Hardasa iki il əvvəl bir riyaziyyatçı dostum Sokratdan belə bir sitat gətirmişdi: "Ziddiyyətlər elmindən savayı bir elm tanımadım".
İndinin özünəcən bu cümlə məni dərindən düşündürür; hər dəfə oxuduğum klassik və yeni mətnlərdə, elmin və sənətin cığırlarında, həyatın özündə bu sadə və qəribə həqiqətlə üz-üzə gəlirəm. Bütün dahi rəngkarların təkrarsız koloritinə isti və soyuq rənglərin möcüzəvi ahəngi, musiqiyə minor və major notların qəribə sayrışması, təbiətin özünə gecə və gündüz, isti və soyuq, qış və yay, ölüm və doğum kimi bir-birinə tamamilə zidd xassəli hadisələrin mürəkkəb əlaqələri dolğun məzmun qatdığı kimi, ümid və ümidsizlik, iradə və süstlük, inam və inamsızlıq, mübarizə və məğlubiyyət, bəsirət və korluq, təvazö və xudbinlik, sevgi və qaranlıq, xeyirxahlıq və xəbislik... də insan ruhunun ibtidai və idrakolunmaz mahiyyətinə işıq tutan, gizlin məğzləri aşkara çıxaran rəngarəng füsunkar mozaikanın qüdrəti bütün dühaların istedadının fövqündə duran bir sənətkar tərəfindən işlənmiş və hər biri özlüyündə bir sənət əsəri olan detalları, parçalarıdır.
Əgər yazılı tarixin başlanğıcına qədər qayıdıb bəşəriyyətin perqamentlərə, daş kitabələrə, nəhəng qayalara həkk etdiyi mətnləri bir-bir vərəqləsək, Homerin epopeyalarına, Zərdüştün himnlərinə, Misir papiruslarına, müqəddəs mətnlərə yenidən bir-bir nəzər salsaq, antik yunan faciələrindən, miflərdən, nağıllardan ta müasir dünya ədəbiyyatına və fəlsəfəsinə qədər biz mərkəzdə yalnız bir obraz görürük: insan, onun ruhi ziddiyyətləri və ruhi ehtiyaclarının təzahürü olan maddi dünyadakı gerçək həyatı.
Yaşar Bünyadın yenicə bitirdiyi "Azan gəmilər limanı" romanı elə giriş epiqrafındaca bu qədim, sadə və əbədiyaşar həqiqəti yenidən və birbaşa ifadə etməklə başlayır:
"Batan gəminin suya atılan yükü kimi
Kənara atıram ümidlərimi.
Ömrümün divarında
Bir gün yenə kəndir dayanıb
Qapı yerinə...".
V.Səmədoğlu
Və oxucu mətnin lap başında, bu pessimist notlardan öncə məğrur müəllifin həyatın bütün məşəqqətlərinə meydan oxuyan isti nəfəsini, onun bütün insanlığa ümid və şəfqətlə ucalan ithaf kəlmələrini oxuyur: "Əzabdan qurtulan hər kəsə...".
Epiqraflarla verilən ismarışın biri optimist, digəri isə pessimistdir.
Və roman başlayır.
Romanın qəhrəmanı Qismət bir neçə il öncə Qarabağ müharibəsinin qan-qadalı vaxtlarında vətənindən didərgin düşərək Rusiyanın çöllərinə üz tutmuş yüzlərlə gənc azərbaycanlıdan biridir. Onun Rusiyaya gəlişinin təfərrüatlarını, qərib ölkəyə pənah gətirmiş bütün miqrantlar kimi yaşadığı məhrumiyyətləri və qatlandığı keşməkeşli əzab-əziyyətləri ilə oxucu elə ilk səhifələrdə tanış olur. Qismət uzun mübarizədən sonra, dəfələrlə aldadılmağına, qürbət ölkədə yaşadığı məhrumiyyətlərə və məruz qaldığı təhqirlərə, yoxsulluq içərisində keçirdiyi ağrılı günlərə baxmayaraq, ayaq üstdə dik qalmağı bacarıb, artıq cibində yaxşı pulu-parası olduğu halda tez-tez anasını, doğma məmləkətini xatırlayaraq qürbətin soyuğuna, yadlığına daha davam gətirə bilməyəcəyini anlayandan sonra Azərbaycana dönməyi qərara alır. Təyyarə bileti hazırdır və Qismət tam getməli olduğu əsnada inanıb etibar etdiyi həmyerliləri tərəfindən aldadılır, boğazına şüşə dayayıb onu soyurlar və gecə vaxtı qarlı, ucsuz-bucaqsız rus çölünün tən ortasında tramvaydan çölə atırlar. Müəllif yalnız Çexovun təbiət təsvirləri müqayisə oluna biləcək ustalıqla Qismətin tək-tənha qaldığı çöllüyü, keçirdiyi ruhi sarsıntını belə canlandırır:
"...Hər tərəf süd kimi apaydın olsa da, üzündəki zəhrimarı gizlədə bilməyən uzun bir gecə vecsiz-vecsiz mürgü döyürdü... Deyəsən, səhərin göz açmaq fikri yox idi. Elə bil Yer kürəsi də iki ayağını bir başmağa keçirib fırlanmaqdan vaz keçmişdi. Nə qədər sarsıdıcı, ürək üzücü dəqiqələr, saatlar vardı qabaqda, bilmirdi. Tənhalıq, soyuq, aclıq bir yandan, başında xəşil kimi qarışmış fikirlər, cavabsız suallar da bir yandan onun bu miskin, ağır-ağır can verən xəstəyə bənzər gecənin yaxasından qurtulacağına ümidini itirirdi...".
Və ya tənhalığın, yeknəsəqliyin bu akkordları mənə H.Murakamidən də tanışdır: "...dünyanın heç harasında olmayan bu yerdə o, durmadan Midorini çağırırdı...".
Bir-iki cümlə əvvəl isə pulları soyulduqdan sonra Qismətin uşaq kimi taleyinə necə küsdüyünü, müəllifin kövrək insan xislətinin bütün çılpaqlığını üzə çıxardığı sətirlərdə oxuyuruq:
"...Birdən yadına düşdü ki, yox, bağlamanı döş cibinə qoyub zəncirini axıracan çəkmişdi, nə qədər diyirlənsəydi də pul bağlaması cibindən düşə bilməzdi. "Oğraşlar! Əclaflar! Götürüblər, hamısını götürüblər, ha-mı-sı-nı!.. İndi başa düşdüm... Ay sizin ananızı!.." - deməyilə, boğub içində saxladığı hıçqırıqları üşütmədən titrəyən çənəsinin, şak-şak şaqqıldayan dişlərinin səsinə qarışıb, az qala qulaqlarının pərdəsini dağıdacaqdı. İndicə dünya dağılsaydı belə, qulaqlarındakı bu vəhşi uğultudan heç zad eşitməzdi. Gözlərinə də gücü çatmadı; nə illah elədisə, bayaqdan bəbəklərini yandıran acı göz yaşlarını boğub saxlaya bilmədi...".
Bu cümlələr bizə aydınlaşdırır ki, Qismətin əlindən alınan təkcə pulu yox, həm də Vətənə qayıtmaq xəyalları, gələcək arzuları və illərlə qürbətin yadlığına, soyuğuna qatlaşaraq əlləşib-vuruşduğu yuxusuz gecələr, yarıac gündüzlər və zəhmətidir.
İndi Qismət bu ucsuz-bucaqsız çöldə, canavar kimi rəhmsiz şaxtanın cəngində tək-tənhadır. Ümid və ümidsizliyin, mübarizə və süstlüyün, inam və inamsızlığın tən ortasında - ziddiyyətlərin mərkəzində. Belə bir durumda Qismət bütün həyatını xatırlamağa başlayır. Məhz belə gərgin vəziyyətlərdə insan özünü-özünə aydınlaşdırmağa çalışır, həyat bizi ən soyuq və güzəştsiz həqiqətlə - özümüzlə üzləşdirir. Əvvəla deyim ki, Qismət kimi mübariz, eyni zamanda kövrək təbiətli bir adamın düşdüyü bu çətin situasiyada niyə öz taleyinə laqeyd yanaşması, uzaqda görünən kəndə sarı yol almaq əvəzinə kürəyini qar küməsinə söykəyərək xəyallara qapılması, xatirələrini vərəqləməsi məni bir elə maraqlandırmadığı kimi, müəllif də bu səbəbi bir o qədər aydınlaşdırmağa cəhd göstərməyib. Mən, sadəcə, onu deyim ki, bu faktın özüekzistensialist fəlsəfə həvəskarları üçün maraqlı psixomotivdir.
Və budur, Qismət özü ilə baş-başadır: ümid və ümidsizliyin, həyatın və ölümün, uğurun və uğursuzluğun, sevginin və qaranlığın kəsişmə nöqtəsində. İliklərini donduran şaxtaya, yubandığı hər dəqiqənin əleyhinə işləməsinə baxmayaraq o xatırlamağa çalışır və bu, həm də romanın texniki parametrlərinə öz təsirini göstərir. Bundan sonra roman iki şəxsdə: yazıçının öz təhkiyəsi ilə üçüncü şəxsdə və Qismətin öz dilindən birinci şəxsdə nəql olunur.
Qismətin xatirələri demək olar ki, bütün azərbaycanlıların həyatında baş vermiş tanış, doğma epizodlardan ibarətdir. Qarabağ müharibəsi ərəfəsində bir çox azərbaycanlı kimi, Qismətin atası da onun cibinə pul salaraq, Yalamadan Rusiyaya keçirir və müharibədən fərari salır. Bu xatirələr Qismət üçün vicdan dilemmasıdır, bunları xatırladıqca hələ də özünü bağışlaya bilmir, hətta kinayə ilə atasına söyür, onu da, özünü də qınayır. Müəllif həmin dövrün mənzərəsi ilə bağlı bir-iki əhəmiyyətli nüansa da toxunur, həmin illərdə hərbidə və idarəçilikdə baş alıb gedən özbaşınalığın, başıpozuqluğun nəticələrini sadalayaraq, şikayətlənir, amma ümumilikdə bu məsələlərin üzərində çox da dayanmır, tarixin həmin dövrünə müəllif münasibətindən imtina edir. Bəlkə də məqsədyönlü şəkildə...
Qismətin sonrakı xatirələri oxucunu şaxtalı rus çöllərindən ayırıb isti Abşeron çimərliklərinə aparır, yeniyetməlik illərində Qismətin yaşadığı eşq macərasını şirin bir dillə, canlılıqla nəql edir. Bu epizodlarda da yeniyetmə psixologiyasının çoxlu dəqiq cizgiləri ilə yanaşı, təsvirlərin təbiiliyi, milli ruha xas doğma elementlər zövq oxşayır, tanış hisslərin doğmalığı ruhu isidir.
Qismətin xatirələrindən oxucu həm də onun kənddəki həyatını, Rusiyaya gəldiyi ilk günlərdə başına gələn hadisələri öyrənir, ta bu çölün düzündə ölümə tərk edilənəcən hər şeyi. Roman birinci və üçüncü şəxsdə nəql edilsə də, (müasir dünya romançılığında məqbul hesab edilən novator texnikalardan biri kimi) bu, oxucunu qətiyyən yormur, biləks, müəllifin təhkiyəsi ilə Qismətin xatirələri bir-birinin içində itir. Müəllifin peşəkarlığı bu nöqtədə bir daha qabarıq görünür: təhkiyəçi Qismətin xatirələrinə qarışmır, yazıçının ruhu, hadisələrə yanaşması həmin yerdə qəhrəmanından tamamilə ayrılır. Qeyd etmək yerinə düşər ki, hətta dünya ədəbiyyatının usta romançılarının yaradıcılığı bu cür səhvlərdən sığortalanmadığı üçün bunu müəllifin uğuru hesab etmək şişirtməçilik olmaz.
Yaşar Bünyadın dili də, təsvirləri də özünəxas soyuq nəmliyə malikdir. Müəllif hisslərin heç bir çalarını, həyatın heç bir epizodunu mistik dumana bürüməyə meyil göstərmir, hətta yeniyetmə Qismətin eşq səhnələrinin təsvirlərində belə, müəllif klassik ənənələrin əksinə olaraq yazıçının qəhrəmanların boyuna biçdiyi subyektiv romantikadan imtina edir. Romanın qəhrəmanı aşiq olduğu gənc Sara barəsində Romeo-Cülyetta xəyalları qurmur, o, aşiq olduğu Saranı "...qamarrayıb öpmək istəyir. Qucaqlayıb yox ha, qamarrayıb!..". Xüsusən bu cür detallar Yaşar Bünyadın demək olar ki, bütün yaradıcılığının fərdi elementləridir. Biz müəllifin mətnlərində qəfildən burnumuza vuran kəskin üfunət qoxusundan üzümüzü turşuda bilərik, heç gözlənilmədiyi halda kiminsə ən təhqiramiz ifadələrlə təhqir olunduğunu eşidib qızararıq və ya qəhrəmanın düşdüyü utancverici bir vəziyyətin təsvirini bütün çılpaqlığı ilə oxuyanda hətta içimizdə bir səs yazıçıya "İnsafın olsun, heç olmasa bunları yazmayaydın...", - deyə etiraz da edə bilər.
Məhz bu mənada mən aylar əvvəl müəllifin bir statusuna qələm dostlarında birinin yazdığı şərhi xatırlayıram: "Yaşar Bünyad zamanın yükünü çəkən, hər şeyi çılpaqlığı ilə təsvir edən cəsarətli yazıçıdır".
Getdikcə ədəbiyyat daha məhəlli xarakter almağa başlayır, artıq dünya ədəbiyyatı yığcam, müəllifin subyektiv fəlsəfəsindən və şərhlərindən arınmış romanlarla gün-gündən zənginləşir. İndi ideyanın bəşəri fəzaya yüksəlməsi üçün ona kosmopolit naxışlar vurmağa heç bir ehtiyac yoxdur. Çünki XXI əsrin - yeni minilliyin oxucusu ideya müstəvisində yazıçıdan geri durmur. Bu gün hadisələrin Əfqanıstanda, yaxud uzaq Çilidə cərəyan etdiyi romanları oxuyanda həmin bəşəri ştrixlərin konturlarını təcrübəli oxucu artıq özü çəkir.
"- Vanya, məncə, o, müsəlmandı, onlara araq olmaz, günahdı.
Bilmədi ciddiydi, yoxsa zarafat eləyir, yenə də qanrılıb Qrişanı çəp-çəp süzdü.
- Sən nə çərənləyirsən, Qriş, bu halda nə müsəlman, nə xristian? - dedi. - Ölməsə, Allahı günahımızdan keçər... Ya İsa, ona rəhmin gəlsin! - Xaç çəkdi, dibində qalmış arağı axıracan içib butulkanı tullayandan sonra silahını, torbasını götürdü, hərəsi oğlanın bir qolunu çiyinlərinə aşırıb yola düzəldilər...".
Bu qısa dialoqdan da göründüyü kimi, müəllif qədim bir bəşəri problemə münasibətini personajların dili ilə çox bəsit şəkildə ifadə edir, hətta rus kəndlisinə belə, gün kimi aşkar olan bir məsələ üzərində fəlsəfə açıb oxucunu yormur. Amma mən müəllifin bu tərzi üzərində dayanmaq istəyirəm.
Yaşar Bünyadın mətnlərində hadisələrə və qəhrəmanlarının davranışlarına münasibətdə fəlsəfədən imtina etməsi, bütün yaradıcılığını hadisələrin, detalların ən çılpaq, gözəçarpan düyünlərini qabartmağa sərf etməsi, bu zaman hər cür kobud estetikanı təhkiyəsinə rəva görməsi - həyatın özünü bütün sənətlərin fövqündə görən filosoflara xas bu gerçəkçilik, sayıqlıq həm də müəllifin dolğun həyat təcrübəsinin, müdrikliyinin xəbərçisidir. Müəllif romanına münasibətdə seyrçidir, amma bəsirətli, mübariz, həyatın fövqündə duran seyrçidir. Acı və ya şirinliyi ilə, uğurları və məğlubiyyətləri ilə həyat onu canlı yaşamağa dəyər, sonun necə olmağından asılı olmayaraq... həyat davam edir və onun bətnində nə baş verirsə, təəccüblü deyil. Yalnız böyük təcrübənin bəxş etdiyi bu ruhi təbəssüm bir yazıçı kimi Yaşar Bünyadda müdrik soyuqqanlılıq kimi təzahür edir.
Romanın finalı da yazıçının müdrikliyinin təsdiqidir: Qismət rus kəndliləri tərəfindən şaxtada donmuş halda tapılır, o, hələ sağdır və kəndlilərin çabaları sayəsində yenidən həyata qayıdır, yaşamaq əzmi hər şeyə qalib gəlir.
Bütün çətinliklərə baxmayaraq, yazıçı öz romanına qalib gələ bilir, sonacan durduğu üfüqün verdiyi soyuqqanlılıq və əzmlə romana diktə edir, qəhrəmanının və həyatın özünün timsalında ta romanın epiqrafında verdiyi sözü doğruldur.
Ömrün divarından isə yeni bir qapı açılır sabaha...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!