Hər bir sayını maraqla izlədiyim nüfuzlu "Ədəbiyyat qəzeti"nin builki bir neçə sayında xalq yazıçısı Kamal Abdullanın sayca dördüncü romanı olan "Sirlərin sərgüzəşti" hissə-hissə (fəsil-fəsil) çap olundu və haradasa "məchul" bir sirri "faş etdi". Məlum oldu ki, öz uzun adını gərəkən sürələrdə soyunub geyinə bilən və dünyanın çox sirrinə vaqif olan Hacı Mir Həsən ağa Səyyah elə "müəllifin özü"dür!
***
"Bir var Sirri - əzəm, sirri - Xuda, sirri - ali. Bir də var qonşu Həzrətqulunun sirri". ("Sirlərin sərgüzəşti"). Həzrətqulular çox şeyi bağışlaya bilər, amma sirlərini faş edən adamı heç vədə bağışlaya bilməzlər. Get Allahın sirrini "aç", amma onların sirrinə dəymə! Dəydinmi, özündən küs! Ən yaxşı halda, yerin ya kimsəsizlər evi (Həsən müəllim), ya da mağara (Səyyah) olacaqdır. Amma həm də belə deyil, axı...
***
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi İsa Muğanna son əsərlərinin doğru-dürüst başa düşülməsi üçün oxucuya hazır "oxuma reseptləri" verirdi. Yəni hansı kitabından sonra hansını oxumaq lazımdır. Təbii ki, bu, İsa Muğanna nümunəsidir - diqqət, təkrarsızlıq və bənzərsizlik nümunəsi! Amma Kamal Abdulla belə bir "resept" vermək fikrində deyildir. Heç belə bir "resept"in mövcudluğundan söhbət də gedə bilməz. Bir oxucu kimi qəti şəkildə deyirəm: Əgər müəllifin geniş elmi və bədii yaradıcılığı ilə dərindən tanış olmadan "Sirlərin sərgüzəşti"ni oxumağa girişsəniz, çətin sorularla üz-üzə duracaqsınız. "Təhlükədən qaçmaq" üçün müəllifin hekayələrinə, xüsusən, əvvəlki üç romanına və şeir yaradıcılığına yaxından bələd olmalısınız. Çünki "Sirlərin sərgüzəşti"nin açarı onlarda "gizlənib".
***
Niyə əvvəlki romanlarını xüsusu intonasiya ilə nəzərinizə çatdırdım?! Kamal Abdulla müsahibələrinin birində trilogiyasını ("Yarımçıq əlyazma" "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox..." romanlarını) yarızarafat, yarıciddi, yarıgerçək və yarıironik bir şəkildə "Bermud üçbucağı" adlandırır. Və həmişə olduğu kimi, boş qalan o "yarı"ları doldurmağı oxucunun ixtiyarına buraxır. O "yarı..."ların başqa adı "sirr"dir. Sən sirri faş etdinmi, başqa bir sirr özü öz ayağı ilə gəlib faş olunan (və ya açılan) o "boş" əraziyə daxil olacaq. Hər üç romanda cavabsız sirli sorular vardır. Yeni romanında müəllif onlara cavab tapmaq istəyir. Mahiyyət baxımından çox ülvi olan bu məqsəd də yeni-yeni sirli ərazilərin "zühur" etməsinə gətirib çıxarır...
***
Romanı oxuyub qurtarandan sonra qəribə bir darıxmaqlıq hissi, izaholunmaz bir xof bürüdü məni: Müəllif "Sirlərin sərgüzəşti" ilə, sanki bizə son vida sözünü deyir. Həsən müəllim kimi! Romanın dairəvari (küpvari!) strukturu da dışa, bütövlükdə Kosmosa və insan ruhuna yalnız qüssə yansıdır...
***
Müəllif, Hacı Mir Həsən ağa Səyyah və Həsən müəllim... Hər üç ad metamorfozdur! Üç niyə? Bir ad! Amma gərək olsa, o bir ad yüz ada da çevrilə bilər. Yenə lazım olsa, o adların arasına başqa adlar da girə bilər. Kamal Abdulla yaradıcılığının əsrarəngiz sirri də məhz burada - fasiləsiz çevrilmələrdə və Qeyri-səlis məntiq nəzəriyyəsindədir. Ümumiyyətlə, dahi azərbaycanlı Lütfi Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsi bütün elm və incəsənət sahələrində son nöqtə ilə ilk nöqtə, hətta yanaşı qoyulan iki nöqtə arasında belə sonsuz vergüllərin, nöqtələrin və aralıq məsafələrinin olmasını sübutlayır. Zənnimizcə, Kamal Abdullanın "Dədə Qorqud" eposundan və adı digər əsərlərindən sistematik keçən personajlardan, hətta çox populyar olan "məlum" şeir bəndlərindən heç cür qopa və onlara son nöqtəni qoya bilməməsinin əsas səbəbini də burada axtarmalıyıq. İl yarım, iki il bundan əvvəl biz bu böyük yazıçı, mədəniyyətşünas və mütəfəkkirin "son" elmi kitabı haqda yazmışdıq: "Kitabi-Dədə Qorqud" poetikasına giriş" Azərbaycan ədəbiyyatşünaslığında, ümumən, bədii-elmi-analitik araşdırmalar tariximizdə Qeyri-səlis məntiq nəzəriyyəsini möhtəşəm bir formatda (işin əvvəli 80-ci illərdən başlanıb!) faktlaşdıran ilk tədqiqat işidir".
***
Kamal Abdulla suprematizmin "Qara kvadrat"ına şeirdən gəlmişdi. Qətiyyətlə demək olar ki, onun "Var-gəl" şeiri bu yöndə misilsiz örnəkdir. Müəllif təkcə var-gəl arasında - bir defislik aralıq məsafədə onlarla çaların olduğunu görə bilir: "Var-gəl. Yəni gəzinti", "Var-gəl. Yəni hıçqırıq", "Var-gəl. Yəni məşəqqət", "tənhalıqdan təkliyə, təklikdən tənhalığa - var-gəl", "Var-gəl. Yəni pıçıltı" və s.
Şairliklə alimlik, alimliklə yazıçılıq, yazıçılıqla dramaturqluq və ictimai fəaliyyət arasında onlarla, bəlkə daha çox gözəgörünməyən, lakin fəhmlə dərk olunan aralıq məsafələri, şəffaf təbəqələr və laylar vardır. Kamal Abdulla qeyri-adi bir entuziazmla onlar arasında "var-gəl edir...".
***
Kamal Abdullanın bu adda bir essesi vardır: "Düma ilə Coys arasında və yaxud Don Kixotun ölümü" Çox təsirlidir. Yaddaşımda istər-istəməz (müqayisə və paralellərdən qaçsam da!) Borxesin "Don Kixotdakı gizli magiya" essesini assosiasiya edir. Borxesin gəldiyi başlıca qənaət budur ki, "Don Kixot"un personajları elə "Don Kixot"un oxucularıdır. Don Kixotun özü də öz kitabının oxucusudur. Gördüyünüz kimi, yanaşma çox maraqlıdır.
Kamal Abdulla da Don Kixotun ölüm səhnəsinə tamam ayrı bir rakursdan baxır. Olsun ki, bu səhnə də dünya Don Kixotşünaslarının diqqətindən "yayınmayıb". Amma onun yanaşması da ümumbəşəridir:
"Elə bil, Don Kixot deyil, Servantes ölürdü. Elə bil, Servantes öz yaratdığı qəhrəmanı üçün deyil, özü üçün epitafiya yazırdı. Və əslində, Don Kixot ölmürdü, o, yenidən dirilirdi".
"Sirlərin sərgüzəşti"ni oxuyub qurtarandan sonra darıxmaqlığımın əsas səbəbi indi mənə əyan oldu: Həsən müəllim "qışın oğlan çağında, bu qarın altında paltosuz...", əynində yalnız pijama, başında şlyapası ilə lazım gələrsə, qəzavü-qədəri də aldadıb buralardan baş götürüb, "müasir variantı" olmayan "Çərxi-fələk" ölkəsinə "qaçır...". "Elə bil, Don Kixot deyil, Servantes ölürdü". Cümlə öz-özünü deşifrə edib mənə bu cür "göründü": Elə bil Həsən müəllim deyil, Müəllif qaçır...
***
Qaçan həm də Həsən müəllim deyil axı... Bəlkə, Hacı Mir Həsən ağa Səyyahın geydiyi uzun adlardan biridir?! Həm də o, müəllif də ola bilərdi. Kamal Abdullanın da adı ilk dəfə bu əsərdə "hallanır", axı: "Necə olub ki, o, "Kitabi-Dədə Qorqud" dastanını dərindən bilən (bəlkə də pis bilməyən) Kamal Abdulla adlı bir alim dostu ilə dastanı dəfələrlə müzakirə edib, amma bu incə məqama diqqət yetirməmişdi?! Dostu Kamal müəllim də bu barədə ona heç bir söz deməmişdi?! Yəqin, heç o özü də bunu bilmirdi". Romanın başqa bir yerində də müəllif açıq-aşkar bildirir: "Hacı Mir Həsən ağa Səyyah - yəni mən...", Məncə, şərhə ehtiyac yoxdur!
***
Məlum olduğu kimi, irihəcmli əsərlərin fəsilləri olur. Müəllif fəsli həm "hissə", həm də ilin çoxrəngli, çoxçalarlı fəsilləri anlamında işlədir. Romanın "Payız"dan başlanması da simvolik səciyyə daşıyır. İkili başlanğıc payıza xas olan ən xarakterik bir əlamətdir. Yarpağın bizə görünən saralmış bir payız üzü var, bir də... Elə o "bir də..." həmişə sirr olaraq qalır. Yarpağın o üzündə qış da, yaz da, yay da ola bilər. Roman da məhz həmin gizli, niqablı, örtülü "üzlər"i bizə göstərir...
***
İllər öncəsi "Sehrbazlar dərəsi"nin ilk səhifəsini oxuyan kimi ağlıma gələn ilk fikir bu oldu ki, bəlkə, roman hansısa qədim və mistik bir musiqinin içərisinə yığılıb?! Və ya unutduğumuz hansısa qədim melodiyalar yığılıb bu romanın içərisinə?! O melodiyalar nə idisə, onları geri "qaytarmaq" gərək idi. Necə ki, romanın qəhrəmanı Səyyah Sehrbaz, karvanbaşının cəllad atası Məmmədqulunun ruhunu çağırıb geri qaytarır...
***
Zənnim özünü çox "gözlətmədi" - nəhayət, dahi İtaliya bəstəkarı A.Vivaldinin (1678-1741) dünyaca məşhur "İlin fəsilləri" musiqisinin içərisinə səliqə-sahmanla yığılan mükəmməl bir roman - "Sirlərin sərgüzəşti" yazıldı. Bu, mənim subyektiv, özü də çox subyektiv fikrimdir. Anlayıram, Vivaldidə fəsillər arasındakı fərqli şəffaf təbəqə çox aydın sezilir. Amma Kamal Abdullada fəsillərin ardıcıllığı ustacasına pozulur. "Payız"ın davamı "Yay", "Qış"ın davamı "Payız" ola bilir. Və ya əksinə. Özü də bu "davam"lar bir dəfə yox, sonsuzluğa qədər davam edə bilər. Bu, müəllifdə roman təfəkkürünün hüdudsuz və sonsuz olmasını göstərən amillərdəndir.
***
Əgər biz romanı təkcə Vivaldinin musiqisi içərisinə yığıldığını desək, ədalətsizlik olar. Bəlkə də heç müəllifin ağlına gəlməyib bu! Gerçəyə daha yaxın alternativ fikir ondan ibarətdir ki, "Sirlərin sərgüzəşti" "Bermut üçbucağı"nın sirrini "faş edir". Necə?! Şərti olaraq (nədənsə, inanıram belədir!) "Yarımçıq əlyazma"nı ("Dədə Qorqud"un "qara kitabı"nı) "Yay", "Sehrbazlar dərəsi"ni "Qış", "Unutmağa kimsə yox..."u "Yaz" ("Çiçəkli yazı") hesab eləsək, onda avtomatik "Sirlərin sərgüzəşti" romanı "gözəgörünməz yazı makinası tərəfindən yenidən" yazılan, "kağız üzərində, həqiqətən, yoxdan var olan" "Payız" olmalıdır. Təsadüfi deyildir ki, əsər məhz "Payız"la da başlanır... Deməli, Kamal Abdulla da Tanrı tərəfindən ona hədiyyə verilən acılı-şirinli, açıq-örtülü, anlaşılan-gizli ömrün fəsillərini "tamamlaya bildi...". Bunu sağkən hiss eləmək səadətdir...
***
Həsən müəllim "indi"ni unudub. Sual olunur: İndidə nə var?! "Uliss" romanı ilə böyük ədəbiyyatın "axırı"na çıxmaq istəyən Coys da "Odissey"i (Keçmişi!) dekonstruksiya edərək misilsiz bir əsər yaratdı. Yenə keçmiş! Bəs keçmişdə nə var?! Baxanda keçmişdə də bir şey yoxdu. Amma sən bir fərd olaraq indidən çıxıb keçmişə düşürsənsə, deməli, yaşamaq uğrunda çarpışmalısan. Necə ki, özünü cəngavər ampluasında təsəvvür edən Don Kixot vuruşur, çarpışır. Məsələ onun yel dəyirmanı ilə gülünc və səfehcəsində vuruşmasında deyildir, əsas məsələ bunu hansı məqsədlə etməsindədir. Məqsəd isə mahiyyət baxımından çox ülvidir... Həsən müəllimin də altsheymer xəstəliyinə tutulması onu ülvi məqsədindən uzaqlaşdıra bilmir. Yazıçı bizə "məlum" həqiqəti xatırladır: Böyük həqiqətlərə çatmaq üçün lazım gələrsə, "yaddaşı" da qurban vermək olar. Məsələ burasındadır ki, bugündən qopan yaddaş var gücü ilə keçmişə işləyir. Nəticə: "qurban vermək" kimi bir məsum anlayış da şərtidir...
Romanın başlanğıcı oxucuya "xoş şeylər" vəd etmir; şəhərlər insan skeletləri üzərində salınıb, düzən düzənsizlik, doğru yalan, nizam xaosdur. Tarix düzxətli deyildir. Əynimizə öz adımızı deyil, üzünü belə görmədiyimiz insanların adlarını geymişik. Adlarımızı istənilən vaxt soyuna bilərik. Məsələn, Həsən müəllim "keçmiş" adını soyunub indiki həyatda olub Həsən müəllim. Onun "əkiztayı" - ruh qardaşı isə coğrafiyaşünas və mətnşünas Hacı Mir Həsən ağa Səyyahdır. Adlar, şəkillər, əkslər çox rahat bir-birinin içərisindən çıxıb gedirlər... Roman güzgülü salon effekti yaradır. Hamımız güzgüdəyik. Elə oradan da uçub gedəcəyik. Güzgü ilə aramızdakı məsafənin azlığı bizim xeyrimizədir. O qədim pritçada olduğu kimi, anasını itirən qızcığaz hər dəfə güzgüyə baxarkən özünü yox, məhz anasını gördüyünə inanır.
Tarkovski də öz "Güzgü"sündə özünü axtarır. Ümumiyyətlə, həm film, həm də qabıqcıqsız güzgü avtobioqrafik səciyyə daşıyır. Güzgüdə bizik, vəssalam... Hər bir mətn, qəribə səslənsə də, aşağı, yuxarı həmin güzgü funksiyasını yerinə yetirir.
***
Tənhalıq təklənmə deyildir. Həyat səni təkləyibsə, bu, artıq qorxulu gələcəyindən xəbər verir. Həsən müəllim unuda-unuda təklənir. Çünki unudulan doğmalardır. Payız kimi "təklənib" ikiləşən Həsən müəllimin o bir "tayı" - Hacı Mir Həsən ağa Səyyah "Sirlərin sərgüzəşti"ni yazır. Səyyahın yazdığını Həsən müəllim bir-bir burada oxuyur.
Müəllif sirdən danışmır. Sirr yaradır. Sirrin əski yaranış texnologiyasını bir-bir açıb göstərir. Həm də başlıca hədəf zaman və məkandan asılı olmayaraq, müxtəlif səciyyəli sirlərin bir-biri ilə sirli əlaqəsini açıb göstərməkdir. Tutaq ki, "Əhməd adlı odunçunun sirri" ilə "Qədim Oğuz elinin say-seçmə igidi olan Bozatlı alp Beyrəy"in sirri arasında əlaqə nədir? Bəs Həsən müəllimin "yaddaşsızlığı"nın bunlarla əlaqəsi?! Və ya sirlərin bir-biri ilə belə qayım əlaqələrinin sirrini açmağın bir önəmi varmı?
***
Həsən müəllim ilk məhəbbətini xatırlayır. Göygöz Gülzarla onun arasında olmuşdur. Əsl poeziyadır! Bu, "Yaz"dır. ("Unutmağa kimsə yox...").
Novruzəlinin öz qonşu qızı Güllü ilə eşq hekayəti. Onlar Çərxi-fələk ölkəsinə getməyə hazırlaşırlar. Bu, "Qış"dır. ("Sehrbazlar dərəsi").
Gülzar niyə özünü öldürdü? Həsənin onu kənddə qoyub şəhərə oxumağa getməsi ilə bağlıdırmı bu ölüm? Ayrılığamı dözə bilmədi? Bəlkə, onu başqasına ərə verirdilər? Bəlkə, Həsəndən məktub gecikdiyinə görə? Nəhayət, bəlkə, atalığı ona təcavüz etməyə cəhd eləmişdi?! Göründüyü kimi, oxucunun özü də hiss eləmədən sirrin çözülməsi "əməliyyatı"na qoşulur... ("Yarımçıq Əlyazma").
***
Bütün sevgi məktubları bir-birinə bənzəyir. Güllünün Novruzəliyə yazdığı məktub Həsənin Gülzara yazdığı məktubun sonluğu ilə eynidir. Hər ikisi şeirlə bitir:
"Stol üstündə yumurta
Ay qız, məni unutma
Əgər məni unutsan,
Məktubumu unutma".
Durub "ay qız"ın yerinə "ay oğlan" yaz, nə dəyişiləcək? İnsanlar bir-birinin təkrarından ibarətdir. Lap mətnlər kimidirlər. Sözügedən roman da eyni aqibəti yaşayır - o da əvvəlkilərin ustacasına modernləşmiş "təkrarı"ndan ibarətdir. Müəllif hər dəfə bizi amansız sorularla üz-üzə qoyur: Bugünümüzü unutsaq, (Həsən müəllim kimi) keçmiş öz sirrini bizə açarmı? Keçmişi ən xırda hüceyrəsinə (sirrinə!) qədər bilməyimizə görə bugünün yaddaşını qurban verməyə dəyərmi? Ümumiyyətlə, keçmiş nədir? Əgər keçmiş (yəni Səyyah!) indi də (Həsən müəllimdə) bu cür ağrılı (qızı Həlimənin əzabları timsalında) şəkildə təzahür edirsə, ona qayıtmaq nə qədər ədalətlidir? Zamanlar arasında bu sirli əlaqə nədir? Niyə insanlar kimi, mətnlər də bir-birini rahat buraxmırlar? ("Yarımçıq əlyazma" "Sehrbazlar dərəsi"ni, "Sehrbazlar dərəsi" "Unutmağa kimsə yox..."u, "Sirlərin sərgüzəşti" isə hər üçünü!). Mətnlər bir-birindən nə istəyirlər? Əgər onlar arasında əbədi "sülh sazişi" bağlansa, müəllif rahat olarmı? Ümumiyyətlə, yazıçının "bitirdiyi" mətn varmı?! Sənətkar nə zaman öz mətnlərinin "mağarası"ndan çıxacaq?! O, uydurduğu həyatdan real həyata nə zaman enəcək? Lap tutaq ki, endi, özü ilə gətirdikləri ondan əl çəkəcəkmi?! Və nəhayət, həyat özü də tutuquşu deyilmi?! Bəs mətn?!
***
Nəzərəli ilə Novruzəli yumşaq mənada bir almanın iki üzü, sərt anlamda isə dünyanın öz üzləridir: Xeyir üzü, Şər üzü! Xeyir özünə, xeyirxahlıq və mərhəmətinə "sığındığı üçün" onda bic "hərəkətlilik" (feil!) yoxdur. Şər isə min bir hiylədən, biclikdən, feildən ibarətdir. Ona görə də daima hərəkətdədir. "Hərəkət" (yaxşı və pis mənada!) həyatın qanunudur. Romanın bir maraqlı sirri də onun fasiləsiz mütəhərrikliyindədir.
"Qış" - soyuqluq özünü göstərir. Romanın qışa doğru bu cür "yeyin" getməsi həyatın qanunauyğunluğu sayıla bilər. Qardaşlarla Həlimə arasında da soyuqluq başlanıb. Soyuqluğun səbəbi ata evi, ata mülküdür. Qardaşlar "əlverişli" situasiyadan maksimum yararlanmaq - tezbazar evi satıb öz aralarında bölmək istəyirlər. Minillərin o üzündə də eyni hadisə baş verir. Nəzərəli ata mirasına sahiblənmək üçün yeganə əziz-xələf qardaşını atasına öldürtdürür.
Müəllif zamanla, sanki qədim bir oyun - "beşdaş" oynayır. Zamanları xırda daşlar kimi əvvəl bir-bir, sonra iki-bir, üç-bir baş barmağı ilə göyə "uçurdur", sonra da onları göydəcə "ovlayıb" ovuclarında sıxır. Hər daş öz fərqli trayektoriyasını - taleyini yaşayır. Onları birləşdirən yeganə mərhəm yer ovuclardır. Ovuc burada qabıq, hasar, sədd funksiyasını yerinə yetirir. Ağlıma qəribə bir fikir gəldi: Bəlkə, qədim Çin səddi ona görə inşa edilib ki, müxtəlif sərgərdan zamanlar orada bir anlıq olsa da "görüşə" bilsinlər. "Beşdaş" effekti doğuran romanın üst qatı da, sanki ovucla hasarlanıb. Metaforik qabığı atsaq, cümlə bu cür olar: Zamanlar müəllifin ovcundadır!
***
"Hacı Mir Həsən ağa Səyyah əsla... müəmmaların çözülməsinə o, heç vaxt inanmamışdı. Bunu da bir müəmma kimi qəbul elədi və tezcə də unutmağa çalışdı. Unutdu". ("Sirlərin sərgüzəşti"). Həqiqətən, müəmmalar Səyyahı maraqlandırmır. O, sirr yaradan idi. Müəmma çözən deyildi. Eyzən Kamal Abdulla kimi; sirri yaradır, onu çözməyi - bu məşəqqətli işi isə oxucunun ixtiyarına buraxır...
***
Payıza olan məhəbbətinə görə risaləsini payızda başladığını deyir Səyyah. Sual olunur: Biz niyə ona inanmalıyıq?! Məgər bu da Səyyahın növbəti sirri ola bilməzmi? Və ya növbəti sirrə yol, riz, cığır deyilmi?! Özünün dediyi kimi, payızın daha çox qeyri-müəyyənliyi onu çəkir. Roman da tədricən bu cür qeyri-müəyyənlik tülünə bürünür...
Səyyahın öz yuxusunda gördüyü dipdiri tutuquşu Həsən müəllimin kabinetində müqəvva şəklində zühur edir. Hərdənbir "keçmiş" kimi canlanması onun əvvəlki dirilişinə bir işarədir.
***
Günlərin bir günü ayılıb görəsən ki, sənin arvadın cadugərdir. Əhməd gördü! Qadın sirr bilimində "üçüncü" sırada durur: Əhməd - cökə ağacı (cökə ağacı da bir zamanlar qadın olub!) və qadın. Qadını cadugər olmasaydı, Əhməd adlı bir odunçunun sirri mövcud olardımı? Budur, qadın keçdi önə! Müəllif bununla nəyə işarə edir?! Belə çıxır ki, yasaq edilmiş meyvənin sirri Həvvaya bəlli idi!
Birinci sirr "açıldı". "Payız" öz yerini "Qış"a verdi. Belə görünür ki, sirlərin açımı bəşəriyyətin xeyrinə olmayacaq. Sirr açılarsa, bəşəriyyətin qışı başlanacaq...
***
Cazibədar rəng və misilsiz dil oyunlarını nəzərə almasaq, Kamal Abdullanın yeni romanı başdan-başa struktur oyunları üzərində qurulub! Bunu necə başa düşək? 1. Roman texnologiyasına mükəmməl bələd olan müəllif "Sirlərin sərgüzəşti"nə qədər nəsrimizdə xeyli "ölü" nöqtəni tərpədə bildi. Bu da ədəbi cameədə bir canlanma əmələ gətirdi. Əvvəlki mətnlərdən fərqli olaraq, bu dəfə Kamal Abdulla məhz öz yaradıcılığını dekonstruksiya edir. Necə deyərlər, sirlər öz sərgüzəştlərini "hazır" ədəbi xammal üzərində qururlar. Bu çox effektli bir ədəbi taktikadır. İstər-istəməz oxucunu mətnin içərilərinə dartıb çəkir. Qeyri-xətli süjet, intertekstuallıq (mətnlər arasında əlaqə) onun nəsrinin canı və qanıdır. 2. Azərbaycan nəsrində Kamal Abdullaya qədər heç bir müəllif bir mətnin içərisinə müxtəlif süjet, quruluş və ideyaya malik olan bu qədər "fərqli" sinkretik mətnlər daxil edə bilməyib. Olub, amma say baxımından bu qədər olmayıb. 3. Klassik və çağdaş nəsrimizdə adda-budda cəhdləri çıxmaq şərtilə, qətiyyətlə demək olar ki, Azərbaycan nəsrində "sehrli realizm" termini Kamal Abdullanın adı ilə bağlıdır. Doğrudur, Latın Amerikası ədəbiyyatında bu, oturuşmuş ədəbi janr səviyyəsindədir. Birbaşa postmodernizmlə bağlıdır. Amma bizdə onu sistematik şəklə salan Kamal Abdulladır. Həm də onun yaradıcılığı əsas verir ki, həmin terminə bir söz də əlavə edə bilək. Bu cür: "Sirli-sehrli realizm".
***
Romandakı hadisələr, sanki "Allahın dünyanı unutduğu gün" baş verir... Görükməz təpə, Ağ dərviş, Sehrbaz Hüsnükərəm, Təkcənəlik vaxtı, Hüngür mağarası, Basat, Təpəgöz, Beyrək, Baybecan bəyin qızı Banuçiçək, Həsən müəllim, Həlimə, Əliqismət, Görükməz təpə və b... adlar bizə "unudulan" həmin şifrələnmiş günün sirrini açmağa "kömək edirlər...". Yox, qabıqcıq deyir ki, əksinədir. Hər bir ad, sanki ona görə mövcuddur ki, kömək etmək əvəzinə, sirrin üzünə sirrdən təzə üzlük çəksin... Əvvəlki əsərlərində müəllif bunu "Sirr içində sirr" adlandırır. Amma yeni roman bizə "Sirr içində sirr"in başqa bir sirri haqqında da gizli informasiya ötürür. Bu, dastanla bağlıdır. Biz həmin sirri şərti olaraq "Dədə Qorqud"un tibbi-profilaktik-müalicəvi əhəmiyyəti ilə bağlamaq istəyirik. Yeni hipoteza ondan ibarətdir ki, dastan altsheymer - yaddaşsızlıq xəstəliyinin sağalmasına kömək edə bilər. Belə ki, Həsən müəllim dastanın yeni sirri ilə üz-üzə dayananda yaddaşı, sanki "oyanır", hərəkətə gəlir, tez qızı Həlimə ilə dastan barəsində söhbət edir... Bu təkcə fiziki yaddaşın deyil, həm də milli-ictimai-ədəbi yaddaşın oyanışı deməkdir. Nəhayət, cəsarətlə demək olar ki, Kamal Abdulla dünya Qorqudşünaslığına yeni-yeni ölməz töhfələr verməkdədir...
***
Sənətkar cadugərdir. Bu, müəllifin sənət konsepsiyasıdır. "Sirlərin sərgüzəşti" romanı Kamal Abdullanın sənət, sənətkar, insan, xaos, kosmos, düzən, xeyir, şər, qəddarlıq, mərhəmər, sevgi, nifrət, ölüm, olum və s. haqda düşüncələrinin yekunu kimi səslənir.
Roman əsl sənətkara dönüşün postulatlarını verir. Bu, əsl cəhənnəm əzabı, məşəqqətdir: 1. Əvvəlcə kölgəni atmalısan. ("Kölgə" hekayəsi). 2. Adından imtina etməlisən. 3. Görünüşünü dəyişməlisən. 4. Sevgilini dəyişməlisən. Sonuncusu ölüm deməkdir. Yuxarıdakı üç məşəqqətdən sonra dördüncüsü aksiomadır. Bu da kədərli sonuc: "Sevgilisi çarpayıda tərpənməz bir halda uzanmış bu ağsaçlı, ağbəniz adamı az qala tanımadı. Sənətkarın açıq gözləri təəccüblə ona baxırdı. Ağzı balıq ağzı kimi açıq qalmışdı. Bədəni hələ isti idi. O, bir az əvvəl keçinmişdi". ("Sirlərin sərgüzəşti") Dəhşətdir, elə deyilmi?! Biz buna hazırıqmı?!
***
"Dərviş Hüsnükərəm əməli-saleh olmağın şərtlərini də Novruzəliyə demişdi. Bunun düz üç şərti var idi.
Ən əsas biriminci şərt bu idi ki, insanın gərək dünya malında gözü olmaya.
İkiminci şərt - adam gərək ona yaxşılıq eləyən birisinə minnətdar olmağı bacara.
Üçümüncü şərt bu idi: səndən imdad istəməyənə qədər gərək ehtiyacı olanın imdadına yetişəsən və əvəzində heç nə tələb etməyəsən". ("Sirlərin sərgüzəşti").
Üç şərtin hər birisinin haradasa müəllif mövqeyi ilə üst-üstə düşdüyünü deyə bilərik. Amma bu, natamam bir fikir olacaq. Qəribədir, tam, tamamlanmış bir fikir gördünüzmü?! Amma faktlar əleyhimizə işləsə də, bütün sferalarda Tarkovskinin dinamik "Güzgü"sü öz sözünü deyir: Sənət həm də avtobioqrafik səciyyə daşıyır.
***
Romanın başlıca qayəsi budur: Unutma!!! Milli-genetik yaddaşını unutma! Həsən müəllim kimi yaddaşsızlıq xəstəliyinə tutulsan da, yenə unutma!
Yaddaşın bu gün üçün işləyir, mal-mülk hərisliyi öz qara bayrağını sancıb sənin yaddaşına! Sən o bayrağın altından çıx! Çıxa bilmirsənsə, vay sənin halına! Günlərin bir günü həyatındakı cəhənnəmləri unutmaq üçün Tanrıdan altsheymer xəstəliyini yalvarıb istəsən də verməyəcək.
Tarix bütövlükdə yarımçıq əlyazmadır. Bunu unutma! Sənə "yaxşılıq eləyən birisinə minnətdar olmağı" unutma! Unutmağa bir kimsə olmayanda belə yenə unutma! Və sonda... dəyişilib "əvvəllki mən" olmadığını dilinə gətirə bilsən, bu şeir sənin halalın olsun:
- Qurban olum, axı mənəm,
Aç qapını bax, mənəm,
Qayıtmışam sağ - mənəm.
Əvvəlki mən deyiləm... (Kamal Abdulla)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!