Bir müəllifə şəriklik aktı
Məqaləmiz üçün seçdiyimiz epiqraf bihudə və gəlişigözəl bir fəaliyyət deyil. Ol səbəbdən əsaslandırmaq düşüncəsindəyəm. Belə ki, bu yazı əslində Murat Gülsoyun yazıçılıq və yazmaq sənəti haqqında tərcümə edəcəyim bir essesindən ibarət olmalıydı. Ancaq hər şeyin sənət ola biləcəyi, hər nəsnənin konteksindən çıxarılaraq bir sənət əsəri kimi təqdim edilə biləcəyinə dair çağdaş düşüncəyə sığınıb belə şəriklik aktını nümayiş etdirirəm. Çünki tərcümə sənəti bəzən həmin mətnin yazarından çox tərcüməçinin yaradıcı istedadına borcludur. Başqalarının düşüncəsinin, xəstəhal ruhunun əzablı töküntülərini sənət kimi qəbul edib sözbəsöz çevirmək işgəncəsini üzərinə götürmək heç kimin borcu deyil. Ona görə də düşündüm ki, Murat Gülsoyun bu essesinə özümü müəllif kimi şərik qoşum.
TƏSVİRLƏR VƏ DETALLAR
"Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib. O, bağa çanağı kimi qartımış kürəyi üstə uzanmışdı. Üstündəki yorğanın yarısı sürüşüb yerə düşdüyündən başını qaldıran kimi qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını gördü. Bədəninin başqa əzalarından da eybəcər və cılız görünən saysız-hesabsız ayaqcıqları gözləri önündə miskincəsinə qaynaşırdılar.
"Mənə nə olub görəsən?" - o düşündü. Bu, yuxu deyildi. Onun otağı idi; bir az kiçilmiş kimi nəzərə çarpan həmişəki otaq. O da yaxşı tanış olan bu dörd divar arasında sakit-sakit xumarlanırdı. Mahud parça növlərindən bağlamalar - Zamza kommivoyajör idi - yığılmış masa üzərindən şəkil asılmışdı. Həmin şəkli o, bu yaxınlarda rəsm jurnalından kəsib qəşəng zərli çərçivəyə salmışdı. Şəkildə şəxstlə oturmuş xəz şlyapalı və şərfli qadın təsviri ağır xəz muftanı tamaşaçılara sarı uzatmışdı və qadının əlləri muftanın içində itib batmışdı.
"Mənə nə olub görəsən?" - o düşündü.
Bu, yuxu deyildi. Onun otağı idi; bir az kiçilmiş kimi nəzərə çarpan həmişəki otaq. O da yaxşı tanış olan bu dörd divar arasında sakit-sakit xumarlanırdı. Mahud parça növlərindən bağlamalar - Zamza kommivoyajör idi - yığılmış masa üzərindən şəkil asılmışdı. Həmin şəkli o, bu yaxınlarda rəsm jurnalından kəsib qəşəng zərli çərçivəyə salmışdı. Şəkildə şəxstlə oturmuş xəz şlyapalı və şərfli qadın təsviri ağır xəz muftanı tamaşaçılara sarı uzatmışdı və qadının əlləri muftanın içində itib batmışdı.
Qreqorun nəzərləri pəncərəyə dikildi - yağış damcılarının pəncərəaltı dəmirləri necə döyəclədiyi eşidilirdi - havanın belə tutqun olması onun ovqatını tamam korladı: "Bir az da yatmaq və bu həngaməni unutmaq yaxşı olardı" - Qreqor fikirləşdi. Lakin bu, qətiyyən mümkün olan iş deyildi: o, sağ böyrü üstə yatmağa adət etmişdi, indiki halında isə həmin vəziyyətə qayıtmaq müşkül məsələ idi. bundan ötrü o nə qədər güc verdisə, qanrılıb yenə arxası üstə düşdü. Birbirinə dolaşan ayaqcıqlarını görməmək üçün gözlərini yumdu, çox əlləşib-vuruşdu, yalnız böyründə bu vaxtacan görünməmiş küt və zəif bir ağrı hiss edəndə, fikrindən daşındı.
"Pərvərdigara, - o düşündü, - mən nə cəncəl sənət seçmişəm! Həmişə səfərdə oluram. Çöldə isə xidməti sarsıntılar ticarət evindəkindən qat-qat çox olur, üstəlik də yolların əziyyətinə döz, qatarların hərəkət cədvəli haqqında düşün, vaxtı-vədəsi olmayan dadsız yeməklərlə razılaş, həmişə təzə adamlarla qısa müddətli ülfət bağla, qeyri-səmimi münasibətdə ol. Cəhənnəm olsun hər şey!".
O, qarnının üstündə yüngülvari bir gicişmə hiss etdi; başını rahat qaldırmaq üçün çarpayının çubuqlarına doğru arxası üstə ağır-ağır süründü və nəhayət, gicişən yeri tapdı; həmin yer xırdaca ağ ləkələrlə örtülmüşdü, Qreqor ayaqcıqlarından biri ilə o yeri yoxlamaq istədi, tez də onu geri çəkdi, çünki adi bir təmas bədəninə vicvicə salırdı.
Sürüşüb əvvəlki vəziyyətinə qayıtdı. "Belə erkən yuxudan durmaqdan adamlar ağlını itirər. Adam doyunca yuxulamalıdır. Başqa kommivoyajörlər kefləri istədiyi kimi yaşayırlar. Məsələn, mən aldğım sifarişlərin üzünü köçürmək üçün günün günortaçağı mehmanxanaya qayıdanda bu cənablar hələ səhər yeməyini yeyirlər. Əgər özümü onlar kimi aparmış olsaydım, sahibkar məni əlüstü işdən qovardı. Kim bilir, bu bəlkə də mənim xeyrimə olardı. Əgər valideynlərimin xətrinə səbrimə qısılıb dözməsəydim, işdən çıxmaq istədiyimi çoxdan bəyan edərdim və ağama yaxınlaşıb, onun haqqında düşündüklərimi lap gözünün içinə deyərdim. Əlbəttə, bunu eşidəndə o, kantorkadan kəlləmayallaq aşardı!.. Onun qəribə ədası var, - kantorkanın üstündə oturub, xidmətçilərlə elə ordanca üstdən-aşağı söhbət edir, üstəlik də qulağı ağır eşitdiyindən adamlar kantorkaya lap yaaxın gəlməlidirlər. Hər halda ümid tam itməmişdir; valideynlərimin borcunu ödəmək üçün bir az pul toplayan kimi mən belə də edəcəyəm. Doğrudur, buna beş-altı il vaxt lazımdır, amma o zaman biz həmişəlik vidalaşarıq. İndi isə, mənə qalxmaq lazımdır, saat beşdə qatarım yola düşür".
O, sandığın üstündə çıqqıldayan saata nəzər saldı: "Adil Allah!" - deyə fikirləşdi. Yeddinin yarısı idi. Əqrəblər aram-aram hərəkət edirdi, hətta yeddinin yarısı da keçmişdi, yeddiyə on beş dəqiqə qalırdı. Görəsən, saat zəng çalmayıb? Çaroayıdan görünür ki, zəng əqrəbi düz yerinə - dördün üstünə çəkilmişdir; şübhəsiz zəng vurmuşdur. Lakin bütün evi titrədən bu zəgnin sədaları altında necə rahat yatmaq olardı?
("Çevrilmə" əsərindəki bu hissə "Şərq-Qərb" nəşriyyatının F.Kafka "Seçilmiş əsərləri" kitabından götürülüb.)
Əsərimizin qəhrəmanı səhər yuxusundan oyananda özünü bir böcəyə çevrilmiş vəziyyətdə görəcəkdir. Bizim nəql edəcəyimiz hekayəmiz məhz bu dərəcədə fantastik ola bilər. Di gəl ki, biz özlüyümüzdə belə bir mətnin semiotikasını dərk etsək də, hətta həmin mətnin intelektual kontekdən analizini aparmaq dərəcədə həssas mütaliəyə sahib olsaq da, əvvəlcə belə bir məqamı gözümüzün qarşısında canlandırmağa çalışarıq: Qriqor Zamzanın bir böcəyə çevrildiyini görmək! Məhz "Çevrilmə"dən çevirilmiş hissədə (ədəbiyyat tarixində ən çox istifadə edilmiş mətndə) hər şeydən əvvəl bu ehtiyac oxucu üçün ödənilir. "O, bağa çanağı kimi qartımış kürəyi üstə uzanmışdı. Üstündəki yorğanın yarısı sürüşüb yerə düşdüyündən başını qaldıran kimi qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını gördü. Bədəninin başqa əzalarından da eybəcər və cılız görünən saysız-hesabsız ayaqcıqları gözləri önündə miskincəsinə qaynaşırdılar."
Bu cümələrlə ilk paraqrafdan gözlərimizin qarşısında nəhəng bir böcək canlandı. Müəllif sonrakı paraqraflarda bir tərəfdən dəqiq şəkildə təqdim etdiyi böcək təsvirləri ilə, digər tərəfdən isə Qriqor Zamzanın gündəlik həyatı, qayğıları və düşüncəsinin vəhdəti fonunda bizi hadisələrin həqiqiliynə inandırır. Yəni fantastik bir hekayə üçün reallıq istehsal edilir. Üçüncü paraqrafda Kafka bu hadisələrin bir yuxu olmadığını bildirir və məkanın real memarlığına, vəziyyətinə dair əhatəli təsvirlər verərək bu fantastik hekayənin olduqca real və həqiqi bir məkanda baş verdiyini bildirir. Görüntü və səslərin təsviri həmişə hekayənin reallıq hissini yaratmaq üçün mövcuddur; divara pərçimlənmiş tablodakı qadının təsvirinin detalları, masanın üzərindəki örtük, yağışın pəncərə toxunarkən çıxardığı su şırıltısı... Sonra Zamzanın bir böcək kimi hərəkətləri ilə birlikdə onun gündəlik həyatının bir çox məqamı növbəli təqdim edilir. Beləcə böcəyə çevrilmək biz oxucular üçün bir metafora və ya ciddi mənalara eyham vuran simvol olmaqdan arınır, eyni zamanda qəhrəmanın gündəlik həyatının təsviri nəticəsində biz bu qeyri-adi hadisəyə vərdişkar oluruq. Bu məqamda Borxesin bir təklifini qızıl kəlam kimi xatırlamaq istəyirəm:
"Əgər fantastik bir hekayə yazırsınızsa, içərisində bircə dənə fövqəl nəsnə olsun, geri qalan hər şey həddindən artıq sadə reallıqla səsləşsin. Əgər hekayədə qeyri-adi nəsnə və ya vəziyyəti həddindən çox istifadə etsəniz, o zaman həmin hekayə fantastik mahiyyətindən qoparaq "Minbir gecə nağılları"na çevriləcək." Bu məqamda Edqar Ponun "Tək Təsir" yaratmaq tezisi ilə nə qədər səsləşdiyini də xatırlamaq daha doğru olardı. Po hekayə janrının ədəbiyyat içərisindəki mövqeyini şərh edərkən vurğulayırdı ki, məqsədi oxuyucunun bir dəfədə oxuyub bitirəcəyi və "Tək Təsir" effekti yaradacaq hekayələr yazmaqdır.
Ədəbiyyatdakı sujet sözlər vasitəsi ilə yaranır. Kinoda və ya Teatrda həmin sujetin ifadəsi üçün başqa vasitələr mövcuddur. Səhnə, dialoq, dekorasiya, işıq, aktyorların seçimi və oyunçuların performansı (mətndən əlavə) teatrın ifadə vasitələri olaraq təqdim edilə bilər. Kino sənayesi də bu vasitələrdən istifadə edir. Onu da əlavə edək ki, bunlara qurğu, motaj, kamera baxış bucağı, kadraj dərinliyi, xüsusi effektlər kimi yeni vasitələr də daxildir. Halbuki ədəbi əsərlərdə bu vasitələrin (Dijital medyanın hyper-textuallıq imkanlarını nəzərə almasaq) heç birindən istifadə etmirik. Onların əvəzində isə hadisələrin təsviri, dialoqlar, detalların analizi, izahlar ,simvollar, keçmişə-gələcəyə eyhamlar, dil və söz seçimi, sujet xətti hekayəni nəql etmək üçün istifadə etdiyimiz vasitələrdən biridir. Əslində bütün bu sadaladıqlarımızın fövqündə dayanmış bircə vasitənin mövcudluğunu qeyd etmək lazımdır; dil! Sadalanan vasitələr dilin funksiyaları kimi də qəbul edilə bilər. Bizim məqsədimiz dilin hansı imkanlarından istifadə edərək mətndəki qurğunu yaratmağın müzakirəsi olduğu üçün nəzəri konteksdə analizlərdən bəhrələnirik.
İşıq, səs, dekorasiya və kameranın baxış bucağı kimi vasitələrdən istifadə edilən sənətdən fərqli olaraq ədəbiyyat təsvir etmə vasitəsiylə bu boşluğu doldurur. Xüsusilə məkana dair məlumatlar sözlər, təsvirlər vasitəsiylə oxucunun düşüncəsində canlanır. Təsvirlərin hər şeydən vacib olan xüsusiyyəti hekayədəki hadisələrin baş verdiyi məkanı düşüncədə canlandırmaq qabiliyyətidir. Oxucu əsərin ilk paraqrafından qəhrəmanın kimliyi və həmin olduğu məkanı barəsində məlumat ala bilməsə, onun oxuma tempi sürətlə aşağı düşər. Hər bir əsərdəki qurğunun inkşafı üçün təsvirlər vacibdir. Hekayədəki hadisələrin baş verdiyi məkanın təsviri təkcə sujetin inkişafına kömək etmir, eyni zamanda qəhrəmanın həmin məkanla olan əlaqəsinə dair oxucuda müəyyən düşüncənin yaranmasına rəvac verir. Həmin məkana təsadfüən gəlmiş yad bir insandır, düşmən yoxsa dostdur, oranın sahibidir, yoxsa həmin məkandan qaçıb canını xilas etməyə çalışır kimi sualların cavablandırılması hekayənin sujet xəttini də müəyyənləşdirir. Buna əlavə olaraq dəqiq təsvirlər qəhrəmanın hərəkətlərinin inandırıcılığını artıraraq xarakterin yaradılma prosesini gücləndirəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!