Esse
Yaxınlarda fransız ədibi Pol Valerinin "Esse və gündəliklər"ini mütaliə edərkən poeziyanın musiqi ilə əlaqələrinə dair qəribə fikirlərlə rastlaşdım. Sonra, heç bu mövzunu unutmaq istərkən müasir dövrün məşhur filoloqlarından birinin (Martin Parker Dikson) "Pol Valerinin poetikasında "rezonans" adlı məqaləsini oxudum. Pol Valeri öz "Gündəliklər"ində "varlığın poetik vəziyyətinə nail olmaqdan" danışır və bu məqsədlə "harmonika" və "rezonans" kimi musiqi terminlərinə müraciət edir. İlkin olaraq belə bir sual doğur: bu terminlər nəyə yarayır? Onlar bizim poeziya anlayışımız və təcrübəmizdəki hansısa həzz aşılayan qeyri-müəyyən nəsnələrə uyğundurlarmı? Metaforik qiyafədə götürülən bu terminlər Hegelin "coşqun qeyri-müəyyənlik", yaxud "qeyri-müəyyən ilahi hissdən qeyri-müəyyən şəkildə həzz" adlandırdığı duyğunu anlamaqda yardımçı ola bilərmi? Müəllif qeyd edir ki, poeziyaya musiqi terminləri ilə yanaşma müəyyən risk və çaşqınlıqlar doğura bilər. Risklərdən biri "köçürmə" ilə bağlıdır, yəni poeziyanın bəxş etdiyi və anlaşılması çox çətin olan hissi zövq bu halda maneəsiz şəkildə musiqiyə aid edilə bilər; musiqi isə qəlbin dərinliklərindəki anlaşılmazlığın oxunan, görünən üzüdür. Valter Paterist isə vaxtilə belə yazırdı: "Bütün sənətlər musiqi olmağa can atır." Parkerin fikrincə, məsələn, poeziya "musiqili" dildirsə, yaxud o, adi danışıqda və ya nəsrdə artıq hesab edilən dilin gizli ritmik və səs keyfiyyətlərinin qabarıqlaşdığı anda meydana çıxırsa, ola bilər ki, onlar son nəticədə müvafiq dəyəri musiqiyə xas olan cəhətlərdən əxz edir və biz bunu bilmirik. Biz musiqini və musiqi olan hər şeyi dəyərləndiririksə, demək "musiqi libasındakı" hər şey bu keyfiyyətlərini elə bu məlum mənbədən alır, necə ki, üzərinə qızıl çəkilmiş bir lövhə də qızılın keyfiyyət daşıyıcısı olur.
Daha sonra "Ədəbiyyat qəzeti"nin keçən sayında təqdim edilən "Qar" romanında (Fermin Maksans) Artur Rembonun fikirləri diqqəti cəlb etdi. "Yalnız qar haqqında düşünmək, onu hiss etmək, görmək, yaxud görməmək, çünki yolun ağzını tıxamış boş təəssüfdən ayılıb başını göyə qaldırmaq imkanı olmayacaq..."
"Qar" romanında təkcə hayku yazan və şair olmaq istəyən bir şəxsdən söz açılmır, həm də nəsr biçimində ədəbi düşüncənin strukturu araşdırılır, yəni görünməz, gizli şeylərin aşkarlanması mexanizmi məsələsinə toxunulur. Romanda yazılmasa da, hər şey bu mətləbin vacibliyinə işarə edir: qırılma (su bardağının (sirdən) çatlaması-!) məqamı yetişməlidir. Çatlayan su bardağının səsi // bir gün sən şair olursan//. Necə? Əslində, istənilən poetik mətndə yazılanlar sözlə deyilməsi mümkünsüz olan nəsnələrdir. Bu mənada bütün texniki vasitələr şərtidir, son dərəcə şərti səciyyə daşımaqla, qapalı, özünə sıxılan məkandan sızan suyun, eşidilən bir qırıq səsin formasından oxunan nəsnələri təbii dilin strukturunda görükdürür. Metadil təbii dilin stixiyasını "özününküləşdirir", ona qeyri-adi şeylər əlavə edir və bu əlavə edilən şeylər mətnin həmişə bir dayanacaqdan, yolun başlanğıcından deyil, məhz artıq ötülmüş yerindən başlanmasını tələb edir, məsələn, bir zaman havada qanad saxlayın// sözüm vardır mənim sizə durnalar...
Poeziya əslində danışmaq yox, susmaqdır. Səs-küyü adlamaqdır. Ona görə danışmaq və yazmağın özü də şərtiləşir, son damcısına qədər, yəni məqsəd bütün bu sadalananları ərazidən təmizləmək, əraziyə dikilən baxışlar üçün boş (ağ- !) bir məkan yaratmaqdır, sən bu ərazidə hər şeyi yenidən yaratmalı və qurmalısan. Romandan iki məqama diqqət yetirək.
"...Bu gecə Yuko Akitanın atası anladı ki, oğlunun gözlərini qarın gözəlliyi ilə doldurmağa hayku bəs etməyəcək."
"...Yuko haykuya, qar və yeddi rəqəminə sitayiş edirdi.
Hesab edirdi ki, yeddi sehrli rəqəmdir.
Bu rəqəmin içində həm kvadratın tarazlığı, həm də üçbucağın səbatsızlığı yaşayır.
Şair olmağı qərarlaşdıranda Yukonun on yeddi yaşı tamam olmuşdu."
Hayku heç özünə də bəs etmir. Həcmcə çox kiçikdir, yəni, bütün mümkün təfərrüatlardan qabaqcadan təmizlənib, özünü bəlkə min ildən sonra yetişəcək məqama hazırlayıb.
Romanın süjeti müxtəlif - bir-birindən qaçan və eyni ritmlə yaxınlaşan fraqmentlərdən hörülüb. Kompozisiya həyatın mənasının insan üçün ən kritik anda aşkarlanması fəlsəfəsinə söykənir. Yuko özünün dediyi kimi "qar şairidir"; bu cümlə əsərin, mətnin bütün situasiyalarında arzu, ehtiras kimi canlanır. Böyük ustad Sosekinin sevdiyi avropalı qız - kəndirbaz nə edirsə-etsin, real dünyada arzusuna çatmır. Hökmən reallığın o biri üzündən xəbər gəlməlidir. Yuko şeirlərinin tanrının ovcundan yer üzünə tökülən qar dənəcikləri olmasını istəyir. Qız isə (Neige, fransızcadan tərcümədə qar) bir kəndirbaz kimi nə qədər fantastik, ağılçaşdıran hərəkərlər etsə də, arzusu gözündə qalır. Döyüşdən ağır yaralı vəziyyətdə qayıdan samuray Soseki həyatdan bezib, yorulub, həyatın bitdiyi yarğanın ucuna gəlib, qəfil Nejlə rastlaşanda onun hərəkətlərini sehrbazlıq hesab edir. Ona elə gəlir ki, qız kəndir üstündə yox, havada oynayır. Ancaq Nejin arzusu tamaşa edənlərin sehrbazlıq hesab elədikləri məqamı da ötüb keçməkdir: qar dənəciklərinə çevrilmək. Bu mənada bu romanı texnika baxımından belə səciyyələndirmək olar: yazıla-yazıla pozulan, qədim əyyamlarda itmiş mətnlərin bu gün qara düşən izlər kimi tapılması və yenidən itməsi, müvazinət və səbatsızlığın baş-başa gəldiyi əsər...
Başqa bir məqam. Soseki müharibədə imperator ordusunda döyüşüb. Ölməliykən sağ qalıb. Çünki həyat onun üçün başqa gözlənilməz təsadüflər hazırlayıb. Onun döyüşdə yaralanması səhnəsi romanın kompozisiyasını anlamaq üçün çox xarakterikdir və bu məqamda elə "hayku niyə yazılır, bədii düşüncənin sözə, mətnə çevrilməsinin anlamı nədir" kimi suallara cavab vermək üçün açar rolunu oynayır. Dediyimiz kimi, Soseki döyüşlərin birində (bu döyüşdə onun başçılıq etdiyi hərbi hissə gözlənilməz və ildırım sürətli qələbə çalır) yaralanır. Səhnə belədir. "...Əsgərlərdən birinin qılıncı çiyninə batmışdı, ancaq onun da başı mərmiyə tuş gəlmişdi. Bu səhnə indi də Sosekinin gözləri önündən getmir: palçığın və ağızdakı qanın tamı, onun üstünə hücum çəkən rəqib ordunun əsgərləri, düşmənin üzü, qəzəbdən cizgilərini itirmiş, əyilmiş üzlər...Üstünə cuman əsgər bir anlığa qılıncla onu doğramağa hazır idi. Samuray dərhal başı üstündəki tiyənin soyuğunu hiss etdi. Partlayış, qulaqbatırıcı gurultu, başqa heç nə. Başsız insan cəsədindən özgə heç nə, tirtap yıxılmazdan qabaq hərəkət edir, addımlayır; ancaq yıxılmazdan qabaq bədəninin bütün ağırlığı ilə onun üstünə çökmək istəyir və qılıncın tiyəsini var gücüylə onun çiyninə batırır ki, döyüşün bütün dəhşətini ona anlatsın, halbuki bu ana qədər onlardan heç biri bunun fərqində ola bilməzdilər. Məsələ budur. Bu, şərəf məsələsi idi. Bu da müharibənin sevinciydi. Ya öləcəkdin, ya da yaralı şəkildə geri qayıdacaqdın.
Samuray bircə anlıq da müharibənin başsız obrazını unuda bilmədi. Bu, həyatında gördükləri içində ən dəhşətli səhnəydi."
Diqqət yetirin, düşmən əsgəri bir an əvvəl Sosekini qılıncla kəsib-doğramağa hazır idi. Ancaq bu baş tutmur, onun özü mərmiylə yaralanır və başını itirir. "İkinci həmlə" artıq ölümdən bir an öncə başqasının, başqa bir varlığın diliylə danışmağa bənzəyir, özü də sözsüz, yalnız ani bir hərəkətlə. Qılıncı Sosekinin çiyninə batırır ki, müharibənin dəhşətini bir daha unutmamaq şərti ilə anlasın. İnsan bu hərəkəti niyə edir? Halbuki bir an əvvəl vəhşi kimi rəqibin qanına susamışdı. "Müharibənin dəhşətini anlatmaq" adi, başlanğıc cümlədir. Sosekinin sonrakı həyatı məhz bu kritik anın üstündə köklənir, ürəkdən sevdiyi qadını itirir, onu sənətlə, sənətin gücünə həyata qaytarmaq inadı o çiynə qılıncın sancıldığı səhnənin digər təfərrüatlarını deşifrə edir. Yuko ustad Sosekiylə rastlaşanda kor olduğunu anlayır və ona elə gəlir ki, Soseki sanki kəndir üstündə gəzir. Yəni ölümlə həyat arasında. Hər şey gizli, hiss edilməyən, anacq ürəyin dərinliklərində fəhm edilən təkanlarla aşkarlanır və sən bu anı tuta, nəticə çıxara bilmirsən, çünki romanın əvvəlində deyildiyi kimi (Yuko Akitanın atasının dilindən) "poeziya peşə, sənət deyil, zamanın axıb getməsidir, bax, elə bu sular kimi"... Sən yalnız tamaşa edə bilərsən. Bu məqamda Borxesin "Pyer Menar. "Don Kixot"un müəllifi" essesini xatırlayıram.
Pyer Menar ikinci "Don Kixot"u deyil, məhz "Don Kixot"u yzamaq istəyirdi. Hər şeyi unutmaq, sanki bu əsər heç yer üzündə olmayıbmış kimi. "Demək artıqdır ki, onun niyyəti mövcud əsəri mexaniki olaraq köçürmək olmayıb, əsas məqsəd - sözbəsöz, sətirbəsətir Migel de Servantesin əsəri ilə üst-üstə düşən bir neçə səhifə yazmaq olub." Pyer Menar arzusuna çatmaq üçün otuz il dayanmadan çalışıb, XVII əsrdə danışılan ispan dilini öyrənib, o dövr mədəniyyətinin bütün aspektlərini dərindən mənimsəyib və sair. Ancaq... nə qədər təsadüflərdən qaçsa da, son nəticədə Pyer Menarın əsəri elə Servantesin əsərinin təkrarı olub. İkinci müəllif birincinin izləriylə gedib, ayrılmaq, fərqlənmək, başqa müstəvidə görünmək hansı sirli məqamdasa eyniliyə gətirib çıxarır. "Qar" romanında da bu mənada aydın görünən və necə deyərlər "qar altında qalan" izlər mövcuddur. Pyer Menar "Don Kixot"u Servantesin mövqeyindən yazmağı o qədər də əlverişli və münasib hesab eləmirdi, əksinə, o istəyirdi ki, bu qeyri-adi əsərini məhz Pyer Menarın dünyaduyumundan keçirib yazsın. Ancaq qaçılmaz şeylər var. Hər şeydən, bütün bilik və stereotiplərdən silkinib çıxsa da, əsər "Don Kixot"un sözbəsöz təkrarına çevrilir. Fərqli yazılan şey necə olur ki, məlum mətnin oxşarına çevrilir. Bu suala cavab vermək mümkünsüzdür. Hər halda mənim üçün.
"Qar" romanında, mətnin ilk səhifələrində Yuko qar uçqunu altında qalmış gözəl bir qız görür və ona vurulur. Eşq. Və bundan qabaq o, fəvvarənin yaxınlığında da bir qızla rastlaşmış, hətta sevişmişdi də. Ancaq ölmüş gözəl naminə fəvvarənin yanında rastlaşdığı və sevişdiyi qızı rədd etmək məqamına izah kimi romanın bütün mətnini nümunə göstərsək də, bəzi anlaşılmayan məqamlar qalır. Bir metr buzun içində yatan qənirsiz gözəl Yukonun ustadı Sosekinin arvadıdır. O, ustaddan dərs alanda qəribə şeylərlə rastlaşır. Hamının ağlını başından alan, hamını heyrətləndirən şeirlər yazsa da, Yuko səthdədir (kəndirin-!) və irəliyə doğru hələ bir addım da atmayıb. Ustad ona deyəndə ki, gözlərini yum və nə gördüyünü söylə, - Yuko içində gülür. Ustadsa bu tapşırığı verəndə onu iki modusda izah edir. 1. Bütün rənglər içindədir, ondan kənarda heç nə yoxdur; 2. Rənglər səndən çöldədir, içində ancaq işıq var. Rəngə baxıb işığı və əksinə, işığa baxıb rəngləri görmək səthdən dərinliklərə irəliləməkdir. Yəni, hər bir gözəl şey, nəsnə də öz-özlüyündə boş və mənasız ola bilər, onu insanalrın baxışlarından ayırıb görünməyən dərinliklərə apara bilərsən. Soseki bunu bacarır, yəni Tanrının verdiyi bacarıqları eşqlə, onun fəzilətləri ilə birləşdirir, Yukonun aşiq olduğu qadınsa buz adasında uyuyur və ölüdür. Yuko bu fəziləti ustadın gözlərində tapır.
Soseki öz əsərini müharibənin dəhşətlərindən keçərək, bir an içində dünyaya sığmayan dəhşətin nə olduğunu anlamaqla yazmışdı. Onun əsərində (şeirlərində) dilin inersiyası və fantaziyadan istifadə edilmişdi, Yuko isə qarşısında dayanan sirli vəzifəni damardakı qanı kimi hiss edirdi. Bir an sonra o, müəlliminin yazdığı lövhələri yenidən canlandırmağa çalışacaqdı.
"...Yazmaq gözəlliyin, şeirin, ipək parçalara həkk edilmiş tarixin ipi üzərində sözbəsöz, ya da sözdən-sözə irəliləməkdir. Yazmaq kitab boyunca addımbaaddım, səhifədən-səhifəyə adlamaqdır. Ən çətini səthdən azca da olsa aralanmamaq və dilin ipi üzərində qələminin pərsəngiylə müvazinəti saxlaya bilməkdir. Ancaq bu heç də təkcə düz yolu tutub getmək deyildir, - yolun üstünə tez-tez vergül və nöqtələrin quyruğuna bənzəyən maneələr də çıxacaq. Şair üçün ən çətini daim yazının kəndiri üzərində duruş gətirə bilməkdir, həyatının hər bir anını xəyalın zirvəsində yaşamaqdır, hətta saniyənin cüzi kəsimində olsa belə təsəvvürün ipindən yerə düşməməkdir. Şair üçün ən çətin şey sözün kəndirbazı olmaqdır..."
Mətnin dərinlikləri aşkarlandıqca qəribə nüanslar meydana çıxır. Yuko Soseki ilə Nejin qəbri üstündə "görüşürlər" və əsərin sonunda elə burdaca ayrılırlar. Əvvəldə adını çəkdiyimiz Pol Valeridən bir neçə qeyd burada yada düşür: "...Ətirlər bir-birlərini tanımazlar, beləcə öz aralarında azıb qalarlar...
Rəsm əsəri (rəssamlıq) əşyalara haçansa bircə dəfə dikilən gözlərdəki məhəbbəti görmək imkanı verir..."
Yuko Sosekinin yanına sənətini təkmilləşdirməyə, yəni şeirlərində çatışmayan rəngləri (rəssamlığı) öyrənməyə getmişdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!