Snayperçi əsir - erməni qızı... - Qəşəm İsabəyli - hekayə

Hisslərin ən alisi məhəbbətdir...

1

Növbəti əsgəri də cərrahiyyə stoluna uzatdılar. Səhra həkimi mələfəni çəkib, güllə yarasına baxan kimi güldü.

- Xeyirdimi, doktor?! - Qapının ağzında dayanmış komandir incik soruşdu.

Acı gülüşün soyuq təbəssümü xətt kimi sifətində səyriyən həkim yanpörtü çevrildi:

- Gözün aydın, cənab polkovnik!

Aşkar kinayəni həzm eləməyə məcbur olan komandirin qaşları çatılıb yanaqları burnuna sarı dartıldı:

- Möcüzədi ki!

- Bu uşaq cəbhənin hansı tərəfində vurdurub özünü?!

- Vurdurub nə deməkdi?!

- "Ehtiyatlı igidin anası ağlamaz"?!

- Müharibədi...

- Nəyə istəyirsən and içim, bunu vuran həkimdi!

- Nədən bilirsən?

- Bir aya beş əsgər gətirmisiniz, beşi də eyni yerindən güllə yarası alıb. Erməni snayper elə bil qəsdən öldürmək istəməyib bizimkiləri. Nəsə burda bir hikmət var.

- Allah üzümüzə baxıb ki!

- Ölsəydilər bundan yaxşı olardı!

- Hippokratın ürəyinə dəyirsən, ha, doktor!

2

Əfqanıstan veteranı, polkovnik Mübariz İbrahimli odun-alovun içindən çıxmışdı. Ən çətin şəraitdə belə soyuqqanlı davranışıyla əsgərləri mat qoyurdı. Üzə vurmasa da həkimin sözləri ona yer eləmişdi. Odur ki, gözünün yuxusu ərşə çəkilmişdi. Gecə-gündüz fikri düşmən cəbhəsindəydi. Bir gün də snayperi əsir götürdülər. Əsgərlərimizi vuran demə, qız imiş. Əsirlərə sərbəstlik vermək şakəri olan komandir bu qız uşağıyla da uzun illərin tanışı təki davranmağa başladı. Üz-üzə oturan kimi rus dilində soruşdu:

- Bu nə oyundu başımıza açmısan, xanım?!

- Həqiqəti bilmək istəyirsiniz, cənab polkovnik?!

- Təbii...

- Sevdiyim oğlanın intiqamını almışam.

- Sevdiyin oğlanın?! Biz öldürmüşük?!

- Allah eləməsin!

- Bəc bu nə intiqamdı?

- Düzünü desəm, bağışlayarsınız məni?

Polkovnik sözünə ciddilik vermək üçün hirslə əsirə baxdı:

- Güllələməsək... hə...

Qız diksindi.

- Qorxdun, deyəsən?!

- İnanmıram ki, məni güllələyəsiniz!

- Niyə?

- Onda humanistliyiniz harda qaldı?!

Polkovnik yanındakı zabitə sarı çevrildi:

- Şəhriyar müəllim vardı, rəhmətlik, ya Cəbrayıldan idi, ya da Zəngilandan, danışırdı ki, Hadrut ermənisiylə qardaş olmuşduq. Bir dəfə dedi, ay Şəhriyar, vallah, siz türklər yaxşı adamsınız. Niyə, dedim, ay Hamo? Dedi, Andranikə qoşulub, on səkkizinci ildə evlərinizi dağıtdıq, kəndlərinizi yandırdıq, mal-qaranızı apardıq, elə tez unutdunuz?! İndi bu qız da bizim humanistliyimizə sığınıb. İnsafən, pis qıza oxşamır, nədənsə, qanışirin gəlir mənə. Subay oğlum var, alardım ona, heyif ki, ermənidi!

Qızın dodağı qaçdı - birdən Azərbaycan türkcəsində qayıtdı ki:

- Nerses dayım deyərdi, erməni olanda nə olar, qanana can qurban!

Komandirin gözü bərələ qaldı:

- Bizim dili hardan bilirsən?

Bayaq erməni qızı əlini qoltuq cibinə salıb bükülü bir kağız çıxardı qoydu komandirin qabağına. O da səliqəylə açıb köhnə Sovet paspotunu gördü. Vərəqləyən kimi başını dik qaldırıb, zəndlə qıza baxdı:

- Saxta deyil ki?!

Qız mənalı-mənalı başını yellədi.

- Şamaxının ha tərəfindənsən?

- Mədrəsədənəm.

- Əsgərlərimizi vuran da sən imişsən, deməli?

Qız başını aşağı saldı.

- Düşmən əsgərinə qarşı bu rəğbət hardandı səndə?

3

- Tibb İnstitutunun sonuncu kursunda oxuyanda hiss elədim ki, bir oğlan izləyir məni. Bir gün belə, beş gün belə, axırda yaxınlaşıb ürəyini açdı. İlk baxışdanca xoşuma gəlmişdi. Süründürüb eləmədim. O qədər məni çox istəyirdi ki, adımı "Şirvan gözəli" qoymuşdu. İki ay ərzində elə bağlandıq bir-birimizə, deyirdim, ölümdən başqa heç nə ayırılıq sala bilməz aramıza. Bir gün isə... gördüm Arif uzaqda dayanıb mənə göz qoyur. Dalağım sancdı. Özümü ələ alıb yanına qaçdım:

- Aaariiif...

Mızıldadı:

- Hmmm...

- Bu nə deməkdi?!

- Heç...

- "Heç" nədi?!

- Heç...

- Elə bil təzə görürsən məni?

- Məndən nə gizlin işin varsa, aç de!

Güldüm:

- Səndən gizlin?! Başına at təpib?!

- Sənin erməni olduğunu niyə başqası deməlidir mənə?!

Qıpqırmızı qızardım. Tez də özümə gəldim:

- Arif, erməni olmaqla insanlıqdan çıxmış hesab edirsən məni?

- Əlbəttə, yox.

- Bizim Şamaxıda erməni-türk söhbəti yoxdu,vallah!

Dinmədi.

Onu sevdiyimdən əvvəl-əvvəl qorxurdum ki, "erməniyəm" desəm, itirərəm onu. Fikirləşirdim ki, iş işdən keçər, bir-birimizə vərdiş eləyərik, sonra hər şey qaydasına düşər.

- Mənə vaxt ver. - Dedi.

- Vaxt nədi?

- Atam-anam bilməlidi ki, mən kiminlə evlənirəm.

- Arif, fikrin məni atmaqdısa, indidən de. Allah nə yazıb, onu da görəcəyəm.

4

O günü ürəyimdən daş asılmış kimi qayıtdım yataqxanaya. Qızlar ha soruşdu nə olub, demədim. Bir stəkan su güclə keçdi boğazımdan. Yerimə girdim ki, yatım, dərdim yadımdan çıxsın. Səhəri dirigözlü açdım. Səhər də ac-susuz hamıdan tez gəldim instituta. Ha axtardım, Arif yoxa çıxmışdı. Ayrıldığımızın üçüncü günü bir də gördüm koridorla gəlir. Qışqırıb üstünə qaçmaq istədim, güclə özümü saxladım. Çatıb mənimlə üz-üzə dayandı. Baxdım ki, həminki Arif deyil - sifəti uzanıb, gözləri çuxura düşüb, özü də daş daşımış kimi əzgin görünür.

- Məni öldürmək fikrin var? - dedim.

Qolumdan yapışıb, birinci mərtəbəyə endirdi. Ordan da çıxıb Dənizkənarı bulvara getdik.

- Bilirsən, - dedi - babam kəndin varlı-hallı kişilərindən idi. Sözünün qabağına söz qoyan olmadığından, dediyindən, elədiyindən çəkinib eləməzdi. Belə adamların da adətən, el qınağından, qeybətdən qorxusu olmaz. Yaşlaşandan sonra tez-tez Tiflisə gedib-gəlməyə başlamışdı. Xırda-para alver eləyirdi. Bir gün də satlıq mal əvəzinə bir xanımla qayıtdı. Məlum oldu ki, gətirdiyi qadın ermənidi. Babamın bundan da başqa daha iki arvadı vardı. Biri o günü çıxıb getdi. Qaldı əsl nənəm. Onu da anam götürüb gətirdi evimizə. Yadımdadı, anam hər həftə məni də yanına salıb, gedib erməni qadınıyla savaşıb qayıdırdı. Axırda babam arvadı qoltuğuna vurub köçüb getdi Sabirabadın Qalağayın kəndinə.

- Arif, sən ki, subaysan?

- Anam bilirdi səninlə görüşdüyümü. Amma kim olduğunu bilmirdi. O günü tələbələrdən biri sirr gəldi mənə. Mən də, dili qurtlamış kimi açıb hər şeyi anama danışdım. O da atama deyib. Atam belə şeylərə fikir verməz. Deyib, nə olar, qoy ailə qursunlar. Amma anam... daş atıb, başını tutdu. İki gün yalvardım:

- Ay ana, - dedim, - özü də sənin yerlindi, şamaxılıdı.

Hiss elədim ki, yumşalır. Nə fikirləşdisə, birdən soruşdu:

- Adı nədi?

- Süsən.

- Nəəə?! - Elə bil ilan vurdu arvadı - bağırtısı evi başına götürdü, - Sü-səəən?!

Sanki yuxudan ayıldım. Məsələnin nə yerdə olduğunu bilib, üzünə baxa-baxa qaldım.

- Anamın evini dədəmin Süsəni dağıtdı, məni də sənin Süsənin öldürər!

- Ay ana, adın nə dəxli var ey!

- Hər dəfə Süsən adını eşidəndə başıma bir qazan qaynar su tökülür. Aç qulağını, eşit - ölsəm də erməni qızından döl tutmaram...

Arifin bu sözləri bıçaq kimi sancıldı ürəyimə. Başımı əyib, sakitcə ağladım.

- Süsən, dünya dağılsa da mən səni atmayacam. - Arif qolunu boynuma salıb məni sinəsinə sıxdı.

- Mən sənsiz yaşaya bilmərəm, Arif!

- Darıxma, gec-tez bu dərdə çarə taparıq.

- Necə?!

- Evlənib, köçüb gedərik Türkiyəyə.

Uçmağa qanadım olmadı. Qadın təbiəti belədir - yalandan da osa balaca bir ümid ver, özünə cənnət quracaq.

Kafeyə girib nahar elədik. Ta axşamacan gəzib-dolaşdıq.

5

Ariflə əvvəlkindən də mehriban olmuşduq.

Bir gün ölkəyə xəbər yayıldı ki, bəs Qarabağ erməniləri ayağa qalxıb, Azərbaycandan ayrılmaq istəyirlər. Tezliklə Şamaxıdan zəng edib məni çağırdılar.

- Arif, rayona gedirəm.

Fikirli-fikirli üzümə baxdı.

- Nədi?

- Heç...

Sabahı günü gəlib məni apardı avtovağzala. Ayrılanda:

- Məni unutma! - Dedi.

- Bu nə sözdü?!

- Deyirəm də.

Mədrəsəyə qədər bu fikir ürəyimdə dolandı.

6

Həyətimizə girəndə, gördüm evimizdə nə var, hamısı çöldədi.

- Bu nədi, ay ana?

- Köçürük!

- Necə yəni "köçürük"?!

- Azərbaycan türklərini Ermənistandan qovmağa başlayıblar.

- Bizi ki, qovan yoxdu.

- İndən belə nə üzlə burda yaşaya bilərik, ay bala?!

- Hara gedirik?

- Rusiyaya.

Yadıma Arifin sözləri düşdü. Başımı divara söykəyib, hönkürdüm.

- Ağlama, qızım, hər şey yaxşı olacaq! - Atam idi.

- Bundan sonra?!

- Darıxma!

O günü də yola düşdük. Gedib çıxdıq Stavropola.

7

Yarım il idi ki, təzə yerimizdəydik. Zahirən rahatlıq tapmışdıq. Onu da deyim ki, Arifin xətrinə adımı da dəyişmişdim. İstəmirdim ki, onun nənəsinin evini dağıdan "Süsən" olum. "Jalə" adını götürmüşdüm. Amma ümidsizliyə qapılmışdım - bilirdim ki, Arifə qovuşmayacam - ölmək istəyirdim. Bu zaman Ermənistandan emissarlar gəldi. Qarabağda döyüşmək üçün əsgər yığırdılar. Məni də həkim kimi qeydə aldılar. Etiraz elədim:

- Snayper kimi qəbul edirsinizsə, gedirəm. Yoxsa, yox.

Düz üç ay bizə təlim keçdilər - sərrast atəş, dəqiq müşahidə, bir də ayıq-sayıqlıq. İstənilən hədəfi vurmağa başlayanda bir dəstə qızla məni də götürüb gətirdilər Ağdam cəbhəsinə. Birinci günü döyüş meydanıyla tanışlıq məqsədi daşıyırdı. İkinci günü də əməli bir iş görmədik. Üçüncü günü gözümü təzəcə zilləmişdim əks-cəbhəyə, qəflətən bir əsgər başını səngərdən çıxarıb sincab kimi o yan-bu yana boylandı. Mən çaşıb qalmışdım - neyləyim? Özümə gələndə gördüm artıq baş yerində deyil. Günlər ötür, bəxt üzümə gülmürdü. Bir günorta yenidən gözüm okulyarda idi. Güzgü qabağında bədənnüma dayanırmış kimi bir əsgər qalxdı qarşı cəbhədən. Arxası mənə tərəf idi. Peysərini nişana götürdüm. Tətiyi çəkmək istəyəndə, gördüm... Arifdi. Ağlım başımdan çıxdı. Bədənimi əsməcə tutdu. Birtəhər özümü sakitləşdirəndə diksindim. Yoldaşlarım vura bilərdi onu. Səngərin qırağını nişan alıb, atdım. Diksinib yerə oturdu. Alnımın tərini silib, üzümü söykədim silahın soyuq lüləsinə. Göz yaşlarım sel kimi axıb gedirdi... Düz bir ay hansı əsgərinizi nişan alırdım ki, vurum, görürdüm Arifdi. Əlim yanıma düşürdü. Artıq məni tənbeh eləməyə başlamışdılar. Bizim snayperlərin ən azından hərəsinin bir ölüsü vardı. Çox fikirləşəndən sonra Arifin anasının sözləri yadıma düşdü - "Ölsəm də erməni qızından döl tutmaram!".

Hirs məni boğdu. İmkan düşdükcə Azərbaycan əsgərlərini sevər yerindən vurmağa başladım.

Komandir təəccüb etdi:

- "Sevər" nədi?

- Kişilik!

- Anasının südü halal olsun bizim həkimə!

Qız çaşqın halda polkovnikə baxdı.

- Nə həkim?!

- Deməli, beş nəfəri vuran sənsən?!

- İnanıram ki, onların hamısı salamatdı.

Komandir eşitmirmiş kimi növbətçini səslədi:

- Get, həkimə de ki, həmkarını gətirmişik.

Bir azdan qapı açıldı, həkim gülə-gülə içəri girdi:

- Salam, cənab polkovnik!

Arxası qapıya oturmuş qız səsi eşitcək sıçrayıb ayağa durdu. Geriyə çevrilən kimi qışqırdı:

- Aaa... riiif?!

- Süsə...əən?!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!