Lokomotivin az qala əbədi kimi görünən fiti bürkülü avqust günortasının göyümtül havasını dəldi. Pyer anasıyla bir yerdə ikinci dərəcəli vaqonda oturmuşdu. Anası - mərhum zabitin dul qadını alçaq boylu, solğun bənizli, gözlərinin nuru sönmüş qadın idi. On bir yaşdan böyük olmayan oğlu hərbi məktəb mundiri geyinmişdi.
Pyer balaca, boz rəngli çamadanını götürüb sevinclə:
- Çatdıq! - dedi.
Çamadanın üstündə böyük, yağlı hərflərlə yazılmışdı: "Pyer Dümon 1. Çağırışçı yaşı No 20". Anası başını aşağı dikdi. Oğlu çamadanı yanındakı oturacağa qoyanda nömrələr qadının diqqətini cəlb etdi. O bu nömrələri uzun yol boyu az qala yüz dəfə oxumuşdu. Qadın köks ötürdü. O, sentimental deyildi və kapitanla evli olduğu müddətdə hərbçi həyatıyla tanış olmuşdu, bu həyata öyrəşmişdi. Amma oğlunun, ürəyində xüsusi yeri olan balaca Pyerinin sadəcə "No 20" nömrəsi kimi tanınması analıq qürurunu incidirdi. Necə də pis səslənir!
Pyer pəncərənin qabağında dayanıb təbiəti seyr edirdi. Stansiyaya yaxınlaşırdılar. Qatar getdikcə sürətini azaldırdı. Bayırda düzənliklər, qapıları ağzında hündür günəbaxanlar əkilmiş balaca evlər görünürdü. Evlərin qapıları çox balaca idi, Pyer fikirləşdi ki, içəri girmək üçün gərək əyiləsən. Amma getdikcə hər şey gözdən itirdi. Ehtiyat relslərdəki pəncərəsi barmaqlıqlı vaqonlar görünməyə başladı, relslər getdikcə çoxaldı, qatar balaca şəhərciyin vağzalına çatdı.
- Bu gün bütün günü əylənəcəyik, - uşaq bunu deyib anasını qucaqladı. Sonra çamadanını götürüb anasına vaqondan düşməyə kömək etdi. Uşaq qürurla anasının əlindən tutdu. Hambal gəlib çamadanı ondan aldı. Günortanın istisində, tozlu yolla mehmanxanaya getməyə başladılar.
- Nə yeyəcəyik, ana?
- Nə istəsən, əzizim.
Pyer xoşladığı, iki aylıq tətil müddətində evdə yediyi yeməkləri saymağa başladı. Görəsən, hamısından sifariş verə bilər? Şorbadan tutmuş, almalı piroqa qədər hər şeyi sadaladı. Balaca əsgərin kefi kök idi, elə bil bu yeməklər həyatının əsasını təşkil edirdi. Elə bil həyatının qalan hissəsi bu ləzzətli yeməklərin üstündə qurulmuşdu. O, danışmağa davam edirdi: "Yadındadı, filan yeməyi yediyimiz gün filan şey olmuşdu". Birdən ağlına gəldi ki, bu gün sevdiyi yeməkləri yediyi axırıncı gün olacaq, sonra dörd ay fasiləsiz təhsil müddəti başlayacaq, onda istər-istəməz kefi pozuldu, dərindən köks ötürdü. Amma şən, günəşli yay günü yenə uşağın ruhunu qanadlandırdı və o, tətil müddətində baş verən maraqlı hadisələri danışmağa davam etdi. Günorta saat iki idi. Saat yeddidə kazarmada olmalıydı, deməli, beş saatı vardı. Hələ saatın əqrəbi beş dəfə tam dövrə vurmalıydı - hələ çox vaxtı vardı.
Nahar qurtardı. Pyer iştahla yemişdi. Amma anası onun üçün qırmızı şərab süzəndə, stəkanı götürəndə oğluna elə nəzərlə baxırdı ki, tikə uşağın boğazında qalırdı. Uşaq otağa nəzər saldı, saat üç idi. Hələ əqrəb dörd dəfə də fırlanmalıdır. O, belə fikirləşirdi, bu fikir ona cəsarət verirdi. Bokalını götürüb anasının bokalıyla toqquşdurdu. "Salamatlaşmağımızın şərəfinə, ana!". Onun səsi dəyişmişdi, qalınlaşmışdı. Elə bil təzədən zəiflik göstərməkdən qorxub tələsik anasının alnından öpdü.
Nahardan sonra çay sahilində gəzişməyə başladılar. Sahildə demək olar, adam yox idi. Heç kim onların söhbətinə mane olmurdu. Amma söhbət tez-tez qırılırdı. Pyer başını dik tutmuşdu, əlləri cibindəydi, iri göy gözləriylə çaya, qarşı sahilin bənövşəyi qayalarına baxırdı. Xanım Dümon yarpaqların yavaş-yavaş saraldığına fikir verdi, tək-tək sarı yarpaqlar gəzdikləri xiyabana səpələnmişdi. Yarpaqlardan biri ayağının altında qalıb xışıldayanda diksinib dedi:
- Payız yaxınlaşır.
- Hə, - Pyer candərdi dilləndi.
- Amma yayı gözəl keçirdik. - Xanım Dümon gülümsədi.
Oğlu cavab vermədi. Bir qədər sonra dedi:
- Ana, əziz Jüliyə salamımı çatdır. - Deyən kimi rəngi qızardı.
Anası gülümsədi.
- Narahat olma, mütləq çatdıracağam.
Jüli Pyerin qohumuydu. Pyerin ondan xoşu gəlirdi, tez-tez pəncərəsinin altında gəzişirdi, bir yerdə oynayırdılar, Pyer ona gül verirdi və hətta şəklini mundirinin döş cibində gəzdirirdi - bunu heç anası da bilmirdi.
- Jüli də evdən gedəcək, - anası oğlu ilə bu mövzuda danışa bildiyi üçün sevinclə dedi. - Onu ya ingilis məktəbinə, ya da kilsəyə göndərəcəklər.
Qadın Pyeri yaxşı tanıyırdı. Sevdiyi qızın da oxşar taleyi yaşaması onu ovundururdu.
- Mən Milad bayramına gələndə Jüli də gələcək, elə deyil?
- Əlbəttə.
- Sən bayramda onu bizə dəvət edəcəksən, anacan?
- O artıq razılıq verib ki, anasından icazə alıb bizə gələcək.
- Əla! - Pyerin gözləri parıldadı.
- Səninçün gözəl şam ağacı bəzəyəcəyəm, əgər özünü yaxşı aparsan...
- Təzə mundir alacaqsan? Hə, anacan?
- Kim bilir, bəlkə də... - deyə anası gülümsədi.
- Əziz anam! - Pyer xiyabanın ortasında anasını öpməyə başladı. - Məni çox sevindirdin!
- Amma özünü yaxşı apar, Pyer. - Anası ciddi simayla dedi.
- Əlbəttə! Yaxşı oxuyacağam...
- Özün bilirsən, riyaziyyatdan zəifsən bir az.
- ... Hər şey yaxşı olacaq, görərsən!
- Çalış xəstələnmə. Tezliklə havalar soyuyacaq, qalın geyin... Gecə üstünü yaxşı ört.
- Narahat olma, ana!
Pyer yenə tətil günlərini xatırladı. Elə hadisələr danışmağa başladı ki, ikisi də ürəkdən gülürdü. Birdən sakit dayandı. Kilsə zəngləri çalındı.
- Saat altıdır, - Pyer, gülümsəməyə çalışıb dedi.
- Gəl şirniyyatçıya gedək.
- Hə, orda kremli bulka satırlar, onlardan axırıncı dəfə Jüli ilə şəhərə gedəndə yemişdim.
Pyer şirniyyatçıdakı rahat stolda oturub dalbadal kremli bulka yeyirdi. Əslində, o, tox idi, amma bura bir də haçan gələcəyini bilmədiyi üçün yedikcə yemək istəyirdi. Anası kofedən qurtumlayıb dedi:
- İştahının yaxşı olması məni sevindirir.
Pyer yedikcə yeyirdi.
Kilsə zəngləri təzədən səsləndi.
- Yeddinin yarısıdı, - uşaq dərindən köks ötürdü. Yeməkdən qarnı şişmişdi. İndi kazarmaya getməliydi.
Getməyə başladılar. İsti avqust axşamı idi, zəif külək xiyabandakı ağacları xışıldadırdı.
- Sənə soyuq deyil, ana? - Uşaq soruşdu.
- Yox, narahat olma.
- Belli nə edir görəsən?
Belli balaca itin adıydı.
- Qulluqçuya tapşırmışam ki, yeməyini versin, hər gün gəzməyə çıxartsın.
- Belliyə məndən salam de, de ki, özünü yaxşı aparsın... - Pyer zarafat etməyə çalışdı, amma sözünü tamamlaya bilmədi.
- Heç nə yadından çıxmayıb ki, Pyer? - deyə anası soruşdu. Uzaqda kazarmanın boz binası qaralırdı. - Sertifikatını götürmüsən.
- Məndədi, ana.
- Elə bu gün qayıtmağın haqda məruzə eləməlisən?
- Hə, çatan kimi.
- Sabahdan dərslər başlayır?
- Hə.
- Mənə məktub yazacaqsan?
- Əlbəttə. Sən də yaz, ana. Xahiş edirəm! Qayıdan kimi yaz.
- Əlbəttə, əzizim, mütləq yazacağam.
- Məncə, məktub iki günə çatır.
Anası heç nə deyə bilmədi, boğazı qəhərləndi. Onlar giriş qapısının qabağında dayanmışdılar.
- Ana, gözəl gün üçün sənə təşəkkür edirəm. - Uşağın halı dəyişmişdi, deyəsən, çox yediyi üçün belə olmuşdu. Qarnı ağrıyırdı, ayaqları əsirdi.
- Rəngin ağarıb. - Anası dedi.
- Yox, yaxşıyam.
Başı yaman fırlanırdı. Ayaq üstdə güclə dayanırdı.
- Deyəsən, doğrudan da...
Saat yeddini vurdu. Qucaqlaşıb ağlamağa başladılar.
- Əzizim... - Anası inildəyirdi.
- Ana, yüz iyirmi gün sonra...
- Özünü yaxşı apar, özündən muğayat ol... - Titrək əliylə oğluna xaç çəkdi.
- Qaçmalıyam, ana, yoxsa məni cəzalandıracaqlar. - Dili topuq vura-vura əlavə etdi. - ...Yaz mənə, Jüliylə Bellidən muğayat ol.
Axırıncı dəfə anasını öpüb içəri qaçdı.
Qapıda dayanıb təzədən dala baxdı. Ağacların arasındakı balaca qaraltını görüb göz yaşlarını uddu.
Halı doğrudan da çox pis idi. Yavaş-yavaş içəri girdi... elə yorğun idi ki...
- Dümon! - Kobud səs eşidildi. Qabağında qarovul rəisi olan zabit dayanmışdı.
- Dümon! Bəyəm bilmirsiniz ki, gəldiyiniz haqda məruzə etməlisiniz?
Tərcümə edəni: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!