Unutmaq dərsləri - Nərmin İldırım - Romandan parça

 

Bir çox qəzet və jurnallarda jurnalist, redaktor, köşə yazarı kimi fəaliyyət göstərən Nərmin İldırımın 2011-ci ildə yazdığı ilk romanı  "Unutma məni binası" böyük maraqla qarşılanmışdır. "Yuxular danışılmaz", "Unutmaq dərsləri" və "Toxunmadan" romanlarında isə cəmiyyət və şəxsiyyət problemini ön plana çıxarmış, sosial məsələlərə diqqət yönəltməyə müvəffəq olmuşdur. Gənc yazar   Manchester Letters, Tramline Project kimi müxtəlif beynəlxalq layihələrə qatılaraq xarici yazarlarla birgə fəaliyyət göstərmişdir. Əsərləri bir neçə xarici dillərə də çevrilmiş və müsabiqələrdə iştirak etmişdir. 

Nərmin İldırımın "Unutmaq dərsləri" romanının qəhrəmanı olan Fəribə ona əzab verən xatirələrindən yaxa qurtarmaq üçün "Keçmişi yoxetmə mərkəzi"nə gəlib çıxır. Lakin burada keçilən unutmaq dərsləri və verilən həftəlik tapşırıqlar həyatını büsbütün dəyişir. Qəhrəmanımız keçmiş sevgilisini unutmağa çalışdığı halda, təsəvvür belə etmədiyi macəralar yaşamağa başlayır.

Unutmaq dərsləri
(romandan parça)

Nəhayət, şənbə günü internetdən ünvanını əldə etdiyim "Keçmişi yoxetmə mərkəzi"nin önünə gəlib çıxdım. Boyacıköydə yerləşən, içərisində qeyri-adi işlərin baş verdiyini qətiyyən  güman etməyəcəyimiz beşmərtəbəli, ağ rəngli sadə bir bina idi. Bir müddət tərəddüd içərisində ətrafında gəzişdikdən sonra özümə olan hörmətim də daxil olmaqla, itirəcəyim heç bir şeyin qalmadığını düşünüb, fikrimdən daşınmaqdan qorxaraq sürətli bir şəkildə içəri daxil oldum. Girişin qarşısında qoyulmuş qeydiyyat stolunda həddən artıq gülərüzlü qadın tərəfindən mübaliğəli qonaqpərvərliklə qarşılandım. Nə deyəcəyini bilmədən dayanıb baxan insanlara öyrəncəli olduğu üçün birbaşa dərs üçün, ya sadəcə, qeydiyyat üçün gəldiyimi soruşaraq işimi asanlaşdırdı. Cavab vermək istəyirdim ki, gözüm qeydiyyat stolunun arxasındakı divara iri hərflərlə yazılmış 2 cümləyə sataşdı. "Hafıza-i beşer nisyan ile maluldür" və "Əlbəttə, bir gün unudacağıq, bu belə yarım qalmayacaq". Birinci cümlənin altında anonim, ikincinin isə M. Kamal Atatürk yazılmışdı. Bir an özümü səfalət bataqlığında boğulan kimi hiss edib geriyə qayıtmaq istədim. Lakin qadın "Gülən gözlər"dəki Ayşən Gruda təbəssümü ilə üzümə baxmağa davam etdikcə çarəsiz məlumat almaq üçün gəldiyimi bildirdim. Əlimə bir broşüra verib öz işi ilə məşğul olacağını düşünürdüm. Diqqətini başqa yerə yönəldəndə də aradan çıxacaqdım. Amma elə olmadı.

"Onda sizi Məlumat şöbəsinə göndərim, sizi məlumatlandırsınlar",-deyib sağdakı qapılardan birini göstərdi. Qaşının birini yüngülcə yuxarı qaldırıb getməyimə işarə etdi. Üzündəki  Ayşən Grudaya xas mələk təbəssümü Godzilla salamına, cəhənnəm zəbanisinın qəbuluna, Cavs təkidinə dönmüşdü, ya da mənə elə gəlmişdi. "Yaxşı, mən sonra gələrəm",- deyə bilməyib, "Hansı, bu otaqmı?" kimi  mənasız sözlər deməli oldum. Sözümü qurtaranda isə artıq çoxdan qapıdan içəri girmişdim.

Bura başdan-başa fayllar yığılmış rəflərlə dolu bəyaz bir otaq idi. Rəflər, fayllar, stol, stolun qarşısına qoyulmuş oturacaqlar. Yerin döşəməsi, pəncərədəki jalüzlər, bir sözlə, hər şey ağappaqdı. İçəridə ağ köynəkli qaraşın bir qadın var idi. "Xoş gəlmisiniz" deyib gülümsəyərək üzümə baxdı. Deyəsən bunları işə götürərkən öyrətdikləri ilk şey gələn müştərinin gözünün içinə baxıb bişmiş kəllə salamı vermək idi.

Göstərilən  kresloda əyləşdim. Eyni vaxtda içimdə bir peşimanlıq hissi yarandı. 

"Sizə, - dedi, - bir az iş prinsipimiz haqqında məlumat verək".

"Deyəsən, o filmdəki kimi,  istənməyən hadisələri yaddaşdan silirsiniz".

Yəqin ki, "Eternal Sunshine of the Spotless Mind"ı deyirsiniz. Amma insanların çoxu məhz belə bir şey fikirləşərək gəlirlər. Lakin burada ilk mərhələdə beyinə hər hansı fiziki və ya kimyəvi müdaxilədən söhbət belə gedə bilməz. İlk öncə dərs keçirik".

"Nə dərsi?"

"Unutma dərsləri. Yəni bizi seçən insanlar mütəxəssislərin köməyi ilə, lakin öz iradələri ilə xatirələrindən xilas olurlar. Beyin zərər görmür, əksinə, iradə möhkəmlənir. Dərslərə əlavə olaraq bir də insanlara fərdi kömək proqramlarımız var. Ehtiyac hiss etsəniz kiçik bir ödəniş etməklə yararlana bilərsiniz. Onların da yaxşı faydası olur".

Nə vaxt əsəbiləşsəm, belə oluram: ağzım yanaqlarıma tərəf quruyur. Deməli bura da kiçik məbləğ qarşısında həyatın sirrini verməyi vəd edən qurama kurslardan biridir. Gedirsiniz, məbləği ödəməklə sizin üçün qablaşdırılaraq rəngli kağızlarla bəzənilmiş kiçicik xoşbəxtlik almağa həvəslənirsiniz. Boşalmış pulqabı və özünüzə söylədiyiniz yalanlarla birlikdə evinizə qayıdırsınız. Mən darmadağın olmuş həyatın kiçik həblərlə düzələcəyinə inananlardan deyildim. Filmdəki kimi, beynimizin bir hissəsini silərsə, yaxud kəsib bir kənara qoyarsa, bəlkə razılaşa bilərdim. Fəqət ağ lövhə qarşısında həyatımı analiz edib, nəticələrinə əsasən uydurduqları aforizmlərə inanacağımı gözləyən şarlatanların qurama dərslərinə təslim olacaq qədər axmaq deyildim.  Yəqin ki, bilirsiz, axmaqlığın ilk şərti elə axmaq olmadığınıza inanmağınızdır.

"Aydındır", -deyib yerimdən qalxmağa cəhd elədim. Ağ yaxalıqlı, Tarkanın qurdu kimi irəli atıldı.

"Xahiş edirəm, tez qərar verməyin. İcazə verin iş prinsipimizdən danışım".

"Açıq deməliyəm ki, məni maraqlandıracağınızı düşünmürəm, boş yerə sizi yormayım".

"Narahat olmayın. Mənim işim elə budur da! Nə yorulmaq. Bir neçə dəqiqənizi mənə ayırın, sizi başa salım. Sonra istəsəniz gedərsiz".

İşinin ustasıydı, sanki gözünü ayının gözbəbəklərinə dikən ac aslan idi. Nəzakətli davranışın və marağımın qurbanına çevrilib kresloma yayxandım.

"Baxın, sizə statistikamı təqdim edim. Buraya müraciət edən hər yeddi adamdan altısı unutmaq istədiklərini unudub, ən azından artıq əvvəlki qədər əhəmiyyət verməkdən xilas olaraq çıxıb gedib".

"Aha, yəni heç də yaddan çıxarmırlar. Sadəcə, əhəmiyyət verməkdən xilas olurlar?"

"Unutmurlar demirəm, ən pis halda əhəmiyyət verməməyi öyrənirlər. Hər hansı bir şeyə həyatını zindana çevirərəcək qədər əhəmiyyət verdiyin üçün onu unutmaq ehtiyacının yarandığını düşünsək, bu heç də əhəmiyyət verilməməli məsələ deyil".

Haqlı idi. İnsan beyində boş sahə yaratmaq üçün yox, mənasız kədərdən xilas olmaq üçün unutmaq istəyirdi. Əgər əzab vermirsə ömür boyu xatırlamağın kimə nə ziyanı var ki? 

"Yaxşı bəs bu dərslərdə nədən bəhs edirsiz?"

"Bu hansı qrupda olmağınızdan asılıdır. Mütəxəssislərimiz hər qrup üçün ayrı proqramlar hazırlayır".

Qrup sözünü eşidən kimi dik atıldım.

"Nə qrupu? Yəni başqaları da yanımda olacaq?"

Yeddidən altı yaxşı variant idi, lakin Amerika filmlərindəki terapiya qruplarında olduğu kimi, yan-yana oturub əl-ələ tutmağım, bir qrup mənasız adamlara məhrəm saydığım əhvalatları danışmağım mümkünsüz idi. Üstəlik, danışa bildiyim üçün alqışlamalarını düşünmək belə istəmirəm…

Dodaqlarım titrədi, düşüncəsi belə əsəbiləşdirdi. Lakin aslan hazırlıqlı idi.

"Ağlınıza bəzi terapeya qrupları gəlməsin. Qrup dərslərimiz çox faydalı olur".

"Yox, sağ olun. Mən cəmiyyət içində çox da faydalı ola bilmirəm".

Tam yerimdən qalxmağa çalışırdım ki, aslan ağzı bir  daha kükrədi.

"Elə isə sizin üçün fərdi dərslər təşkil edərik. Amma qiymət bir az dəyişəcək".

"Qoyun can dərdində, qəssab ət hayında" deyən atalarımızın ruhuna fatihə oxudarcasına sərf edilən bu son cümlənin eybəcərliyinə fikir verməməyə çalışıb, bütün xoş niyyətimlə soruşdum.

"Fərdi dərslərdə nə olur?"

"Mütəxəssisimiz vəziyyətinizi müəyyənləşdirib sizin üçün xüsusi bir metod hazırlayır".

"Başa düşdüm".

Tamamən yalandı. Heç bir şey anlamamışdım. Amma nə isə məni oturduğum kresloya görünməz iplərlə bağlamışdı. Həm tez bir zamanda bu ağ otaqdan çıxmaq istəyirdim, həm də bunu etmək üçün heç bir hərəkət eləmirdim. Qarşımdakı bəyaz önlüklü, aldığı dərsləri tam haqqı ilə yerinə yetirən, ağzımdan girib burnumdan çıxmaqla məni yoldan çıxardığı üçün "bundan daha pis nə ola bilər ki?" düşüncəsi ilə özümü yoxlamaq qərarına gəldim. Bundan daha betərinin ola biləcəyini düşünmədim.

Beləliklə də bir də baxdım ki, qeydiyyat otağındayam. Bura tamamən mavi rəngdə dizayn edilmiş par-par işıldayan həbsxana idi. Mavi rəflərdə mavi rəngli fayllar, mavi stollarda mavi ekranlı kompyüterlər, mavi kreslolar, mavi  mebellər, mavi döşəmələr və pəncərələrdə səbirsizcə titrəyən mavi jalüzlər. İçəridə iki qadın var idi, biri gənc, digəri orta yaşlı: təbii ki, mavi köynək geyinmişdilər. Digərindən daha hökmlü görünən orta yaşlı, abanoz saçlı xanım tərəfindən "buyur" deyilincə oturdum. O dəqiqə çay gətirilməsi tapşırıldı və rəsmi bir dövlət idarəsindəki kimi formalar çıxarıb stolun üstünə düzdü. Adım, soyadım, doğum tarixim, təhsilim, ailə vəziyyətim, ailəm, işim, xobbilərimə qədər hər şey bir-bir qeyd edildi. Bunlar bitdikdən sonra qadın indiyə qədərki ciddiliyi bir tərəfə qoyub şəfqətlə üzümə baxdı və cavablandırmağa utandığım məlum sualı soruşdu.

"Buraya nə məqsədlə gəlmisiz?"

"Sevgi əzabları". Səsim o qədər boğuq çıxdı ki, sanki quyunun dibindən gəlirdi. Halbuki, qadın nə təəccüblü, nə də alçaldıcı görünmürdü. Yəqin ki, bu səbəblə buraya gələn çox idi və o da həyatda axmaqlara da yer olduğunu dərk etmiş vəziyyətində idi.

"Onda demək ki, dərsləri dördüncü mərtəbədə keçəcəksiniz".

Sifətimdəki donuq ifadədən bir əlaqə yarada bilmədiyimi anlayıb "Sevgi ilə əlaqəli əzabları unutmaq xidmətimiz" orta ağırlıqlı travmalar kimi dördüncü mərtəbədədir".

Orta dərəcəli travma keçirdiyimdən xəbərim yox idi, yaxşı ki, kimsə nəzakətli bir şəkildə mənə də bu haqda məlumat vermişdi. Sevgidən qaynaqlanan əzablar qulağıma yüngül xarici musiqi kimi gəlmişdi. Nətiəcədə isə qadının bildirdiyi açıqlamalar fikirlərimi tamam alt-üst etməkdən başqa bir şeyə yaramamışdı. Mavi yaxalı qadın göstərdiyi xidmətin faydasını düşünmədən sözlərinə davam edirdi.

"Sizdən yaddan çıxarmaq istədiyiniz hadisələrlə əlaqəli hər şeyi dəqiqliyi ilə danışmağınızı xahiş edəcəm".

"Kinodakı kimi səsimi kasetə yazacaqsınız? Heç cür mümkün deyil".

"Xeyr, siz danışarkən bu xanım kompyüterə qeyd edəcək. Dərsinizlə məşğul olan mütəxəssis hər şeyi dəqiqliyi ilə bilməlidir". 

"Çıxış yolum yoxdu. Tez-tez danışaram, kompyüterdə yazmalı olan da hamısını yaza bilməz",- deyə düşündüm. Elə axmaq şeylər düşünürdüm ki, indi xatırladıqca özümdən nifrət ermək istəmirəm.

"Yaxşı",- dedim, "haradan başlamalıyam?"

"İlk günlərdən, tanışlığınızdan".

Yəqin ki, həyatımdakı ən çətin anlardan biri idi. Ən azından o vaxta qədərki. Hərçənd sonralar nə baş verə biləcəyini düşünə bilmirdim. Düşünmədiyim üçün də tanımadığım bir, hətta iki qadına əvvəllər heç kimsəylə bölüşmədiyim əhvalatları danışmağa başladım.

Hazırladı: Nərmin CAHANGİROVA

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!