Adamlarımızın bir qismi toyda, şənlikdə içki içər, rumka qaldırar, iş sağlıq deməyə gələndə ya hansısa şairdən şeir deyər, ya bəlağətli-bəlağətli cümlələr qurar, ya da tamadadan ana, ata şeiri istəyər. Yəni istənilən halda araq içdinsə, bir az poetiklənməlisən.
Bu adət-ənənə təkcə sadə adamlarımızda yox, elə şairlərimizdə də hər daim zühur eləyib. Sovet dövründən bu yana səngimək bilmir. İndi bizim ən yeni nəslin içində də belə gənclər var. Məsələn, biri düşünür ki, sevgidən yazmaq üçün tez-tez sevib ayrılmalısan. O biri düşünür ki, yazmaq üçün mütləq kafe köşələrində açarını itirənə kimi içməlisən. Axı niyə?
Haqverdiyevin "Mirzə Səfər" hekayəsi yadıma düşdü. Məlum "şairlik havası". Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb, şeir öz-özünə su kimi axacaqmış. Qafiyə tapmaqda çətinlik çəkdikdə iki dəfə hirslə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılarmış.
Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəlir evə. Mirzəyə demişdilər ki, şərab, əlbəttə, gərək qırmızı olsun ki, yarın dodaqlarına oxşasın. Şərabı masanın üstünə qoyub, papağı bir tərəfə, çuxanı o biri tərəfə atıb, yaxasını açıb, başının tüklərini pırtlaşdırıb, özünə bir laübali sifət verib aynaya baxır və deyir:
- Afərin, Səfər, indi xalis şairsən!
Şərabdan bir stəkan töküb içəndən sonra görür ki, gözləri qızarıb, daha şairliyinə şəkk ola bilməz.
Baxın, faciə elə budur! Başqa xalqlarda sözə, şeirə, şairliyə bu cür yanaşan adamlara rast gəldinizmi?! İnanmıram...
Şairləri insanlara doğru-düzgün tanıtmaq lazımdır. Nə vaxta qədər bizi görən adamlar "şair, anama şeir yaza bilərsən?" deyəcək? Nə vaxta kimi adamlar bizə içki qonaqlığı verəcək ki, şair təbi gəlmək üçün mütləq içməlidir? Nə vaxtacan adam bizi görəndə üstümüzə turşu xiyarla gələcək?
Şair xalqmışıq...
Eqomuz fəvvarə kimi göyə qalxır...
Və ordan ilahi bir don da geyinir özünə. Guyammış, şeir şairə gələn ilahi vəhydir. Əlbət ki, yaradıcılıq ilahi faktdır. Amma bu dərəcədə şişirdilmiş, seyid, üləma havasına qalxmamalıdır. Şeir ürəklə beynin əl-ələ verib işləməyidir. Şairin bir ayağı yerdə, bir ayağı havada olmalıdır. Daha ərşə qalxıb oradan adamlara "mən şairəm ha, mənə hörmət edin, qonaq verin, yaşadın məni" ədasıyla göz süzdürməməlidir. Mən belə düşünürəm.
Ancaq mənim kimi düşünən adamların sözləri bəzən bunlara təsir edir və göydən tappıltı ilə yerə düşüb olurlar ateist. Guyammış, müasir yazıçı, şair ateist olmalıdır, hər çıxışında Allahı, dini tənqid etməlidir. Yoxsa yaza bilməz.
Bizim bu Mirzə səfərlərə elə Mirzə Səfərin atası kimi ata lazımdı. O Mirzə Səfər ki, stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub qələm götürür, dörd, beş dəfə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzinir.
Ha fikir edirsə, şeiri başlamaq mümkün olmur. Bir stəkan da içir. Beyni bir qədər də qızışır. Əyləşib qələmi alır, gözəl xətlə yazır:
Darvazamızı fələk vurubdu!
Ha çalışsa da, ikinci misra gəlmir. Neçə dəfə təpiyini yerə çırpır, şərabın hamısını içir, misra gəlmir ki gəlmir.
Mirzənin atasının evində saat birdə nahar edilirdi. Bu dəfə saat bir olur, ikidən addayır, Mirzə nahara gəlmir. Atası təşvişə düşüb otaqdan çıxır.
Oğlunun pəncərəsinin yanından ötərkən nə görür: oğlunun sifəti nartək qızarmış, gözləri böyümüş, başı, libası pəjmürdə, tər alnından sel kimi axır, otaqda o baş-bu başa dayanmadan yüyürür, hərdənbir otağın ortasında dayanıb, ayaqlarını hirslə yerə çırpıb deyir:
"Darvazamızı fələk vurubdu,
darvazamızı fələk vurubdu,
darvazamızı fələk vurubdu!".
Atası qapını açıb otağa daxil olur:
- Ay oğul, bu nə halətdi səndə?
Mirzə Səfər atasının sözlərini əsla eşitməyib qışqırır: "Darvazamızı fələk vurubdu!".
Yazıq kişi yəqin edir ki, oğlunun başına hava gəlib. Stola tərəf yavuqlaşıb, kağızda yazı görüb oxuyur:
"Darvazamızı fələk vurubdu!".
Burada atası anlayır ki, oğlu şairlik fikrinə düşüb, divanəlik haləti yoxdu.
İrəliləyib, oğlunun boynundan yapışıb deyir:
Darvazamızı fələk vurubdur!
Səntək bişüuru mənə veribdi.
- Gəl, axmaq balası, naharını zəhrimarlan. Nə qədər məndən şair oldu, bir elə səndən ola.
Ah, Haqverdiyev... Necə də doğmasan mənə. Səndən sonra neçə-neçə illər keçib, bizim şairlər, yazıçılar anlamırlar ki, ta o dövr deyil. Mirzə Səfərin bir mənfi tərəfi var, o da bu şairlik havasıdır. Yoxsa nə olub ona? Mirzə Səfər üçün təmiz ad hər cür maldan, dövlətdən əzizdir, yüksəkdir, yaltaqlardan da zəhləsi gedir. Mirzə Səfərin vicdanı pak və təmizdir. İdarə işçilərinin çoxu rüşvətlə baş girlədikləri halda, Mirzə Səfər insanı alçaldan bu çirkin əmələ nifrət edir.
Bəs bunlar? Bunların hansı müsbət tərəfi var?
Biz nə vaxt qızıl ortanı tapacağıq? Deyirsən ki, yaltaq olma, gedib müxalifətçi olurlar, deyirsən ki, içmə, gedib dindar olurlar, deyirsən ki, xalqı aşağılama, gedib xalqa yaltaqlanırlar. Amma heç cür qızıl ortanı tuta bilmirlər.
Şair haqqında o qədər yanlış fikir yaradılıb ki, adam ağzını açıb şeir yazıram deməyə utanır. Bir də görürsən, bir şair haqqında veriliş hazırlanır. Şairi ağaclığın içində o baş-bu baş gəzdirirlər. Şair gah ağaca söykənib fikrə dalır, gah başını qaldırıb göydə uçan quşlara baxır. Fonda isə ya onun "məşəqqətli" həyatından bəhs edilir, ya da hansısa kədərdən can vermiş şeiri səsləndirilir. Yəni bizim şair guyammış bütün dünyanın yükünü çiyinlərinə götürüb, hər an kədər içindədir. Yəni o, ömrünü beləcə, ağaca söykənməklə, quşlara baxmaqla keçiririr.
Sözümün canı bu ki, bəlkə bizim şairləri fələk vurubdu, xəbərimiz yoxdu?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!