Günel EYVAZLI
Dinclikdə yaşayan rahib evində,
Nə qızıl görərsiz uca dağ boyda,
Nə parlaq mərmərlər göz qamaşdırar.
Hətta Rafaelin əsərlərini
Divarda asılan görməyəcəksiz.
Yalnız üç ayaqlı masa ortada.
Aleksandr Sergeyeviç Puşkin
Puşkin doğru söyləyirdi. Bir rahibin sadə yaşayış tərzini, evini təsvir edərkən zənginlik elementi sayıla biləcək nəsnələr arasında Rafael Santinin sənət əsərlərini də xüsusilə vurğulayır. Onu zənginlik atributu kimi qeyd edir.
Bəli, Rafael Santi İntibah dövrünün ən parlaq nümayəndələrindən biri idi. Onun kilsə divarlarına həkk etdirdiyi freskalar, dövlətli insanların sifariş verdiyi rəsm əsərləri, öz təxəyyülünün məhsulu olan sənət nümunələri indinin özündə də möhtəşəmliyini, insan cizgilərinin ən ülvi təsvirinə görə diqqətəlayiqliyini itirməmişdi.
Rafael təkcə rəssam deyildi. Onda İntibah dövrü sənətkarlarını birləşdirən ümumi cəhət var idi. Bu da sənət əsərlərində özünü büruzə verən elmiliyi, özünəməxsus fəlsəfəsi idi.
Rafaelin rəsmlərində bütün elementlər təsadüfi olaraq seçilməmişdi. Hətta az şəxsin fonunda çəkilən rəsm əsərlərinin daxili qatında belə qalaktikanın spiralvari dövriyyəsini, mətnlərdə izahı mümkün olan fantastik gəlişmələri, fəlsəfəni və rəssamın bu əsər ilə nə demək istədiyini görmək mümkündür. O, İntibah dövrü rəssamlarının çoxunun tətbiq etdiyi struktur quruluşundan istifadə edirdi. Yəni rəsm yaranmamışdan öncə rəsmin strukturu yaradılırdı. Məsələn, ən məşhur "Afina məktəbi" freskası bu qəbildəndir. Öncə otaq rəsmə alınmış. Əlahəzrət oval, arka elementləri sıra ilə düzülmüş, fon həmin dövrün möhtəşəm məktəbini diqqətə çatdırmaq üçün çərçivələnmiş, daha sonra personajlar rəsmə əlavə olunmuşdu. Əlbəttə, o, obrazları da yerinə, öz düşüncəsində olan sıralanmasına və ümumiyyətlə tarixə, fəlsəfəyə bələd olan bir insan kimi həmin şəxslərin dünya fəlsəfə məktəbinin təşəkkülündə olan ardıcıllığına görə sıralamışdı. Bəli, mərkəzdə Platon və Aristoteldir. Daha sonra digərləri gəlir. Həmin mütəfəkkirlərin ardıcıllığı, kiminin sağ, kiminin sol fonda yerləşməsi də təsadüfi seçilməmişdi.
Sima
Əslində o dövrün mütəfəkkirlərinin yalnız adları və fəlsəfi traktatları bizə məlumdu. Şəxslərin hansı görkəmdə olması, üz cizgilərinin necəliyi rəssamlığın bir sənət olaraq inkişafından sonra forma və biçimə malik olmuşdu. Bəli, rəssam həmin surətləri, üz cizgilərini obrazlara verməmişdən öncə onların yaratdığı mətnlərlə tanış olmuş və öncə təxəyyülündə o surətləşməni aparmışdı. Həmçinin o dövrün heykəltəraşlıq abidələrini, rəngli qablar üzərində sənətkarların yaratdığı formalar, üz quruluşlarının necəliyini, həyat tərzlərini öyrənmişdi. Necə ki, İsanın şəkilləndirilməsi Dionisin, Prometeyin şərəfinə yaradılmış heykəllərin ətraflı öyrənilməsindən sonra o quruluşu almışdı və s.
Yəni rəssamlıq yalnız əlimə fırça aldım və çəkdim deyildi. İntibah rəssamları həm də araşdırmaçı, tədqiqatçı idilər.
Dahilərin şəkilləndirilməsi bizim regionda nisbətən gec başlamışdı. Bizlər surətini əzbərlədiyimiz mütəfəkkirləri (Nizami Gəncəvi, Fizuli və b.) sanki real surətlər kimi qavrayırıq. Əslində isə onlar rəssamların təxəyyüllərinin və şəxsin yaradıcılıq nümunələrinin tanışlığı nəticəsində yaradılan surətlərdi.
Rafael öz rəsm əsərləri ilə danışmağı və düşündürməyi bacarırdı. O, başqa surətləri yaratmaqla bərabər özünü yaratmağı da unutmurdu. Göydən enən şəkildə yaradılmış müqəddəs İsanın üz cizgilərində Rafael öz incə ruhlu, səmimi, saf surətini cızmağı da rahatlıqla bacarmışdı. Yəni kilsənin müqəddəs hesab etdiyi, insanların tapındığı İsa obrazı niyə Antik dövr heykəl nümunələrinin təqribi qavranılması nəticəsində yaranmalıydı. Ən yaxşısı əlinə ayna alıb həmin müqəddəs simada özünü əks etdirmək idi. Rafael isə bunu etməyi bacarır.
İsa surətində yaradılma özünə olan qiymətin yüksək həddi idi. Özünü yüksək qiymətləndirmə idi əslində. Həm də o, hamıdan fərqli istedadının olmasını hiss edirdi. Yəni bunun fərqində idi. Daha doğrusu, ona verilən qiymətdə də bunu görürdü. Rəssam sağlığında məşhurluğun, sifariş bolluğunun, qiymətləndirmənin, zənginliyin dadını çıxarırdı.
Rafael 1483-cü ilin 6 aprelində İtaliyada dünyaya gəlmişdi. Səkkiz yaşında anasını, ondan üç il sonra atasını itirmişdi. Bir çoxları gəncin maraqlarına və istedadına şahid idi. Onun bacarığını sezənlər bu istedada arxalarını çevirmirdilər, əksinə, onun daha da rövnəqlənməsi üçün güclərini səfərbər edirdilər. Rafael Mikelancelo və Leanardo da Vinçinin müasiri idi. Onun uğurları erkən başladı. Hələ gənc yaşlarında müxtəlif sifarişlər aldı. Bacarıq və qabiliyyət onu kilsə qapılarına gətirdi. O zamanlar freskaların yaradılması ilə məşğul olan digər dahilərdən fərqli olaraq o, əlinə götürdüyü işi sona qədər tamamlamağı bacarırdı. Bu da onun uğur pilləsinə çevrilirdi.
Tondo
O dövr İtaliyasında dairə belə adlanardı. Rafael kətan üzərində və ya divar üzərində həmin ovalı və ya arkanı qurduqdan sonra çəkmək istədiyi rəsmə start verərdi. Oval daxilində daha çox Məryəmlər çəkilərdi. Niyə görə Məryəmlər? Əslində Rafael yaradıcılığında küllü-miqdarda qadın portretləri qalereyası var. Bu çoxluq həmçinin onun müxtəlif naturalarının olmasından, bir çox qadınlarla tanışlığından xəbər verirdi. Əslində o, bu tanışlığa həm də məcbur idi. Davamlı olaraq surət çəkiminə zamanını ayıran rəssam müxtəlif qadınlarda bəyəndiyi surət incəliklərini, üz cizgilərini rəsm edirdi. Məhz onun sayəsində bizlər o dövrün qadın xarakteristikaları ilə tanış olmuş oluruq. Həm də müqəddəsləri canlandıran rəssam real qadın cizgilərindən faydalanırdı.
Sənət digər sənətin yaranması üçün ilham mənbəyidir daima. Rafael bəzən sənət əsərinə başlamamışdan öncə hər hansı bir əsəri oxumağı da unutmurdu. Məsələn, o, italyan bankiri Aqostino Kidjenin sarayında freska çəkilişinə başlayarkən italyan yazıçısı Baldessare Kastelyone ilə məktublaşırdı. Onlar orada Anjelo Politsianonun poemasını müzakirə edirdilər. Bu poemada baş obraz olaraq Qalateya verilmişdi. Qalateya ona dəlicəsinə aşiq olan Polifemə gülürdü. Və bu istehza o qədər qabarıq və canlı təsvir edilmişdir ki, Rafael əsərlə tanışlıqdan sonra vəcdə gəlmişdi. Beləliklə, oxunuşla paralel müzakirələr, davamlı yazışmalar "Qalateyanın triumfu" freskasının doğulmasına, yaranmasına səbəb oldu.
"Məni öz çamadanınızın
içində aparın"...
Ölümünə az qalmış Puşkin öz dostu ilə ünsiyyət zamanı dostunun İtaliyaya səfər etməsini eşidib bu sözləri ona söyləmişdi. Qəribədir, şair bütün ömrü boyu yalnız oxuduqları, eşitdikləri əsnasında sərhədin o tayında olan ölkələri təsəvvüründə canlandırırdı. O, viza gözləntisində ömrünü tamam etmişdi.
İtaliya şairin ən böyük məhəbbəti idi. Elə bir məhəbbəti ki, ona yetə bilmir. Ümumiyyətlə, sənət adamını sənət ilhamlandırır mövzusu olduqca genişdir. Dillər əzbəri olmuş Dostoyevski kəlamı - "Dünyanı gözəllik xilas edəcək" fikirlərinin doğuluşuna da bəlkə böyük Rafael səbəbkar idi. Dostoyevskinin sənət əsərlərinə həssaslığı var idi. Xüsusilə Rafael Santinin "Sikstin Madonnası"nı daha çox sevərdi. Hətta saatlarla gözlərini rəsmdən çəkməzdi. Bu rəsm ona xüsusi güc və həvəs verirdi. Həyat yoldaşı öz xatiratlarında Dostayevskinin bu rəsmdən yüksək ruhi işıq aldığını söyləyirdi. Təsadüfi deyil ki, yazıçı divan üzərində dünyasını dəyişəndə divarda məhz bu sənət əsərinin reproduksiyası asılmışdı. Yazıçı ölüm evinə gedənə qədər əsərə doya-doya baxmışdı. Bəlkə doğrudan da insan düşüncəsini, insan təfəkkürünü, həyata baxışını yalnız sənət gözəlliyi xilas edə bilər?
Puşkinin qəlbi rəssamın dahiliyindən daha çox onun erkən, arzularının hələ tam gerçəkləşmədiyi bir zamanda dünyadan getmiş Rafael üçün sızlayırdı həm də. Rafael Puşkinə naturaca çox yaxın idi. Ermitajda onun rəsm əsərlərini görən Puşkin sonra sevimli İtaliyasına və dəyər verdiyi rəssamına silsilə şeirlər yazmışdı.
37 yaş bu qədər sənət əsəri yaratmış bir rəssam üçün çox erkən idi. Çünki yaradıcılıq nümunələrini Rafaelin yaşına görə sıraladıqda hər yeni yaşında daha professional olduğunun şahidi oluruq. Rafael rəsm-rəsm, freska-freska böyüyüb dahiləşirdi. Erkəndə müşahidə edilən sadə cizgilər sonra daha da mürəkkəbləşirdi. Rəsmlərinin canına hopan dahilik nidası onun yüksək mətn zövqünün, fəlsəfəsinin, dərrakəsinin, həm də elmliyinin nəticəsi idi. 37-dən sonra hələ nələr yarana bilərdi. Puşkin yəqin ki, elə həmin anda özü də bilmədən öz nakamlıq həyatını tamamlayırdı. Şüuraltı diktə, onu eyni yaşda duel qurbanı edir.
Kimin qəlbi duyub, vəcdə gələrək
Tutub gözəlliyin sirrindən xəbər?
Kimin fırçasıyla çəkilib görən,
İlahi, bu qüdsi-parlaq cizgilər?
Sən dahisən!.. Lakin eşqin əzabı
Səni həlak edib. Lal nəzərlərin
Zillənib çəkdiyin şəkilə tərəf.
Qəlbinin atəşi sönəcək yəqin.
A.S.Puşkin. "Yarımçıq şəkil".
Tərcümə Ə.Ənvər
Rafaelin ölümünün səbəbləri tam məlum deyil. Onun düzgün olmayan həyat tərzi haqqında bəzi mənbələrdə məlumatlar var. Əslində o, səllimi, qadın düşkünlüyü tərzini hamıdan gizlədirdi. Amma gizlətsə belə, surət axtarışı, bəlkə də özünü axtarış, bəlkə də təklikdən qurtuluş yolları onun ölümünə fərman verir. Puşkinin qeyd etdiyi kimi eşq əzabı onu həlak edir. Sağlığında Divino - İlahi statusuna yiyələnən Santi qızdırma və üşütmə ilə növbəti əyləncəsindən evə qayıdır. Yəqin o, ölümün astanasında olmasının fərqində idi. Yalnız ölüm, çağırılmamış qonaq kimi onu üşüdə bilərdi. Bu isə, qorxu titrəməsi yox, daha çox can ağrısı, təklik ağrısının üşütməsi idi həm də. Sevimli Rafael məhz həmin gün, öz doğum günündə, 37 yaşında dünyaya əlvida söyləyərək öz dahi sənət əsərlərini bu dünyada miras qoyaraq gözlərini əbədi yumur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!