Qara saqqalında bir dənə də ağ tük gözə dəymirdi, çünki saqqalına həna qoyurdu. Yaşı altmışı ötüb keçsə də, bu həna qoymaq adətini tərgitməyi belə xəyalına gətirmirdi. Söz düşəndə isə dodaqaltı mızıldanaraq belə deyirdi: "Ağ tükdən zəhləm gedir".
Bir dəfə isə saç-saqqalı qar kimi ağarmış nurani bir kişi ona diqqətlə baxıb demişdi ki, mənim molladan gözüm su içmir, nəsə düz adama oxşamır.
Mollanın təkcə saqqalı qara deyildi, başındakı buxara papaq da, əynindəki şalvar da, əlində oynatdığı təsbeh də qara rəngdə idi. Adama elə gəlirdi ki, bu qara geyimli, qara təsbehli mollanın içi də qapqara rəngə boyanıb.
Mollanın adı da Qara idi. Və bu molla Qara günlərin bir günü müəllimlikdən birbaşa mollalığa keçmişdi. Əvvəlcə buna heç kim inanmaq istəməmişdi, elə bilirdilər ki, Qara müəllim zarafat eləyir, amma camaat baxıb görəndə ki, bu heç zarafata-zada oxşamır, qaldılar mat-məəttəl. Qara müəllimin birdən-birə dönüb Molla Qara olması bir andaca kəndə, sonra isə rayona yayıldı. Bu işə inananlar da oldu, inanmayanlar da. Əşi, boş şeydir, yəqin, Qara müəllim camaatla məzələnir, - dedilər, amma aradan iki-üç ay keçəndən sonra bir də baxıb gördülər ki, Qara müəllim qara saqqal buraxıb, əlinə də qara təsbeh alıb dörd yolayrıcına doğru gəlir. Kişilər arasına gülüşmə düşdü. Qara müəllim onlara yaxınlaşıb ədəb-ərkanla salam verdi. Sonra da hamını diqqətlə nəzərdən keçirib dedi: Müəllimliylə birdəfəlik qurtardım. İndi mən bu kəndin mollasıyam. - Molla Qara bunu deyib asta addımlarla oradan uzaqlaşdı. Kişilər sakitcə bir-birinin üzünə baxdılar, heç kim Molla Qaranın arxasınca heç nə demədi və elə bil ki, bayaqdan bəri danışmaq üçün bir-birinə imkan verməyən kişilərin dillərinə düyün düşmüşdü, dillənə bilmirdilər.
Qara müəllim düz qırx ildən çoxuydu, kənddə tarix dərsi deyirdi. Sorağı bütün rayona yayılmışdı. Ona çox zaman "tarixin atası" da deyirdilər. Birdən-birə "tarixin atası"nın mollalığa başlaması kəndin 97 yaşlı ağsaqqalı Məhəmməd kişini təəccübləndirdi. Elə ona görə də kənd bələdiyyəsinin sədrinə qorxa-qorxa dedi ki, ay oğul, Qara müəllimin mollalığa başlaması heç də yaxşı əlamət deyil. Qorxuram ki, bunun bir xətası çıxsın. - Məhəmməd kişinin bu sözlərindən düz bir həftə sonra kəndə xəbər yayıldı ki, Sərhəd həkim arvadını baltalayıb. Bu xəbərə əvvəlcə heç kim inanmadı, axı, Sərhəd həkim ailəsini canından da çox istəyirdi, özü də həkim idi, eldə-obada böyük hörmət qazanmışdı, hamı az qala onun canına and içirdi. Bəs birdən-birə nə oldu? Nəyə görə Sərhəd həkim arvadını baltalayıb?
Bu sualların da cavabı elə həmin gün məlum oldu. Sən demə, Sərhəd həkimin arvadı qonşuları balta Namaza göz vuranda, balta Namazın arvadı bunu görüb və Sərhəd həkimə xəbər verib, bununla da Sərhəd həkim arvadını da, öz həyatını da baltalamalı olub.
Sərhəd həkimin arvadı dəfn olunan günü Molla Qara qırmızı corab geyinmişdi. Bunu əvvəlcə Qasım gördü və onu istər-istəməz gülmək tutdu, ancaq özünü birtəhər saxlayıb gözünü Molla Qaranın qırmızı corabından çəkib iştahla halva yeməyə başladı.
Sərhəd həkimin arvadının yeddisi çıxan günün səhəri kəndə belə bir xəbər yayıldı ki, qoruqçu Həşimin onuncu sinifdə oxuyan qızı gecəynən durub evdən qaçıb. Bu xəbərə bircə Molla Qara təəccüblənmədi. Əksinə, o, dodaqlarında şirin bir təbəssüm dörd yolayrıcında səhərdən axşama kimi aranı dağa, dağı arana çəkib gətirən kişilərə qoşuldu və Qara təsbehini şaqqıldada-şaqqıldada kişilərin söhbətinə qulaq asmağa başladı.
Dərzi Kələntər əl-qolunu ölçə-ölçə deyirdi: - Bu kənddə hələ belə şey olmayıb. Qız nədi, təkbaşına kənddən çıxdı nədi. Biabır olduq.
Dərzi Kələntərin sözünə Abbasəli qüvvət verdi - Doğrudan da, biabır olduq. Qoruqçu Həşimin qızına vurulan damğa elə kəndə vurulan damğadı.
Araya səssizlik çökdü. Molla Qara cibindən qırmızı yaylığını çıxarıb ləzzətlə burnunu sildi. Molla Qaranın qırmızı yaylıqla burnunu silməsi bu dəfə də Qasımın gözündən yayınmadı. Nəsə demək istədi, amma fikrindən daşınıb yavaşca çiyinlərini çəkdi.
Gün günortadan ötmüşdü, amma qoruqçu Həşimin onuncu sinifdə oxuyan qızından bir xəbər yox idi. Hər yanı gəzib axtarmışdılar, ancaq qızı gördüm deyən yox idi, elə bil ki, o gözəl, o yaraşıqlı qız iynə idi, düşmüşdü ot tayasına, tapılmırdı ki tapılmırdı.
Günortadan iki saat keçəndən sonra qoruqçu Həşimin qızı əl telefonuyla sinif yoldaşı Zakirə zəng çalıb şəhərdə olduğunu bildirdi. Sonra da əlavə elədi ki, mən azad və sərbəst olmaq istəyirəm, qoy məni axtarmasınlar. Ömrümü-günümü kənddə çürüdə bilmərəm. - Bununla da qoruqçu Həşimin qızı söhbətinə yekun vurub telefonu qapatmışdı. O boyda kənddə qoruqçu Həşimin qızına bir nəfər haqq qazandırdı. Həmin o bir nəfər, qoruqçu Həşimin qızından dörd yaş böyük idi. Onun adı Lalə idi. Lalə beşinci sinfi bitirəndən sonra atası onu Moskvaya aparmışdı. Lalənin atası Moskva bazarlarının birində xiyar-pomidor satırdı. Lalə ərlik yaşına çoxdan çatmışdı. Bir aydan çoxuydu ki, atası onu kəndə gətirmişdi. O, avqustun əvvəllərində yenidən Moskvaya qayıdacaqdı. Lalə axşamüstü Zakiri evlərinə çağırtdırıb dedi: - Maral bir də zəng eləsə, mənim telefon nömrəmi ona çatdır. Ona yaxşı iş təklif edəcəyəm. İki-üç aya "cip"lə gəzəcək. Çox gözəl qızdır. Gözəl qıza da gözəl maşın layiqdir. - Sonra o, Zakiri qucaqlayıb bağrına basdı. Zakir özünü itirdi, bədəni əsdi, bir andaca rəngi kağız kimi ağardı. Bu, Lalənin daha da xoşuna gəldi. - Sonra isə Zakirə xəbərdarlıq elədi: - Ağzından bircə kəlmə qaçırsan, deyəcəyəm ki, Maralı yoldan sən çıxarmısan, o da qorxusundan qaçıb. Hamı mənə inanacaq, elə bu kəndin uçastkovusu da mənim sözümü təsdiqləyəcək. - Zakir heç kimə heç nə deməyəcəyi barədə and içdi və şalvarını geyinəndən sonra yazıq-yazıq Lalənin üzünə baxıb soruşdu: "Olarmı sabah da gəlim?" - Lalənin dodaqları arasından bir söz çıxdı: "Olmaz".
Aradan bir həftə keçdi. Bir gün axşamüstü dedilər ki, məktəb direktorunu işdən çıxarıblar. Düzü, bu xəbərə inanan olmadı, çünki Nəcəf müəllim otuz ilə yaxınıydı ki, məktəb direktoru idi. Hamı ondan razılıq eləyirdi və hər il də 20-21 məzundan ən azı on nəfəri ali məktəblərə qəbul olunurdu. Bu, rayonda böyük göstərici sayılırdı. İndi isə Nəcəf müəllimin məktəb direktorluğundan uzaqlaşdırılması yaxşılığa doğru heç nə vəd eləmirdi...
Nəcəf müəllim məktəb direktorluğundan uzaqlaşdırılan günün səhəri Molla Qara qırmızı köynək geyinmişdi, əlindəki təsbeh də qırmızı idi. O, dörd yolayrıcına çatar-çatmaz Bayram kişi gülə-gülə soruşdu:
- Ay Qara, toyamı gedirsən?
Bayram kişinin bu sualından Molla Qara diksinən kimi oldu. Başını qaldırıb Bayram kişinin gözlərinin içinə baxdı, amma heç nə demədi, dörd yolayrıcında da dayanmadı, sağa burulub çayxanaya tərəf yollandı.
Molla Qara çayxanaya çatar-çatmaz Bayram kişinin balaca nəvəsi yüyürə-yüyürə gəlib dedi ki, ay baba, atamla əmim dalaşırlar.
- Nəyin üstə, ay bala? - Bu sual Bayram kişinin ağzından qəfil çıxdı və həmin an da nəvəsi cavab verdi:
- Çil toyuğun üstə.
Bu sözə gülüşənlər də oldu, amma Bayram kişi özünü o yerə qoymadı:
- Hələ buna da şükür. Bu gedişlə bir çürük qoz üstündə camaat bir-birinin ətini yeyəcək.
- Bunu nəyə görə deyirsən, ay Bayram dayı? - Adamların içindən kimsə dilləndi. - Bayram kişi ayaq saxladı, başını sol çiyni üstündən geri döndərib dedi:
- Qara müəllim Molla Qara olandan elə bil ki, kəndi vurğun vurub. - Sonra da əlini ehmalca yelləyib deyinə-deyinə evlərinə sarı getməyə başladı.
- Bu nə deyir, ə, görəsən? - Balta Namaz təəccüblə çiyinlərini çəkdi.
- Ə, ağsaqqal düz deyir də... - Nəcəf müəllim az qala hirslənən kimi oldu. - İndiyə kimi bu kənddə belə biabırçılıq olmamışdı. Mənim 65 yaşım var. Hələ belə rüsvayçılıq görməmişdim.
- O hansı rüsvayçılıqdı, ay müəllim? - Kazım yerindən söz atdı.
- Özünü qanmazlığa vurma. Hər şeyi məndən yaxşı bilirsən. - Nəcəf müəllim dərindən köksünü ötürüb sözünə davam elədi: - Qara müəllimi işə mən götürmüşəm. Çox savadlı müəllimdi. Rəhmətlik atası yerli adam deyildi. Gəlmə idi. Qara müəllim bir neçə il yaxşı işlədi. Özünü gözə soxdu. Camaatın qəlbinə girdi. Axırı nə oldu? Müəllimliyin daşını atıb mollalığa girişdi...
Araya sakitlik çökdü. Amma bu sakitlik bir an çəkdi. Kimsə həyəcanla bildirdi: - Ay aman, Qasıma bir baxın. Hamı dönüb çayxanaya gedən yola sarı baxdı. Qasım müəllim ayaqüstə güclə dayanırdı. Səndələyə-səndələyə dörd yolayrıcına doğru gəlirdi.
- Görəsən, o niyə ayaq üstə dura bilmir? - Nəcəf müəllimin səsi titrədi.
- Görmürsən keflidi? - sərçə Kazım Nəcəf müəllimə tərs-tərs baxıb dilləndi.
- Necə yəni keflidi? Qasım müəllimin dilinə hələ bir qram araq dəyməyib. Onunla otuz ildir ki, bir məktəbdə dərs deyirəm. O hələ araq deyilən zəhirmara gözünün ucuyla da baxmayıb. Rəhmətlik babası Allah adamı olub. Elə atası da ürəyində Allah xofu gəzdirib. Bəs buna nə oldu belə?
Qasım müəllim səndələyə-səndələyə gəlib adamlara yetişdi. Ağzından selik axırdı. Gözləri qızarmışdı. Dili topuq vura-vura dedi: - Molla Qasım maqazindən çayxanaya dörd kletka araq gətizdirdi. Sonra kolbasa, konserv gətizdirib stolların üstünə düzdürdü. Gəlib-gedəni qonaq eləyir. - Sonra gözlərini süzdürüb Nəcəf müəllimin üzünə baxdı: - Burada nə dayanmısınız? Camaat orada kef çəkir. Məktəbin direktoru da, kəndin bələdiyyəsi də ordadı, amma aşıq Əlininki gətirmədi, yazığın sazını qırdılar. - Qasım müəllim ağlamsındı. - İndi də orada meyxana deyirlər. Ayə, bu araq nə gözəl nemət imiş. İndiyə kimi xəbərim olmayıb.- Qasım müəllim bu sözləri deyib yenə də səndələyə-səndələyə yoluna düzəldi. Hamı bir-birinin üzünə baxdı, heç kim dillənmədi, amma sükutun ömrü on saniyəlik oldu. Balta Namaz udqunub sevinclə bildirdi: - Gedim görüm orada neyləyirlər? Qasım müəllim doğrumu deyir? - Elə mən də gedirəm. - Sərçə Kazım da ona qoşuldu. - Gəlin gedək, - deyə aqronom Şəmil də balta Namazla sərçə Kazıma qoşuldu.
Nəcəf müəllim dörd yolayrıcında tək qaldı. Adamlar ondan uzaqlaşana kimi yerindən tərpənmədi. Əlilə ağarmış saçlarına sığal çəkdi. Qollarını çatıb nə barədəsə düşündü, sonra isə o da adamların dalınca çayxanaya sarı yollandı.
Nəcəf müəllim çayxanaya çatar-çatmaz içəridə qaraqışqırıq səsləri eşitdi, kimi fit çalır, kimi çəpik çalır, kimi də öz eybəcər və xırıltılı səsilə oxuyurdu: "Aman tello, tellocan, tello..." - Nəcəf müəllimin dalağı sancdı. Hələ indiyə kimi bu kənd çayxanasında belə həngamə olmamışdı. Əlini ürəyinin üstünə qoyaraq pəncərəyə yaxınlaşıb içəri boylandı. Gözlərinə inanmadı. Aşıq Əli boynunu büküb bir tərəfdə dayanmışdı. Gah stulun arxasını nağara kimi döyəcləyən balta Namaza, gah da simləri qırılmış qara sazına baxıb gözünün yaşını sel kimi axıdırdı. Eybəcər və xırıltılı səslə oxuyan aqronom Şəmil idi, yaşı yetmişi haqlasa da, içdiyi arağın təsirindən özünü tamam itirərək əlini qulağının dibinə qoyub bağırırdı: "Aman tello, tellocan, tello" və çox qəribəydi ki, o, ancaq bu sözləri təkrar eləyirdi, təkrar elədikcə də qışqırırdı, o qızışdıqca da hamı ona əl çalırdı. Çayçı Əbdül əlini belinə qoyub bığaltı şirin-şirin gülümsəyirdi. Məktəb direktoruyla kəndin bələdiyyə sədri şırtıq çalıb meyxana deyirdilər: Bu beşgünlük dünyada kef elə, hər gün, hər an kef elə". - Bir sözlə, çayxanada hərə öz bildiyini eləyirdi. Ağız deyəni qulaq eşitmirdi. Ortalıqda boş araq şüşələri vardı. Hamı içib keflənmişdi. Nəcəf müəllimin gözləri kəlləsinə çıxmışdı. Hələ də başa düşə bilmirdi ki, çayxanada bu nə həngamədir çıxarırlar. Birdən o, Qasım müəllimin sözlərini xatırladı: "Molla Qara çayxanaya Cəfərin maqazinindən dörd kletka araq gətizdirdi". Qasım müəllimin bu sözləri Nəcəf müəllimin yadına düşən kimi o, gözlərilə Molla Qaranı axtardı. İçəri siqaret tüstüsülə dolmuşdu. Adamları güclə seçirdi. Birdən onun gözləri çayxananın bir küncündə oturub gülə-gülə çəpik çalan molla Qaraya sataşdı. Gözləri alacalandı. Molla Qaranın papağı da, pencəyi də, köynəyi də, şalvarı da, ayaqqabısı da qırmızı rəngdə idi. O, başdan-ayağa qırmızı geyinmişdi. Əlində təsbehi yox idi. Molla Qaranın əlində qırmızı rəngdə bir qələm vardı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!