Sonuncu düşmən... - Yeganə Kərimzadə - hekayə

Darvazanı açıb, ətrafa səpələnmiş gilənar yarpaqlarına, böyrü üstə düşmüş qırıq plastmas kürsüyə, bir tərəfə topa ilə atılmış çürümüş kəndir qırıqlarına, tənhalıqdan pərişan hala düşmüş həyətə baxıb, düşündü ki, "deyəsən, həyatın dibi elə bu evdi".

İçəri keçəndə külək qapını necə çırpdısa, sanki o darvaza bir daha açılmayacaqdı.

Evin qapısını açanda üzünə çırpılan rütubət iyi onu dayanmağa məcbur etdi. Əlindəki yol çantasını, dəhlizdə yerə atıb, çiyninə keçirdiyi əl çantasını da onun üstünə qoyub, dəhlizdə var-gəl etdi. Döşəmə çox tozlu olduğundan ayaqqabısının izi yerdə aydın görünürdü. Görüb müşahidə etdikləri gözünə yad olsa da, özünü bu gördüklərinə alışdırmağa çalışdığı an evin baş tərəfindəki otaqda bir canlanma, köməyə çağıran hənirti hiss etdi. Diksinsə də, bu evdə onun üçün əvvəlinci və sonuncu olan otağa doğru gedib qapını astaca açdı.

Qırıq pəncərədən azıb içəri girən çöl göyərçini özünə heç cür yol tapıb, çıxa bilmədiyi üçün özünü divara çırpır, hər dəfə cəhdi boşa çıxdıqca heysizləşir, yerə düşən anda yenə özündə güc tapıb yerdən pərvazlanır, dar otaqda çırpınırdı. Leyla tez pəncərəyə doğru atılıb, onu açmağa çalışdı. Qədim pəncərənin rəzəsi pas tutduğundan onu açmaq asan olmasa da, qadın var gücü ilə dartıb onu açdı, pəncərələri taybatay açıb kənara çəkilsə də, göyərçin bəlkə də minnətdarlıq etmək üçün ona toxunub pəncərədən havaya, genişliyə doğru uçdu, havada dövrə vurub, sanki hara uçacağını müəyyən edib qanadlandı. Leylanın üzünə təbəssüm qondu, əlləri havada göyərçinin ardıycan əl etdi. Gözlərindən axan bir damla yaş üzü aşağı cığır açsa da, o, göz yaşının istisini bəlkə də heç hiss etmədi. Pəncərədən içəri əl edən əncir ağacının iri yarpaqları arasından saralan meyvələr qadının gözlərinə Günəş işığı kimi sevinc gətirdi. Çox da hündür olmayan daş hasarda ora-bura boylanıb, insan hənirtisindən diksinən kərtənkələ gizlənməyə yer axtaranda Leyla köks ötürdü, çevrilib illər öncə qovulduğu bu otağa göz gəzdirdi. İri taxtın üstünə atılmış, bir zamanlar, yəqin ki, qar ağlığında olan mələfələr elə qatlanmış vəziyyətdə saralmışdı. İri boş paltar dolabının qapıları açıq idi. Paltar asılandan sovet dövrünün hərbi nimdaş mundiri sahibini gözləməkdən heydən düşmüşdü. Leylanın əli mundirə sarı uzandı. O, sanki tanımadığı tanışının qollarını sığalladı. Birdən yay günündə bədənindən üşütmə keçdi. O səs bəlkə də mininci, milyonuncu dəfə qulaqlarında səsləndi:- Bu uşağı götürün, o mənim nəvəm deyil, ola da bilməz!..

Balaca, körpə qız əlləri ona uzanan xalanın əlini rədd edib, burdan asılan o vaxt hələ çox təzə olan mundirin qolundan yapışmışdı: - Baba!..

Üz yadında qalmasa da, qol onu rədd etmişdi. Yəqin, üzdə də qolun ifadəsi yazılıbmış.

Leyla balaca qızın o an üzünün, gözlərinin bu qədim komodun güzgüsündə o zamankı ifadəsini görməmək üçün gözlərini bərkdən qapadı. Yolboyu axıtdığı göz yaşlarının acısı elə o vaxtdan ürəyinə axmağa başladı. O böyüdükcə uşaq evində heç kim bu qızın göz yaşlarını görmədi. O ürəyində ağlamağa, ürəyində tərk edilməyə, ürəyində gizlin sevməyə özünü "məhkum" etdi. İndi sonuncu otağın pəncərəsinə söykənib sağa, sola "səpələnmiş" otaqların qapısını açmağa cəsarət etmədiyi vaxt son dəfə burdan çıxdığı günün acısını elə bu evdə yaşadığı an qədim ev yad səsdən "diksindi".

- Leyla xanım?!.

Leyla qapıya doğru getdi, orda dayanan qara kostyumlu, qara portfelli gənc kişini görüb ona maraqla baxdı. O, sevincək Leylaya yaxınlaşıb, - mən babanız...

Sözsüz ad və soyad deyiləcəkdi ki, onu Leyla eşitmək istəmirdi: - Bəli, mətləbə keçin.

Gənc kişi deyəcəyi sözü "udub", - Vərəsəlik məsələsi ilə bağlı işlə iki vəkil məşğul oluruq, sizi hava limanında qarşılayan mənim köməkçim Rauf Balayev olub. Belə görürəm, açarları sizə çatdırıb. Ümid edirəm rahatlana bilmisiniz doğma ocaqda.

Leylanın sərt baxışı onu susmağa məcbur etdi. Məsələni bildiyindən vəziyyəti yumşaltmağa çalışsa da, hiss etdi ki, buna hələ nail ola bilməyib.

- Sənədləri imzalamağa gətirmişəm.

Sənədləri elə qapıdaca Leylaya uzatdı. Leyla sənədlərə ötəri nəzər saldı, gözləri isə bir sözdə ilişib qaldı. "Bütün əmlakımı nəvəm Leyla Ruslan qızı Sadıqzadəyə vəsiyyət edirəm". Sonra uzun bir siyahı gəlirdi, lakin bu cümlədən o uzun siyahıdan bir söz, "nəvəm" sözü səs olub qulaqlarına dolur, hay-küylə evdə əks-səda verirdi: Nəvəm... Nəvəm... Nəvəm...

Leyla sənədləri imzaladığı an vəkil: - O, quru, sərt adam olsa da, sizi çox sevirdi.

Leyla vəkilə baxdı: - Baxır sevgini kim necə dərk edir.

Vəkil ona uzanan sənədləri alıb: - Siz də haqlısınız, bir an dayanıb Leylaya, baxımsızlıqdan pərişan görkəm alan həyətə baxıb, - hər nə olursa-olsun, sizə bu evdə xoşbəxt olmağı arzu edirəm. Sizi tapıb bura gətirmək üçün az əziyyət çəkmədim. Nəhayətdə mənim hansısa sözümə inanıb gəldiniz bir ilin tamamında.

Leyla bu insanın əzminə məəttəl qalmışdı: - Niyə, bu qədər əziyyətin səbəbi nədir?

- Bu, vəkil kimi mənim ilk işim olub.

- Hımm... Nə qazandınız?

Vəkil bir an fikrə getdi: - Leyla xanım, insan kökündən ayrı yaşaya bilməz. Bu ev sizi o köklərə bağlayacaq.

Leyla dodaqlarını büzdü: - O köklər çoxdan məhv edilib...

Vəkil Leylaya diqqətlə baxıb, həyətdən çıxarkən: - Bilmək olmaz, siz evlə yaxından tanış olun.

Vəkilin getməyi ilə evə, həyətə çökən səssizlik uğultuya çevrilib, Leylanın yaddaşını geri qaytardığı an telefon zəngi onu keçmişdən bu günə qaytardı. Onun telefona baxan gözləri güldü: - Oğlum...

- Ordasan?

- Hə, oğlum.

- Səsin niyə belədi?

- Hər şey qaydasındadı. Bacın neynir?

- Bildiyin kimi atan iş səfərində, bacın dərsdə. Bir xəstən sağ ol deməyə evə gəlmişdi.

- Kim?

- Hans.

- Sağ olsun.

Leyla birdən fikir verdi ki, bayaqdan oğlu ilə öz ana dillərində danışırlar, baxmayaraq iyirmi ildən çox Almaniyada yaşayırdılar. Uşaqlar da orda doğulmuşdu. Leyla düşündü, yəqin elə kök budu.

Oğlunun səsi gəldi: - Nə vaxt qayıdacaqsan evə?

Bu vaxt Leyla telefonla danışa-danışa otaqlardan birinin qapısını açdı. Heyrətdən yerindəcə dondu, oğlu da susdu, sanki o da anası ilə birgə bu otağın qapısından içəri keçib gördükləri qarşısında susmuşdu.

Evin yuxarı başında Leylanın ata-anası ilə birgə uşaqlıq şəkli böyüdülüb divardan asılmışdı. O şəklin yanına sıra-sıra uşaq evindəki Leylanın ilbəil böyüyən şəkilləri asılmışdı. Tankın üstündən baxıb gülümsəyən tanış çöhrə, yəqin, babasının cavanlıq şəkli idi. Leyla ata və anası ilə olan şəklə yaxınlaşdı, onların üzünü tamamilə unutmuşdu, axı onda çox balacaydı. Yaddaşında isə bu evə gəldiyi gün eşitdiyi söz qalmışdı: "Hər ikisi naməlum şəxslər tərəfindən güllələnib, uşaq tam təsadüfən sağ qalıb".

Babası bu sözdən sonra - oğlum... Deyib, oturmuşdu. Leyla babası oturan qəhvəyi rəngli meşin qoltuğa baxdı. O vaxt divar saatı üç dəfə zəng çalmışdı. Gözü o saata baxanda əqrəblərin üçün üstündə dayandığını gördü. Gözündən axan yaşı silmək istəyəndə masa üstə düzülən boşqabları görüb, Leyla babası oturan qoltuğa çökdü. Hər şey gözlərinin önündə canlandı. Keçmişə bu günün gözü ilə baxanda mənzərə tam başqa cür görünürdü.

Babasıgilə qonaq gedirdilər. Yolboyu atasına babası ilə bağlı suallar verirdi: - Babam müharibədə olub?

- Almanlarla döyüşüb, qızım.

- Baba tank sürə bilir?

- Hə, qızım.

- Mən babama oxşayıram?

- Çoooxxx...

- Bəs anama?

Anasının gözəl gözləri qızına sarı çevriləndə maşınlarının qarşısına keçən iri yük maşınını görən ata maşının əyləcini basır. Hələ nə baş verdiyini bilməmiş yük maşınından düşüb, onlara sarı gələn üzü bağlı adamları görəndə ata əli ilə arxa oturacaqda oturan qızını aşağıya sürüşdürdü anası isə uşaq yorğançası ilə əl çantasını Leylanın üstünə atmağa macal tapdılar. Bunun oyun olduğunu düşünən qız sakit oturub, nə olacağını gözlədiyi vaxt iki güllə səsi gəldi. Xeyli sonra kimsə maşına baxmağa gələndə Leyla ata anasını oyatmağa çalışırdı.

Babasının evində, - o mənim nəvəm deyil! Sözü ilə hər şey unudulub getmişdi, yaddaş silinmişdi. Leyla bu gün düz qırx il geriyə dönüb, beş yaşın yaddaşını təzələməyə çalışdığı vaxt dərk etdi ki, bu ev bütün sualları cavablamaq üçün onun yolunu qırx ildi gözləyir...

Leyla birdən hiss etdi ki, oğlu hələ də onun danışmağını gözləyir, - Burada hər şey başqa cür görünür.

- Səni başa düşməyə çalışıram.

- Zəng edəcəm, oğlum.

Leyla telefonu söndürüb, otaqları gəzməyə başlamışdı.

Evlər başdan-başa onun şəkilləri ilə bəzədilmişdi. Bu şəkillər Leylanın uşaq evində kənardan, özü də bilmədən çəkilən şəkilləriydi. Bir də daima uşaq evinə gələn, hər gəlişi bir dünya sevinc olan generalla olan şəkli görəndə Leyla donub qaldı. Əslində, babası həmişə onun yanında olmuşdu. Leylanı həkim olmağa həvəsləndirən də o olmuşdu. Toyunda xeyir-duasını da o vermişdi. Leyla kimi ata-anasız böyüyən həyat yoldaşının xaricə, Almaniyaya işləməyə getmək söhbəti düşəndə qoca general etiraz etmişdi, - onlar düşməndi desə də, gənclər gülmüşdülər, - o sovet dövründə qaldı, desələr də, general etiraz etmişdi: "Düşmən elə düşməndi, hansı dövr olsa da fərqi yoxdur".

Yollar ayrılmış, general rəhmətə getmişdi. Leylanı vətənə bağlayan yeganə dost insandan sonra onu bura bağlayan bütün iplər qırılmışdı. Birdən məlum olur ki, onu axtarırlar. Üzünü belə unutduğu babasının bütün əmlakını "sonuncu düşmən" öləndən sonra nəvəsinə keçməyi barədə imzaladığı vəsiyyətnaməsi işə düşür.

Leyla evdən uşaq evinə aparıldığı gün babasının əynindəki polkovnik mundirini dolabdan götürüb üzünə yaxınlaşdırdı. Keçmişin ətri gəlirdi o mundirdən. O, otaqları gəzir, hər küncdə bir iz, bir xatirə axtarırdı. Nəhayət, mundiri yemək otağında masanın baş tərəfindəki kürsüyə keçirib, paltarını dəyişdi, evi təmizləməyə ilk pəncərələri açmaqla başladı. Oğluna zəng edib, - oğlum, əslində, o məndən məni qorumaq üçün imtina edibmiş, dediyi vaxt açılan qapı səsinə diksinsə də, içəri dolan Bakı küləyini gözlərini yumub ürəklə sinəsinə çəkərkən açılan güllə səsinə gözlərini açanda, qarşısında öz həyat yoldaşını görüb, nəsə demək istəyəndə ikinci güllə onun sözlərini yarımçıq kəsdi.

Oğlu: - Ana! - deyə çığırsa da ona cavab verən olmadı.

Sənədlə Fransada iş səfərində olan Leylanın həyat yoldaşı, generalın sonuncu ölən düşmənin çox məxfi, yad gözlərdən uzaq böyüdülən oğlu iyirmi iki il bu günü gözləmişdi. Əslində, o da öldürəcəyi adamın öz qadını, sevdiyi həyat yoldaşı olduğunu bilmədən içindəki qisas hissi ilə yanıb yaxılmışdı.

O yerə yıxılarkən babasının kitelini qucaqlayıb sinəsinə sıxan Leylanın başının üstündə dayanıb, bir xeyli çaşqın-çaşqın baxandan sonra əyilib Leylanın saçlarını üzündən kənara çəkib, - baban babamın yolunda durmasaydı, onu ifşa etməsəydi, hər şey başqa cür ola bilərdi. Mənim babam vətən xaini, sənin baban general olsa da, onlar döyüşə bir kənddən eyni gündə yola düşmüşdülər...

Leylanın telefonuna zəng gələndə o, tez evdən çıxıb gözdən itməyə çalışdı.

Leyla xəstəxanada ayılanda yanında oğlu ilə qızını görüb gülümsədi. Vəkil də burda idi. Həkim palatadan çıxanda: - Kolleqamı çox yormayın, - deyib getdi.

Oğlu əlindən tutub: - Kim idi, gördün, qorxdun?

Qızı isə anasının sağ qalmasına sevinib, sevincdən ağlaya-ağlaya: - Biz sənsiz necə olardıq? - deyib, palatadan çıxdı.

Vəkil xəbərdarlıq etdi ki, polislər gəlib sorğu-sual üçün.

Polis palatanı boşaltdırıb, ilk sualını verdi: - Sizə güllə atan adamı gördünüz?

Leyla palatanın pəncərəsinə tərəf baxdı, günəş gözünü qamaşdırdı, amma üzünü polisə sarı çevirmədən:- Sevdiyim adam.

Polis: - Adını deyə bilərsiniz?

Leyla qolunu gözlərinin üstə qaldırdı və az qala pıçıltıyla: - O, sonuncu düşmən idi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!