Babamdan sonra nə yaza bilərəm ki?!
Fyodor Mixayloviç Dostoyevskinin nəvəsi Aleksey Dostoyevski Peterburqda yaşayır. Universitet məzunu olmasına baxmayaraq, tramvay sürücüsü işləyir. Eyni zamanda yaratdığı rok qrupunda gitarada ifa edir. Dostoyevski kimi böyük bir yazıçının nəvəsi, görəsən, niyə əlinə qələm alıb nəsə yazmır? Aleksey bu suala belə cavab verib: "Yazıçı olmaq üçün istedad və həvəs lazımdır. Bu isə məndə yoxdur. Olsa belə, babam Fyodor Dostoyevskidən sonra nə yazmaq olar ki?!".
Televiziya ulduzu Tolstoy
Lev Nikolayeviç Tolstoyun nəvəsi, 1971-ci ildə doğulan Fekla Tolstoya Rusiyada çox tanınmış bir adamdır. O, televiziya ulduzudur. Filologiya ixtisasının məzunu olan Fekla 4 dil bilir. Bundan əlavə, rejissorluq təhsili də alıb. Universitet illərində ofisiant, aktyor, qəzetçi kimi bir-birindən fərqli işlərdə özünü sınayıb. Müxtəlif mədəniyyət verilişlərinin kamera arxasında işlədikdən sonra Fekla öz TV verilişinin aparıcısı olub. Tolstoyların bir qismi nəvə Feklanın seçdiyi sənəti dəstəkləyir, amma bəziləri onun akademik karyerasından uzaqlaşıb şou dünyasının parçasına çevrilməsinin onların nəslinə utanc gətirdiyini düşünür. O isə bütün bunlara belə cavab verib: "Bu qədər böyük bir dünyada tanınmış bir ailənin parçası olmaq çox gözəldir, amma adamın çiyinlərinə çox ağır məsuliyyətlər yükləyir. Bəzən də seçimlərinin qarşısında maneəyə çevrilir. Nə edim? Bu da mənim seçimimdir".
Puşkin ilə Qoqol qohum oldu
XIX yüzildə dünya ədəbiyyatının iki nəhəngi - Puşkini "Yüzbaşının qızı", Qoqolu isə "Bir dəlinin xatirə dəftəri" romanları ilə xatırlayarıq. Yaxşı, bəs, bu iki nəhəng heç düşünərdimi ki, 200 il sonra nəvələri evlənəcək və iki nəsil qohum olacaq? Qoqolun bacısı Yelizavetanın oğlu ilə Puşkinin nəvəsi evləndi və iki yazıçı qohum oldu.
Basketbol müəllimi Qorki
1868-1936-cı illər arasında yaşayan məşhur yazar Maksim Qorkinin "Ana" romanını, yəqin ki, oxumayan yoxdur. Qorkinin bu gün Moskvada yaşayan nəvəsi babasının adını daşıyır: Aleksey Peşkov.
Peşkov, uşaqları və gəncləri narkotikdən qorumaq üçün bir kitab hazırladı. Ancaq yazar olmağı yox, basketbol müəllimi olmağı seçdi.
Bulqakovun vəfalı ögey nəvəsi
1891-1940-cı illər arasında yaşayan, rus ədəbiyyatının dünyaya qazandırdığı qara mizahçı Mixail Afanasyeviç Bulqakovu "Master ilə Marqarita", " Molyer" kimi əsərləri ilə tanıyırıq. Bulqakovun iki həyat yoldaşından heç birindən uşağı olmadı. İkinci həyat yoldaşının oğlu Sergey Şilovkini öz doğma oğlu kimi sevirdi. Bütün mirasını oğluna vəsiyyət elədi. O da öz uşaqlarına. İndi də yaşayan ögey nəvəsinin adı Sergey Şilovskidir. Şilovski Peterburqda babasının adına yaradılan muzeyin başçısıdır. Bulqakovun kitablarının çapı və film çəkilməsi ilə bağlı layihələrlə də özü maraqlanır.
Çexovun saxta nəvəsi
Rus televiziyasında Anton Çexovun soyadını istifadə edən seks ulduzunun əsl adı Saşa Korçunovadır. O, haqqında yaydığı "Çexovun nəvəsi" şayiələri ilə məşhur oldu. Rus kanallarının birində "Anfisa Çexova ilə seks" adlı verilişini Anton Çexov görsəydi, buna gülərdimi, ağlayardımı, bilmirəm. Amma bir həqiqət var. Ki, Anton Çexov rus ədəbiyyatının ulduzu, saxta nəvəsi Saşa Çexova isə rus televiziyasının ən cazibədar ulduzudur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!