Dost gəlişi... - Fərəc Fərəcov - hekayə

"Müstəqillik və quruculuq" silsiləsindən

 

Cahangir Kəngərlinin "mobilinə" mesaj gəldi. Tənbəllik etmədən cəld açıb oxudu: "Yaxın günlərdə Naxçıvanda olacağam. Sənlə görüşmək, şəhərinizi doyunca gəzib-dolaşmaq arzusundayam. Bu arzunu məndə tanış-bilişlər yaradıb. O qədər tərif ediblər ki, sizin tərəfləri. Nə isə... Gələrəm, görərəm! Hələlik. Tələbəlik dostun Turan". Əslində, Cahangir müəllim belə mesaj xəbərdarlıqlarına və yaxud zənglərinə artıq neçə illərdi adətkərdə olub. Təkcə "adətkərdə olub" yox, elə Bakıdan, Gəncədən, Lənkərandan, nə bilim daha haralardan, hətta xaricdən də təşrif buyuran neçə dost-tanışını telefon xəbərdarlıqlarının ardınca doğma şəhəri Naxçıvanda əziz qonağı kimi qarşılamış, duz-çörəyi təzələmiş, olmazın hörmət-izzətlə yola salmışdır.

Əslən Ağdam əhli olan, universitetdə oxuyarkən 4 il bir  yataqxanada, bir otaqda qaldığı, 15-20 ildir Azərbaycandan uzaqlarda - Rusiyanın paytaxtında yaşayan Turanın hansı məqsədlə gələcəyinin fərqində deyildi. Təki gəlsin, görüşsünlər. Turanın cəmisi bircə dəfə ayağı Naxçıvana dəymişdi. O da Cahangir Kəngərlinin toyunda. Ondan bu yana yazışsalar, zəngləşsələr də, heç əməlli-başlı görüşə bilməmişlər.

Aradan heç onca gün adlamamışdı ki, Cahangir müəllimin telefonu səsləndi. Açdı. Turan idi. Moskvadan danışırdı. Gələcəyi vaxtı bildirirdi.

Cahangir  müəllimin ürək çırpıntıları ilə gözlədiyi gün, saat gəlib çatmışdı. O öz maşınında Naxçıvanın hava qapısına yollandı. Təyyarə vaxtında gəlib çıxdı. Çox çəkmədi ki, köhnə dostlar ətrafdakıların da nəzərini cəlb edəcək qədər mehribanlıqla görüşdülər. Dönə-dönə qucaqlaşdılar. Elə qoşaca da maşına tərəf getdilər. Fürsət edib sağına-soluna heyrətlə nəzər salan Turan:

- Hə, dostum, deyəsən, mənə səhv anlatmayıblar. Naxçıvan artıq başqa aləmdir, - deyə gördüklərindən vəcdə gələrək dilləndi:

- Elədir, Turan, indi hər şey dəyişib, yeniləşib.

Sonra yarızarafat, yarıgerçək: - Elə biz özümüz də az dəyişməmişik.   Sovetin şinelindən çıxsaq da, yeni ab-havaya əlüstü öyrəşmişik.

Turan gülümsədi və dedi:

- Hiss edirəm, qardaşım, hiss edirəm... düz deyirsən. Hər şey dəyişib. Amma sən, maşallah, o vaxt necəydin, eləcə də qalmısan: həm cavan, həm də gümrah.

- Heç sən də pis deyilsən ha, Turan.

- Yox, Cahangir, meqapolis mühiti darıxdırıcı olmasa da, o şəhərin də özünə xas dərd-səri var. Əsası da odur ki, yurd, vətən həsrətindən yaxanı qurtara bilmirsən. Qəribçilik necə olsa öz işini görür. Yad adam olmağının ağrı-acısını yaşayırsan. Heyif deyil doğma el-obamız. Qoy bir Qarabağ azad olunsun, Moskvada qalası deyiləm. Birbaş Ağdama, doğma kəndimizə gələcəyəm... Heç olmasa, orada kiçik bir könərcə yaradıb yay aylarını  kəndimizdə keçirəcəm.

- Yaralı yerimizə toxundun, ay Turan... Allah arzularını çin etsin.

- İnan, doğru sözümdür, Cahangir, yaşım ötməsəydi, gəlib könüllü olaraq orduya gedərdim. Əslində, bir neçə dəfə cəhd etdim. Alınmadı. Daha doğrusu, dedilər yaşına uyğun işlərlə məşğul ol... Ordumuza nə gəlib ki...

- Turan, başımız söhbətə qarışdı.. artıq evə çatmışıq. Bax, bu gördüyün həyət evi, ikimərtəbəli bina bizimkidir.

Həyət-bacanı təəccüblə süzən Turan:

- Nə gözəl, nə gözəl, sağlığınıza qismət olsun, xeyir işlər edəsiniz... Bəs ata eviniz? Sənin toyunda qaldığımız ev, o hardadır? Unutmuşam yerini...

- Ata ocağında kiçik qardaşım yaşayır. Özü də sən gördüyün evdə yox ha... O da yaxşı bir imarət saldırıb. Deyəsən qabağadüşənlik edirəm. Onsuz da gəzib görəcəksən hər şeyi... İzahat verməyim artıqdır.

İndisə keçək içəri, bilirəm, yol gəlib yorulmusan, bir yuyun, rahatlan, yemək-içmək də hazırdır. Sonrasına baxarıq.

- Evə yox, ay Cahangir, evə yox! Mehmanxanaya apar məni. Uşaqlara niyə əziyyət verək axı... Mehmanxana yoxdu bəyəm?

- Ay mənim ürəyim, o nə sualdır - "Mehmanxana yoxdu bəyəm?". Necə yəni yoxdur?! Saysız-hesabsız mehmanxanalarımız, qonaq evlərimiz var. Ancaq qardaşım, belə rahat, geniş ev-eşiyi qoyub səni mehmanxanaya götürsəm, əsla özümü bağışlamaram. O fikri biryolluq başından at. Nə qədər istəsən boş otağımız var. Hansını bəyənsən, öz evin kimi də qalacaqsan.

Turan dostunun qırımını görüb və bir də tələbəlik dövründə müşahidə etdiyi inadkarlığını yadına salıb, onunla razılaşmaq zorunda qaldı. Və birlikdə evə daxil oldular.

Düz on gün tamam olurdu ki, Turan Naxçıvanın saf, təmiz havasını udur, suyunu içir, çörəyini kəsirdi. Cahangir müəllim istəkli dostunun gəlişinə görə çalışdığı universitet rəhbərliyindən izin də almışdı. Başqa mühüm özəl işlərini isə etibar etdiyi yaxınlarına tapşırmışdı. Və beləliklə, bütün vaxtını Bakıda oxuduğu illərdə bir nömrəli dostu saydığı Turana ayırmışdı. Onun hər addımda rast gəldiyi yeniliklərə təəccübü, heyrəti Cahangir müəllimi sözün əsl mənasında qürurlandırırdı. Qürurlandırırdı ki, bu gözəl diyarın sakinlərindən biri də məhz odur. Yaxından, uzaqdan gələn qonaqlar da ona qibtə hissi ilə yanaşırlar.

Turan gəldiyi gündən Cahangir müəllimlə birgə şəhərin mərkəzindəki "Zümrüd" kafe-restoranında  bir neçə dəfə əyləşib istirahət etmiş, dincəlmişlər. Yola düşəcəyi günün öncəsi də Turanın istəyi ilə həmin ünvanı seçdilər. Burada söz-söhbətləri elə alındı ki, ətraflarındakı oturacaqların da nə zaman dolub-boşaldıqlarının fərqində olmadılar. Moskvalı qonaq gəzdikləri, gördükləri  barədə,  sanki dostuna hesabat verir, ürəyindən keçənləri danışıb bitirməyə tələsirmiş kimi görünürdü.

- Ay Turan, ay mənim əziz qardaşım, gəl bu daşı ətəyindən tök. Sabah uçma, biletini qaytaraq. Heç olmasa bir həftə də qal, istədiyin kimi gəzib-dolanaq.

Turan:

- Düz deyirsən, Cahangir, buralardan ayrılmağa heç ürəyim gəlmir. Ancaq nə edim, orada da vacib işlərim tökülüb qalıb... İşə bir bax, gəlməmişdən mən düşünürdüm ki, on günü necə qalacağam Naxçıvanda. Sən demə... heç bilmədim bu on gün nə vaxt gəldi, nə vaxt ötüb-keçdi. Amma getsəm də, təəssüratlarım məni illər uzunu tərk etməyəcək.

Turan sonra söhbətini zarafatyana davam etdi:

- Bikef olma, qardaşım, qəbul etsən, gələn il də vaxt ayırıb qonağın olaram... Nə deyirsən? Etirazın yoxdur ki?

- Turan, bilirəm şuxluq edirsən... Ancaq mən ciddi söyləyirəm: biz naxçıvanlılar qonaq-qaradan qorxan deyilik. Qapımız hər zaman üzünüzə açıqdır. Gözləyəcəyəm.

- Elədirsə, mən də zarafatla dediyimi gərçəkləşdirəcəyəm. İndisə, gəl bayaqkı söhbətimizə qayıdaq. Harada qalmışdım?

- Şəhərimizdən danışırdın.

- Hə, elədir. Naxçıvan haqda nəsə deyirdim... Meqa şəhərlərdə belə gözə dəyməyən səliqə-sahmanı burada gördüm. Təkcə şəhərinizdə yox ha, hər yerdə, ucqar dağ kəndlərində belə... Yadındadır, Cahangir, rayonların hansı birinin kəndindəsə əlimdəki kiçik kağız kəsiyini bükmələyib yerə atmağıma razı olmadın, "Görmürsən hər yan necə gül kimidir? Saxla, təmizlik qutusuna at", - dedin. Lap yerində çatdırdın.. Ətrafıma nəzər salanda artıq hər şey aydın oldu mənə. Yollarınıza da, düzü, heyran qaldım. Böyük-kiçikliyindən asılı olmayaraq sonuncu yaşayış məntəqələrinədək asfalt döşənib. Hələ kəndlərinizdə ucaldılan binaları, bərpa edilən tarixi, dini abidələri demirəm... Hər yerdə hər kəsə danışacağam. "Gedin, görün" deyəcəyəm. Bir də Cahangir, bilirsən, Naxçıvan haqqında əsas qənaətim necədir? Yəni deməyim odur ki, bu yerlərdə araya-ərsəyə gətirilən misilsiz quruculuq işləri ilə uyarlı olan, həmahəng səsləşən təbiətində - dağında, daşında, çölündə, meşəsində də bir əzəmət, vüqar gördüm.

Sözümün  canı odur ki, indi daha çox qibtə edirəm naxçıvanlılara.

- Çayın soyuyur, iç, yenə süzüm, - deyə Cahangir gülə-gülə və həm də daxili bir sevinclə dillənir.

- Eyb etməz, Cahangir, təki soyuyan çay olsun... Bir də axı, gözəl el deyimi var: çay bəhanədir, söhbət şahanə!.. İstəyirəm bizim də söhbətimiz şahanə olsun. Deyək, danışaq... yeni arzular, yeni ideyalar, fikirlər ortaya çıxsın. Bugünkü Naxçıvan da elə-belə yüksəlməyib ki. Bunlar hamısı zərgər dəqiqliyi ilə düşünülmüş ideyaların, layihələrin məcmusudur... Cahangir, sən xoşbəxtsən! Çünki belə bir yüksəlişli, şöhrətli diyarın sakinisən.

***

...Turanın Naxçıvan gəzintisindən aylar ötmüşdü. Buna baxmayaraq, dostların arasındakı münasibət daha  da istiləşmiş, telefon əlaqələri, sifarişlər siyasi dillə desək, intensiv xarakter almışdır. Turan hər telefon zəngində Naxçıvanla bağlı apardığı təbliğat işlərini dilə gətirir, vaxt ayırıb hərarətini hələ itirməmiş xatirələri çözələyirdi.

Son zənglərin birində Turan sevinc hissi ilə dedi:

-  Əziz  qardaşım, xəbərin olsun ki, Qərbin ən nüfuzlu telekanallarından birinin MDB ölkələri üzrə təmsilçisi ilə görüşüb danışmışam... Yaxın dostumdur mənim, çox maraqlanıb Naxçıvanla. Tammetrajlı film çəkmək istəyirlər. Aid qurumlarınızla razılaşıblar. Məni də çəkilişə qoşmaq istəyirlər... "Duzdağ" otelində yerlərimiz bronlanıb. Qismət olsa, yaxın günlərdə görüşəcəyik.

- Nə yaxşı xəbər oldu bu.. Çox sağ ol, çox sağ ol, Turan, fəxr edirəm səninlə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!