Sevmək - başqalarının görə bilmədiyi möcüzəni görməkdir... - Fransua Moriakın sitatları Əyyub Qiyasın tərcüməsində

 

ƏDƏBİYYAT ÜZRƏ 1952-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Fransua Moriak (Fransa)

Fransız yazıçısı, Fransa Akademiyası üzvü, "Fəxri legion"un "Böyük Qırmızı Xaç" ordeni kavaleri. XX əsrin ən görkəmli katolik yazıçılarından biri.

11 oktyabr 1885-ci ildə Bordoda, kommersant Jan Pol və Marqarita Moriakların ailəsində dünyaya göz açıb. Fransua Moriak ailənin ən kiçik uşağı olub. İki yaşı olanda atası vəfat edib. Ailənin kiçiyi olduğundan ona daha çox diqqət ayrılıb.

İbtidai və orta təhsilini Koderanda alıb. Orada oxuyarkən Andre Akazla tanış olub və bu dostluq ömrünün sonuna qədər davam edib. Kolleci bitirəndən sonra Bordo Universitetinə daxil olub və orada ədəbiyyat üzrə təhsil alıb. 1905-ci ildə universiteti bitirib. İlk yazısının uğurundan sonra ədəbiyyatla məşğul olmağa başlayıb. Birinci Dünya müharibəsində Qırmızı Xaça aid hospitalların birində sanitar kimi xidmət edib. 1913-cü ildə Janna Lafonla ailə qurub və bu evlilikdən Klod, Kler, Lyük və Jan adlı övladları olub. Hitlerçilər Fransanı işğal etdiyi dövrdə gizli şəkildə kitab nəşr etdirib və kitabında kollaborasionizm əleyhinə çıxıb. Məhz Moriakın təqdimatı ilə 1970-ci ildə A.İ.Soljenitsına ədəbiyyat üzrə Nobel mükafatı verilib. Məşhur fransız yazıçısı Fransua Moriak 1952-ci ildə "Romanlarında insan həyatının dramını dərin mənəvi anlayış və bədii təsir gücü ilə təqdim edə bildiyinə görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Yazıçı 1970-ci ildə Parisdə vəfat edib.

"Ədəbiyyat qəzeti" oxucularına yazıçının əsərlərindən bəzi sitatları təqdim edirik.

Sitatlar

Bizi bir vaxtlar sevənlər düzüb-qoşub yaradıblar.

***

Sevmək - başqalarının görə bilmədiyi möcüzəni görməkdir.

***

Səmavi qəsrlərin tikintisi nə qədər ucuz başa gəlsə də, onları dağıtmaq bir o qədər baha olur.

***

Biz özgələrə sahib olmaq şansını əldən buraxıb, onları anlamağa üstünlük veririk. Heç vaxt bizim olmayacaq qadına təsir göstərməkdə acizik, çünki yalnız onu qəbul etməklə ona sahib ola bilərik. Biz onlara eynən onları qucaqlayanlar kimi ehtirasla baxırıq.

***

Satın alınmağı mümkün olmayan qadınlar adama çox baha başa gəlir.

***

Diktaturanın yeganə üstünlüyü ondadır ki, saatlarla radioqəbuledici qarşısında əyləşib seçki nəticələrini izləməyə ehtiyac duymursan.

***

Həyat səylərimizin ölçüləri ilə ölçülür.

***

İnanclı olub dua etmək lazım deyil, dua etmək lazımdır ki, inanclı olasan.

***

Gənclərdə eynən quşlardakı kimi iki instinkt olur: biri onları dəstə halında yaşamağa, digəri tənhalıqda ömür sürməyə sövq edir. Yəni dostluq uzun müddət adamı bir o qədər özünə çəkmir.

***

Narkomaniya - uzun illər ölümdən zövq almaqdır.

***

Kişi nə qədər çox qadın tanıyırsa, onlar haqqında təsəvvürləri bir o qədər məhdudlaşır.

***

Eşq - iki zəifliyin qovuşduğu məqamdır.

***

Təəssüf ki, həyatda heç nə dayanıqlı deyil: hər şey axır, formasını dəyişir, anı saxlamaq olmur, həyatın sənə xoş, varlığının sənə dözülən olan məqamlarını tutub saxlaya bilmirsən.

***

Nə qədər adi olsa belə, ər-arvad münasibəti minlərlə təsadüfdən biri kimi ən gözəl möcüzədir. 

Tərcümə etdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!