki "mən"i məğlub edərək həyatdakı ən vacib döyüşə qalib gəlmişdilər.
Rus dilindən tərcümə etdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!