Rahibələrə sevmək qadağandır - ŞƏMS

Anama

 

1820-ci ilin payızı. Fransanın cənub-qərbi. Lotaringiyanın ən ucqar dağ kəndi. Juan monastırı.

Hər birimizin mütləq bir hekayəsi vardır. Bəlkə də bəzilərimiz seçilmişik, Uca Yaradanın işarətlərinin və onun ən böyük möcüzəsinin daşıyıcısıyıq. Bizlər, möcüzələri salamlayarkən sadəcə onları yamsılayırıq. Həqiqətən də Yaratmaq ancaq ona xasdır...

Juan monastırının solğun divarlarını canlandıran pəncərə ardında bir qadın dayanmışdı - Rahibə qadın. Dalğın payız küləyi ilə onun qəlbinin döyüntüləri vəhdətləşirdi. Titrəşən bədəninə bələdçilik edən natamam gözləri isə bütün ciddiyyətini, axtarışını lap uzaqlarda - qeyri-müəyyən nöqtələrdə gəzdirirdi. Hələ də gözləyirdi.

O gözlərdən tökülən həyəcan, çağırış bütün bəşəriyyəti dolduracaq vüqarlı, yalvarışla oxunan dualardan daha saf idi. Əgər sən də bunları görsəydin gözlərini qətiyyən qaçırmaq, ya da hansısa dərin bənzərsiz şeydən özünü məhrum etmək istəməzdin. Hətta o baxışları ürküdücü tərzdə yalaya və ruhunun ən dərininə həkk etmək istəyərdin. Ömrün boyu yoxsunluğun, unutqanlığın içərisində yaşadığın anlara heyifsilənər, zamanı geri qaytarmayacağına görə bəlkə də Tanrını qısqana bilərdin...

Rahibə: "Uca Tanrı, bütün cığırlar sənə çıxır, bütün acılar sənə çıxır, Sən bizi bunlarla mükafatlandırıb övladlarını daha da kamilləşdirdin. Şükürlər olsun!".

Soyuq, həm də qaranlıq; rəngli, həm də rəngsiz. Qəlbim hisslərimlə çarpışaraq əksərən yüzilliklərdən gələn vəzifəmlə üzləşirdi. Bu nifrət, kin hissi məndən, mənliyimdən icazə almadan sarmalamışdı onun ruhunu".

Bağışla, əziz dostum. Bunları danışmaq gecənin qaranlığı kimi məni də pəjmürdə edir. Amma icazə ver, sənə əsl Eşqdən söz açım. Elə məhz Rahibə bacının öz gündəliklərindən.

"55 il əvvəl yağışlı bir gündə müqəddəs ata məni monastırın yaxınlığında ağ bələkdə tapmışdı. Təxminən beş yaşım ərəfələrində ata mənə deyirdi: "Yağış bərəkətdi, övladım, sənin təsadüfən bura düşməyinə inanmıram, zira Təsadüf deyilən şey yoxdur". O məni bataqlıqlarda bitən lotus adlandırardı. Bunu da o qədər xoş və özünəxas əndamla deyirdi ki. Heyif! Ruhunun cavanlığına görə çox erkən itirdim atanı. Özümü "dərk edəndən" bu soyuq və gizəmli, ancaq Tanrının adlarının zikr olunduğu, kəhkəşanlı duaların oxunduğu, insanların günahlarını təmizləməyə gəldikləri bu ocağa sadiq olmağımda atanın rolu çox olmuşdu. İndi onun ruhunun özünün də hərdən zarafatla dediyi kimi müqəddəs göylərə ucalmağından qətiyyən şübhəm yox idi. Atacan, bədənim yaşlansa da, sənin bəzi monastır qaydalarını vecsiz şəkildə pozub məni əzizləməyindən, ayağım büdrəyəndə məni qaldırmağından ötrü burnumun ucu göynəyir. Bir bilsəydin nə qədər müdrik olmuşam, mənimlə qürur duyardın. İlk əvvəllər mənə zəhər tuluğu kimi görünən bu yaşlı bacılar da artıq mənə xoş gəlir, onların dayanmadan etdikləri dualar da.

Mən illərlə Tanrıya, İsaya, Məryəmə açmadığım sirləri ata ilə paylaşırdım. Hələ də bu solğunluğu qəbul etmək istəmirdim. Yəqin, illər öncə bələkdə tapıldığım gün yağış mənim gələcək günahlarımı da təmizləmiş, ya da bununla məni cəzalandırmışdı. Axı aid olmadığın yerdə başqa qaranlıq kimliyə bürünüb ortalıqda necə dolanacaqdım?! Böyüdükcə monastırın ağır ab-havasına mən də öyrəşir, "İncil"in hər bir bölməsini əzbərləyirdim. Həyatın mənasını dualarla  başa düşmək üçün müəllimələr xüsusi səylə onları izah edir və şəksiz bir olan Tanrını tərifləyir, bizim günahlarımızın ucbatından İsanın çarmıxa çəkilməsini pisləyirdilər. Doğrusu, "müəllimələr duaları izah edirdi" ifadəsini daha yerində işlətsək "özlərinin də dərk etməyəcəyi bir izah verirdilər", - desək daha ürəkaçan olar. Azadlıqdan xəbərləri olmayan, müxtəlif dadları təsəvvür belə etməyi günah sayanların müqəddəs İsadan sitat gətirməkləri düzgün vəziyyət deyildi. Hələ bakirə Məryəmi anlatmaları qətiyyən!

İsanın çarmıxa çəkilmiş ikonaları qarşısında saatlarla dua dəqiqələri keçirdi. Doğrudan da, onlar müqəddəsləri dərk etmişlərmi?!

İlk zamanlar mən də onlar kimi: "Tanrım, sənə şükürlər olsun. İsanın günahlarına batdığımız üçün bizləri əfv et. Bizi öz günahlarımızla çarmıxa çəkmə!", - deyə yalvarışlarda bulunurdum. Çox güman ki, özüm də bu duaları qəlbimdə sındırmamış və dilucu söyləyirdim. Ən azından illər öncəyə qayıdanda buradan belə görünür.

1795-ci ilin payızı. Fransada üçüncü konstitusiyanın qəbul edilməsi ilə o, respublika idarə quruluşunu hələ də saxlamış, monarxistlər üzərində kəskin qələbə qazanmışdır. Bununla yanaşı, iri burjuaziyanın mövqeyinin güclənməsi ilə ölkə əməlli-başlı aristokratik ab-havaya bürünmüşdü. 1789-cu ildən bu yana yeni tipli dövlətin başına saysız nüfuzlu sərkərdələr başçılıq etməyə səy göstərsə də, ölkənin gələcək istiqbalı daha əmin ələ - Anti-Fransa koalisiyasını dağıdan Napoleon Bonaparta qismət olmuşdu. Hanniballa, Sezarla müqayisə edilən dövrünün bu aslanı daxili hərc-mərcliyə son qoyaraq, qısa müddətdə Avstriya və İtaliyanı işğal etmişdi. 

1797-ci il noyabrın sonları. Bütün Fransanı ağuşuna alan soyuq Juandan da yan keçməmişdi. Sanki bu, indiyədək şahidi olduğum ilk qış gecəsi idi. Vahiməli külək gəlişini bildirərək özünü monastırın qapı və pəncərələrinə aramsız, getdikcə daha da artan şiddətlə döyür, sanki baş verəcək qeyri-adi şeylərdən xəbər verirdi. Nağıllardakı kimi... Çöldə qar çovğunu tüğyan edir, ətrafı gözəgörünməz edirdi. Küknarlar və şamlar qarın ağırlığına tab gətirməyərək təslim olurdular.

Yaxınlaşan Milada görə edilən dualar bu gecə daha da artaraq, digər bacıları da riqqətə gətirmiş, sanki ürəklərinin ən dərinlərində birikən tutqularının açığa çıxmasına görə özlərini Milad dualarına borclu hiss edirdilər. 80-90 yaşlı bacıların da simalarında Milad həyəcanı bəlli olur, xüsusi şövqlə dünyaları ilə söhbətləşirdilər. Həyatlarının ixtiyarı təhrif olunmuş dualarında gizli idi... Bəlkə onlar da bunca zaman hələ də Noel babadan məktub və hədiyyələr gözləyirdilər.

Amma yenə də dillərinin altında milyon dəfə: "Tanrım, bizləri əfv et! Əfv et! Əfv et!" deyirdilər. Doğrusu, indi anlayıram ki, monastırın daxilində "yad ünsürlər"dən daha uzaq bir şəraitdə bu səmimi günah etirafları haradan peyda olurdu. Yəqin ki, bu, onların özlərini müqəddəs "Bibliya"ya həsr edib bəsirətlərinin açılması ilə mümkün olmuşdu. Əks halda dəhşətli çovğunun vıyıltısının bu dua pıçıldaşmaları ilə yarışması qorxunc təsir bağışlayardı...

Artıq monastırın zəngi gecəyarısını vuranda otaqlarımıza dağılışdıq. Günün xüsusi emosional yorğunluğu ilə Tanrıya daha da yaxınlaşdığımıza görə şükranlığımızı bildirəndə belə, heç də fərqli olmayacaq səhərdən ümid gözləyirdik. Bəlkə də bizə əzbərlədilən, alnımıza yazılan bu həyata fasilə vermək, cüzi də olsa  əsl həyata adlamaq istəyirdik. Bunları ona görə arzulayırdıq ki, hərdən fürsət tapdıqda qonşu kənddəki qızğın, hay-küylü həyatı monastırın ikinci qatından baxıb  qısqanırdıq. Hər halda buna əksər yaşlı bacılar səbr etsə də, görünür, yeni tipli dövlətin ətrafda çoxaltdığı coşğu biz gənc rahibələrə də hopmuş, gizlin arzularımızı üzə çıxartmışdı, ya da İsa bizim dualarımızı eşitmiş və qəbul olunması üçün Allaha əl açmışdı. Dəyişilməz bir həqiqət var: Hansısa məxluqatı qəfəsə salmaqla əhliləşdirmək mümkün deyilmiş. Qaynaşan arzular üçünsə bunu demək olar: Qəlblər ancaq təhrifdən, maskadan uzaq olan Yaradanı zikr etməklə hüzur bulur.

Yuxuya dalmağa çalışarkən Tanrıya hələ də dualarımı və hörmətlərimi sunurdum: "Tanrım, sənə sonsuz şükürlər olsun. Günahlarımızı əfv et. İçimizdə burulğan kimi qalxan hisslərimizi özünə yönəlt. Bəsirətimizi aç. Əzəldən barışıq olduğumuz bu "həyat"da hüzurlu ömür sürməyi nəsib eylə. Amin!".

Duaları etdikcə anlam vermədiyim şəkildə qəlbim parçalanır, göz yaşlarım cəhənnəm alovu kimi içimi yandırırdı. Nə çöldəki soyuq tufandan xəbərdar idim, nə də otaqdakı təkliyimdən. Deyəsən, mən illərdir axtardığım o xoşbəxtliyə artıq nail olmuşdum: Mən Tanrını hiss edirdim. Xısın-xısın ağlayaraq Uca Yaradana göz yaşlarım ilə minnətdarlığımı bildirirdim. İçimə birikmiş o gizlinlər göz yaşlarımla bərabər saflaşır, onunla aramda qırılmaz bağ yaradırdı, ta ki, zorla döyüləcək qapı taqqıltılarını dələn ürək döyüntülərimdən ayırd edənədək...

Əzizim, sənə Rahibə bacının mücərrədliyə doğru atılan üz ifadəsini görməyi çox da arzu etməzdim. Bəzi qarşılaşmalar insanı yoxdan Var edər, bəziləri də vardan Yox! Onsuz da özünün də cavabını tapa bilmədiyi yorğunluqla bu müqəddəs gecələrdə Tanrıya üz tutması, yəqin ki, cavabsız qalmamışdı, amma bunun onun üçün heç də asan olmayacağını sənə bildirmək istədim.

Əsası XVI əsrdən qoyulmuş bu tikilinin əski pillələrini vahimə qarışıq cəsarətlə enərək bayaqdan bəri cansıxıcı sükutun alətinə çevrilmiş taxta qapını açdı. "Müqəddəs Məryəm, yardım et!".

Rahibənin gündəliyindən: "Vaxtı ilə düz demişdi Ata... həqiqətən də təsadüf yoxdur!

Məchula qarşı doğulan bu gizəmin mənası axı nədədir? Anlamsızcasına mənə aid olan və olmayan, mənə doğma olan və doğma olmayan, sezdiyim və sezmədiyim hər şey üçün darıxıram. Sahib olduğum və olmadığım dəyərlər üçün üsyan edir və onları dəhşətlə qısqanıram. İnsan inancından uzaq düşdükcə onunla birgə doğulan dəyərlərdən də uzaq düşürmüş. İndiyədək dualarla bəslənən ağlımın artıq heç nəyə yaramadığını və nəhayətində ömür adlandırdığım bu zaman kəsiyinin isə puç və ixtilafdan olduğu qənaətinə vara bilmişdim.

Nələrsə çarpışırdı qəlbimdə. Mənə yad olan şeyləri qəbul etmək, onların önündə əyilmək istəmirdim. Çətinliklə də olsa etiraf etməliyəm ki, mənimlə doğulan dəyərlər qazanacağım dəyərlərin ayaqları altından torpaq götürəcəkdi...

1797-ci il dekabr.

Paris; İmperator sarayı. Balo gecəsi.

İtaliya səfərindən yenicə dönmüş Napoleon və bütün balonu olduqca canalıcı, zərif, füsunlar gözəlliyi və rəqsi ilə ələ almış Jozefina. Tale qarşılaşdırmışdı bu iki maraqlı həyatı bir-birinə. Ovsunlayıcı ilan baxışı ilə oğurlamışdı sərkərdənin qəlbini. İlk baxışdan Eşq bu olsa gərək. Bəlkə də Eşq deyildi, atəş olduğunu bilə-bilə özünü ona atmağıydı!

İllər sonra...

Həyasız mavi nəzərləri özünü bəyəndirmək üçün dikilmişdi dünyaya. Tünd kül rəngli saçları qulaqlarının arxasından səliqə ilə hörülmüşdü. Əynində isə bənövşəyi rəngli, boğazınadək uzanan və əsl fransız nəcabəti ilə tikilmiş uzun libas var idi. Göbəyindən çənəsinin altına qədər xüsusi işlənilmiş ağ naxışların üzərinə bir neçə düymə bərkidilmişdi. Qollarındakı dantelli krujeva isə geyimə əsilzadə ədası qatırdı. Yəqin ki, hər ehtirasın tükəndiyi məqamda tutqunun xəyanətlə bəslənmiş forması idi bu - Qadın əzəməti. İstədiyini əldə etmək, istmədiyini yandırmaq idi gizli silahı. Onun öyküsü idi: Göylərin Allahı, yerlərin İlahəsi. Bəlkə də Qadın kimi Qadın olmaq idi bu... həm bəyaz, həm siyah.

Ah Jozefina! Jozefina! Sənin dilindən:

Bəzən əqrəbtək sancmaq gərək bilirəm, Bəzən ilantək qıvrılıb yatmaq gərək bilirəm.

Fəqət bunlar hamısı başdan-başa bir əsər.

Mənə Qadıntək, Qadın olmaq bəs edər!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!