ƏDƏBİYYAT ÜZRƏ 1997-Cİ İLİN NOBEL MÜKAFATÇISI:Dario FO (İtaliya)
İtalyan dramaturqu, rejissor, səhnə sənəti üzrə nəzəriyyəçi, rəssam. Romadakı La Sapiens Universitetinin fəxri doktoru.
24 mart 1926-cı ildə İtaliyanın Milan şəhərində, kasıb ailədə dünyaya gəlib. Atası Feliçe Fo dəmiryolçu və həvəskar aktyor olub. Valideynləri antifaşist mövqeləri ilə seçilib, atası İtaliya sosialist partiyasının üzvü olub. Fo ailəsi yaralı partizanlara kömək edib, yəhudi alimlərinin konslagerdən qaçırılaraq İsveçrəyə göndərilməyinə şərait yaradıb.
Kasıb olmalarına baxmayaraq, valideynləri onun incəsənətə olan marağına dəstək veriblər. Dario Fo 1940-cı ildə Brera Milan Akademiyasının səhnə qrafikası fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlaması ilə təhsili yarıda qalıb. Müharibəyə getməkdən imtina edib və savaş bitənə qədər çardaqda gizlənib. 1945-ci ildə Milan Politexnik İnstitutunun memarlıq fakültəsinə qəbul olunub.
Fo ilk ədəbi yaradıcılığa tələbəlik dövründə başlayıb. Bunlar kiçik monoloqlardan, satirik məzhəkələrdən, yarıfantastik yazılardan ibarət nümunələr olub. Bu yazıları daha çox dostlar arasında paylaşan Fo zaman keçdikcə məşhurlaşıb. 1951-ci ildə Fo milli radioda özünün 18 yumoristik monoloqu ilə çıxış edib. Bu çıxışlarda böyük siyasi satira olduğu üçün rəhbərlik tezliklə verilişi bağlayıb, lakin efirdə yayımlanan qısa müddət onun tanınmasında mühüm rol oynayıb.
1953-cü ildə institut təhsilini yarıda qoyan Fo özünü bütünlüklə ədəbiyyata həsr edib. Müstəqil teatrlardan biri üçün "Barmağı gözünə" və "Sağlamları bağlayın" adlı iki fars yazaraq onalara quruluş verib. Daha sonra ciddi dramaturji fəaliyyətlə məşğul olub və bu gərgin yaradıcılığına görə 1997-ci ildə "əsərlərində Orta əsr təlxəklərini ustalıqla təqlid edə bildiyi, hakimiyyəti tənqid etdiyi, məzlum sinfin nümayəndələrinin ləyaqətini qoruduğu üçün" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Dario Fo 13 oktyabr 2016-cı ildə Milanda vəfat edib.
Oxuculara dramturqun əsərlərindən bəzi sitatları təqdim edirəm.
Sitatlar
- "Başa düş, özgə qadınlar mənə yalnız yataqda lazımdır, vəssalam!".
"Amma mən sənə heç yataqda da lazım olmuram!".
- "Mənim səninlə nə işim var, sənin sərgüzəştlərin, sənin başıboş qızların mənə lazım deyil!".
"Hə, demək başıboş olmasaydılar, onlarla işin olardı?".
- Dedi ki, mən pozğunam! Onun qızı mənim ərimdən hamilə qalıb, amma mən pozğunam!
- Son dərəcə sakit və kimsəsiz yerə görüş təyin etdik. Dedi: "Sabah saat 3-də qəbiristanda görüşərik".
- Hə-zz!! Heç dəxli var! Bu qədər sözün içindən gör nə seçiblər?! Məsələn, bunun əvəzində kətil sözünü götürmək olmazdımı? Belə deyərdilər: "Mən kətil alıram". Əvvəla heç kəs başa düşməzdi ki, söhbət biədəb məsələdən gedir. İkincisi, fikirləşərsən ki, adam yorulub, oturub dincəlir!
- Qızınızın neçə yaşı var? On altı? Bilirsiniz necədir, normal qızların on altı yaşı olanda yad kişilərlə veyillənmirlər, evdə, bağlı qapı arxasında əyləşirlər! Ərim mənim kimi yaşlı qadını bağlı qapı arxasında saxlayır. Siz də qızınızı saxlayın...
- Üyüdülmüş qəhvə kimi həmişə hazır vəziyyətdə olmalıyam! Bundan başqa, yuyunmalı, daranmalı, ətirlənməli, isti, yumşaq, üzüyola olmalı və ən əsası - susmalıyam! Sadəcə, dərindən nəfəs almalı və zingildəməliyəm ki, elə bilsin onu istəyirəm!
- Xor oxuyur. Polyakca. Roma Papasının dilində. Gözlədir! Heç nə başa düşmək olmur...
- Başımın bəlasısan! Əlindən heç nə gəlmir! Hətta arvadının köməyi olmadan özünü güllələyə də bilmirsən!
- Toy günü kilsədə çox xoşbəxt idim!.. Səsimi başıma alıb oxuyurdum. Yox, ucadan yox, ürəyimdə: hər şeyi ürəyimdə edirəm. Və ürəyimdə oxuyurdum ki: "Eşq məqamı gəldi! O-o, o-o, eşq məqamı gəldi!" (İntonasiyanı dəyişir, məyus olur.) Əslində, ərim yanıma gəldi!
- Hər şeyi siyasətin üstünə yıxdı... Təsəvvür edin... Qaranlıq gecə... Yataqdayıq... "Niyə məni istəmirsən?" - "Başa düş, gözəlim, bacarmıram... Həyəcanlanıram... Ölkə dağılır, inflyasiya baş alıb gedir...".
Tərcümə etdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!